525.Az

Psixoloq Elmira Mirzəyeva: "Rahatlığımı insanlara gərək olduğum yerdə tapıram"


 

Psixoloq Elmira Mirzəyeva: "Rahatlığımı insanlara gərək olduğum yerdə tapıram"<b style="color:red"></b>

Deyirlər ki, hər insana bir psixoloq, psixoloqun özünə isə ən az iki psixoloq lazımdır. Tanınmış psixoloq-pedaqoq Elmira Mirzəyevanın keçdiyi ömür yoluna nəzər salarkən görünür ki, o, psixoloq olmağa elə öz həyatından başlayıb. Ailəsi Bakıya gəlməyinə razı olmayıb, onu Gəncədə texnikuma göndərəndə də, rus dili və ədəbiyyatı müəllimi olmaq kimi bir uşaqlıq arzusunun arxasınca gedəndə də, illər boyu müxtəlif məktəblərdə pedaqoji fəaliyyət göstərərkən də, 1990-cı ilin 20 Yanvarından sonra "bu cəmiyyətə psixoloji yardım lazımdır"deyə Respublika Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun psixologiya kursuna yazılanda da, əslində, psixoloq idi Elmira xanım. Və həyatın onun üçün hazırladığı ünvana doğru addım-addım irəliləyirdi. İctimai mühitin çağırışı onun uşaqlıq arzusundan, bu arzuya çatmaq üçün çəkdiyi bütün zəhmətlərdən də üstün və müqəddəs idi. Ona görə də bircə an belə düşünmədən çağırışa səs verdi və rus dili müəllimi Elmira Mirzəyevadan ölkəmizin ilk praktik psixoloqlarından birinə çevrildi...

"Rahatlığımı insanlara gərək olduğum yerdə tapıram" - deyən Elmira xanım 30 ildən çoxdur ki, fiziki və mənəvi gücünün yetdiyi, hətta bəzən yetmədiyi qədərilə də insanlara gərək olduğu yerdədir, onların köməyində, dayağındadır. Bu, artıq onun həyat amalına, yaşamaq eşqinə dönüb.

Azərbaycan Praktik Psixoloqlar Assosiasiyasının Prezidenti, "Loqos" Psixoloji və Nitq Mərkəzinin baş psixoloqu Elmira Mirzəyeva ilə növbəti görüşümüz onun doğum günü - 25 oktyabr ərəfəsinə təsadüf etdi və geniş söhbət imkanını əldən vermədik.

 

- Elmira xanım, bu ay növbəti yaşınız tamam oldu. Bu münasibətlə sizi təbrik edir və söhbətimizə də buradan başlamaq istəyirik. İndinizdən dönüb arxaya boylananda nə görürsünüz: Elmira Mirzəyeva ötən ömrünü necə yaşayıb?

- Təbrikiniz üçün təşəkkür edirəm. Ömrümdən də, həyatımdan da çox razıyam. Mən ölkəmizdə Birinci Qarabağ müharibəsindən bu günə qədər müharibədən əziyyət çəkən şəhid, qazi, itkin, məcburi köçkün ailələrinin yanında olan, bəlkə də, yeganə psixoloqam. Bunu qürur hissi ilə deyirəm və indidən sonra da nə qədər ömrüm varsa, yenə də onların yanında olmağa hazıram. Ən böyük arzum isə onları öz yurd-yuvalarında görmək, qayıdış sevincini onlarla birgə yaşamaq, öz doğma yurd-yuvalarında adaptasiya olmasına dəstək verməkdir.

Şükür Yaradana, ailəmdə də hər şey qaydasındadır. Beş övladım, on nəvəm var. Həyatda qazandığım uğurlarıma görə hər zaman yanımda olan, fəaliyyətimdə məni anlayıb, dəstək göstərən ailəmə borcluyam.

- Azərbaycanın ilk praktik psixoloqlarından birisiniz. Siz psixologiyanı seçəndə baxıb öyrənəcəyiniz elə bir nümunə yox idi qarşınızda. Bu mürəkkəb yolu seçməkdə amalınız nə idi?

