525.Az

Yazıçı ömrünün xoşbəxt günü - Əli Əmirli - 75


 

Yazıçı ömrünün xoşbəxt günü - <b style="color:red"> Əli Əmirli - 75</b>

Görkəmli yazıçı və dramaturq - Əməkdar incəsənt xadimi, professor Əli Əmirli ilə tanışlığım 1988-ci ilin ilk günlərinə təsadüf etsə də, nədənsə mənə elə gəlir ki, onu çoxdan, lap çoxdan, kiçik yaşlarından tanıyıram. Əlbəttə, məndə belə bir təəssüratın yaranmasının səbəbkarı da elə əziz dostum Əli Əmirlinin özüdür: onun 2015-ci ildə "Azərbaycan" jurnalının 10-cu sayında çap etdirdiyi "Ağdamda nəyim qaldı" avtobioqrafik romanından (2019-cu ildə "Qanun" nəşriyyatında kitab halında nəşr olunub) yaddaşıma köçən yaşantılardır. Gözlərim önündə bu romandakı bir situasiyanın təkanından doğan təbii və duyğusal bir mənzərə canlanır. 7 yaşlı qıvrımsaç Əlinin "beş-altı tutu şirədən qaralmış xırda ovcuna yığıb" onlara qonaq gəlmiş doğmaca dayısına yox, məhz arvadına - "Ala, ye!" - deməsi və uşağı olmayan bu qadının bir anda şıltaqcasına qərar çıxarıb, ərinə: "Mamed, mən istəyirəm bu uşaq mənim olsun" hökmü yeddi yaşlı Əlinin gələcək taleyini, demək olar ki, həll etmişdi. İlahinin hansısa bir diktəsi ilə balaca Əli ata-anasından ayrılıb Ağdamda dayısı evində yaşamağa etiraz etmədiyi kimi, anası da bütün Qarabağda bir aktyor kimi tanınan və sevilən qardaşı Mamed (əslində Məhəmməd) müəllimin sözünü yerə salmamışdı. Beləcə yeddi yaşlı Əli ata-ana nəvazişindən iraq düşsə də, əvəzində, şəhərli olmuşdu.

Heç şübhəsiz, uşaqlığının hansı mühitdə keçməsinin insan həyatındakı önəmini əhəmiyyətsiz saymaq olmaz. Fikrimcə, Əli Əmirlinin sonralar yazıçı-dramaturq kimi yetişməsində - daim bu günlə yaşamağı sevsə də - keçmiş, uşaqlıq və ilk gənclik illərinin yaşantıları təhtəlşüur olaraq onun ədəbi-bədii yaradıcılığının hansı qatında isə özünü göstərmişdi. Nasirliyi bir tərəfə, əyalətdə yaşayan bir yeniyetmənin teatra, dramaturgiyaya sonsuz məhəbbəti qeybdən yarana bilməzdi. Bir var teatra yetkinlik yaşında gedəsən, bir də var şagird yaşında. Səhnədə Aqşin, Şərif, Xosrov, Frans Moor, Qacar kimi dramatik rollar oynamış, səhnəni həyatı qədər sevən bir sənətkarla bir damın altında yaşayasan. Əli Əmirli yeddi yaşında artıq ata kimi qəbul etdiyi və soyadını daşıdığı Məhəmməd Əmirovun teatr xatirələrini çox dinləmiş, Səməd Vurğunun "Vaqif" pyesində oynadığı Qacar roluna tamaşa etmişdi.

Bu gün 75 yaşına gəlib çatmış Əli Əmirli bədii yaradıcılığa lap gənc yaşlarından başlayıb. Belə ki, "İrs", "Görüş", "Qağayı" adlı hekayələri 1971-ci ildə "Azərbaycan" jurnalı kimi mötəbər bir ədəbiyyat dərgisində nəşr olunub. "Bir qış günü" adlı ilk hekayələr kitabı isə 1977-ci ildə "Gənclik" nəşriyyatında çap edilib.

Əli Əmirli dərin müşahidə qabiliyyətinə malik yazıçı-dramaturqdur. O, çağdaş dünyamızda baş verən hadisələrə, dəyişən mental dəyərlərə, insan münasibətlərinə heç vaxt seyrçi qalmayıb, əksinə, yaddaşının süzgəcindən keçirərək bizi düşündürən müasir mövzulara müraciət edib, roman və povestlər, hekayələr, ən nəhayət, çoxlu sayda pyeslər yazıb.

Yadımdadır, 1988-ci ildən başlayaraq respublikada baş verən ictimai-siyasi hadisələri yaxından müşahidə edən Əli Əmirli, necə deyərlər, isti-isti, Azadlıq hərəkatının inkişaf edərək hansı nəticə ilə sonuclanacağını gözləmədən "Meydan" adlı maraqlı, lakonik bir roman yazmışdı. Biz də elə o zaman bu romanı "Yazıçı" nəşriyyatının tematik planına salmışdıq. Təəssüf ki, nəşriyyatın maliyyə çatışmazlığı ucbatından bu roman kitab halında çap olunmadı, ancaq 1992-ci ildə "Azərbaycan" jurnalında dərc edildi. Əli Əmirli bununla kifayətlənməyib, "Meydan" romanını səhnələşdirmişdi. Unudulmaz rejissor Hüseynağa Atakişiyevin quruluşunda Dövlət Gənclər Teatrında oynanıldı.

