525.Az

Azərbaycanda elm və təhsilə ayrılan vəsait ilbəil artır


 

"DAVAMLI ARTIM ÖLKƏDƏ BU SAHƏNİN PRİORİTET OLDUĞUNU GÖSTƏRİR"

Azərbaycanda elm və təhsilə ayrılan vəsait ilbəil artır<b style="color:red"></b>

2024-cü ildə dövlət büdcəsindən təhsil sahəsinə ayrılması nəzərdə tutulan vəsaitin məbləği açıqlanıb.  Maliyyə Nazirliyinin hazırladığı "2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama" sənədində qeyd edilib ki, 2024-cü il dövlət büdcəsindən dövlət büdcəsindən təhsil bölməsi üzrə 102 tədbiri əhatə edən 10 proqramın həyata keçirilməsi üçün 4549,9 milyon manat (xüsusi çəkisi 12,5 faiz) məbləğində vəsaitin yönələcəyi proqnozlaşdırılıb. Həmin məbləğdən 453 018 349,0 manat məktəbəqədər təhsilə, 2 371 983 758,0 manat ümumi təhsilə, 77 135 017,0 manat peşə təhsilinə, 101 114 397,0 manat orta ixtisas təhsilinə, 134 806 154,0 manat ali təhsilə, 20 727 009,0 manat əlavə təhsilə, 7 586 356,0 manat təhsil sahəsində tətbiqi tədqiqatlara, 1 383 545 050,0 manat isə təhsil sahəsində digər müəssisə və tədbirlərə xərclənməsi proqnozlaşdırılıb.

Xatırladaq ki, 2023-cü ilin dövlət büdcəsində təhsil xərcləri 4 407 164 329 manat proqnozlaşdırılıb. Beləliklə, gələn il üçün təhsil xərcləri 3,2 faiz artırılır.

Təhsil eksperti Nadir İsrafilovun dediyinə görə, son illər təhsil sahəsinə ayrılan vəsaitlərin həcmi nəzərəçarpacaq dərəcədə artıb: "Bu gün ölkədə büdcədən ən çox vəsait hərbi və müdafiə sahəsinə ayrılır, daha sonra elm və təhsil sahəsi gəlir. Təhsilə ayrılan vəsait də ilbəil artır. Bu, Prezidentin təhsilə olan böyük qayğısından xəbər verir. Eyni zamanda elm və təhsil sahəsinin prioritet olduğunu göstərir. Təbii ki, hərbi və müdafiə sahəsinə ayrılan vəsaitin daha çox olması başadüşüləndir. Biz müharibə şəraitinin tam sovuşmadığını, təxribatların davam etdiyini görürük. Buna görə də, müdafiə sənayesini gücləndirməliyik. Bunun müqabilində yenə də təhsilə vəsait ayrılmasını müsbət qiymətləndirirəm. Digər tərəfdən, 44 günlük Vətən müharibəsindən sonra Qarabağa "Böyük Qayıdış"ımızı nəzərə almalıyıq. Bizim Qarabağda görüləcək işlərimiz, həyata keçiriləcək layihələrimiz var. Bu gün əsas diqqət Qarabağadır. Bütün bunların fonunda təhsilə ayrılan vəsaiti o qədər də az hesab etmək olmaz".

Ekspert deyib ki, son illər təhsilin məzmun və formaca yeniləşməsi, təhsildə mütərəqqi metod və müasir texnologiyaların tətbiqi sahəsində xeyli nəzərəçarpacaq işlər görülüb: "Bu günədək həm də ali təhsilin daha açıq və daha əlçatanlığı istiqamətində sistemli addımlar atılıb. Xeyli tələbə dövlət vəsaiti hesabına ali təhsil almaq imkanları qazanıb, dövlət sifarişli plan yerlərinin sayı artırılıb. Eyni zamanda təhsilin müxtəlif pillələrində təqaüd məbləğləri orta hesabla 20 faiz artırıldı. Bundan başqa, tələbələrə ayrılan xərclərin məbləği ilbəil artırılır. Pandemiya dövründə dövlət həssas qrupdan oln tələbələri diqqətdən kənarda qoymadı. Bütün bunlar onu deməyə əsas verir ki, biz qarşıya qoyulan hədəflərə nail olmaq istiqamətində əhəmiyyətli addımlar atırıq. Bizim əsas məqsədimiz təhsilin hamı üçün əlçatan olmasıdır".

