525.Az

Peşəkarlığı reytinqə qurban verəndə - Sevda Sultanova yazır


 

TƏZYİQİ QALXAN APARICININ TƏZYİQ QALDIRMAQLIĞI

Peşəkarlığı reytinqə qurban verəndə - <b style="color:red"> Sevda Sultanova yazır</b>

Lalə Azərtaş populyar, həm də adı zaman-zaman qalmaqallarda hallanan teleaparıcılardandır. O, televiziya fəaliyyətinə 2000-ci illərin əvvəllərində ATV kanalında "Xəbərlər" informasiya proqramının aparıcısı kimi başlayıb, daha sonra səhər, ictimai-siyasi-sosial proqramların aparıcısı olub.

Özünəxas üsluba malik Lalə Azərtaşın nitqi səlisdir, rəvandır və bu gün milli teleməkanda Azərbaycan dilində düzgün danışan azsaylı aparıcılardandır. Və ümumiyyətlə, günümüzün "səliqəli televiziya dili necə olmalıdır" sualının cavabında Lalə Azərtaşın danışıq, nitq mədəniyyətini nümunə göstərmək olar. Lalə Azərtaşın başqa bir üstünlüyü danışdığı mövzulara bələd olması, xəbərləri dərk edərək, mənimsəyərək tamaşaçıya çatdırmaq, müsahibə-müzakirə prosesində situasiyaları çevik dəyərləndirmək bacarığıdır. Uzun illər televiziyada qazandığı təcrübə və mütaliəsi ona təkcə xəbər sahəsində yox, müxtəlif yönlü layihələrdə də fəaliyyətinə imkan verir. Bundan başqa, səsi, intonasiyası ilə düzgün işləməsi, emosiyalarını ekstremal vəziyyətlərdə belə idarə edə bilməsi peşəkarlığına üstün keyfiyyətlər qazandırır.

Hazırda Lalə Azərtaş "Xəzər" telekanalında "Təsir dairəsi" sosial layihəsini təqdim edir. Onun imkanlarını, peşəkarlığını nəzərə alaraq, "Təsir dairəsi"nin məzmun etibarilə analoji sosial proqramlardan yaxşı mənada seçiləcəyini gözləmək olardı. Ən azı, digər sosial proqramlarda gərəksiz intimliyi ilə efirə çıxarılan ailə-məişət dramlarının Azərtaşın yozumunda peşəkar manera və üslubda, haray-həşirsiz, insan şəxsiyyətini aşağılamadan, aqressiv metodlar tətbiq etmədən müzakirəyə çıxarılacağına ümid vardı. İnsafən, proqramın ilk buraxılışlarında Azərtaş mümkün qədər peşə etikasını gözləməyə, peşəkarlıq səviyyəsini qorumağa cəhd göstərir, həmkarlarından fərqlənməyə çalışırdı. Fəqət zaman-zaman bu cəhdlər boşa çıxdı və Azərtaş axına qarşı çıxmağı bacarmadı. Başqa cür desək, peşəkarlığı reytinq qazanmaq məqsədinin qurbanı oldu.

"Təsir dairəsi" strukturca da qonşu telekanallarda yayımlanan sosial şouların təkrarıdır. Burada da problemli ailələr studiyaya dəvət olunur, qarşıdurma yaranır və ya yaradılır, eskpertlər hadisəylə bağlı rəy verir, öz aralarında dalaşır, iştirakçılara hücuma keçir, onları linç edir və ağız deyəni qulaq eşitmir. Vəziyyətin ən gərgin, həlledici məqamlarında aparıcı qəfil, heç nə baş verməmiş kimi - məsələn, xəz paltoların reklam mətnini oxuyur.

Yenə də digər sosial proqramlarda olduğu kimi aparıcı hadisənin düyününün açılması anını ləngidir, iki saat ərzində hansısa dəhşətli məlumatın anonsunu verir və beləcə, dramaturji intriqa oyunları tamaşaçını istər-istəməz ekran qarşısında sonadək oturmağa vadar edir. Və situasiya konflikt həddinə çatanda rejissor mübahisə edən tərəfləri, guya baş verənlərdən dəhşətə gələn ekspertləri iri planlarla, fonda səslənən həyəcanverici zövqsüz musiqinin müşayiətilə göstərib dramatikliyi artırmağa çalışır.

