525.Az

General Qoloşapovu kim öldürdü? - Vasif Quliyev yazır


 

ƏLƏKEÇMƏZ QİSASÇI HÜSÜ TAĞIYEV KİM İDİ?

General Qoloşapovu kim öldürdü? - <b style="color:red"> Vasif Quliyev yazır</b>

1905-ci il avqustun 16-da Qarabağda başlanmış erməni-müsəlman davası beş gündən sonra barışıqla qurtardı. Şuşada və ətraf kəndlərdə bir müddət sakitlik hökm sürdü. Lakin bu davada uduzan ermənilər öz acı məğlubiyyətləri ilə barışa bilmir, sönmüş ocağı körükləyib, alovlandırmağa çalışır, silahlı münaqişəyə yenidən başlamaq üçün min bir bəhanə axtarırdılar. Əllərinə fürsət düşən kimi azərbaycanlıları qətlə yetirir, necə deyərlər, geyişən keçi buynuzlarını öz çobanlarının çomağına sürtürdülər. Kiçik terrorlardan bir nəticə hasil olmadığını görən erməni liderləri anlayırdılar ki, bu yolla azərbaycanlılara üstün gələ bilməyəcəklər. Ona görə də onlar münaqişəni qızışdırıb, beynəlxalq aləmə çıxarmaq üçün gizli surətdə irimiqyaslı hücumlara hazırlaşırdılar. Və daha çox qüvvə toplamaq üçün Türkiyəyə, İrana, İrəvana, Tiflisə, Gəncəyə, Bakıya və ermənilərin daha çox məskunlaşdığı digər yerlərə məktub göndərərək öz məqsədlərini açıqca bildirir və kömək göndərilməsini tələb edirdilər. Həmin vaxtdan da Qarabağdan kənarlarda yaşayan ermənilər müxtəlif yollarla öz dindaşlarına maddi və hərbi kömək göndərməyə başladılar. Birinci olaraq Tiflisdən onlarla erməni, hətta gürcülər də köməyə gəldilər. Qarabağın, Zəngəzurun erməni kəndləri də yüzlərlə adamı silahlandırıb, Şuşaya yolladılar. Az bir vaxtda onlar Qarabağın paytaxtında yeddi min nəfərlik müxtəlif silahlı dəstələr və hərbi sursat yerləşdirdilər. Hətta şəhərə bir neçə döyüş topu da gətirdilər. Fil qulağında yatmış azərbaycanlıların isə başları qızğın alış-verişə elə qarışmışdı ki, qonşularının bu məkrli niyyətlərindən heç xəbərləri də olmamışdı.

Bu qədər silahlı qüvvələri olmasına baxmayaraq, ermənilər azərbaycanlılara sarsıdıcı zərbələr vurmaq üçün rusların da köməyindən istifadə eləməyə çalışırdılar. Nəyin bahasına olursa-olsun, Şuşaya əlavə olaraq rus əsgərləri də gətirmək istəyirdilər. Ona görə də şəhər dumasının başçısı Kiki Kalantarovun sədrliyi ilə təcili olaraq bir məsləhət-məşvərət iclası çağırıldı və ermənilər bu çirkin planlarını həyata keçirmək üçün yollar arayıb-axtarmağa başladılar. Elə həmin vaxt şəhərə xəbər yayıldı ki, general V.N.Qoloşapov yenidən, özü də bir bölük qoşunla Şuşaya gəlir. Sevinclərindən çiçəkləri çırtlayan ermənilər bu fürsəti bir daha fövtə verməməyi qərara aldılar.

