525.Az

"Küçə içəri daxil olur" - ​​​​​​​"Bir rəsmin dedikləri"


 

"Küçə içəri daxil olur" - <b style="color:red"> ​​​​​​​"Bir rəsmin dedikləri"</b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı "İçərişəhər" Muzey Mərkəzinin əməkdaşı, sənətşünas Cavidan Zeynalovdur. Onunla italiyalı rəssam Umberto Baccioninin "Küçə içəri daxil olur" əsərindən danışmışıq.

Umberto Boccioni 1882-ci ildə İtaliyada anadan olub. Futurist rəssam və heykəltaraş olan Umbertonun ədəbiyyat və fəlsəfəyə də xüsusi marağı var idi. Həyatının ilkin dönəmində Nitşe və Karl Marksdan ciddi təsirlənmişdi. Bundan başqa, o, dövrün qabaqcıl sənətçilərindən biri olan Ciakoma Balladan dərs alıb. Erkən yaradıcılığında divisionizmin və kubizmin təsirlərini də müşahidə edirik. Gerçəkliyin hər an dəyişməsi, zamanın hər anında yeni formaya bürünməsi düşüncəsi sofistik əsərlərinə birəbir yansımışdı. Həyatın ironiyasıdır ki, ölüm də onu hərəkət halında yaxalayıb. Umberto 1916-cı ildə müharibə zamanı yaralanaraq atdan yıxılır, ertəsi gün 33 yaşında həyatla vidalaşır.

 

- Cavidan bəy, "Küçə içəri daxil olur" əsəri rəssamın yaradıcılığının hansı dövrünə təsadüf edir?

- 1910-cu ilə kimi Umberto və yoldaşları neoimpressionist tərzdə işlər yaradır, duyğu və müxtəlif zehni halətləri üzə çıxarmağa çalışırdılar. Lakin Pikasso və Jorj Brakın analitik kubizmi ilə tanış olduqdan sonra bu tərzi də öz dillərində ifadə etməyə başladılar. Bunun nəticəsi olaraq yeni bir ifadə tərzi ortaya çıxdı. Emosional və daxili durumdan savayı, fiziki və xarici aləmdən gələn təsirləri əks etdirməyə başladılar. Və beləcə 1910-cu ildən başlayaraq modern urbanizasiyaya dair silsilə əsərlər yaratdılar. Umberto tərəfindən yaradılan əsərlərdən ən məşhuru "Şəhər yüksəlir" olsa da, hazırda təhlil etdiyimiz "Küçə içəri daxil olur" əsəri və digərləri də bu qəbildəndir. Habelə bu siyahıda yer alan "Küçənin gücləri", "Binalar arasında bir qadın" və sairə kimi əsərləri də qeyd edə bilərik.

- Rəssam bu rəsmi çəkərkən nədən ilhamlanıb?

- Spesifik olaraq bu əsərin əsas ilham qaynağı Milandakı evinin üst qatından görünən mənzərədir.

- Əsərin rəng həlli barədə nə deyə bilərsiniz?

- İsti və coşğun rənglər kəskin fırça zərbələri ilə kətana yaxılıb. Tablodakı ağırlıq da yenə daha çox rənglərin köməyi ilə bölüşdürülüb. Ağır tonlamadan bir qədər xəfif, açıq tonlara doğru keçid var. Baş obraz mavi rəngin müxtəlif tonlarında təsvir edilib. Həmçinin əsərin mərkəz nöqtəsi sarı rəng ilə zəngindir və bu rəng şkalası narıncıdan qəhvəyi rəngə kimi uzanır və məkanın dərinliyinin açılmasında mühüm rol oynayır.

- Bəs kompozisiya necə qurulub?

