525.Az

"Dantenin yubileyi" - Sevda Sultanova yazır


 

REJİSSOR ƏRŞAD ƏLƏKBƏROVUN XALQ YAZIÇISI ANARIN EYNİADLI ƏSƏRİ ƏSASINDA HAZIRLADIĞI TAMAŞA HAQQINDA QEYDLƏR

"Dantenin yubileyi" - <b style="color:red"> Sevda Sultanova yazır</b>

"Bütün illərin ən pis rejissoru" adını alan amerikalı rejissor Edvard Vud haqqında Tim Börtonun ekranlaşdırdığı "Ed Vud" bədii filmi bəzi kino mütəxəssisləri tərəfindən tənqidlə qarşılanmışdı. Səbəb rejissorun zövqsüz, primitiv filmlər çəkən, istedadsız bir adama filmində sevgiylə yanaşmasındaydı. Börton onsuz da həmişə gülüş obyektinə çevrilmiş qəhrəmanına təkəbbürlə, amansız satirayla yanaşmağı haqlı olaraq etik hesab eləmir. Əksinə, o, qəhrəmanına anlayışla yanaşır, kino sənətinə təmənnasız, böyük sevgisini vurğulayır və ona münasibətdə alicənablıq göstərir.

Bu günlərdə Azərbaycan Dövlət Dram Teatrında Xalq yazıçısı Anarın "Dantenin yubileyi" əsərinin əsasında, Sankt-Peterburqda yaşayan rejissor Ərşad Ələkbərovun quruluş verdiyi eyniadlı tamaşaya baxanda Börtonun Vuda münasibəti yadıma düşdü. Kəbirlinski Ed Vudun bədii reallıqdakı ekvivalenti və ədəbiyyatımızın universal obrazlarından biridir. Yəni elə bir obrazdır ki, dünyanın istənilən nöqtəsində yaşayan insan onu tanıyacaq, çünki mütləq hardasa onunla rastlaşıb və kim bilir, bəlkə də, onun simasında elə özünü görəcək. Kəbirlinski istər bədii mətndə, istərsə də eyniadlı filmdə sosial həyatında, işdə, məişətdə, ailədaxili münasibətlərdə yararsız, daim oyundankənar vəziyyətdə qalan adam kimi təsvir olunur, amma daha çox peşə uğursuzluğu, arzuları ilə istedadının üst-üstə düşməməsi ön plana çəkilir.

Ərşad Ələkbərov isə Kəbirlinskinin yararsızlığını xüsusi vurğulamır, ona yazığı gəlmir, mərhəmət də göstərmir. Sadəcə, ona münasibətdə alicənab, nəcib mövqedə dayanır. Məhz bu, tamaşanın açar motividir, canıdır və rejissorun nəcibliyi, insana sevgisi tamaşanın ən vacib, təsirli xəttidir.

Milli səhnəmizdə "Dantenin yubileyi" əsərinə nə vaxtsa quruluş verilib-verilmədiyi haqda məlumatsızam. Əsərin təsviri sənətdə həlli Gülbəniz Əzimzadə və Anarın rejissorluğu ilə çəkilən "Dantenin yubileyi" bədii filmində verilib. Ona görə vizual baxımdan Kəbirlinski yaddaşlarda daha çox Həsənağa Turabovun ifasıyla assosiasiya olunur. Çox böyük diapazona malik, oynadığı xarakterlərə uyğun olaraq, təkcə səsi, baxışları ilə yox, az qala fiziki mənada başqalaşa bilən Turabov Kəbirlinskini məqsədyönlü şəkildə monoton, daim ətalət vəziyyətində oynayır. Üstəlik, bədənini belə obrazın fakturasına tabe etdirərək fiziki cəhətdən ona uyğunlaşır, kiçilir, zavallı görkəm alır.

