525.Az

Güney Azərbaycan folklorunda xalq həyatı və milli kimlik nişanələri - Esmira Fuad yazır


 

Güney Azərbaycan folklorunda xalq həyatı və milli kimlik nişanələri - <b style="color:red"> Esmira Fuad yazır</b>

Qədim yunan tarixçisi Herodot e.ə. V əsrdə qələmə aldığı "Tarix" əsərində Azərbaycanın qədim dövləti Midiyanın süqutu və İran dövləti tərəfindən işğalının səbəblərini özündə yansıdan əfsanələri - xalq təfəkkürünün məhsulları olan "Astiaq", "Tomris" kimi folklor örnəklərini cazibədar bədii dillə yazıya alaraq təsirli psixoloji səhnələr yaradıb və "Tarix"də ayrı-ayrı adlarla təqdim edib.

"Tarix" kitablarında da bəzilərinin adı keçən, o taylı-bu taylı doğma vətənin, Güney və Quzey Azərbaycanda dildən-dilə, ağızdan-ağıza keçərək dövrümüzədək gəlib çatan folklor inciləri məhz kollektiv yaradıcılıq məhsuludur və müəllifləri məlum olmayan ədəbi janrdır. Əski çağlardan, tarixin dərin qatlarından xəbər verən şifahi xalq yaradıcılığı xalqımızın ruhundan süzülən özünəməxsus bir mədəniyyət sahəsidir. Bütün xalqların ədəbiyyatları üçün ilk və səciyyəvi olan kollektiv yaradıcılıq-ağız ədəbiyyatı Azərbaycan ədəbiyyatının inkişaf edərək bugünkü səviyyəyə çatmasında da özül rolunu oynayıb. Bu zəngin irsin toplanması, yayını və tədris vasitəsinə çevrilməsi işinə keçən əsrin ilk illərindən başlayaraq diqqət verilib və Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrinin kütləvi şəkildə toplanmasının əsas mərhələsi XX əsrin I çəyrəyindən etibarən başlayıb...

Bu dövrdə Eynəli Sultanov və Mahmudbəy Mahmudbəyovun ağız ədəbiyyatı nümunələrinin toplanması, nəşri və tədqiqi sahəsindəki əvəzsiz xidmətləri olub və bu işlər Azərbaycan folklorşünaslığının ilk addımları hesab edilir. Görkəmli alim Firudin bəy Köçərli isə təkcə folklor toplayıcısı deyil, həm də folklorşünaslıq elmimizin yaradıcısı idi. Hənəfi Zeynallı isə "Azərbaycan atalar sözü və məsəlləri" (1926), "Azərbaycan tapmacaları" (1928) kitablarında ilk dəfə ağız ədəbiyyatının təsnifatını aparıb. Əmin Abid folklor nəzəri fikrini öyrənən, dövrünün ən qabaqcıl tədqiqat metodlarını Azərbaycan folklorşünaslığına gətirən və bu sahədə ciddi işlər görən araşdırıcıdan olub."Ə.Abid xalq mahnıları, bayatılar, aşıq şeiri şəkilləri, heca vəzni, türk xalqlarının yeddi hecalı şeirinin törəmə tipləri, qafiyəsi, ritmi, oxşar səslərin təkrarı, alliterasiyası, bölgü və digər poetik qəlibləri barədə elmi mülahizələrin ilk müəlliflərindəndir..." Vəli Xuluflu da 1920-30-cu illərdə folklorumuzun toplanması və nəşri işləri ilə ardıcıl uğraşan araşdırıcılardan idi. O, 1927-ci ildə "El aşıqları" kitabını və Azərbaycanda ilk dəfə olaraq "Koroğlu" dastanını çap etdirib.

Salman Mümtaz və Hümmət Əlizadə də Azərbaycan ağız ədəbiyyatının toplanması işinə məhz bu dövrdə başlayıblar... 1927-28-ci illərdə iki cildlik "El şairləri" kitabını nəşr etdirən S.Mümtaz bu nəşrlərdə Dirili Qurbani və Sarı Aşığın şeirlərini, bayatı, atalar sözü və məsəllərin ən mükəmməl örnəklərini yazıya alıb. "1929-cu ildə iki cilddə "Aşıqlar" adlı toplunu çap etdirən H.Əlizadə isə ilk dəfə Azərbaycan aşıqlarının repertuarından "Koroğlu" dastanının 14 qolunu və 50-dən artıq müstəqil qoşmasını çap etdirib..."

İkinci cahan savaşından dövrümüzədək H.Araslı, M.H.Təhmasib, M.Seyidov, X.Koroğlu, Ə.Axundov, V.Vəliyev, M.Həkimov, P.Əfəndiyev, A.Nəbiyev folklorşünaslığımızın inkişafında misilsiz xidmət göstəriblər.