Əli Əmirli məlum "Sumqayıt hadisəsi"nə də biganə qalmadı. 1991-ci ildə "Ölü doğan şəhər" adlı çox dəyərli bir roman yazdı. Ancaq bu roman da zamanında yox, altı-yeddi il sonra, 1999-cu ildə "Gənclik" nəşriyyatında nəşr olundu. Çox istərdim ki, Əli Əmirlinin "Ölü doğan şəhər" romanı latın qrafikası ilə yenidən çap olunsun. Çünki bu roman məlum hadisələrin bədii təcəssümüdür. Nəşrindən 24 il keçməsinə baxmayaraq, romanda təsvir olunan hadisələrin həyəcanı məni bu gün də tərk etməyib. Buna görə də romanın son cümləsini, aşıqlar demiş, tapşırmasını burada yazmaqdan özümü saxlaya bilmədim: "Asfaltı pəncələri ilə qazıb yerində fırfıra kimi asanlıqla fırlanan maşın dartınıb bir anlığa dondu, lüləsini hərlədib qaçan Fuadı hədəfə aldı. Fuad var gücü ilə qışqırdı, kürəyinə tuşlanmış top lüləsi bu saat, bu dəqiqə açılacaq... Qaçmaq, qaçıb qurtarmaq, gizlənmək, ancaq gizlənməyə yer yox idi. Fuad ovuc içi kimi açıq meydanın tən ortası ilə qaçırdı və bu meydan qurtarmaq bilmirdi. Ayaqlarını hiss etmirdi, onu bütün varlığını sarmış dəhşətli qorxu aparırdı, qovurdu. Fuad kor qisasın əlində girinc olub insanlıqdan çıxmış və kütləyə çevrilmiş bu adamlardan, ölü üstdən ölü doğan vahiməli şəhərdən, üstünə adamyeyən kimi gələn ölüm maşınlarından, onu hədəfə almış sarı əsgərlərdən qaçır və qaça-qaça da qışqırırdı, elə bil bu qışqırıqda, bu acizlik əlaməti olan fəryadda idi xilas yolu..."

Çox qəribədir ki, Əli Əmirli "Axirətdən qabaq gəzinti", "Meydan", "Haram", "Ölü doğan şəhər" kimi uğurlu romanlardan sonra büsbütün özünü səhnə əsərləri yazmağa həsr etdi. Əvvəllər nəsr əsərlərinin əksəriyyətini səbr və həvəslə səhnələşdirən Əli Əmirli bu vərdişdən vaz keçib, müstəqil pyeslər yazmağa başladı və çox böyük uğurlar qazandı. Son otuz ildə Əli bəyin pyesləri respublikamızın teatrlarında uğurla nümayiş etdirilir. Demək olar ard-arda yazdığı "Ərizə", "Meydan", "Tiran və aktyor", "Ağqoyunlular və Qaraqoyunlular", "Bala - bəla sözündəndir", "Köhnə ev", "Varlı qadın",  "Mesenat", "Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar", "Ax bu uzun sevda yolu", "Nuri-didə Ceyhun" və sair pyesləri dramaturgiyamızın uğurlu səhnə əsərlərindəndir. Bu səhnə əsərlərinin bir qismi müxtəlif televiziya kanallarında da göstərilib və müəllifinə geniş tamaşaçı məhəbbəti qazandırıb. Hörmətli dramaturqumuzun pyesləri respublikamızın hüdudlarını çoxdan aşıb. Onun pyesləri rus, türk, qazax, qırğız dillərinə tərcümə olunub.

Heç şübhəsiz, Əli Əmirli dramaturgiyaya təsadüfən gəlməyib. Teatrşünas Aydın Talıbzadənin təbirincə desək, "Əli Əmirlini dramaturq eləyən Azərbaycanın müstəqilliyi, meydanda səslənən "azadlıq nitqləri", azərbaycanlıların küçələrə dağılmış passionar enerjisi, Qarabağın içində və çölündə gerçəkləşmiş siyasi-diplomatik oyunlar və Bakı əks-sədası, bu oyunlar ucbatından qırıla-qırıla, qaça-qaça, köçə-köçə şəhərə çatıb öz xoşbəxtliyi sorağında vurnuxan adi, zavallı insanların sərgüzəştləri olub".

Əli bəy tamaşaçısını həm düşündürən, həm də yeri gələndə güldürməyi bacaran dramaturqdur. Təbiəti etibarı ilə səliqə-səhmanlı, mədəni, tərbiyəli, deyib-gülməyə, lətifələr söyləməyə bir o qədər də meyli olmayan Əli bəyin pyeslərindəki komik vəziyyətlər, gülüş doğuran səhnələr həmişə məni təəccübləndirib. Görün yaradıcı insan yaradıcılıq prosesində nə qədər dəyişə bilər.