Bəs general V.N.Qoloşapov kim idi və onun burda nə iti azmışdı? Şuşada Böyük davadan, yəni birinci erməni-müsəlman qırğınından (16-21 avqust 1905-ci il) sonra Qoloşapov, guya, sülh və əmin-amanlıq yaratmaq üçün Qafqaz canişinliyi tərəfindən Qarabağa göndərilmişdi. Müsəlmanlara dərin nifrət bəsləyən iblis xislətli bu general Tiflis ermənilərinin xeyir-duası ilə Şuşaya gələn kimi türklərin psixologiyasını daha dərindən öyrənmək üçün lövbərini qəsdən azərbaycanlılar yaşayan məhəllələrdən birinə salmışdı. Və ilk günlərdən üzdə özünü sadəlövh və həmişə olduğu kimi erməni hiyləsinə aldanan müsəlmanlara dost kimi göstərmişdi. Sadə, ürəyiaçıq və genişqəlbli azərbaycanlılar isə tülkü kimi hiyləgər və canavar kimi qəddar olan bu rus generalına inanır, ona hörmət bəsləyirdilər. Səhərdən axşama kimi gününü erməni qızları ilə eyş-işrətdə keçirən, işi-peşəsi ancaq yeyib-içmək olan bu "xilaskar" general üzərinə düşən vəzifəni yerinə yetirə bilməmişdi, daha doğrusu, ermənilər onu tezliklə ələ almış və o da canla-başla öz dindaşlarının xeyrinə işləməyə başlamışdı. Qoloşapovun bu ikiüzlü və xəyanətkar hərəkəti azərbaycanlı əhalinin qəzəbinə səbəb olmuş və onlar ermənilərin fitvası ilə generalın törətdiyi xoşagəlməz hərəkətlər barəsində yuxarı dairələrə məlumat vermişdilər. Canişinlik də gələcək işlərinin xatirinə Qoloşapova heç bir cəza verməmiş, onu geri - Tiflisə çağırmaqla kifayətlənmişdi. Yerinə isə Alftan familiyalı başqa biri təyin edilmişdi. Alftan insanpərvər və vicdanlı adam olduğundan erməni-müsəlman məsələləri ilə bağlı işlərə düzgün və obyektiv yanaşmış, qanun üzrə hərəkət eləyib, müxtəlif yerlərdə azərbaycanlılara qarşı vəhşiliklər törətmiş erməniləri cərimələmiş, tənbeh etmiş, günahkarlara cəza vermişdi. Təzə rəisi ələ ala bilməyən daşnaklar isə yenə də hiyləyə əl atmış, ona şər-böhtan yağdıraraq öz arvadlarının və qızlarının adından Peterburqa - çar II Nikolaya və Tiflisə - canişin Vorontsov-Daşkova və onun arvadı qrafinya Vorontsovaya məktub yazmışdılar. Yazmışdılar ki, Alftan, guya, ermənilərə zülm edir, təzyiq göstərir, onlara qeyri-obyektiv münasibət bəsləyir, müsəlmanların dostudur və sair və ilaxır. Həm də dad eləyib, fəryad qoparmışdılar ki, əgər Qoloşapov geri qayıtmasa, rusların Qarabağda dayağı olan ermənilər buranı tamamilə tərk etməli olacaqlar. Canişin də Alftanın işini yoxlatdırmaq üçün Şuşaya komissiya göndərmişdi. Ancaq vicdanlı hüquq işçiləri onun fəaliyyətində heç bir qüsur tapa bilməmişdilər. Müstəntiqlərdən narazı qalan ermənilər yenə də Peterburq və Tiflis havadarlarının köməyi ilə canişinə təsir göstərməyə başlamışdılar. Külli miqdarda ənam və hədiyyə alan canişinin arvadı knyaginya Vorontsovanın ermənilərin yanında dili gödək olduğundan ərini yola gətirərək Gəncə quberniyasını iki inzibati əraziyə böldürmüşdü. Canişin də məcburiyyət qarşısında qalaraq idarəetmə üçün quberniyanın yarısını Alftana, Yuxarı Qarabağ da daxil olmaqla o biri yarısını isə Qoloşapova tapşırmışdı. Və beləliklə də, ermənilər general Qoloşapovun ikinci dəfə Şuşaya göndərilməsinə nail olmuşdular...

