525.Az

General Qoloşapovu kim öldürdü? - Vasif Quliyev yazır


 

ƏLƏKEÇMƏZ QİSASÇI HÜSÜ TAĞIYEV KİM İDİ?

General Qoloşapovu kim öldürdü? - <b style="color:red"> Vasif Quliyev yazır</b>

(Əvvəli ötən sayımızda)

 

İyirminci yüzillik təzəcə başlamışdı. Zaqafqaziyanın bir çox iri sənaye mərkəzlərində, o cümlədən, on illər boyu Azərbaycanın ictimai həyatında çox mühüm rol oynayan və artıq siyasətlə müntəzəm məşğul olan Şuşada vəziyyət gündən-günə dəyişir, şəhər yeni bir dövrə qədəm qoyurdu. 1902-ci ilin payızında burda realnı məktəbin, əsasən, yuxarı sinif şagirdlərindən təşkil edilmiş və hökumət əleyhinə gizli fəaliyyət göstərən ilk sosial-demokrat dərnəyi yaradıldı və onun işləri sürətlənərək kütləvi şəkil almağa başladı. Şuşa qalası az müddətdə Qafqazın ən qaynar nöqtələrindən birinə - inqilab yuvasına çevrildi. Dərnək üzvləri müxtəlif yığıncaqlar keçirir, camaat arasında siyasi işlər aparır, Bakı, Tiflis, Gəncə, Vladiqafqaz, İrəvan kimi şəhərlərdəki həmməsləkləri ilə əlaqə saxlayırdılar. Qarabağ sosial-demokratlarının fəaliyyəti, xüsusilə, yay aylarında istirahətə gələnlərin sayı artdıqca daha da genişlənirdi.

Xoşrəftar, haqq-hesabda düz, müştərilərə kələk gəlməyən, onları aldatmayan, son dərəcə təmizkar olduğu üçün Hüsünün çayxanası səhərdən-axşamacan ağzına qədər dolu olurdu. Realnı məktəbin şagirdləri də, demək olar ki, hər gün bu çayxanaya toplaşır, müxtəlif siyasi mövzuları müzakirəyə çıxarırdılar. Çayxana sahibi də istər-istəməz bu arzuolunan müştərilərinin danışıqlarını eşidir, bəzən də onların söhbətlərinə müdaxilə edirdi. Və bu müzakirələr, bu mübahisələr, bu mühakimələr Hüsünü daimi qonaqlarına daha da yaxınlaşdırırdı. Bəziləri ilə aralarında dostluq əlaqələri də yaranmışdı. Xülasə, Hüsü gözünü bir də açıb gördü ki, artıq dərnək üzvlərinin gizli yığıncaqlarının iştirakçısına çevrilib, əməlli-başlı olub sosial-demokrat.

...Günlər keçdikcə əsl inqilabçı kimi bişib-bərkiyən Hüsü Tağıyev xüsusi gizli tapşırıqları yerinə yetirmək üçün tez-tez Bakıya, Gəncəyə, Tiflisə gedib-gəlir, bu şəhərlərin sosial-demokratları arasında əlaqə yaradırdı. Və elə 1903-cü ilin payızındakı səfərlərinin birində Tiflis bolşevikləri onu öz sıralarına qəbul elədi. Hüsü təxminən iki il burda gizli inqilabi iş apardı. 1905-ci il fevralın 6-da Bakıda erməni-müsəlman davasının ilk qığılcımları alovlanarkən dərhal o, vətənə döndü və çayxanasını işlətməklə bərabər, Şuşa sosial-demokratlarının işlərində də fəallıqla çalışmağa başladı.

...Doktor Mehmandarov Hüsünü çox yaxşı tanıyırdı. Onun milli qeyrəti, namusu, erməniyə nifrəti bütün şuşalılara bəlliydi. Ötən il də, bu il də olan davalarda Hüsünün fəaliyyəti heç kəsin yadından çıxmamışdı. Hələ birinci dava vaxtı o, yaxın dostları - realnı məktəbin şagirdləri Yusif Vəzirov və Mir Həsən Vəzirovla birlikdə həm ermənilərlə üzbəsurət döyüşmüş, həm də yaralı azərbaycanlıların güllə altında xəstəxanaya çatdırılmasında öz köməyini əsirgəməmişdi. Ona görə də rus generalına ediləcək terror aktının Hüsüyə tapşırılması hamı kimi Əbdülkərim bəy Mehmandarovun da ürəyincə idi.

