525.Az

STEAM təhsil metodu ifrat ixtisaslaşmaya və təcridə qarşı


 

AZƏRBAYCANDA BU METODUN GENİŞ TƏTBİQİ ÜÇÜN FAYDALI ADDIMLAR ATILIR

STEAM təhsil metodu ifrat ixtisaslaşmaya və təcridə qarşı<b style="color:red"></b>

Bakının ümumi təhsil müəssisələrinin şagirdləri Beynəlxalq STEAM Azərbaycan Festivalında (SAF 2023) iştirak edəcəklər. Festivala Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrindən 160 şagirdin 60-a yaxın layihə ilə qatılması nəzərdə tutulur.

Qeyd edək ki, festival Elm və Təhsil Nazirliyinin dəstəyi ilə bu ilin 4-8 dekabrında Bakı Ekspo Mərkəzində keçiriləcək. Festival 14 kateqoriya üzrə yarış və 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında təşkil ediləcək. Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkara çıxarılması, şəbəkələşməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsidir. STEAM təhsil metodu 5 əsas disiplinin birgə təşkilidir. Bu metod elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art) və riyaziyyatı (Math) inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.

Son dövrdə dünya təhsil sistemində tətbiq olunan STEAM təhsil metodu bu sahədə müasir səviyyəli peşəkarlığa malik mütəxəssis hazırlığında mühüm rol kəsb etməkdədir.

Onun hədəfi şagirdlərdə yüksək mütəşəkkil düşüncəni inkişaf etdirmək və əldə olunmuş biliklərin layihə təlimi vasitəsilə təbii elmlər, texnologiya, mühəndislik, riyaziyyat və incəsənət kimi fənlərdə səmərəli tətbiqinə nail olmaqdır. Məktəblərdə STEAM şagirdlərə kommunikasiya, komandada işləmək, kritik və yaradıcı düşüncəni tətbiq etmək kimi XXI əsr bacarıqlarından istifadə olunmaqla yaradıcı öyrənməni təmin edir.

STEAM təhsil metodu şagirdlərə beş sahənin - Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. STEAM kurrikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarətdir. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir. Bu yanaşma şagirdlərə mühəndislik səriştələri öyrədərək, onların real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır. STEAM fənləri şagirdləri hansı peşə seçmələrindən asılı olmayaraq həyata hazırlayır. STEM abbreviaturasına əlavə olunan +A (art-incəsənət) təhsilalanlar üçün vacib hesab edilir. Çünki istər-istəməz layihə məhsullarının ərsəyə gəlməsi zamanı incəsənət sahələrinə inteqrasiya olunur. Eyni zamanda, STEAM humanist yanaşma, mənəviyyat, ümumi mənafeyə xidmət etmə məqsədləri daşıyır.

Azərbaycanda isə "STEAM Azerbaijan" layihəsinə Təhsil Nazirliyi tərəfindən 2019-2020 tədris ilindən başlanılıb. Sözügedən layihə ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən steam.edu.az portalı da istifadəyə verilib. Portalda STEAM təhsili üzrə yeniliklər, layihə üzrə görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumatlar yerləşdirilib. Layihənin tətbiq edildiyi təhsil müəssisələri zəruri təlim avadanlığı və inventarlar ilə təmin olunub.

STEAM təhsil layihəsində nəzərdə tutulmuş məqsədlərə nail olunması, ümumiyyətlə, təhsil sistemi qarşısında duran bir sıra strateji hədəflərə çatmaqda mühüm əhəmiyyət daşıyır. Məlum olduğu kimi, Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında" Sərəncam imzalanıb. Bu sənəddən çıxan nəticələrə əsasən, biz innovativ ölkə qurmağa çalışırıq. Ölkəmizdə istedadlı uşaqların aşkarlanması və düzgün istiqamətdə yetişdirilməsi bu işin açarıdır. İnnovativ inkişafın açarı olan STEAM bizi strateji hədəflərə aparır. İstedadların aşkarlanması və yetişdirilməsi isə təhsil sisteminin keyfiyyətindən asılıdır. Bu səbəbdən, təşkil edilmiş STEAM təlimlərinin, yəni müasirləşən təhsil məzmununun ölkəmizin inkişafına verəcəyi töhfələr böyük əhəmiyyət kəsb edir.