Ancaq Kiki Kalantarovun qarşısında çətin bir məsələ də dururdu: görəsən, şəhərdə çoxluq təşkil eləyən azərbaycanlılar Qoloşapovun yenidən Şuşaya general-qubernator təyin edilməsinə qol qoyacaqlarmı? Bu sual onu çox düşündürürdü. Ona görə də o, bir neçə həmməsləki ilə məsləhətləşdikdən sonra növbəti bir hiylə işlədərək azərbaycanlı ziyalılara müraciət elədi. Mir Möhsün Nəvvab Qarabaği 1905-1906-cı illərdə erməni-müsəlman davası kitabında bu barədə belə yazır: "Kiki Kalantarov müsəlmanların nümayəndələrini çağırıb deyir:

- Şuşada bu iki millət arasında ədalətli sülh yaratmaq üçün bir rəhbər təyin etməliyik. Mən çox düşündükdən sonra belə qənaətə gəldim ki, bu vəzifəyə (general-qubernator vəzifəsinə - V.Q.) general Qoloşapovdan başqa, bir kəsi təyin etmək olmaz. Hərçənd ki, o, əvvəllər bizim erməni tayfası ilə yaxşı dolanmadı, kəndlilərimizi tovladı, kazaklar kənd əhlinin övrətlərinə xəyanət etdilər, amma əlac yoxdur, onu rəhbər təyin edək".

Şuşalılar bu bic erməninin sözünü yenə də qəribliyə salmadılar və onun şirin ilan dilinə aldandılar. Generalla bir daha işləri olmayacaqlarını bildirdilər.

Nəhayət, bir neçə gündən sonra Qoloşapov dörd yüz nəfərlik qoşunla Şuşaya varid oldu. Ermənilər təntənəli surətdə onun pişvazına çıxdılar. "Xalqımızın xilaskarı, ermənilərin böyük dostu, məzlumların atası, xoş gəlmisiniz!" - deyərək generalı öz məhəllələrində qabaqcadan onun üçün ayrılmış xüsusi iqamətgaha gətirdilər. Məclis təşkil eləyib, Qoloşapovun şəxsində rus xalqının şərəfinə badə qaldırdılar, ermənilərlə rusların bineyi-qədimdən olan dostluqlarından danışdılar. General da yerli əhali tərəfindən çox qonaqpərvərliklə qarşılandığına görə öz təşəkkürünü bildirdi.

...General Qoloşapovun yaşadığı iqamətgahda ermənilərdən yığılmış pullar hesabına hər gün kef məclisləri qurulurdu. "Qeyrətli" ermənilər də üç nəfər seçmə, həddi-buluğa çatmamış qızı ona xidmətə vermişdilər. Bu xidmətçi qızlar da bütün günü generala hər cür qulluq edir, onun bütün istək və arzularını yerinə yetirirdilər. Vaxtaşırı verilən rüşvət və cavan qız-gəlinlər generalı xoşhallandırır, onun bu "yazıq millətə" olan rəğbətini birə-beş artırırdı.

Qoloşapov artıq Kiki Kalantarovun sözü ilə oturub-dururdu. Bir gün bu hiyləgər erməni fürsətdən istifadə edərək öz fikrini və planını bütün açıqlığı ilə generala bildirdi və rusların köməyinə ümid bəslədiklərini də söylədi. General əvvəlcə bir qədər tərəddüd eləsə də, bakirə erməni qızlarının onun stolunun üstünə xonçada qoyduqları iri məbləğdə pulu, daş-qaşı görəndə və Kiki Kalantarovun sonrakı vədlərini eşidəndə tut arağının məstedici təsiri altında şirə döndü, yeri gələrsə, din qardaşlarına canını da qurban verəcəyini bildirdi.