Tamaşada Kəbirlinskinin xarakterinin ümumi konturları, obrazın konteksti qalsa da, Ərşad Ələkbərov onu yeni intonasiyada işləyir. Rejissorun tapşırığını düzgün yerinə yetirən Sabir Məmmədov obrazı tamamilə özününküləşdirir. Onun traktovkasında Kəbirlinski energetikdir, həyat doludur, canlıdır və çox vəziyyətlərdə özünə müdrikcəsinə ironiyası sezilir. Yalnız bir epizodda yox, bütün tamaşa boyu Kəbirlinski öz dramının, həqiqi mahiyyətinin fərqindədir. Sənəti təmənnasız sevən, özünü olduğu kimi qəbul edən Kəbirlinskini Sabir Məmmədov mətnlərdən çox, psixoloji məna yüklənən bədən vəziyyətlərində və mizanlarda ustalıqla açır, incə intonasiyalarla qəhrəmanın sənətə sevgisi ilə istedadsızlığı arasındakı ziddiyyəti əlavə dramatizmə qaçmadan oynayır.

Şübhəsiz ki, tamaşanın yaddaqalan obrazlarından biri Kəbirlinskinin arvadı Həcəri oynayan Sənubər İsgəndərlinin ifasıydı. Povestdəki Həcər və filmdə Zərnigar Atakişiyevanın Həcəri ənənəvi, tipik, məişət qayğılarından yorulan, baxımsız evdar qadındır. Rejissor Həcər obrazına da yeni nəfəs verir və Sənubər İsgəndərli ona məxsusi bir cazibə gətirir. Onun Həcəri deyingən, daim narazı evdar qadın olsa da, baxımlıdır, ədalıdır, maneraları kübardır. Sənubər İsgəndərli bu fərqli keyfiyyətlərin ahəngli həllini tapır. Müəyyən mənada Sofi Lorenin klassik italyan filmlərindəki koloritli personajlarının temperamentiylə oynayır, üstəlik, mətnini və mizanları uğurla sinxronlaşdırır. Rejissor Həcərin tamaşadakı bu yozumuna onun keçmişiylə bəraət verir. Vaxtilə Kəbirlinskinin peşəsinin parıltısına aldanan və xəyalları gerçəkləşməyən Həcərin hər cür məişət çətinliklərinə baxmayaraq, kübar ədasını saxlaması, zərafəti genetik kodlarına, bəy ailəsində böyüməsinə bağlıdır.

İkinci planda oynayan aktyorlardan Şəlalə Şahvələdqızı (Səfurə) çevik plastikası, obrazını dəqiq dəyərləndirməsi sayəsində vəziyyətdən-vəziyyətə orqanik keçir. Aktrisanın nitqi aydındır və səsiylə əla işləyir.

Anar Heybətovu (Cavad Cabbarov), daha çox uğurlu serial aktyoru kimi dəyərləndirmişəm. Teatrda püxtələşsə də, o, serialda bu sözün mənfi mənasında teatral oynamır, kamera ilə yaxşı ünsiyyət qurur. "Dantenin yubileyi"ndə o, xarakterini bədənin plastikası, səsinin və üzünün düzgün idarəsi ilə açılır.

Həmçinin, Elşən Rüstəmov (rejissor Səyavuş), Şəhla Əliqızı (Anaxanım), Ramin Şıxəliyev (Gənc tənqidçi), Elsevər Rəhimov (Eldar) ümumi aktyor ansamblında çox orqanik görünür.

Hərçənd kütləvi səhnlərdə oynayan aktyorların səhnə hərəkətlərində nəsə bir xaos, nizamsızlıq nəzərə çarpırdı, replikalar bəzən aydın eşidilmirdi; biri gah tələsir, digəri tərəf müqabilinə sözünü bitirməyə imkan vermirdi.

Ümumilikdə isə Ərşad Ələkbərov aktyorlarla dəqiq işləyən rejissordur, özünün dediyi kimi, obraza görə aktyor tapıntısı onun iş prosesində vacib məqamdır. Burada təbii ki, onun Peterburqa əldə etdiyi təcrübə də köməyə gəlir. O, aktyorların potensialını, kimin hara qədər necə oynayacağını bilir. Aktyorlar emosional baxımdan əndazəni aşmır, pafosa qaçmır. Tamaşada aktyorlar yalnız öhdələrinə düşən rolu oynamır, eyni zamanda roldan çıxaraq qəhrəmanlarının vəziyyətini, özgələşmə prinsipindən çıxış edərək şərh edirlər. Bu, dramaturji bir tələbat kimi ortaya çıxır və tamaşanı daha dinamik ritmdə saxlayır. Fikir verdim ki, ümumiyyətlə, aktyorlar entuziazmla, həvəslə oynayırlar və hər cür yeni, maraqlı metodlarla işləməyə açıq olduqlarını büruzə verirdilər.