Azərbaycan ağız ədəbiyyatının toplanması, öyrənilməsi, yayımlanması və təbliği işi paralel olaraq Güney Azərbaycanda da həyata keçirilib. 20-ci yüzilliyin ilk illərindən başlayaraq Pərviz Pərvizi, Həsən Əzari, Sultan Tulu, Məhəmmədəli Fərzanə, Əli Kəmali, Əli Rza Sərrafi, Cahangir Karini, Əsgər Ülyayi Kəlyan (Yaşıl), Behruz Həqqi, Bəhruz İmani, Əkbər Rəhimzadə, Fatimə Mustafapur, Hüseyn Məmmədxani Güneyli, Aqşin Ağkəmərli və b. Güney folklorunun bugünkü səviyyədə tanıdılması, öyrənilməsi və yayımı sahəsində çox böyük işlər görüblər.

Tarix boyu Azərbaycan türklərinin yaratdıqları zəngin ağız ədəbiyyatı xəzinəsi XIX əsrdən başlayaraq həm də folklor ad-landırılıb. İngilis dilindən gələn bu termin - folk -xalq, lore isə bilik, hikmət (xalq müdrikliyi) anlamındadır. Tanınmış folklorşünas alim Azad Nəbiyev yazırdı ki, "Folklor nümunələri xalq zəkasının qüdrətini, bədii təfəkkürünün gücünü parlaq əks etdirən, məzmun cəhətdən maraqlı, ideya baxımından zəngin, əsrlərin sınağından çıxmış əsərlərdir. Bu sənət inciləri janr əlvanlığı, dil-üslub aydınlığı, poetik tutumu və xəlqiliyi ilə seçilir..."

Bu əksetmənin Azərbaycan dünyanın ən zəngin folklor sərvətlərinə sahib olan ölkələrindən biridir. Nizami, Füzuli, Xətai, Nəsimi, Sabir, Şəhriyar kimi korifey sənətkarların yaratdığı Azərbaycan ədəbiyyatının qaynağında, söz sənətinin mayasında məhz zəngin və dərin məzmun qatlarına malik Azərbaycan folkloru durur.

Araşdırmaçı yazar Aqşin Ağkəmərlinin yazdığına görə, Güney mahalında ədəbiyyat, əsasən iki yöndə inkişaf edib: şifahi xalq ədəbiyyatı və divan ədəbiyyatı. O, Mirzə İbrahimovun Azərbaycan ədəbiyyatını Dədə Qorqud dövrü, Nəsimi dövrü, Şah İsmayıl Xətai dövrü, Füzuli, Vaqif, Mirzə Fətəli Axundzadə dövrünə bölməsini haqlı sayır və hər bir dövrün özünəməxsus inkişaf mərhələsi keçdiyini vurğulayır.

Ancaq bu faktı qeyd etməliyik ki, mərsiyə ədəbiyyatı bütün dövrləri əhatə edib və izləri, aşıq ədəbiyyatı kimi, lap əski çağlara gedib çıxır. Çünki sevgi ilə kədər qoşa yaranıb. Mərsiyə şeirinə tarixi şəbeh və meydan tamaşalarımızın izləri də demək olar və ilk nümunələrinə Mahmud Kaşğarlının "Divani lüğət-i türk" kitabında rast gəlirik. Bu əsərdə ağı Alp Ər Tonqanın (Əfrasiyab) ölümü ilə bağlı söylənib. Həmin parçadan məlum olur ki, Əfrasiyabın - Alp Ər Tonqanın ölümünə həsr olunmuş bu misralar mərsiyə şeirinin bizdəki ilk örnəyidir. Bu yönlü şeirlər, həm də ağı adı ilə də tanınıb. Ağılar ölümlə, fəlakətlə bağlı oxunur və məzmununda qəm, kədər, qüssə, iztirab, ayrılıq əhval-ruhiyyəsi çox güclü hiss olunur. Çox əski çağlarda həzin bir musiqi ilə, yaxud qopuzla əzizlərinin ölümü - oğul, qız, qadın, at, ya bir el qəhrəmanı və ya el ağsaqqalı haqqında yas mərasim nəğmələrini özəlliklə qadınlar qopuz çalıb-oxuyarmışlar. Mətnlərinin misradaxili bölgüləri yeddi hecadan ibarət olan, yəni hər misrası 3+4-4+3-5+2 bölgüsündən oluşan ağılara el arasında "edilər", "edilmək" də deyilib. Bəzən dünyasını dəyişən insanın kimliyi, özəllikləri, xeyirxahlığı, yaxşı əməlləri dilə gətirilir. Bu nəğmələrdə, qeyd etdiyimiz kimi, yaxın, doğma adamların ölümündən doğan dərin kədər, qəm, ayrılıq, hətta şikayət, nifrət, qarğış notları da ifadə olunur.

