525.Az

Solmur nar çiçəkləri... - Aytac Sahəd yazır


 

Solmur nar çiçəkləri... - <b style="color:red"> Aytac Sahəd yazır</b>

Coğrafiya taledir. Həqiqət payına zərrə şübhə etmədən inandığım üç-beş fikir varsa, biri də budur. Əvvəllər coğrafiyanın insan taleyindəki rolundan dolayı bu fikrə haqq verirdimsə, son dövrlərdə incəsənətdə rastlaşdığım maraqlı məqamlar məsələyə fərqli yanaşmağıma səbəb olub. Bir dəfə təxminən, belə bir fikir oxumuşdum, deyir, azad ruhun, laməkanlığın rəmzi hesab etdiyimiz yaradıcı adamlar nə qədər inkar etməyə çalışsalar da, əslində, onlar da həyatın əvvəlcədən yazılmış qaydaları, cızılmış sərhədlərinə məhkumdurlar. Məsələn, bizim rəssamlarımız niyə banan yox, məhz narı daha çox çəkirlər? Deyəcəksiniz ki, çünki bu torpaqlarda banan yox, nar vardı. Rəssam da gördüyünü çəkib. Cavab bu qədər sadədir. Amma müasir dövrümüzdə digər meyvələrlə tanış olan rəssamlar da tez-tez nara müraciət edirlər. Deməli, məsələnin mahiyyətində coğrafiya ilə yanaşı, həm də bu coğrafiyanın insanının nara verdiyi əhəmiyyət dayanır. Nəzərə alsaq ki, rəssam da həmin insanlardan biridir, deməli, ixtiyari nəsnəyə verilən dəyər onun yaradıcılığına təsirsiz ötüşmür.

Hazırda bu vəhdət iqtisadiyyatımızın və mədəni kimliyimizin təqdimatında özünəməxsus rol oynayır. Bu gün Azərbaycan dünyanın nar ixrac edən əsas ölkələrindən biri kimi tanınır. Payız aylarında Göyçayda keçirilən "Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti"  2020-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Mədəniyyət və İncəsənət Universitetinin "Təsviri sənət tarixi və nəzəriyyəsi" kafedrasının müdiri Aslan Xəlilovun sözlərinə görə, Azərbaycan təsviri sənətində özünəməxsus rəmzi məna daşıyan narın bədii obrazının yaradılması öz başlanğıcını hələ orta əsrlərdən götürür.

XIX əsrdən etibarən isə nar və nar ağacının təsviri dövrün saray tikililərində daha geniş vüsət almışdı. Bu mənada Şəki xan sarayının divar rəsmlərini, o cümlədən, Usta Qəmbər Qarabaği tərəfindən Mehmandarovun evindəki bir pannoda yaradılmış nar ağacı təsvirini qeyd etmək olar.

Cənnət meyvəsi hesab edilən nar müxtəlif xalqların mədəni həyatında bir neçə rəmzi mənanı ifadə edir. Bunlar arasında məhsuldarlıq, bərəkət, zənginlik, artım, tac, həyat, sevgi, dünya ağacı və s. Xüsusilə seçilir. Odur ki, Azərbaycan rəssamlarının yaradıcılığında nar obrazının geniş yer almasını təbii saymaq olar.

Nar təsvirinə demək olar ki, XX əsr Azərbaycan rəssamlarının əksəriyyətinin yaradıcılığında rast gəlmək mümkündür. Qeyd edək ki, nar təsviri rəssamlarımızın yalnız natürmort deyil, eyni zamanda portret, süjetli kompozisiyalar və mənzərə əsərlərində də əksini tapıb. Lakin Azərbaycan rəngkarlığında nar təsvirinə müraciət edən rəssamlar arasında Xalq rəssamı Toğrul Nərimanbəyovun adı xüsusilə seçilir. Özünəməxsus məna-məzmun daşıyıcısı olan nar obrazı Toğrul Nərimanbəyovun "tanıtım nişanına" çevrilmişdi. Bu mənada rəssamın "Narlarla natürmort" (1957), "Nar və armud" (1965), "Nar ağacı" (1971, 2005), "Nar ağacı xurcun ilə" (2000), "Narlar və quşlar" (2009), "Dağların ətəyində nar" (2009) və s. əsərlərinin adlarını çəkmək olar.