Bu ciddi və məsuliyyətli işi yerinə yetirmək üçün Hüsü təlimatlandırıldı, lazımi şeylərlə təchiz olundu. Ona sərrast atan Smit Visson markalı bir revolver də verildi... Və bir payız günü həmyerlilərinin xeyir-duası ilə Şuşadan Tiflisə yola düşdü. Tarix Hüsünün boynuna çox çətin və müqəddəs bir vəzifə qoymuşdu və o, bu vəzifəni də şərəflə, şücaətlə, qəhrəmanlıqla yerinə yetirdi.

Hüsü Tiflisi, əsasən, müsəlmanların yaşadığı Şeytanbazar məhəlləsini çox yaxşı tanısa da, bu tapşırığı uğurla yerinə yetirmək üçün yerli əhalidən kömək də lazım idi. Ona görə də o, Əbdülkərim bəy Mehmandarovun nişan verdiyi və bu məhəllədə yaşayıb-işləyən köhnə qalalıları tapdı, doktor Mehmandarovun salamını onlara çatdırdı. Tiflisli həmyerlilərinin köməyi ilə general Qoloşapovun yaşadığı yeri-yurdu, keçib-getdiyi küçələri yerli-yataqlı öyrəndi. Həm də öyrəndi ki, general hərdənbir Şeytanbazara gəlir, yarım araqla bir piti yeyib, vaxtını öldürəndən sonra xoşhallana-xoşhallana qayıdıb-gedir xarabasına. Hüsüyə də elə bu lazım idi, əməliyyatı həyata keçirmək üçün ən əlverişli yer də elə buraydı. Hüsü çox götür-qoy elədi, yüz ölçüb, bir biçdi, əməliyyat gününü və saatını da dəqiqləşdirdi: 1906-cı il noyabrın 1-i, saat 1.

Hüsü səhər tezdən qaldığı karvansaradan çıxıb, Şeytanbazara tərəf addımlamağa başladı, sənətkar emalatxanaları və dükanları arasında bir az var-gəl elədi. Vaxta isə hələ çox qalırdı. Hər şeydən əvvəl, bu qalan vaxtı - saatları, dəqiqələri öldürmək, bir də soyuqqanlı olmaq lazım idi. Ona görə də o, yaxınlıqdakı evin zirzəmisində yerləşən meyxanaya endi. Burda stol arxasında bir gürcü gənclə tanış oldu. Bir-birlərinə qanları qaynadı, yeyib-içdilər, bir az kart oynadılar. Vaxt tamama yetişəndə Hüsü ayağa qalxdı, stolun pulunu ödəyib, təzə tanışı ilə sağollaşaraq ayrıldı. Əvvəlcədən gözaltı elədiyi yerə - Kür çayı ilə yanaşı uzanan yol kənarındakı beşbarmaq çinar ağacının yanına gəldi. Diqqəti cəlb eləməmək üçün oğrun-oğrun ora-bura boylandı, ətrafını diqqətlə nəzərdən keçirdi və yaxınlıqda bir inni-cinninin olmadığını görüb, ehmalca ağaca çıxdı. Ağacın yoğun bir budağında özünə əlverişli bir yer seçdi, müəyyən hazırlıq işləri görüb, hədəfinin gəlişini gözləməyə başladı. Artıq saat birdir, ikiyə işləyir. Budur, şəhərin mərkəzi hissəsindən gələn bir kareta yolu sağa burulub, Şeytanbazara tərəf döndü. Qoloşapov idi, özüydü ki, vardı. Hüsü onu Şuşada dəfələrlə üzbəsurət gördüyündən dərhal da tanıdı. Generalı üç kazak müşayiət edirdi. Hüsü fürsəti fövtə verməyib, iki dəfə dalbadal tətiyi çəkdi. Atəş səsləri bütün Şeytanbazarı bürüdü, arxadakı Sənan dağında əks-səda verərək şəhərə yayıldı. Qoloşapov karetadan kəlləsi üstə yerə gəldi. Güllələrdən biri ağzından girib, dilini və dişlərini parçalayaraq peysərində ilişib-qalmış, o biri isə boğazından dəymişdi. Generalı təcili olaraq xəstəxanaya çatdırsalar da, artıq o, cəhənnəmə çoxdan vasil olmuşdu.

