525.Az

Allah! O nə səsdi, Sur səsidimi? - Barat Vüsaldan poetik nümunələr


 

Allah! O nə səsdi, Sur səsidimi? - <b style="color:red"> Barat Vüsaldan poetik nümunələr</b>

AĞA ŞAPALAĞI

 

İsrafil ağa Qazaxda məscidin qarşısına gələndə görür ki, Gəncə quberniyasından göndərilmiş bir çar rəisi camaatın üstünə ağzına gələn təhqiramiz sözləri, söyüşləri yağdırır. Ağanın şapalağı açılan kimi rəis dığırlanıb öz atından bu el igidinin atının dırnaqları altına düşür...

 

Alacaq payını haqqı saymayan,

Bu xalqın haqqını qapan yağıdır.

Allah! O nə səsdi, Sur səsidimi?

İsrafil ağanın şapalağıdır!

 

Elə çatdadı ki, nadan üzündə,

Çaxdı ildırımın sanki şax səsi!

Yıxdı ildırımın səsindən qabaq,

Axmağın birinin şapalaq səsi!

 

Dözməyib ağanın ağır zəhminə

Qaçan, bax, özünü itirib qaçdı.

"Di sürük!" - deyincə çar rəisinə,

Qaçdı, dabanına tüpürüb qaçdı!

 

Xalqın üzərinə töksün, nədəndi,

Yaşıl zəhərini hər ilan-əfi?!

Xalqın təəssübü belə çəkilər,

Belə saxlanılar xalqın tərəfi!

 

Kim dedi, kiməsə yalvar, kim desə,

Hər kişi kişimi? Üzü ağ olmur!

Baxma şapalaqlıq əl var kimdəsə,

Hər kəsdə əl olur... şapalaq olmur!

 

Arxa olduğuyçün xalqa, xalq kimi

Arxası var imiş şapalağın da!

Şapalaq da elə-belə olmurmuş,

Ağası var imiş şapalağın da!

 

Gec-tez cəzasını haqsız alacaq,

Haqq sayma hər yırtıq, hər yamaq haqqı!

Ağa ölüb gedib, qazanıb ancaq

Ağa şapalağı yaşamaq haqqı!

 

Qoymaz gizlənməyə, tapar yağını,

Çapar, namərd harda,

Alçaq hardadır!

İsrafil ağanın şapalağının

Hələ şaqqıltısı qulaqlardadır!

 

QUBANIN AĞ ALMASI

               

Yenə də almalar ağ, qırmızıdır,

Aran almasıdır, dağ almasıdır.

O qızın gözündə bütün almalar

Nə vaxtdı Qubanın ağ almasıdır!

 

Yolunu gözləyir şəhid yarının,

Kim deyir ağlamır, yar yası tutmur.

Ha həkim çağırır, dəva edirlər,

Ha sarğı qoyurlar, yarası tutmur!

 

Əlləri havada, ağzı duada,

İstəyir bir də qan-qada olmasın.

Alma ağacları, yəqin ki, küsməz,

Yarına saxlayıb Quba alması!

 

Uzanır döyüşə-döyüşə yollar,

Şəhidin, o qızın canından keçir.

Onun nəzərində döyüşə yollar,

Quba almasının yanından keçir.

 

Quba almasına and içir bircə,

Ona haqqın özgə adını vermir.

Aldığı meyvələr dadlı olsa da,

Quba almasının dadını vermir!

 

Yoxdu, başqa barda gözləri yoxdu,

Olub ümidinin barı - Gələcək!

Quba almasını əkib qapıda,

Bilir, eşidincə yarı gələcək!?

Başından dumanlar, tüstülər qalxır,

Ağırdı ayrılıq, o gözəl duyur.

Hələ də yolların üstünə çıxır,

Hələ də yollara baxıb oxuyur:

 

"Qubanın ağ alması,

Yeməyə bağ alması.

Yarım gələnə qaldı

Yaramın sağalması!"

 

SÜMÜYÜMDƏN İLİYİMƏCƏN

 

Əyri olmamışam, olammaram da,

Düzəm, sümüyümdən iliyiməcən!

Tez-tez güzgülünən, nurlanan, aydın

Üzəm, sümüyümdən iliyəməcən!

 

Ünvanım özümdə, xanəm özümdə,

Dünyam-varlığımda, mənam-sözümdə.

Məni yazda doğub anam, özüm də

Yazam, sümüyümdən iliyiməcən!

 

Qanım qaynasa da, düz oğlu düzə,

İstilik versəm də, ocağa, közə,

Adama yovuşmaz buz oğlu buza,

Buzam, sümüyümdən iliyiməcən!

 

Canım para-para, yara-yaradır,

Bəzən heç bilmirəm hara haradır?

Yarpaqları deyil, məni saraldır,

Xəzan... Sümüyümdən iliyiməcən!

 

Dostam məni məndən ala bilənə,

Könlümə limhalim dola bilənə,

Basıb öz bağrına çala bilənə

Sazam, sümüyümdən iliyiməcən!

 

Ay Barat, ruhumun gül nəfəsiyəm,

Mən niyə bu qədər ləl xəznəsiyəm?!

Mən başdan ayağa "Ol" kəlməsiyəm,

Sözəm, sümüyümdən iliyiməcən!

 





27.10.2023    çap et  çap et