525.Az

Ağ atın hekayəsi... - Ulduz Qasım yazır


 

Ağ atın hekayəsi... - <b style="color:red"> Ulduz Qasım yazır</b>

 

O gün atların vəfalı, ağıllı olmaları barəsində jurnalda bir yazı oxudum. Nə qədər doğru yazılmışdı. Uşaqlıqdan bunun şahidiyəm. Hələ bunu Çingiz Aytmatovun "Əlvida, Gülsarı" əsərini oxuyandan sonra da çox fikirləşirdim. Rəhmətlik atamın bir ağ atı vardı. Üç kəndin maldarlıq fermasının müdiriydi o zamanlar. Yaylağa köçəndə obalar müxtəlif səmtlərdə yerləşirdilər. Heyvanları yaxşı otlatsınlar deyə bir- birlərindən uzaq məsafələrdə qururdular alaçıqlarını. Fermanın əhalisi də təbii ki, obalara atlarla gedib-gəlirdilər. Bizim alaçığımız o zaman Cocuq Mərcanlı obasındaydı. Həmin il "Əyri qar" yaylağındaydıq.

Bəzən mən də həmin ağ atla Mehdili obasına qızların yanına gedib-gəlirdim. Onlarla bərabər, Tuşsu üstündə istirahət edirdik. Əgər səhv etmirəmsə, səkkizinci sinifdə oxuyurdum həmin il. Gözlərim dağda-daşda olurdu yola çıxanda. Təbiətin gözəllikləri məni elə valeh edirdi ki, necə gedib-döndüyümü bilmirdim. Lalələrin, adlarını belə bilmədiyim yüzlərcə çiçəklərin qoxusu məni məst edirdi. O gözəllikləri qəlbimdə öz güşəsi var. O tabloları ürəyimə elə işləmişəm ki, ömrümün sonuna qədər onu ordan heç kim, heç nə silə bilməz. Mən bir təbiət aşiqiyəm. Allahın yaratdıqları təkrarsız gözəllikləri, əzəmətli və qürurlu, başı qarlı, bəzən çənli- çiskinli dağları, çayları, gözəl sulu bulaqlarından zövq alıram hər zaman. Səhər-səhər çəmənlərə çıxan bağrı qara xallı lalələr, yazın ilk gəlişiylə açan bənövşələr gözümün önündədi daima...

Bu gözəlliklərdən həzz ala-ala gedirdim obalara həmin ağ atla. O qədər ağıllı, o qədər mehribandı ki... Sanki mənim naşı, gücsüz olduğumu duyur, ehtiyatla, asta gedirdi. Heyran olurdum onun bu dostluğuna. Çox təəssüf ki, heyvanların dilini bilmirəm. Yoxsa onunla söhbət edərdim. Və bilirəm onunla söhbətim çox şirin və məzəli olardı. Həmin anlarda Allaha yalvarırdım ki, bircə anlıq onun dilində danışmağı mənə nəsib etsin. Süleymana quşların dilində danışmağı verən Uca Allah, bircə anlığa bu şansı mənə ver, deyirdim. Bunun da imkansız olduğunu bilir, amma, yenə istəyirdim bunu...

Bir dəfə yağışdan sonra gedirdim rəhmətlik Allahverdigilə. Qızları, Zəhrayla Səmayə məni qonaq dəvət etmişdilər. Bərabər Turşsu üstündə kabab yeyəcəkdik. Yolumuz dağın döşüyləydi. Ensiz bir cığır gedirdi. İndi ürək edə bilməzdim elə bir təhlükəli yolla getməyə. İnsanın da bir qorxmaz vaxtı olurmuş. Yol sürüşkən olduğundan at ehtiyatlı gedirdi. Birdən ayağı sürüşdü. Qorxudan az qaldı ürəyim dayana. Əgər o yuvarlansaydı, düz dərənin dibinə qədər sürüklənərdik. Amma at özünü itirməyib, ustalıqla yerə yatdı. Yuvarlanmamaq üçün, məni xilas etmək üçün astaca ayaqlarını qatladı. Mən endikdən sonra təkrar ehtiyatla ayağa qalxdı. Həmin dağın döşündən yavaş-yavaş addımladıq onunla. Hərdən başını silkəliyirdi. Ancaq mən onun nə dediyini başa düşə bilmirdim. Bəlkə də yolların yağışdan sonra belə bərbad olmasını anladırdı, bəlkə təəssüf edirdi. Kim bilir...

Onun bir fədəkarlığını heç unuda bilmirəm. Doğrusu, nə gizlədim, təvazökarlıqdan uzaq olsa da, yadıma düşəndə qürurlanıram. Bir dəfə yenə Turşsudan qayıdanda həmişə istirahətə gələn erməni uşaqlarının toplaşdığını gördüm. Yolumun üstü olduğuna görə yaxınlaşanda onların lovğalandıqlarını eşitdim. Yarışmaq istəyirdilər. Yığışan oğlanlar da onlardan çəkinirdilər. Bəzilərinin atları örüşdəydi, bəziləri valideynlərinin eşitməyindən ehtiyat edirdilər. Yəni bizimkilər həmişəki kimi "xatanızı bizdən aralı edin" demək istəyirdilər.