Aslan bəy qeyd edir ki, nar təsvirini Toğrul Nərimanbəyovla yanaşı, digər Azərbaycan rəssamlarının yaradıcılığında da müşahidə etmək mümkündür:

"Bu mənada təsviri sənətin rəngkarlıq sahəsində Tağı Tağıyevin "Nar və üzüm" (1964), Səttar Bəhlulzadənin "Narlar" (1966), Əlövsət Əliyevin "Nar ağacı" (1975), Ağəli İbrahimovun "Nar dənəsi" (1977), Tahir Salahovun "Çiçəklənən nar" (1978), Mirnadir Zeynalovun "Narın metamorfozası" (1980), Sara Manafovanın "Nar rəngi" (1981), Xəlil Əliyevin "Nar budağı" (2003), "Nar" (2003),  Milena Nəbiyevanın "Nar" (2016), "Nar bağçası" (2016), "Naxışlı narlar" (2016), İmran Nurəlinin "Narların metafizik anlayışı" (2019), Ülkər Əbülfətin "Qarabağın şelli narı" (2022) və s.; qrafika sahəsində isə Ələkbər Rzaquliyevin "Narlarla natürmort" (1960-cı illər), Yusif Hüseynovun "Mərdəkan narları" (1995), Arif Hüseynovun "Nar çiçəyi" (2016) və s. əsərləri qeyd etmək olar.

Bir sözlə, təsviri sənətlə yanaşı, Azərbaycan dekorativ-tətbiqi sənətində də nar obrazına kifayət qədər rast gəlmək mümkündür", - deyə Aslan bəy qeyd edib.

Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən folklorşünas Atəş Əhmədlinin sözlərinə görə, Azərbaycan folklorundanarın özünəməxsus, xüsusi yeri var.

"Bayatılarda, atalar sözü və deyimlərdə, tapmacalarda, nağıllarda narla bağlı çeşidli yanaşmalar görürük.

Bu janrlarda nar sirli, sehrli bir rəmz qismində hadisələrə nüfuz edir, həlli müşkül məsələlərin açılışında ondan mühüm vasitə kimi istifadə edilir.

 

Şirvanın şirin narı,

Turş narı, şirin narı.

Sovqatlar sizin olsun,

Göndərin bizim yarı.

 

Bu bayatıda nara vasitə qismində müraciət edildiyi aydın görünür. Yəni formal olaraq narın bayatıda iştirakı tam təmin olunur. Sual yarana bilər ki, bunun məzmunla nə bağlılığı var? Fikrimizcə, söyləyici nardan məqamında faydalanmaqla mətniçi əlaqəni qura bilib. Əslində, bir neçə rakursdan mövzunun həlli aktual görünür. Əvvəla, bölgə üçün səciyyəvi meyvə olduğuna görə nar bayatıda daha qabarıq təqdim olunub. İkincisi, bəllidir ki, nar payız fəslinin meyvəsidir və bu dövrdə yara sovqat aparılacaq ən münasib meyvə sayıla bilər. Belə olanda nar payızda həm nübarlıqdır, həm də elə bu xəzan dövründə sevgililəri qovuşduracağına ümiddir. Beləliklə, narın bayatıdakı bir funksiyası da aşiqləri qovuşdurması, vüsalı simvolizə etməsidir. Üçüncüsü isə nar-yar paralelliyinin mətndə təzahürü ilə bağlıdır ki, bu da qafiyə quruculuğunda, bəndin tamlaşması və poetik baxımdan uğurlu alınmasında, polifonik ahəngdarlıqda və digər məqamlarda narın funksional mövqedə olmasına dayanıqlıdır".

Mütəxəssislərin də dediklərindən məlum olduğu kimi, nar bizim xalq üçün estetik və mənəvi baxımdan bir meyvədən daha artığıdır. Əsrlərdir bu torpaqların daimi sakinlərinə çevrilən nar ağacları mətbəximizdən mədəniyyətimizə qədər öz yerini qoruya bilib. Çox güman bundan sonra da belə olacaq.

Rəvayətə görə, narın bitdiyi ağacı ilk dəfə sevgi ilahəsi Afrodita əkib. Bəlkə bu rəvayətin təsirindən dolayı həmişə bu meyvə təsəvvürümdə sevgi ilə bütünləşib. Son vaxtlar narı həm də həyatın daimiliyinin, ümidin nişanəsi kimi qavrayıram. Nar çiçəkləri o qədər estetikdir, adam az qalır unuda ki, çiçəklər meyvə üçündür. Belə gözəl mənzərədən sonra payızı xatırladan ərköyünlüyü ilə solan çiçəkləri izləmək nə qədər pessimistdirsə, çiçəklərin yerində məskən salan xoş görünüşlü narlar o qədər gözəl görüntüdür. Kamal Abdullanın da dediyi kimi:

Bu dünyaya bəlkə də

Bir az vaxtsız gəlmişik.

Kim deyərdi solacaq,

Soldu nar çiçəkləri.

Hər şey qurtaracaqdır

Xoşbəxt bir gələcəklə,

Soldu nar çiçəkləri -

İndi nar yetişəcək!

 





30.10.2023    çap et  çap et