Ertəsi gün Qoloşapovun əmrilə neçə ay əvvəl müsəlman məhəllələrində yerləşdirilmiş rus əsgərləri və topları erməni məhəllələrinə bitişik olan Köçərli məscidinin ətrafındakı çadırlarda yerləşdirildi. Həm də general Əsgəran yolunu bağlatdırdı ki, Aşağı Qarabağdan müsəlmanlara kömək gəlməsin.

Artıq ermənilərin niyyəti həyata keçmək üzrə idi. Onlar azərbaycanlıların üzərinə hücumu iyulun 12-nə planlaşdırmışdılar. Qoloşapov söz vermişdi ki, əməliyyata başlayandan uzaq başı iki gün sonra türkləri ya tamamilə məhv edəcəklər, ya da şəhərdən qovub-çıxaracaqlar. Daha doğrusu, ölən öləcək, qaçan da qaçıb, canını qurtaracaq. Üstəlik, fürsət var ikən şəhərin bütün gözəgəlimli tarixi abidələrini, xüsusilə də, Bazarbaşından tutmuş Yuxarı Gövhər ağa məscidinə qədər hər yeri darmadağın edib yandıracaq. Bununla da, o öz qardaşlıq missiyasını yerinə yetirəcək. Sonrası isə... Sonrasını da buraxır ermənilərin öz ixtiyarına. Özləri bilər, istəyərlər müsəlmanlarla barışarlar, istəyərlər də döyüşləri davam etdirərlər.

Generalın sözlərini ermənilər məmnuniyyətlə dinləyib, ona 10.000 manat da əlavə pul verdilər. Həm də hər bir top atəşi üçün rus kazaklarına 15 manat, tüfəng atəşinə isə, yəni hər bir gülləyə 1 manat pul verməyi də vəd elədilər.

Bəs hücuma hansı bəhanə ilə başlamalı? General Qoloşapov Kiki Kalantarovun ürəyincə olan bir təklif irəli sürdü: rus əsgərləri bir ermənini öldürüb, başını kəssinlər və müsəlman məhəllələrinin birinə atsınlar. İki rus əsgəri də həmin vaxt azərbaycanlılar tərəfdən erməni məhəlləsinə atəş açsın. Əvvəlcədən öyrədilmiş ermənilər də qışqırıb: - Bax, görürsünüzmü azərbaycanlılar necə vəhşilik eləyirlər, erməniləri nə günə salırlar?! - deyə hay-həşir qopararaq Qoloşapovun yanına şikayətə qaçıb, hadisəni generala çatdırsınlar. Qalanı isə onun boynuna.

Bu bəhanəylə ermənilər qabaqcadan qazdıqları səngərlərə doluşdular və üç gün əvvəl öz əcəli ilə ölmüş bir erməni dığasının burun-qulağını kəsib, əvvəlcədən nəzərdə tutulduğu yerə atdılar. Rus əsgərləri də azərbaycanlıların səngərlərini mühasirəyə aldılar. Bir tərəfdən ermənilər, bir tərəfdən də ruslar qabaqlarına çıxan, gözlərinə görünən azərbaycanlılara atəş açmağa başladılar. Günorta vaxtı molla məscidin minbərində Quran oxuyan zaman ora da atəş açıldı. Güllələr minbərə dəyəndə müsəlmanlar cəld dükan-bazarı bağlayıb, evlərinə qaçdılar, silahlarını götürüb, səngərlərə doluşdular və hər iki tərəfdən atışma başlandı. Bununla da, iyulun 12-də erməni-müsəlman davası yenidən qızışdı.

Hündür bir təpə üstündə oturub, bütün bunları seyr eləyən Qoloşapov və digər yüksək rütbəli rus zabitləri ermənilərlə birlikdə tutduqları plan əsasında müsəlman səngərlərinə tərəf gəlib, onları sakitləşdirməyə başladılar. General riyakarlıqla dedi ki, ermənilərin kazaklarla davaları düşüb, siz müsəlmanlarla - Allahın bəndələri ilə kimin nə işi var?