- Kompozisiya üç hissəyə bölünüb. Birincisi, arxası izləyiciyə tərəf təsvir olunmuş qadın, ikincisi, mərkəzdə iş görən ustalar, üçüncüsü isə üfüqdəki küçə və evlərdir. Əsas obraz mavinin müxtəlif tonları ilə təsvir edilib. Obrazın üzü yenidən qurulan bir dünyaya baxır. İzləyici də onunla birgə bu izdihamı müşahidə edir. Aşağıdakı küçədə inşaat işçiləri çuxur qazır və yeni bir yüksələnin təməl daşlarını qoyurlar. Rəsmin bu qismi mərkəzi formalaşdırır. Əsərdə ritmin də ustalıqla verildiyini görürük. Qadının mavi rəngli geyimi özünü ustaların geyimlərində də təkrar edir. Bununla yanaşı, evlərdəki işıqların sarı rəngi digər binaların fasadında yenidən görünür. Məkan və zamanın, hərəkətin sinkretik formada verilməsi futurizmin əsas səciyyəvi xüsusiyyətlərindən biridir. Kubist ənənələrin təsirini mənzərənin bir sıra yönlərdən verilməsində, sanki standart perspektivin hərtərəfli açılmasında müşahidə edirik. Texnoloji inkişaf necə yüksələn, artan şkalada gedirsə, eynilə əsər də vertikal, şaquli şəkildə verilib. Hər şey sanki səmaya yüksəlir.

- Tablo harada saxlanılır?

- Əsər Almaniyanın Hannover şəhərində, ölkənin ən öndə gələn modern incəsənət kolleksiyalarının saxlanıldığı Şprengel muzeyində qorunur. Tablonun ölçüləri 100 sm x 100.5 sm-dir.

- Rəssamın üslubu bu əsərdə özünü necə göstərir? Yaxud rəssamın digər əsərləri ilə nə kimi oxşarlıq və fərqlər var?

- Rəssam yaradıcılığının ilk illərində renessans, barokko kimi dövrlərin ustalarının işlərini kopyalayaraq klassik, akademik tərzi mənimsəyib. Sonradan impressionistlərdən təsirlənib, bir müddət divisionist tərzdə də rəsmlər çəkib. 1910-cu ildən sonra isə adətən futuristik tərzdə işlər yaradıb. Umberto yeni eraya olan heyranlığının, futurizmin manifestini yazan Marianettinin düşüncələrinə duyduğu rəğbətin və bunun paralelində baş verən proseslərə qarşı olan ürkəkliyinin, yadlaşmanın inikasını bariz şəkildə öz fırçasında vizuallaşdırıb.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Sənətçinin fəlsəfəsinə nəzər salanda görürük ki, hər şeyin hərəkət halında olmasını, zamanın keçiciliyini və qavranılamazlığını öz işlərində üzə çıxarır. Berqsonun fəlsəfəsi ilə ekvivalentlik təşkil edən işlərinə dair özü də qeyd edirdi ki, hər şey hərəkətdədir, hər şey bir qaçış, iğtişaş halındadır. Önümüzdə olan fiqurlar gah görünür, gah da yox olur. Gözün qişasında görüntülərin təsirləri titrəmə halında özünü təcəssüm etdirir. Qaçan bir atın dörd deyil, iyirmi dörd ayağı var kimi görünür və o görüntü birdən üçbucaq formasını qazanır. Bir sözlə, XX əsrdə sürət və maşın çağı ilə gələn yenilikləri və bilgi, qavrama kirliliyininə insanların nə dərəcədə məruz qaldığıni rəssamın işlərində görürük. İndi düşünək, bu rəssam qısa videoların, ani keçidlərin, durmadan dəyişən hadisələrin tüğyan elədiyi çağda yaşasaydı, kim bilir, insanlıq tarixinin yaşadığı bu mərhələni hansı metodlarla təsvir edərdi. Bəlkə də, ikinci bir Ted Kaçinski olardı. Heyran olduğu sürət və maşın erasında inqilab edərdi. Zənnimcə, biz bu və digər futuristik nümunələrə bəşəriyyətin texnologiya-maşın erasına keçərkən yaşadığı mənəvi böhranının, ani hiss və duyğular ilə mövcudluğunu sürdürməsinin, özünə yadlaşmasının vizual tarixi kimi baxa bilərik.

Aytac SAHƏD

 

 





25.10.2023    çap et  çap et