Nadir İsrafilov hesab edir ki, təhsillə bağlı problemlərin həllini yalnız dövlətin üzərinə yükləmək doğru olmaz: "Burada bir məqam da var ki, hər şeyi dövlətdən gözləməməliyik. Bununla bağlı kifayət qədər dünya təcrübəsi var. Məsələn, dünya ölkələrində ayrı-ayrı universitetlər həm də öz gəlirləri hesabına müəyyən nailiyyətlər qazanırlar. Bizdə də 6 universitetə publik hüquqi şəxs statusu verilib. Bu gün pedaqoji kolleclərə, hətta orta məktəblərə publik hüquqi şəxs statusu verilməsindən söhbət gedir. Anlamaq lazımdır ki, təhsil tək dövlət işi deyil, təhsil həm də ümumxalq işdir, ümummilli məsələdir. Ona görə də, təhsillə bağlı problemlərin həllini yalnız dövlətin üzərinə atmaq düzgün deyil. Məncə, universitet və digər təhsil müəssisələrimiz öz imkanları hesabına gəlir qazanmalıdırlar. Eyni zamanda, beynəlxalq təcrübədə imkanlı şəxslər, biznesmenlər təhsil sahəsinə dəstək olurlar. Bizdə də iş adamları təhsil sahəsinə dəstək ola bilərlər. Tutaq ki, təhsil kreditləri və tələbələrə ayrılan vəsaitlərə iş adamları da dəstək olmalıdır. Bu təcrübə vaxtilə bizdə də olub. 20-ci əsrin əvvəllərində xeyriyyəçilərimiz olub ki, onlar öz vəsaitləri hesabında təhsilə töhfə verməyə çalışıblar. Məsələn, Hacı Zeynalabdin Tağıyev qızlar məktəbi açmışdı. Bəzi gənclər məhz onun köməyi ilə xaricdə təhsil almışdı. Bundan başqa, Musa Nağıyev və digər milyonçular da belə təşəbbüslərə qoşulub. Mən təəssüf edirəm ki, bugünkü iş adamlarımız təhsilə töhfə vermirlər, öz dəstəklərini göstərmirlər. Onlar da gərək töhfə versinlər. İş adamları bəzi tələbələrin təhsil haqqını ödəməklə imksansız şəxslərə dəstək olmalıdırlar. Bununla ölkəmiz, cəmiyyətimiz üçün daha faydalı ola bilələr".

Təhsil eksperti Elçin Əfəndi bildirib ki, bu gün dövlətin qarşıya qoyduğu prioritet istiqamətlər var: "Əslində dövlət büdcəsindən bu sahəyə ayrılan vəsait elə də çox deyil. Çünki dövlətin qarşıya qoyduğu prioritet istiqamətlər var. Bunlar bütün vətəndaşlar üçün təhsilin əlçatanlığının təmin olunması, eyni zamanda işğaldan azad olunan ərazilərdə yeni məktəb tikintilərinin həyata keçirilməsi, həm də təmir-bərpa işlərinin də artırılmasıdır".

Millət vəkili Ceyhun Məmmədov hesab edir ki, təhsilə ayrılan xərclər onun əlçatan olmasına və keyfiyyətinə ciddi təsirini göstərəcək: "2024-cü ilin dövlət büdcəsində diqqət çəkən əsas məqamlardan biri də təhsilə ayrılan maliyyə vəsaitinin artırılmasıdır. Bu  onu göstərir ki, Prezident İlham Əliyev ölkədə təhsilin inkişafını hər zaman xüsusi diqqətdə saxlayır. Təhsil sahəsinə ayrılan vəsaitlərin hər il artırılması bu fikri bir daha təsdiq edir. Bu həm də onu göstərir ki, dövlət təhsilin inkişafı ilə bağlı üzərinə düşəni edir. Biz isə çalışmalıyıq ki, bu vəsaitlərdən səmərəli istifadə edərək, təhsilimizin inkişafına, dünya reytinqlərində irəliləməsinə öz töhfəmizi verək. Gələcək təhsili güclü olanlarındır. Ölkə Prezidentinin təhsil sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində son illər təhsil tariximizdə yüksək inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi dövrü kimi xarakterizə olunur, təhsil sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınır".