STEAM dərsləri imkan verir ki, müəllim tədris ili boyunca icra edə biləcəyi fərdi kurikulumunu tərtib etsin. Müasir və STEAM düşüncəli müəllimlər üçün bu imkan geniş spektrli yaradıcılıq imkanları açır: "Fənn kurikulumlarının icrası zamanı isə müəllim dərsin mövzusuna uyğun olaraq effektli və optimal təlim üsul və vasitələrini seçməkdə, müxtəlif resurslardan istifadə olunmaqla təlim nəticələrini əldə etməkdə sərbəstdir. Bu il STEAM dərslərinin tətbiqinin ilk ilidir, əldə olunan nəticələrə əsasən, qarşıdakı illərdə məzmunun təkmilləşdirilməsi işlərinə baxıla bilər. Dərslərin STEAM əsaslı qurulması üçün müəllimdən xüsusi bilik və bacarıqlar tələb olunur. Çünki layihələr, real həyat problemlərinin həlli üçün seçilmiş üsullar nə qədər şagirdyönümlü olsa da, müəllim layihələrin planlanmasında və mərhələlərin düzgün icra olunmasına nəzarət etməkdə şagirdlərlə birlikdə fəaliyyət göstərir, onların fəaliyyətini istiqamətləndirir. Xüsusilə, müəllim şagirdlərində 4C bacarıqlarının formalaşmasında birbaşa iştirak edir. Məlum olduğu kimi, bu ilin yanvarında Bakıda "STEAM İnnovasiya Mərkəzi"nin açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda "STEAM İnnovasiya Mərkəzi"nin açılışında iştirak ediblər. Açılış zamanı dövlət başçısına və birinci xanıma Mərkəzdə yaradılan şərait barədə ətraflı məlumat verilib. Bildirilib ki, "STEAM İnnovasiya Mərkəzi"nin dördmərtəbəli yeni binasında aviasiya məkanı, klassik Nyuton, uşaqlar üçün Nyuton, konfrans, oyun, konstruksiya, "Heureka Classics" otaqları, robotların hazırlanması laboratoriyası, "3D hologram", VR zonaları mövcuddur.

"STEAM Azərbaycan" layihəsinin davamı olan "STEAM İnnovasiya Mərkəzi"nin fəaliyyəti orta məktəblərdə eyniadlı mövcud mərkəzlərin tədris proqramına görə fərqlənir. Bu Mərkəzə müraciət edən müxtəlif yaş kateqoriyasından olan məktəblilər və tələbələr XXI əsr bacarıqlarını - kreativliyi, əməkdaşlığın inkişaf etdirilməsini, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə qabiliyyətlərini yüksəldəcəklər. Uşaqlar real həyat problemləri ilə qarşılaşdıqda, STEAM metodu vasitəsilə onun rahatlıqla ən uyğun həlli yollarını tapmağa çalışır və yaradıcı yanaşmalarını nümayiş etdirirlər.

Bu Mərkəzin məqsədi şagirdlərin potensialını və maraqlarını cəmiyyətə xidmət işinə yönəltmək, onları öyrənməyə həvəsləndirməkdir. STEAM tədris üsulu müasir dövrdə ölkənin sosial-iqtisadi inkişafında çox böyük əhəmiyyətə malikdir. Belə ki, uşaqlar bu metod vasitəsilə elmin digər sahələri ilə yanaşı, beyinlərinin məhsulunu ortaya qoya biləcək, gələcəyin mütəxəssisləri kimi yetişəcək və ölkənin inkişafına töhfələrini verəcəklər. Sözügedən Mərkəzin yaradılması dövlətimiz tərəfindən ölkədə elm və təhsil sahəsində yeniliklərin tətbiqinə, təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsinə, gənc nəslin yeni ideyalarının reallaşdırılmasına göstərilən diqqətin və verilən əhəmiyyətin əyani təzahürüdür.