Ərşad Ələkbərov rejissor işində üslub və forma axtarışlarına həmişə xüsusi diqqət ayırır; o, bu tamaşada son dərəcə minimalist dekorasiya ilə işləyir. Səhnədə mərkəzi predmet və əsas obrazlardan biri çox funksiya yüklənmiş avtobusdur. Avtobus bütün tamaşaboyu səhnədədir, o, hərəkət etdikcə məkanlar dəyişir: o, fondur, evdir, teatr səhnəsidir, dublyaj studiyasıdır, restorandır, mətbəxdir, metrodur. Belə bir yanaşma tamaşaya vizual bir yığcamlıq verir.

Yaddan çıxmamış onu da deyim ki, Ərşad Ələkbərovun yumoru savadlıdır, əsaslıdır, bayağı və mübaliğəli deyil. Dramtizm, faciə elementləri yumorla uğurlu dil tapır və bu, qəhrəmanın kədərli əhvalatına bir yumşaqlıq qatır. Kostyumlar (geyim üzrə rəssam Aygün Mahmudova), səhnə tərtibatı (Samirə Həsənov) sadə və zövqlüdür. Musiqi (Ayat Baxşıyev) birbaşa səhnədə, vəziyyətlərin içində canlı səslənir. İtalyan musiqisinin səslənməsi yalnız situasiyaların emosional qatını gücləndirmək vasitəsi deyil, o, həm də Danteyə, nəhəng italyan mədəniyyətinə ehtiram kimi səslənir. İşıq həlli (Rafael Həsənov) zövqlüdür, estetikdir və obrazların daxili vəziyyətinə, səhnələrin intonasiyasına uyğun tapılır.

Ərşad Ələkbərov əsəri yeni oxunuşda təqdim etməklə yanaşı, Kəbirlinksinin hekayəsində müasir teatrımızın problemlərini də bir daha aktuallaşdırır: fəxri adlar məsələsindən tutmuş istedasız insanların səhnəyə yol tapmasına qədər.

Az hallarda tamaşalarımız mənə toxunur və az hallarda mən bir tamaşaçı kimi özümlə səhnə arasında intim bağlılıq qura bilirəm. "Dantenin yubileyi"ndən əvvəl sonuncu dəfə Saida Haqverdiyevanın "Melisa" tamaşasına baxanda eyni hissləri keçirmişdim. Final səhnələrində Həcər gözlənilməz davranır, o, ərinin ən çətin, ən pərt vəziyyətində ona anlayışla, müdrik yanaşa bilir. Və Kəbirlinski arvadının davranışı fonunda öz faciəsini dərk edir. Hər iki aktyor Sabir Məmmədov və Sənubər İsgəndərli situasiyanı, o an daxili yaşantılarını təsirli, ifadəli bədən vəziyyətlərində göstərirlər. Ərşad Ələkbərov bir daha göstərdi ki, sadəcə bir duruş, bir baxış, bir mizan kifayət edir ki, səhnə tamaşaçı qəlbinə toxunsun, onu düşündürsün və duyğulandırsın. Təsirli dram yaratmaqdan ötrü hadisəni birbaşa, çılpaqlaşdırılmış işgəncə səhnələriylə göstərməyə, yersiz dokumentallığa qaçmağa, serial estetikasında isterik həddə stol-stulu dağıdıb, aktyorları "yerə çırpmağa" ehtiyac yoxdur. Sadəcə uyğun ifadə vasitələri tapmaq və aktyorla düzgün işləməyi bacarmaq lazımdır.

 

 

 

 





26.10.2023    çap et  çap et