Azərbaycanlılar da onun sözünə yenə inanıb, atəşi kəsdilər, ancaq nəsə duyublarmış kimi bu dəfə ehtiyatı əldən verməyib, səngərlərdən kənara çıxmadılar. Şər qarışan vaxt gördülər ki, şəhərin yuxarı hissəsindən onların səngərlərinə və evlərinə tərəf yenə də atəş açıldı. Bir azdan isə xəbər gəldi ki, artıq ermənilər üç nəfər azərbaycanlını öldürüblər. Köçərli məhəlləsini topa tutub, evləri və məscidi, şahzadə Bəhmən Mirzənin mülkünü yandırıblar. Artıq indi başa düşdülər ki, general Qoloşapov onları aldadıb və bu işlərin baiskarı da elə onun özüdür.

Səkkiz yüz əlli nəfər kazakdan ibarət olan rus qoşunu yeddi minlik erməni dəstələri ilə birləşərək şəhərin müsəlman hissəsinə hücuma keçdilər. Erməni və rus əsgərlərinə hərbi təlimatı şəxsən generalın özü verirdi. Top atəşlərinin arası kəsilmirdi. İki gün ərzində müsəlman məhəllələrinə 120 top mərmisi atılmışdı. Davanın ikinci günü axşam üstü döyüşlər daha da şiddətləndi. Artıq ölüm-dirim mübarizəsi gedirdi. Erməni-rus birləşmələri müsəlmanları uzaqdan şiddətli atəşə tutsalar da, onların məhəllələrinə soxula bilmirdilər. Elə bu vaxt ətraf kəndlərdən gələn yüzlərlə silahlı azərbaycanlı kişi özlərini köməyə çatdırdı və "ya Əli!" deyərək əks-hücumla düşmən səngərlərini ələ keçirib, şəhərin erməni hissəsinə girdilər, onları qovub yaşadıqları məhəllələrdən çıxartdılar. Aramsız döyüşlər üç gün də davam elədi. Müsəlmanlardan 18 nəfər həlak oldu, 21 nəfər yaralandı. Erməni tərəfdən isə ölənlərin sayı 700 nəfərə çatırdı, yaralananlar isə 287 nəfər idi. Rus qoşunu da 31 nəfər itki vermişdi.

Döyüşlər azərbaycanlıların qələbəsi ilə başa çatdı. Basıldıqlarını görən və verdiyi sözə əməl eləyə bilməyən Qoloşapov müsəlmanlarla barışıq üçün erməni və rus keşişlərini də götürüb, əllərində ağ bayraqlar Gövhər ağa məscidinə tərəf gəldilər. Məscidin qarşısına yığışan adamların yanına çatanda general yenə də tülkülük edərək dəsmal çəkib, ağlamağa başladı, üzünü onlara tutub: - Bir quru barışıqdan ötrü işi bu məqama çatdırdınız! - deyərək hönkürdü... Müsəlmanlar bir daha aldanaraq barışıq elan etdilər. Amma bununla bərabər, Azərbaycan xalqına və hökumətə xəyanət elədiyinə görə general Qoloşapov barəsində yenə də yuxarı dairələrə teleqramlar vuruldu, məktublar yazıldı, bəd əməlləri haqqında məlumat verildi. Düzdür, onu Şuşadan uzaqlaşdırıb, Tiflisə apardılar, lakin yenə də heç bir cəza verilmədi...

Qafqazda çıxan o dövrün bəzi mətbuat orqanları da insanlığın qatili olan bu rus generalının hərəkətlərindən yazır, pis əməllərini xalqa çatdırırdı. "Molla Nəsrəddin" jurnalı özünəməxsus incə bir yumorla erməni-müsəlman qırğınını daha dərindən mənalandıraraq 28 iyul 1906-cı il, 17-ci nömrəsində yazırdı: "Ey yari bivəfa Qoloşapov! Bu imiş məgər dostluğun şəraiti? Biz məgər sənlə belə danışmışdıq? Heç bilirsənmi ki, kimi qırırsan, kimin evlərini topa tutursan, kimin məhəlləsinə od vurub yandırırsan? Məgər Qarabağ müsəlmanlarını tanımırsan? Məgər qeyri-müsəlmanları tanımırsan? Məgər müsəlmanlar sənin padşahın barəsində etdiyi rəftarının əvəzidir ki, sən müsəlmanlar barəsində eləyirsən?"