Mənəvi-psixoloji cəhətdən çətin olsa da, "Təsir dairəsi"nin ayrı-ayrı fraqmentlərinə baxdım və bir neçə buraxılışını tam izlədim. Diqqətmi ilk çəkən detal Azərtaşın hər dəfə peşə əqidəsinə sadiqliyindən bəhs etdiyi fikirlərini sonrakı davranışlarında inkar etməsi oldu. Təmkinli pafosla tamaşaçılara hörmət etdiyini, onların fikirləriylə hesablaşdığını, peşə etikası və prinsiplərinin vacibliyini vurğulasa da, Azərtaş əməldə bu prinsipləri pozurdu. Filologiya elmləri üzrə fəlsəfə doktoru Anar Vəziroğlu və vəkil Şəfiqə Nağıyeva verilişdə konflikt yaradan, dəcəl uşaqlar kimi dalaşan ekspetlərdir. Bir buraxılışda şikayətə gələn iştirakçıyla bağlı Anar Vəziroğlu ilə Şəfiqə Nağıyeva arasında fikir ayrılığı ağır, təhqiramiz ifadələrlə ("ərdə oturmayan arvad", "ağzına gələni danışmaq", "kimsən e sən, tərbiyəsiz, əxlaqsız" və s.) müşayiət olundu. Söyüş səhnəsini sakitcə izləyən Azərtaş sadəcə onların leksikonuna istehza etməklə ("iki savadlı adamın danışığına baxın" şəklində) kifayətləndi. Əsəblərinə hakim kəsilməyən Vəziroğlu bir stəkan suyu vəkilin üzünə çırpandan sonra studiyadan çıxarıldı. Azərtaşın reytinq gətirən məhz belə gərgin kulminasiyaya ehtiyacı vardı, dərhal o, vəziyyəti nəzarətinə götürərək qəzəblə dedi: "Bu, canlı efir idi və tamaşaçıya, mənə, "Təsir dairəsi"nə qarşı hörmətsizlikdir".

Düzü, güman etmək olardı ki, qeyri-etik davranışlarına, tamaşaçıya hörmətsizliyinə görə ekspertlərin bir daha verilişə qayıtmalarına icazə verilməyəcək. Lakin növbəti buraxılışlarda qeyri-adekvat davranmış ekspertlər yenidən studiyada idi. Səbəb aydındır, çünki intriqa reytinq gətirir. Bəs nədir, növbəti buraxlışlardan birində də şikayətə gələn Zəminə adlı qadın Vəziroğluna stəkan tulladı. Bir anlıq belə təəssürat yarandı ki, "Təsir dairə"sində söz təsirini itirəndə, konfliktlər dilsiz-ağızsız əşyalar vasitəsilə həll olunur.

Sual odur ki, özünə hakim olmayan ekspertlər hansı meyarla və hansı keyfiyyətlərinə görə ekspert təyin edilir? Ümumiyyətlə, sosial proqramlarda ekspert hansı mənanı ehtiva edir?

Buraxılışlardan birində Ceyhunə aldı gənc qadın uşaqlarını vəfat etmiş ərinin valideynlərindən məhkəmə yolu ilə almaq məqsədilə verilişə gəlmişdi. Verilişboyu Azərtaş əlinə ciddi fakt keçdiyinə eyham vurur və münaqişənin artıq bu buraxılışda bitəcəyini vurğulayırdı. Ortaya çıxan fakt isə bu idi: Ceyhunə nə vaxtsa münasibətdə olduğu bir taksi sürücüsü ilə danışır. Və guya taksi sifariş verən hansısa müştəri sürücü ilə Ceyhunənin söhbətini gizlin çəkərək Azərtaşa təqdim edib. Bu "vacib dəlili" verilişə təqdim etdiyinə görə naməlum adama təşəkkür elan olundu. Əslində isə müştəri bu hərəkəti ilə cinayət xarakterli əməl törədmışdı və peşəkarlıqdan danışan Azərtaş da başda olmaqla veriliş əhli bu cinayətin məsuliyyətini bölüşürdü. Konstitusiyada vətəndaşın şəxsi toxunulmazlıq hüququnu ehtiva edən maddə var. Orada deyilir ki, hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ var: "Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz".

Məsələnin hüquqi tərəfini kənara qoyaq və studiyaya qayıdaq. Videonümayişdən sonra ekspertər sanki şokdaymış kimi qadına baxırdılar; sanki İsrail-Fələstin müharibəsinin səbəkarı bu qadın idi, yaxud da o, dövlətə xəyanət maddəsilə ittiham olunurdu. "Şokdan ayılan" ekspert xanımlar Ceyhunənin saçını yolub yellərə verməkdən özlərini güclə saxlayır, onun Azərbaycan qadını adına ləkə olduğunu car çəkib efirdə mərəkə qoprarıdılar.