Göründüyü kimi, folklor inciləri xalqın bədii təfəkkürünün, ağıl və zəkasının gücünü parlaq şəkildə özündə əks etdirən, maraqlı, diqqətçəkən məzmuna, zəngin ideyaya malik olan və əsrlərin sınağından çıxmış kollektiv yaradıcılıq məhsullarıdır. Bu sənət inciləri janr əlvanlığı, dil-üslub aydınlığı, poetik tutumu və xəlqiliyi ilə seçilir. Şifahi ədəbiyyatda xalqımızın insan taleyi ilə bağlı düşüncələri, vətənpərvərliyi, humanizmi, sevgisi, nifrəti, müxtəlif tarixi dönəmlərdə üzləşdiyi mühüm ictimai-siyasi olaylara münasibəti, gələcəklə bağlı arzu və istəkləri geniş bədii əksini tapır. Təsadüfi deyil ki, əmək nəğmələri xalqın bu hisslərini parlaq şəkildə əks etdirən ilk nümunələrdir. Çünki əcdadlarımız yaşamaq, ayaqda qalmaq üçün böyük əmək sərf edib, təsərrüfatlarında tər tökərək çalışıb, yaxud ov ovlamaq, quş quşlamaq üçün səfərə çıxaraq xeyli zəhmət çəkiblər. Əmək nəğmələri də məhz bu proseslər zamanı yaranıb, insanları işə, əməyə daha da həvəsləndirib.

Əmək nəğmələrinin ən geniş yayılmış növləri ağız ədəbiyyatının ən qədim örnəkləri-holavarlar və sayaçı sözlərdir. İstər Güney, istərsə də Quzey Azərbaycanda əkinçilik və cütçülüklə bağlı yaranmış holavarlarda etnoqrafik elementlər, istehsal alətlərinin adı, öküzün, kəlin vəsfi böyük maraq doğurur. Heç şübhəsiz, əkinçi-cütçü öz ağır əməyini yüngülləşdirmək, qəlbində ruh yüksəkliyi yaratmaq, işini daha əzmkarlıqla və vaxtından tez görüb bitirmək üçün müəyyən ritmli, xoş ahəngli nəğmələr deyib. Cütçü söylədiyi holavarda öküzə müraciətlə ona güvəndiyini, işi tez bir zamanda görəcəyini söyləyir. Öküzlə bağlı holavarlarda kəndli Tanrıdan onu bədnəzərdən, yaman gözdən qorumağı, isti havalarda "bağrı pişməsin" deyə yağış yağdırmasını, göyün üzünə bulud gəlib yerə nəm düşürməsini təmənni edir, xışladığı torpaqdan bol məhsul götürəndə özü ilə bərabər öküzlərin də murada çatdığını qeyd edir: 

 

Bizim öküz, buz öküz,

Qoparıbdı toz öküz.

Alıb yerin canını,

Çıxsın yaman göz, öküz.

 

Öküzüm gedər işə,

Qorxuram bağrı pişə.

Nola bir bulut gələ,

Göydən yerə nəm düşə.

 

Qoyunçuluqla bağlı yaranmış nəğmələrdə-sayaçı sözlərdə kəndlinin həyatında qoyunçuluğun nə qədər böyük əhəmiyyət daşıdığı vəsf edilir. Qoyuna müraciətlə oxunan sayaçı sözlərdə kəndlinin güzəranını yaxşılaşdırdığına görə, bu heyvana sevgi və diqqət özünü göstərir. Özəlliklə nazını çəkdiyi, hətta aclıq gələndə başına dolandığı heyvandan zəhmət adamının xeyir-bərəkət, dolanışıq təminatı gözləntisi və diləyi əks olunur. Məsələn:

 

Saya, saya, sayadan,

Damazlığı mayadan.

Bu saya kimdən qalıb,

Adəm atadan qalıb...

Nənəm, qoyunun ağı, 

Gedib dolanar dağı...

Qarılar tutar yağı,

Gəlin yeyər quymağı...

Qızlara cehiz ağı,

Çobana çarıq bağı,

Uşağa bələk bağı...

 

Hətta sayaçı sözlərin içərisində heyvanların deyişməsindən ibarət mükəmməl poetik parçalar, alleqorik nümunələr də vardır. Bu deyişmə nümunələrdə qoyun, keçi, öküz, inək, camış, dəvə, at və eşşəyin obrazları olduqca canlı və təbii yaradılıb:

 

İnək deyər, mən doğanda mələrəm,

Mələdikcə dağı-daşı dələrəm.

Qurutumu gündən-günə sərərəm,

Çalxam-çalxam kərələrim var mənim,

Ceyran-ceyran danalarım var mənim.

 

At deyər, yel təkin göydə uçaram,

Yollar ötüb dağdan-dağa aşaram,

İgidlərlə bir arada yaşaram,

Pəhləvanlar kimi yiyəm var mənim,

Saraylara oxşar pəyəm var mənim.

 

(Ardı var)

 

 





26.10.2023    çap et  çap et