|
|
|
|
Hərbçilərin sülhməramlı əməliyyatlarda iştirakı üçün NATO standartlarına uyğun hazırlamaq məqsədilə Qazaxıstan Müdafiə Nazirliyinin Sülhməramlı Əməliyyatlar Mərkəzinin yeni konfrans zalı açılıb. Bu, Qazaxıstanın NATO ilə əməkdalığı istiqamətində qərarlı addımı və Rusiya təhlükəsinə qarşı təbiri kimi dəyərləndirilir. Rəsmi Astananın bu qərarı Qazaxıstanın tezliklə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxacağı haqqında məlumatların əsassız olmadığını göstərir.
Rəsmi Moskva isə Qazaxıstandan gələn bu məlumatlara dözümlü yanaşdığını nümayiş etdirməyə çalışır. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sülhməramlı missiyaların özünəməxsus xüsusiyyətləri olduğunu qeyd edib və qazaxıstanlı dostlarından əlavə məlumat ala biləcəklərinə ümid etdiyini bildirib. Bu isə o deməkdir ki, Qazaxıstan NATO ilə əməkdaşlığı haqqında KTMT-dəki müttəfiqi Rusiyaya məlumat verməyə də ehtiyac görməyib. Əslində isə hansısa bir hərbi-siyasi ittifaqda təmsil olunan müttəfiqlər başqa hərbi alyansla əməkdaşlıq edəndə müttəfiqlərini məlumatlandırmağa borcludurlar. Qazaxıstan isə KTMT-dəki müttəfiqi Rusiyanı məlumatlandırmağa ehtiyac görmür. Moskvada isə ümid edirlər ki, baş vermiş hadisə barədə əlavə məlumat ala biləcəklər. Onu da qeyd etmək lazımdır ki, Sülhməramlı Əməliyyatlar Mərkəzində açılmış konfrans zalı ABŞ-ın dəstəyi ilə həyata keçirilib. Ekspertlər bu addımı Qazaxıstanla ABŞ-ın yaxınlaşmasının simvolu kimi qiymətləndiriblər. Qazaxıstan hakimiyyəti Şimali Atlantika Alyansı ilə əməkdaşlıqda maraqlı olduğunu nümayiş etdirir. Rusiyalı ekspertlərin bəziləri isə hesab edir ki, Qazaxıstan NATO-nun çətiri altına girir. Rusiyada hesab edirlər ki, NATO-nun məqsədi bütün Mərkəzi Asiyada nəzarəti ələ keçirməkdir. Moskva ABŞ Mərkəzi Komandanlığının komandanı general Maykl Kurillanın son üç ildə üç dəfə Qazaxıstanda olmasını, bu yaxınlarda isə Özbəkistana səfər etməsini narahatlıqla izləyir.
Bir neçə gün əvvəl Rusiyaya qarşı sanksiyaları dəstəkləyən Qazaxıstan Moskvanı qıcıqlandıran daha bir tədbirə də imza atıb. Qazaxıstan Milli Bankı müvəqqəti yaşamaq icazəsi olmayan əcnəbilərə bank kartlarının verilməsinə qadağa qoymağı təklif edən qərar layihəsi hazırlayıb. Qazaxıstan Milli Bankı bu dəyişikliyi Qazaxıstanın qeyri-rezidentləri tərəfindən qeyri-qanuni əməliyyatlar, o cümlədən, "narkotik vasitələrin qanunsuz dövriyyəsi və qumar oyunları" üçün kartların istifadəsi riskini minimuma endirmək istəyi ilə izah edib. Ancaq hər kəs anlayır ki, bu, Rusiya vətəndaşlarının sanksiyalardan yayınmaq üçün Qazaxıstan banklarından istifadə etməsinin qarşısını almağa yönəlib.
Rusiyada Qazaxıstanda baş verən hadisələri narahatlıqla izləyirlər. Ukraynaya qarşı müharibədə Rusiyanın hərbi-siyasi uğursuzluğu dərinləşdikcə keçmiş postsovet respublikalarının, o cümlədən, Qazaxıstanın Moskvanın təsir dairəsindən uzaqlaşma cəhdi güclənir. Moldova, Ermənistan və Qazaxıstan Rusiyanın əsəblərini tarıma çəkməkdə davam edir. Moskvadan isə bu respublikaların ünvanına təhdidlər səslənsə də, Rusiyanın bu ölkələrə təsir imkanlarının geniş olmadığı aydın görünür.