Hüsü bilirdi ki, hansı tərəfə qaçsa, jandarmlar onu tutacaqlar. Ona görə də yeganə çıxış yolunu əvvəlcədən planlaşdırdığı kimi çaya atılmaqda gördü. Səs-küyə tökülüşüb-gələn jandarmların başı generala qarışdığından onun özünü Kürə atdığını heç kəs görmədi. Və bununla da ardınca düşə biləcək xəfiyyələri azdıra bildi. Hüsü çay aşağı üzə-üzə şəhərdən xeyli aralandı, Soğanlıq kəndi yaxınlığında münasib bir yer tapıb, sahilə çıxdı.

Generaldan bütün qarabağlıların qisasını alan Hüsü ələ keçməmək üçün hər ehtimala qarşı, nəqliyyat vasitələrini dəyişə-dəyişə Yevlax dəmiryol stansiyasına gəlib-çatdı. Vağzalda iranlı hambalların birinə pul verib, üstünə xalça parçası tikilmiş bir palan və hambal papağı aldı. Papağı başına basıb, dalından palanı bir an da yerə qoymadan hambal qiyafəsində "Dördyol" adlanan yerə gəldi. Uzaq səfərdən geri qayıdan bir Malıbəyli furqonuna minib, özünü birtəhər Ağdama yetirə bildi. Çar xəfiyyələri hələ Yevlax dəmiryol stansiyasında Hüsüdən şübhələnərək onu izləməyə başlamışdılar. Çünki general Qoloşapovun öldürülməsi xəbəri Hüsünün özündən qabaq Qarabağa gəlib-çatmışdı. Ona görə də gözdə-qulaqda olan jandarmlar şübhələndikləri adamları tutub, jandarm idarəsinə gətirir, bütün sənədlərini ciddi şəkildə yoxlayıb, sonra ya buraxır, ya da istintaqa qədər həbsxanada saxlayırdılar. Hüsü də onların gözündə şübhəli göründüyü üçün tutulub, Ağdam nahiyyə pristavının yanına gətirildi. Lakin çox çətinliklə də olsa, qurtulub-qaçaraq özünü meşəyə verib, sağ-salamat Gülablıya çatdı. Bir neçə gün evlərində qaldı, sonra gecəykən Malıbəyli yolu ilə Şuşaya qalxdı. Doktor Mehmandarovla görüşüb, hal-qəziyyəni olduğu kimi danışdı. Əbdülkərim bəy yenə partiya üzvlərini evinə toplayıb, Hüsünü onlarla görüşdürdü. Bütün Qarabağ camaatı adından günün qəhrəmanına minnətdarlığını bildirdi. Həbs edilmək təhlükəsi olduğundan Hüsünün hələlik Qarabağda qalmamasını, ara sakitləşəndən sonra geri qayıtmasını məsləhət gördü. Hüsü bir neçə gündən sonra Bakıya yola düşdü, keçmiş dostu, hümmətçi Baba Əliyevi tapdı. Özünə iş axtardığını bildirdi, eyni zamanda başına gələnləri də ondan gizlətmədi... Həmin vaxt Bakıda da aləm bir-birinə qarışmışdı. Hələlik işsiz-gücsüz şəhərdə gəzən Hüsüdən şübhələnən xəfiyyələr bir dəfə onu tutmağa cəhd göstərdilər. Lakin Babanın işə müdaxiləsindən sonra o, həbsdən yaxasını qurtara bildi.

...1905-ci il birinci rus inqilabı sürətlə yayılaraq bütün dünyanı silkələyirdi. Zaqafqaziyanın və İranın ayrı-ayrı şəhərlərində və əyalətlərində azadlıq hərəkatı başlanmışdı və tədricən mütəşəkkil şəkil alırdı. Təbrizdə şah hökumətinə qarşı inqilabi hərəkata yardım edəcək komitə də yaradılmışdı. Bu azadlıq hərəkatının mərkəzində Səttarxan və Bağırxan kimi Azərbaycan övladları durur və getdikcə onun rəhbərlərinə çevrilirdilər.