Təhsil eksperti Nadir İsrafilov bildirib ki, "STEAM İnnovasiya Mərkəzi" sayəsində həm şagirdlərin, həm də tələbələrin müasir dünyanın yeni innovasiyalara əsaslanan elmi-texnoloji məhsul olaraq STEAM məhsulları üzərində işləmək bacarıqlarını artırmaq mümkün olacaq: "Dünyada xeyli sayda peşə və ixtisas mövcuddur. Müasir peşə və ixtisasların təbliği baxımından da bu fənlərarası əlaqələrin dinamikasının yaranması zərurəti var. Yeni yaradılmış mərkəz şagirdlərin, bütövlükdə yetişməkdə olan nəslin onların potensialını və maraqlarını məhz cəmiyyət naminə işə yönəltməyə, onları həm də yeni üsullarla öyrənməyə, həvəsləndirməyə xidmət edir. Müasir dövrdə ölkənin sosial iqtisadi inkişafında bütövlükdə təhsilin və elmin payının artırılması STEAM tədris üsulundan istifadəyə əsaslanmalıdır. Yeni peşələr yeni səriştələr və bacarıqlar tələb etdiyi üçün yeni bacarıqlara dair biliklərin vaxtında verilməsi problemini aradan qaldırmağa və tədris proseslərinə innovativ düşüncənin inteqrasiyasına məhz STEAM birbaşa təsir imkanına malikdir. Gənc nəslin yeni baxışlarının və ideyalarının formalaşması və onların realizə edilməsinə önəm verilməsi, bu istiqamətdə beynəlxalq trendlərin nəzərə alınması dövlətin yeni tədris üsullarına açıqlığının göstəricisidir. Bu, həm də ölkəmizdə insan kapitalının inkişafı kontekstində beynəlxalq rəqabət mühitində öz imkanlarımızı genişləndirməyimizə imkan yaradacaq".

Ekspertin dediyinə görə, STEAM fərqli elmi biliklərin sintezi və inteqrasiyası ideyalarının üzərində formalaşıb. Bildiyimiz kimi, fənlərarası münasibətlər və yeni biliklər yaradıcılığında yeni yanaşmalara ehtiyac yaranmışdır. Fənlərarası proqramlar ənənəvi fənlərin mühüm problemi həll etmək iqtidarında olmadığı və ya istəmədiyi ümumi inamdan qaynaqlanır. STEAM bu gün dünyada həddən artıq ixtisaslaşma və təcridin zərərli təsirlərinə qarşı vasitə kimi özünü göstərir: "Müasir dövrdə ölkənin sosial iqtisadi inkişafında bütövlükdə təhsilin və elmin payının artırılması STEAM tədris üsulundan istifadəyə əsaslanmalıdır. Yeni peşələr yeni səriştələr və bacarıqlar tələb etdiyi üçün yeni bacarıqlara dair biliklərin vaxtında verilməsi problemini aradan qaldırmağa və tədris proseslərinə innovativ düşüncənin inteqrasiyasına məhz STEAM birbaşa təsir imkanına malikdir. Gənc nəslin yeni baxışlarının və ideyalarının formalaşması və onların realizə edilməsinə önəm verilməsi, bu istiqamətdə beynəlxalq trendlərin nəzərə alınması dövlətin yeni tədris üsullarına açıqlığının göstəricisidir. Bu, həm də ölkəmizdə insan kapitalının inkişafı kontekstində beynəlxalq rəqabət mühitində öz imkanlarımızı genişləndirməyimizə imkan yaradacaq".

Sevinc QARAYEVA

 





30.10.2023    çap et  çap et