ABŞ prezidenti Co Baydenin son 50 ildə mövcud olan dünya nizamını əvəz etmək üçün "yeni dünya nizamı"na ehtiyac duyulduğu barədə fikri bəşəriyyətin böyük dəyişiklik ərəfəsində olduğu haqda düşüncələri təsdiqlədi. Əgər əvvəllər yeni dünya nizamı haqqında ekspert və politoloqlar, fikir adamları çıxış edirdilərsə, indi artıq bu haqda böyük dövlətlərin liderləri danışırlar.
ABŞ prezidentinin ardınca Çin dövlət başçısı Si Cinpin də yeni dünya düzəninin formalaşmasına çağırıb. İranın ali dini lideri Ayətullah Əli Xamenei də yaxın vaxtlarda yeni dünya düzəninin yaranacağını düşünür. Bəşəriyyətin yeni dünya nizamına keçid ərəfəsində olduğunu ən son olaraq Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Anil Çauhan dilə gətirib. General Anil Çauhan Banqalorda Hindistan Hərbi Hava Qüvvələrinin tədbirində çıxışı zamanı deyib ki, bəşəriyyət yeni dünya nizamına keçid ərəfəsindədir.
Bəşəriyyətin yeni dünya nizamı ərəfəsində olduğu haqqında çoxsaylı fikirlər olduğu halda, bunun əksini iddia edən ciddi arqument mövcud deyil. Çünki tarixdən məlumdur ki, böyük dövlətlərin iştirak etdiyi bütün müharibələrdən sonra yeni dünya nizamı formalaşmağa başlayır. Bu gün Avrasiyada iki böyük müharibə var. Yaxın Şərqdə və Ukraynada gedən müharibələrin nəticələri yeni dünya nizamının yaranmasına gətirib çıxaracaq.
Yeni dünya nizamının qaçınılmaz bir prosesə çevriləcəyi aydın olsa da, yeni düzənin necə olacağı mübahisəlidir. Daha doğrusu, böyük dövlətlərin liderləri yeni dünya nizamını öz arzu və istəklərinə uyğun təsəvvür edirlər. Co Bayden bildirib ki, ABŞ yeni dünya nizamına liderlik etmək iddiasındadır. İranın ali dini lideri Ayətullah Əli Xamenei isə iddia edir ki, yeni dünya nizamında Amerikanın artıq heç bir rolu olmayacaq. Əlbəttə, Co Baydenin fikirlərinin önəmli dərəcədə əsası olduğu halda, Ayətullah Əli Xameneinin fikrinin ciddi əsası yoxdur. Yeni dünya nizamının necə olacağı məlum olmasa da, dünyanın ən böyük iqtisadi və hərbi gücünə malik dövlətin bu nizamda heç bir rolunun qalmayacağı haqqında fikir qərəzli və təbliğat xarakterlidir.
Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Anil Çauhan isə hesab edir ki, yeni dünya nizamında Rusiya geosiyasi əhəmiyyətini itirəcək. General Çauhan hesab edir ki, Moskvanın dünyanın ən böyük nüvə arsenalına malik olmasına və Pekinlə müttəfiqlik münasibətləri yaratmasına baxmayaraq, Rusiyanın təsirinin azalması qaçınılmazdır. Rusiyanın təsirinin azalacağı haqqında xəbərdarlıq edən general Çauhan Çinin geosiyasi təsirini artıracağı qənaətindədir. Hindistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi hesab edir ki, Rusiya və Çinə İran və Şimali Koreya kimi təcrid olunmuş dövlətlər də qoşula bilər. General Çauhan bildirib ki, Hindistan silahlı qüvvələrinin dəyişən dünyanın şərtlərinə və müharibə aparmağın yeni üsullarına cavab vermək üçün transformasiyalara ehtiyacı var.
Rusiyanın yeni dünya düzənində təsirinin az olacağı ilə bağlı general Çauhan fikirini isə əksər təhlilçilər bölüşür. İkinci Dünya müharibəsindən sonra formalaşan və bu günə kimi mövcud olan dünya nizamında Moskva iki əsas güc mərkəzdən biri idi. Bundan sonra isə belə olmayacaq. Çin, Rusiya, İran və Şimali Koreyadan ibarət olacağı və şərti olaraq "şər oxu" adlandırılan güc mərkəzinə əsaslanan yeni dünya nizamının ola bilməyəcəyini isə söyləmək mümkündür.
ABŞ prezidenti Co Baydenin çıxışında söylədiyi kimi, Avropada liberalizmin bərqərar olmasından öncə, yəni 1900-1946-cı illər arasında təcəvüzkar müharibələrdə 60 milyon insan ölüb. Belə kütləvi insan qırğınlarının qarşısını liberilizmin qələbəsi təmin edib. İndi isə liberalizm təhlükədədir.
ABŞ prezidenti hesab edir ki, yeni dünya nizamı dövlətlərin ərazi bütövlüyü, suverenliyi və universal insan hüquqları əsasında formalaşmalıdır. Co Baydenin təsvir etdiyi yeni dünya nizamının yaradılması üçün Vaşiqnton öz siyasətində ciddi dəyişiklik edib. Son günlərə kimi Ağ evin siyasətinin əsasını ehtiyatlılıq təşkil edirdi. İndi isə Co Bayden həmin ehtiyatlılığı səmərəlilik və qətiyyətlə əvəzləyib. Ukrayna və İsrailə dəstək məqsədilə Co Baydenin Konqresə 106 milyard dollarlıq yardım paketinin ayrılması ilə bağlı müraciəti, Ukrayna və İsrailin hərbi ehtiyaclarını ödəmək üçün bəzi silahların verilməsi ilə bağlı son günlərə kimi mövcud olan qadağanların aradan qaldırılması Ağ evin yanaşmasında baş verən ciddi dəyişikliklərin göstəricisidir. Yaxın Şərqdə yerləşən Amerika hərbçilərinə hücum olacağı təqdirdə ABŞ-ın İrana zərbə endirəcəyi və bütün ayətullahların məhv ediləcəyilə bağlı açıqlamalar da Vaşinqtonun ehtiyatlılığı qətiyyətliliklə əvəz etdiyini təsdiqləyir. "Şər oxu" ilə liberal dünyanın toqquşması son mərhələdədir. Co Baydenin bəyan etdiyi kimi, bəşəriyyət tarixin dönüş nöqtəsindədir. Yaxın aylarda baş verəcək hadisələr isə bütöv bir əsrin taleyini müəyyənləşdirəcək.