- Yaşadığım bütün çətinliklərə rəğmən, etiraf edim ki, bu yolu seçməyimə heç peşman deyiləm. Bu peşəni seçməyimə məni uşaqlara olan böyük sevgim sövq etdi. Öz ixtisasının sahibi olan orta məktəb müəllimi idim. Ömrüm belə də davam edə bilərdi. Lakin bəzi məktəb rəhbərlərinin, müəllimlərinin uşaq psixologiyasını bilmədən davranmalarına göz yuma bilmədim. Bilirsiniz ki, insanın gələcəyi uşaqlıqda qoyulan bünövrədən bilavasitə asılıdır. Bu dövrdə uşağın psixi inkişafında, tərbiyəsində, şəxsiyyət kimi formalaşmasında buraxılan səhvlər gələcəkdə ağır nəticələr verə bilər. Xüsusən, yeniyetməlik dövründə uşağa şəxsiyyət kimi yanaşmağı unutmamalıyıq. Etiraf edim ki, psixoloq olaraq ilk addımlarımda yeniyetmələrin rolu az olmayıb. Nəzəriyyəni öyrənib qazandığım bilikləri gündəlik işimdə tətbiq edirdim. Təcrübəsini isə ancaq xarici ölkələrdə olanda öyrənə bilirdim. Ən böyük arzum psixoloqun ona müraciət edən şəxslə canlı-canlı münasibət qurmasını, işləməsini, psixoterapiya seanslarını müşahidə etmək idi. 1990-cı illərdə bunu ölkəmizdə görmək qeyri-mümkün idi. İndi isə nəinki Bakıda, hətta Qazax, Gəncə, Quba kimi bölgələrimizdə Pedaqoji Universitetlərin tələbələri həmin rayonlarda fəaliyyət göstərən "Loqos" Psixoloji və Nitq Mərkəzlərindəki psixoloqlara müraciət edib. bu peşənin incəliklərini öyrənə bilirlər.

Unudulmaz müəllimim Əbdül Əlizadə hər zaman bizə deyərdi ki, "mən psixoloqam" deməkdən çəkinin, siz bunu etməklə üzərinizə böyük yük götürmüş olursunuz. Bir də deyərdi, psixologiya elmi elə dərin elmdir ki, baş vurduqca görürsən, üzdəsən. İstərdim ki, psixoloq peşəsinə yiyələnmək istəyən gənclərimiz Əbdül müəllimin bu vəsiyyətinə əməl edib, öz işlərinə ciddi yanaşsınlar.

- Psixologiya sizi nə dərəcədə xoşbəxt edə bildi?

- Bu sualınıza istərdim, görkəmli müğənnimiz Rəşid Behbudovun oxuduğu məşhur mahnıdan bir misra ilə cavab verim: "Özgəyə xoşbəxtlik arzulayanlar özləri də xoşbəxt, bəxtiyar olar". Bilirsiniz ki, psixoloqlar insan ruhu, qəlbi ilə məşğul olan mütəxəssislərdir və onlara müraciət edən şəxslər də sağlam, lakin həyatının müəyyən dövründə psixoloji problem və ya çətinlik yaşayan insanlardır. Bizim peşə məsuliyyətimiz icazə vermir ki, biz o insana hansısa qərarı qəbul etməyi təklif edək. Bizim borcumuz, o insanla birgə, yaşadığı problemi çözərək ona şüurlu münasibət bəsləmək vərdişini yaratmaqdır. Bu baş verəndə insan illərlə yaşadığı psixoloji yükdən azad olaraq problemsiz həyata qayıdır. Onların gözlərində yaranan işıq, üzlərindəki təbəssüm isə bizə haqq verir ki, dünyanın xoşbəxti bizik dünyada deyək...

- Bəs siz necə, psixologiya elminə ürəyinizcə xidmət edə bildinizmi?

