525.Az

AMEA-da beynəlxalq konfrans


 

AMEA-da beynəlxalq konfrans<b style="color:red"></b>

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi və Türk dünyası əlyazmalarının tədqiqi şöbələrinin birgə təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunmuş "Əlyazma kitabı Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələr kontekstində" mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, son illərdə Azərbaycan çoxəsrlik tarixinin ən şərəfli və möhtəşəm dövrünü yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində torpaqlarımızı erməni işğalçılarından azad etdiyini deyən akademik İsa Həbibbəyli Azərbaycanın bununla bütün dünyaya ədalətli müharibə aparmağın formulunu təqdim etdiyini bildirib. Qeyd edib ki, bu ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində isə Qarabağda Azərbaycanın suverenliyi tam bərpa edildi, oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndidə, Xocalıda dövlət bayrağımızı ucaltması ilə tarixi ədalət ölkə başçısının uzaqgörənliyi sayəsində bərpa olundu.

2023-cü ilin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi baxımından əlamətdar il olduğunu deyən akademik İsa Həbibbəyli bu istiqamətlərdə AMEA-da onlarla tədbirin, konfransın, seminarların keçirildiyini, monoqrafik sanballı kitabların ərsəyə gəldiyini söyləyib.

Türkiyə-Azərbaycan dostluq, qardaşlıq münasibətlərinin min illərə dayandığını söyləyən və Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" sözlərini xatırladan AMEA prezidenti müasir dövrdə dövlətlərimiz arasında sıx əlaqələrin təməlini Ulu öndərin "Bir millət, iki dövlət" strategiyasının təşkil etdiyini bildirib. Vurğulayıb ki, Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sıx dostluq, qardaşlıq münasibətləri sayəsində bu gün ölkələrimiz arasında münasibətlər özünün ən yüksək dövrünü yaşayır, "Şuşa Bəyannaməsi" isə möhkəmlənmiş hərbi müttəfiqliyimizin hərəkətverici qüvvəsinə çevrilib.

AMEA prezidenti Əlyazmalar İnstitutunun keçirdiyi konfransın Azərbaycan-Türkiyə birliyinin, həmrəyliyinin, qardaşlığının möhkəmlənməsinə sanballı töhfə olacağını deyib, bu tədbirin qardaş Türkiyənin 100 illiyinə Akademiyanın növbəti ərmağanı olduğunu bildirib.

AMEA prezidenti konfransın təşkilində göstərdiyi dəstəyə görə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinə minnətdarlığını bildirib, TİKA ilə Akademiyanın sıx əməkdaşlıqda maraqlı olduğunu ifadə edib.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli çıxışında tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin daim möhkəmləndiyini, Ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" olaraq xarakterizə etdiyi qardaş dövlətlər arasındakı münasibətlərin bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətinin nəticəsi olaraq daha yüksək səviyyəyə çatdığını vurğulayıb.

Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtım müşaviri Muhittin Macit, TİKA Bakı Proqram koordinatoru Fatih Yılmaz və AMEA-nın vitse-prezidenti v.i.e., akademik Gövhər Baxşəliyeva çıxışlarında Azərbaycanla Türkiyənin qarşılıqlı münasibətlərini dostluğun, qardaşlığın zirvə nöqtəsi kimi səciyyələndirərək daim yüksələn xətlə inkişaf edən əlaqələrimizin köklərinin tarixin dərin qatlarından, dil və din eyniliyindən, ortaq ənənələrdən, milli mədəniyyətlərimizdən, xalqlarımızın həyat tərzindən və bu kimi digər amillərdən qaynaqlandığını vurğulayıblar.

Tədbirin açılış hissəsindən sonra Türkiyə Cümhuriyyətinin yaranma tarixi ilə əlaqədar qısa videoçarx nümayiş olunub.

Sonra müxtəlif mövzularda məruzələrlə dinlənilib. 

Konfrans bölmə iclasları ilə öz işini davam etdirib.

 





26.10.2023    çap et  çap et