Bakıda Baba Əliyev görkəmli hümmətçi Məşədi Əzizbəyovun tapşırığı ilə kütlələr arasında təşkilatçılıq işləri aparır, onları Səttarxan hərəkatına kömək üçün İrana getməyə hazırlayırdı. Hüsü də dostunun səsinə səs verərək Bakının müxtəlif neft mədənlərində fəhlə işləyən həmyerliləri Məşədi Kazımı, Xıdırı, Mehdini, Şirəli və Məmməd Məmmədovları, Bahadur Qasımoğlunu, İldırım bəy Şirinbəyovu, Aslan Rüstəmoğlunu və başqalarını başına toplayıb, Baba Əliyevin vasitəçiliyi ilə Mirbəşir Qasımovun və Serqo Orconikidzenin yanına apardı. Hüsügil onların köməyi sayəsində Hacı Zeynalabdin Tağıyevə məxsus paroxodla Krasnovodska, ordan da Aşqabad vasitəsilə İrana yola düşdülər...

Bakıdan gedən mücahid dəstəsi hələlik bir neçə ay heç nəylə məşğul olmadı. Yaxşı ki, Hüsü özü ilə üç yüz manat pul və sosial-demokrat firqəsinin biletini də götürmüşdü. Bu vəsait hesabına o, bir müddət burda yaşaya bildi, bileti əsasında isə İran sosial-demokrat partiyasına götürüldü. Sonra Səttarxanın inqilabi ordusunun tərkibində olan Eynulla xanın dəstəsində Rəştdə, Ənzəlidə, Qəzvində Məmmədəli şah Qacara qarşı vuruşmağa başladı. Çox çəkmədi ki, şah hakimiyyətdən əl çəkib qaçdı və onun yerinə Əhməd şah keçdi. Təzə şah camaat qarşısında çıxış edərək müxtəlif vədlər verdi. Qafqaz mücahidləri Əhməd şahın tərəfinə keçdilər. Təxminən on il İranda döyüşlərdə iştirak edən Hüsü əvvəlcə iyirmi beş nəfərlik dəstənin başçısı oldu, 1917-ci ildə isə yüz nəfərlik könüllü dəstənin yüzbaşısı təyin edildi. O, İranı başdan-ayağa gəzərək şahın xüsusi tapşırıqlarını yerinə yetirməyə başladı. Xorasanda olarkən İmam Rzanın qəbrini də ziyarət elədi, Məşədi titulu aldı.

Birinci Dünya müharibəsinin qızğın çağlarında Hüsünün dəstəsi İranda çar Rusiyası əleyhinə təxribat işləri aparır, ruslara böyük ziyan vururdular. Lakin çar xəfiyyələri də öz növbələrində onları, xüsusilə, Səttarxan hərəkatının fəal iştirakçılarını, eyni zamanda demokratik firqə üzvlərini də izləyir və həbs edirdilər. Bu həbslərdən yaxa qurtarmaq üçün Hüsünün dəstəsi Bağdada gəldi və yeddi-səkkiz yüz nəfərlə türk ordusuna qoşulub, partizan dəstələri yaradaraq ingilis qoşunları İstanbula girənə qədər cəbhə boyu onlara qarşı bir çox hərbi əməliyyatlar keçirdilər. Antanta qüvvələri xeyli tələfat verdi. Sonra yenidən İran ərazisinə qayıtmağa məcbur olub, Mirzəqulu xanla birləşərək indi də Əhməd şaha qarşı mübarizəyə qalxdılar...

1920-ci ildə Cənubi Azərbaycanın qapıları Şimali Azərbaycanın üzünə bağlandıqdan sonra Hüsü Arazın o tayında qaldı. Burda ailə qurdu, oğul-uşaq, ev-eşik sahibi oldu. Amma siyasətdən də uzaqlaşmadı. İngilispərəst Rza şah Pəhləvi hakimiyyətə gəldi. Gizli təşkilat onu şahı öldürməyə göndərdi. Lakin Hüsü Rza şaha güllə atsa da, sui-qəsd baş tutmadı və o, həbs olunub, Tehranda zindana salındı. Üç il bir ay buranın sakini oldu. Sonra cəzasının iki il yarımını da Kirmanda çəkdi. Nəhayət, 1927-ci ildə azadlığa buraxılandan sonra Təbrizə gəldi. Lakin siyasi məhbus olduğundan bir il doqquz ay da nəzarət altında yaşadı. Təbrizdə olarkən mühacir qarabağlılarla - Kərim bəy Qalabəyov, Hacı bəy Seyidbəyov, Hacı Dadaş Səfərov, Sultan bəy Sultanov, Malıbəyli Əhəd, Çolaq Əbdürrəhim və başqaları ilə əlaqə saxlayır, tez-tez görüşürdü.