- Bu peşə ilə bağlı ən böyük arzum ölkəmizdə psixoloji mərkəzlərin olması idi. Yəni psixoloji mərkəz deyəndə, pərakəndə şəkildə kiminsə hansısa kursdan diplom alıb, özü üçün kiçik bir kabinet açmasını nəzərdə tutmuram. Elə bir mərkəz ki, elmi tədqiqat işləri aparır, xarici təcrübəni öyrənir, bu bilikləri qazanaraq onun ölkəmizdəki adaptasiyasını təmin edərək tətbiq edir. Böyük məmnuniyyətlə deyə bilərəm ki, mən bu gün belə bir mərkəzin baş psixoloquyam.

Çalışdığım "Loqos" Psixoloji və Nitq Mərkəzinin təsisçisi və rəhbəri psixologiya üzrə fəlsəfə doktoru Təranə xanım Paşayevadır. Onun imza atdığı uğurlu layihələr saysız-hesabsızdır. Buna misal olaraq, "Müasir Azərbaycan qadını" layihəsini, "Loqos" jurnalının nəşrini, V.M.Bexterev adına Sankt-Peterburq Milli Psixiatriya və Nevrologiya üzrə Elmi-Tədqiqat Mərkəzi ilə birgə ölkəmiz üçün vacib olan klinik psixologiyası üzrə mütəxəssislərin hazırlanmasını, 10 il ərzində hər il müxtəlif bölgələrimizdə 10 oktyabr - "Ümumdünya Psixi Sağlamlıq günü" münasibəti ilə elmi-praktiki konfransların, dəyirmi masaların keçirilməsini və digər layihələri göstərə bilərəm ki, bunların hər birində əməyimin olması ilə qürur duyuram. Həmçinin, söhbətimizin əvvəlində də qeyd etdiyim kimi, uzun illərdir şəhid, qazi və itkin ailələrinin yanındayıq və bundan sonra da olacağıq.

- Psixoloq olmaq istəyən ilk növbədə nəyə sahib olmalıdır?

- Dahi rus yazıçısı Lev Tolstoy deyir ki, insanları sevmirsənsə, onlarla məşğul olma. Psixoloq olmaq istəyənlər ilk növbədə məntiqi düşünmə bacarığına, analitik-konstruktiv təfəkkür tərzinə, yüksək intellektə, emosional intellektə, müraciət edən şəxsi anlamaq, dinləmək qabiliyyətinə, yumor hissinə malik olmalıdır. Eyni zamanda o şəxs ünsiyyətli, empatik, emosional cəhətdən müvazinətli, həssas, məsuliyyətli, dözümlü, mehriban olmalıdır.

lll

Bəli, psixoloq mühakimə edə, yarğılaya, məsləhət verə, qərar qəbul edə bilməz. Amma psixoloq həyatlara biganə yanaşa da bilməz. Bu qızıl ortanı tapmaq və qoruyub-saxlamaq isə hər mütəxəssisə, özünə "psixoloq" deyən adama nəsib olmur. Nə gözəl ki, ölkəmizdə bunu ən yüksək şəkildə bacaran və öz bilik və təcrübələrini gənclərdən əsirgəməyən Elmira Mirzəyeva kimi peşəkarlarımız var.

Bu gün, başda paytaxt Bakı olmaqla, Azərbaycanın müxtəlif bölgələrində Elmira Mirzəyevanın yetişdirdiyi böyük bir psixoloq ordusu var ki, canla-başla xalqımızın xidmətindədirlər. Onlar öz müəllimlərindən öyrəndiklərini xalqımızın balalarına böyük zövq və həvəslə verirlər. Halbuki Elmira xanım bütün bunları öyrənəndə onun qarşısında özü kimi rol-modeli yox idi. O, psixologiyanı öncə öz daxili dünyasından, içindən gələn insan sevgisindən, sonra isə kitablardan, xarici mütəxəssislərdən öyrənmişdi. Bəlkə də budur Elmira Mirzəyeva uğurunun ən böyük sirri...

Bütün hallarda Elmira Mirzəyeva kimi mütəxəssislərin olduğu bir cəmiyyətdə psixologiya elminin gələcək uğurlu inkişafına olan ümid və inamlarımız sonsuzdur.

Bir daha Elmira xanımı növbəti yaşı münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, saysız uğurlar arzu edirik!

Şahanə MÜŞFİQ

 





26.10.2023    çap et  çap et