Lakin mənim onlarla çoxdankı hesabım vardı. 1920-ci illərdə babamın əmisi oğlu Mahmud əmini şəhid etdiklərini böyüklərimdən eşitmişdim. Öz yaylaqlarını qoruyan zaman onu "Göllü yurd"da öldürmüşdülər. Onlar hər zaman bizimlə düşmənçilik ediblər. Bu son illərin söhbəti deyil. Hətta, sovet dövründə də yaylaqlara gedib-dönəndə bizimkiləri qarşısını kəsər, maşınları daşa basardılar. Su içməyə belə imkan vermirdilər. Gözümün şahidiyəm. Çünki rəhmətlik atamın işiylə bağlı biz də çoban ailələriylə yaylaqlara gedirdik yaz-yay aylarında. Bir dəfə qayıdanda bir "Jiquli"ylə maşınımızı qovmağa başladılar. Mən onda hələ məktəbə getmirdim. Atamın həyacanlandığını hiss etdim və nə olduğunu soruşdum. O da "Görmürsən, qoymurlar yolumuzla gedək-gələk. Biz dava-dalaş olmasın deyə susuruq. Bunlar da ağ edir. Sən dua elə, yetər. İnşallah, başımızdan rədd olarlar". Yadımda deyil, necə dua etdiyim. Ancaq bir anın içərisində hər tərəfi duman-çən aldı. Bizim şofer, rəhmətlik Vəli dayı çox təcrübəliydi. Yolunu azmadı. Lakin bizim maşınımızı qovan həmin "Jiquli", görünür, hardasa azıb qaldı...

Bütün uşaqlıqdan yadımda qalanlar məni özümdən çıxardı. Bir də onların lovğalıqla dedikləri "Qorxursunuz, bizimlə yarışmağa..." sözlərinə heç dözə bilmədim. "Mən sizinlə yarışacam", dedim. Mən balaca, çəlimsiz qızdım. Erməni oğlanları mənə baxıb, istehzayla gülümsədilər. Cocuq Mərcanlıdan rəhmətlik Qarahəsənin oğlu Yaşasın mənə yaxınlaşdı və dedi:

- Nə edirsən? Sən nə zamandan at yarışmasında iştirak edirsən? Vallah, Fəzli kişi eşidib, bizi birtəhər edəcək. Bunu etmə. Ayağın güclə üzəngiyə çatır. Bunlar harınlamış oğlanlardı. Desinlər, ağızlarından da yel aparsın. Mən səni qoymaram yarışasan. Yıxılıb, qolunu-qılçanı qıracaqsan. Atan bizi öldürər.

- Aralı durun, mən yarışacam.

Üç erməni oğlanı loğva-loğva məni gözləyirdilər. Həmin ağ atın boynuna əyildim və dedim:

- Ya məni yıxıb-öldürürsən, ya da məni qalib edirsən!

Ağ at fınxırdı, başını silkələdi. Nə dediyini bilmirəm. Hara qədər gedəcəyimizi onlardan yaşda böyük olan erməni qızı Karina təyin etdi. Birinci dəfə hamıdan tez getsəm də, cığallıq etdilər. Heç çaşmadım. Onların həmişəki fırıldağıydı. Guya atı tez tərpətmişəm. İkinci dəfə başlamalı olduq. Allahıma şükürlər olsun ki, yenə birinci oldum. Yerə-göyə sığmırdım. Qürurluydum.

Karina oğlanları danlayırdı öz dillərində. Dillərini bilməsəm də, başa düşürdüm ki, oğlanları ağ yuyub, qara sərirdi.

- Bu balaca, çəlimsiz qıza uduzdunuz...

Evə çatanda anamın qəzəbindən anladım ki, qonşunun qızı məndən əvvəl xəbəri gətirmişdi. Danlaq danlağın üstən gəldi. Rəhmətlik atamsa gülümsəyirdi. Bu, anamı daha da özündən çıxarırdı.

- Sən deyilsən bunun ayağının altına daş qoyan, - dedi. - Qız xeylağı, yıxılıb qolun-qılçın qırsaydı, neyləyərdik bu dağın başında? Sınıqçı yox, həkim yox.

Atam sakitcə dedi:

- Mənim qızım uduzsaydı, əsəbləşərdim. Amma bir qız ki, at minməyi də doğru-düzgün bilməyə-bilməyə o itlərin oğlanlarına qalib gəlib, ona ancaq sağ ol demək düşür. Fəxr edirəm onunla. Sakit ol, özünü yorma...

Onda ağ atın dostluğunu, ağıllı olduğunu, məni başa düşdüyünü bir daha kəşf etdim. Bu barədə "Tələbə gündəliyi" romanımda da yazmışam neçə illər qabaq. Bir dəfə də yuxuma girmişdi ağ at. Heç bilmirəm, hardan-hara...

 





25.10.2023    çap et  çap et