...1931-ci ildə SSRİ ərazisində iranlı bir casus tutulmuşdu. İran tərəfi ona çox gərəkli olan vətəndaşını xilas etmək məqsədilə sovet hökumətinə müraciət elədi. Danışıqlardan sonra İranın nümayəndəsi keçmiş Rusiya vətəndaşı Hüsü Tağıyevi onunla dəyişməyi təklif elədi və hər iki dövlətin nümayəndələri razılığa gəldilər. Hüsü həmin ildən vətənə qayıtdı. Onu Qarabağda bir qəhrəman kimi qarşıladılar. Köhnə qarabağlı bolşeviklər Hüsünün tanınmış bir inqilabçı olduğunu ali orqanlar qarşısında bəyan elədilər, ona respublika əhəmiyyətli fərdi təqaüd verilməsi barədə məsələ qaldırdılar. Və sovet hökuməti də vaxtilə apardığı inqilabi işə və çar generalını öldürdüyünə görə 1932-ci ildən ona təqaüd kəsdi. 1929-cu ildə Gülablıda təşkil olunmuş III İnternasional adına kolxozda işlə təmin olundu. Ailəsini Arazın o tayından gətirə bilmədiyindən burda təzədən evləndi. 1920-ci ildə Qarabağ üsyanının təşkilatçılarından olmuş və üsyan yatırıldıqdan sonra güllələnmiş həmkəndlisi və qohumu Mövsüm adlı bir nəfərin dul qalmış otuz üç yaşlı arvadı Fatma Adıgözəl qızı ilə ailə qurdu.

Hüsü kolxozda cəmi bir il işlədi, bir müddət Muradbəylidə, sonra isə rayon mərkəzinə köçüb, Qara bəy Əliverdibəyovun evində yaşadı. Burda o, tez-tez tanışları - hökumətin gözündə düşmən kimi görünən Balaca Ərəbov, Bəhmən Ərəbov, Məşədi Cəfərqulu, Seyid Həmid, Abbasqulu kimi adamlarla oturub-durması hökumət işçilərinə bəhanə verdi. Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı Ağdam rayon Şöbəsinin rəisi Mişa Camxarova da elə bu lazım idi. Dərhal o, şahidlər tapmağı əmr elədi. Üç nəfərin ifadəsi bəs edirdi. Lakin həmkəndliləri bir-birinin bəhsinə girərək ondan beş danos yazıb göndərdilər:

 Hüsü Tağıyev III İnternasional adına kolxozda milli təşviqat işləri aparır və deyir ki, ermənilər onların kolxozunda işləməsinlər. Bir də ki, kolxoz quruluşu özünü doğrultmur, xalqın güzəranı get-gedə pisləşir. Hüsü orda-burda danışır ki, İrandan sovet hökumətinə nahaq yerə qayıdıb, ora burdan min dəfə yaxşıdır... Əksinqilabçılarla, Dadaş Bünyadzadə, Qəzənfər Musabəyov və İsrafil İbrahimovla yaxından əlaqə saxlayır.

 Hüsü kolxozçular arasında deyir ki, biz azərbaycanlılar hələ özümüz düzgün-əməlli ayağa durmamışıq, özümüz hələ acından ölürük. Hələ bir ermənilərin də qayğısına qalmalıyıq?! Öz qazancımızı ermənilərə verək?! Hüsü, hətta bir dəfə meşədə üç erməni komsomolçusunu döyüb və bununla da kolxozda işləyən ermənilərlə azərbaycanlılar arasında düşmənçilik də yaradıb.

...Və nəhayət, 1938-ci il martın 11-də Hüsü Əli oğlu Tağıyevin də (1875-19.X.1938) adına həbsolunma orderi yazıldı və bütün əmlakı müsadirə olunmaqla əvvəlcə ona on il iş kəsildi və Şuşa həbsxanasına salındı. Sonra on il güllələnmə ilə əvəz edildi. Buna dözməyən həyat yoldaşının ürəyi partlayıb öldü. Dörd yaşlı qızı Şura isə Bayıl həbsxanasının uşaq evinə göndərildi və təlim-tərbiyəsini də orda aldı.

 

 





27.10.2023    çap et  çap et