Hadisənin məğzi isə bundan ibarət idi ki, Ceyhunənin evli adamla (taksi sürücüsüylə) şəxsi münasibəti olub, sonra sürücü arvadından ayrılıb. Daha sonra sürücünün keçmiş arvadı onların arasındakı mesajları skrin edərək Ceyhunəni təhdid (daha bir cinayət tərkibli hərəkət) edib. Aparıcı və ekspertlər hesab etdilər ki, bu fakt məhkəmənin uşaqları məsuliyyətsiz anaya verməməsi üçün yetərlidir. Beləcə, məhkəmə qərarı, araşdırma olmadan Ceyhunəyə studiyada hökm kəsildi. Üstəlik, Ceyhunə-taksi sürücüsü olayı nə dünyada, nə də yaşadığımız cəmiyyətdə görünməmiş hadisə deyil və ən əsası da cinayət hadisəsi yox, şəxsi məsələdir. Burada, olsa-olsa-, tərəflərin mənəvi məsuliyyətindən söhbət gedə bilər. Amma efirdə mənəvi məsuliyyəti az qala cinayət faktı kimi gözə (həm də efirə!) dürtmək, qadını bəh-bəhlə "işfa etdik" görüntüsü yaratmaq heç bir etik və insani əndazəyə sığmır. Bu, həm də qadının məktəbyaşlı uşaqlarının hüquqlarının pozulmasıdır, onlara psixoloji zərbədir. Ümumiyyətlə, ictimai əhəmiyyəti olmayan hadisə niyə kriminal motiv kimi müzakirə olunur? Üstəlik, taksi sürücüsü ilə qadının söhbəti sıradan, məişət xarakterli məzmun daşıyırdı.

Yaxud buraxılışlardan birində Rəvanə adlı qadının qaynı tərəfindən intim münasibət təklif alması iddiası və bunun müqabilində tərəflərin söyüşməsinin efirə buraxılmasının hansı icitmi yükü ola bilər ki?

"Mən tamaşaçımı sevirəm, ona hörmət qoyuram. Efirin qaydalarını yaxşı bilirəm" deyən aparıcı bu kadrları efirə buraxmamalıydı. Yaxud etikadan danışan aparıcı iştirakçıya amiranə şəkildə "Elə eləmə, sənə qapını göstərim" deyə bilməz. Jurnalist fəaliyyəti ona belə bir hüququ vermir.

Ümumiyyətlə, Azərtaş aparıcıdan çox hakim rolunu oynayan aktrisa kimi davranır. Ceyhunənin probleminin müzakirə olunduğu həmin buraxılışda o, verilişə belə başlayır: "Mənim üçün söz bitəcəkmi, yoxsa yeni səhifəmi başlayacaq, bilmirəm". O susur, ətrafa nəzər salır və davam edir: "Bildiyim bir şey var, mən dünən gecə yatmamışam". Yenə susur. Studiyaya sınayıcı, bir az da qəzəblə baxır. Sanki reaksiyaları yoxlamaq istəyir və hamını gərginlikdə saxlayır: "Çünki təzyiqim qalxmışdı".

Sükut...

"Təzyiqim niyə qalxmışdı? Çünki beynimlə ruhum bir-birinə zidd məqamlar qarşısındaydı".

Sükut...

O, həyəcanlı musiqi fonunda qələmi guya əsəbiliklə oynadır, masanı taqqıldadır, uzun-uzun susur, meydan oxuyurmuş kimi baxır, səs tonunu sərtləşdirir və s. Beləliklə, oxşar performansları ilə tamaşaçını psixoloji təzyiqdə saxlayır, manipulyasiya edir.

Lalə Azərtaşın 2015-ci ildə Oxu.az saytına verdiyi müsahibəsinin bir abzası ilə məqaləmi bitirirəm və şərh verməyi gərəksiz sayıram. "Sizin üçün efir sərbəstliyi anlayışı nədir" sualına aparıcı belə cavab verir: "Efirdə sərbəst olmaq yaxşıdır, amma baxır hansı verilişdə və təbii ki, qədərində. Sərbəstlik artıq özbaşınalığa keçəndə, sərhəd tanımayanda bu, efirdən çox çirkin görünür. Təəssüflə deyirəm, bəzi telekanal və verilişlərdə bu, o qədər öz sərhədini keçir ki, televiziya əxlaqına yaraşmır".

 

 

 





30.10.2023    çap et  çap et