Bu davada şəxsən iştirak eləyən gələcəyin görkəmli yazıçısı Yusif Vəzir Çəmənzəminli "Molla Nəsrəddin" jurnalında Qoloşapov haqqındakı yazını oxuyandan sonra generalın karikaturasını çəkib, redaksiyaya göndərmişdi. Lakin karikatura senzura qurbanı olmuş, dərc edilməmişdi.

Bu araqarışdıran generala heç bir cəza verilməməsi bütün şuşalıları dərindən hiddətləndirmişdi. Camaat əli yüzlərlə müsəlman qanına batmış və hər iki davada erməniləri müsəlmanların üstünə qısqırtmış bu əbləh çar zabitinin aradan götürülməsini tələb edirdi. Və bu tələbin yerinə yetirilməsinin vaxtı da artıq çatmışdı. Ona görə də "Difai"nin Qarabağ şöbəsinin rəhbəri, doktor Əbdülkərim bəy Mehmandarov təcili iclas çağırıb, partiya üzvlərini evinə dəvət elədi və yalnız həmin gün bir məsələ - general Qoloşapovu qətlə yetirmək məsələsi müzakirə olundu. Çox götür-qoydan sonra bu məsul tapşırıq partiyanın ən fəal üzvlərindən olan Hüsü Tağıyev adlı bir nəfərə həvalə olundu.

...Ömrü boyu dülgərliklə məşğul olan gülablı Əli kişi ətraf meşələrdən, yaxınlıqdan axıb-keçən Qarqar çayının kənarından yığıb-gətirdiyi oduncaqlardan, taxta parçalarından müxtəlif məişət əşyaları düzəldərək satmaqla ailəsini dolandırır, uşaqlarını böyüdürdü. Övladları Mehdi, Tağı və Hüsü lap kiçik yaşlarından bacardıqları işin qulpundan yapışıb, atalarına kömək dururdular... Sonbeşik oğlu Hüsü dayısı oğlu Qurbanla (görkəmli tarzən, Azərbaycan SSR Xalq artisti Qurban Pirimov - V.Q.) vaxtaşırı Şuşaya gedir, odun, çır-çırpı satır, qazandığı qəpik-quruşu ailələrinə gətirirdi. Hər dəfə də o bu şəhərin adamlarına, özünəməxsus adət-ənənələrinə ürəkdən vurulur, hörmət və ehtiramı artırdı. Macəra ilə dolu olan bu qala isə gələcəkdə ona şan-şöhrət, başucalığı gətirəcək bir övlad kimi gənc Hüsünü daim yaşamaq üçün artıq öz ağuşuna səsləyirdi.

Odun satmaqla xeyli qazanc əldə eləyən Hüsü, nəhayət, həmişəlik olaraq Şuşada qalmağı qərara aldı. Qurbanla şəhərin mərkəzində ev kirayə elədi, gur, gəlişli-gedişli bir yerdə - Şuşa Realnı Məktəbinin lap yaxınlığında çayxana açıb, işlətməyə başladı. Hər gün səhər tezdən o, çayxanaya tələsir, dayısı oğlu isə təzəcə bağlatdırdığı tarını qoltuğuna vurub, tarzən Sadıqcandan dərs almağa gedirdi. Beləliklə də, 1895-ci ilin yayından iyirmi yaşlı Hüsü Şuşa qalasının istəkli, əziz övladına çevrildi, az bir vaxtda dönüb oldu əsl qalalı...

(Ardı var)

 





26.10.2023    çap et  çap et