Millət vəkilinin dediyinə görə, müasir dövrün çağırışlarına uyğun olaraq dünyada təhsilin inkişaf tendensiyaları dəyişməkdədir. Hazırda süni intellekt həyatımızın və məişətimizin bütün sahələrinə nüfuz etməkdədir. Cəmiyyət yeni sənaye və texnoloji inqilab ərəfəsindədir və təhsil sistemi bu reallığa hazır olmalı, gənc nəsli müasir dövrdən kəskin fərqlənəcək gələcək dövrə hazırlamaq üçün onlara yeni kompetensiyalar, ixtisaslar və peşələr verməlidir. Dövlət və özəl sektor, təhsil orqanları, təhsil müəssisələri və bütün cəmiyyət səylərini bu məqsəd ətrafında cəmləşdirməlidir. Yalnız birgə təşəbbüslər və fəaliyyətlər nəticəsində keyfiyyətli və rəqabətqabiliyyətli insan kapitalı formalaşdırmaqla ölkəmizin tərəqqisinə nail olmaq olar.

C.Məmmədov deyir ki, Prezident İlham Əliyevin dövlətçilik siyasətində müəllim əməyinin stimullaşdırılması xüsusi önəm daşıyır. Prezidentin imzaladığı müvafiq sərəncamlar əsasında dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə, eləcə də direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılıb. Son illərdə müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu nəticəsində məktəblərə qəbul olunmuş müəllimlərin hər biri sertifikasiyadan uğurla keçib, onların 70-80 faizi 51 və daha çox bal toplayıb, əməkhaqları isə 35 faiz artıb: "40 mindən çox müəllimin sertifikatlaşdırmaya cəlb edilməsi nəticəsində mövcud pedaqoji heyətin yüksək göstəriciləri ilə onların dərs yükünü artırmaq və beləliklə də, əməyin diferensasiyasını tətbiq etmək mümkün olub ki, hazırda müəllimlərin orta aylıq əməkhaqqı 830 manat təşkil edir. Proses davamlı xarakter daşıyır və həm də cəmiyyətdə müəllim nüfuzunun yüksəlməsi ilə bərabər, bu peşəyə marağın artmasına gətirib çıxarıb. Müəllim əməyinə həssas münasibəti və qayğını onların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə verilən qərarlarla bərabər, həm də hər il Prezidentin sərəncamları ilə təhsil işçilərinin mükafatlandırılması və təltif olunması da göstərir".

Millət vəkili vurğulayıb ki, təhsilin qanunvericilik bazasının formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində 20 il ərzində böyük işlər görülüb: "2023-2024-cü tədris ilində "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində işğaldan azad olunmuş ərazilərimizdə təhsil müəssisələrinin tikinti və təmir işləri davam etdiriləcək. Növbəti mərhələdə Şuşada, Zabux kəndində, Ağdamda,  Cəbrayılda, Zəngilanda, Kəlbəcərdə, Qubadlıda, Füzulidə müasir təhsil müəssisələrinin inşa olunaraq istifadəyə verilməsi günü də uzaqda deyil. Bu gün, görkəmi dəyişən Şuşamızda 1 nömrəli 960 yerlik tam orta məktəbdə son tamamlama işləri aparılır və təhsil ocağının növbəti ildə istifadəyə verilməsi nəzərdə tutulub. Beləliklə, son 20 ildə ölkəmizdə dövlət başçısının siyasi iradəsinə uyğun olaraq təhsilin keyfiyyətinin yüksəldilməsi, gənclərin innovasiyalara, yeni texnologiyalara çıxış imkanlarının genişləndirilməsi məqsədilə böyük həcmli işlər görülüb. Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifə isə belədir. Təhsil sahəsində bu günə qədər aparılan islahatlar daha da dərinləşməlidir. Təhsil ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf etməlidir və ən müasir tələblərə cavab verməlidir. Son illərdə bu sahədə çox böyük işlər görülüb, təhsil sahəsi daim diqqət mərkəzindədir və bu da təbiidir. Çünki hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır".

Sevinc QARAYEVA

 





27.10.2023    çap et  çap et