Əli Əmirlinin son illər dramturgiya ilə bağlı həm "Ulduz" jurnalında, həm "525-ci qəzet"də, həm də kitab halında çap etdirdiyi silsilə "Ustad dərsləri" əsl mənada yaradıcı gənclər üçün dəyərli bir dərs vəsaitidir.

Dostum Əli Əmirlinin 2015-ci il iyun-iyul ayında yazıb çap etdirdiyi "Ağdamda nəyim qaldı" avtobioqrafik romanı geniş əks-səda doğurdu. Bəlkə də bizim ədəbiyyat tarixində bunca səmimi yazılmış ikinci bir xatirə-roman yoxdur. Bunun bir səbəbi fitri istedaddırsa, digər səbəbi də onun stereotipləri cəsarətlə qırmasındadır.

Əziz dostumun 75 illik yubileyi çox əlamətdar bir dövrə təsadüf edir. Axı biz 30 il Qarabağın - ata-baba yurdlarımızın həsrəti ilə yaşamışıq. Nə qədər dəyərli insanlarımız Qarabağ həsrəti ilə dünyadan köçüb. Bu illər ərzində yurdlarını tərk etməyə məcbur olmuş soydaşlarımızın, qohum-qardaşlarımızın daim qövr eləyən qəlb sızıltılarının şahidi, şəriki olmuşuq.

Əzizim Əli bəy, səninlə 30 ildən sonra, 1 sentyabr 2021-ci ildə Şuşa qalasına ayaq basdığımız anda nə qədər xoşbəxt idik. Biz bu xoşbəxtliyə görə şəhidlərimizə, qazilərimizə, müzəffər Ali Baş Komandana borcluyuq. Eyni ilə bu xoşbəxt anları səninlə bir yerdə Ağdama gedəndə də yaşadıq. Viran edilmiş Ağdamı, sənin "Ağdamda nəyim qaldı"da təsvir etdiyin Dəyirman həyətinin uçuq-sökük evlərini görəndə kövrək anlar yaşasaq da, ayaqlarımızı doğma torpağa basdığımıza görə çox xoşbəxt idik. Təəssüflənirdik ki, nə qədər soydaşlarımız, qaçqın-köçkün həyatının min bir məşəqqətini yaşayanlar bu müqəddəs tarixi günləri görmədən "Ax, Vətən! Vətən!" deyərək dünyadan köçüblər. Əziz qardaşım, Tanrımıza borcluyuq ki, bu tarixi qələbə günlərini görməyi bizə nəsib edib. Sentyabrın 19-dan 20-nə keçən gecə cəmi 23 saat ərzində Ağdərədə, Əsgəranda, Xocalıda, Xocavənddə, Xankəndidə "at oynadan" separatçılar da darmadağın edildi. 15 oktyabrda Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ağdərədə, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda, Xankəndidə üçrəngli bayrağımızı ucaltdığı anlar nə qədər də qürurverici idi!

Otuz beş ildir ki, Əli bəylə dostluq edirik. Bu otuz beş ildə onun xarakterində, davranışında, insanlara münasibətində, əqidəsində dəyişiklik görməmişəm. Yəqin ki, bundan sonra da görməyəcəyəm.

Oktyabrın 30-da əzizimiz Əli müəllimin 75 yaşı tamam olur. Yazıçı ömrünün xoşbəxt günü. Bu mübarək yaş onun daim oynaq, yeni-yeni səhnə əsərləri yazmaq eşqilə çırpınan qəlbinə uyğun gələn yaş deyildir. Çünki ruhən çox gəncdir. Belə ruhən, mənən cavan olmağının yəqin ki, bir səbəbi də uzun illərdən bəri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətilə, daim gənclərin əhatəsində olması ilə bağlıdır. Bir də... Aha, az qalmışdı əsas səbəblərdən (daha doğrusu, səbəbkardan) birini unudam. Axı onu belə gümrah, daim yaradıcılıq ovqatında saxlayan səbəblərdən biri (ən əsası) gözəl ailəsinin olmasıdır. Çox-çox illər öncə çox sevdiyi Bakının Vidadi küçəsi, 157-dən evinə gəlin köçən, onunla daim qoşa addımlayan, xanımlıq, analıq, nənəlik missiyasını şərəflə daşıyan Solmaz xanım Əmirlidir! Ailə xoşbəxtliyini nə əvəz edə bilər ki...

75 yaşın mübarək, Əli müəllim! Sən həmişə ailənə, dostlarına, Vətəninə, millətinə, dövlətinə sadiq insan olmusan. Tanrı səni qorusun!

"525"dən: Ustad ədibimiz, əziz ağsaqqal dostumuz, qəzetimizin ən sevimli müəlliflərindən olan Əli Əmirlini 75 illiyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm sağlamlıq, pozulmaz könül rahatlığı diləyir və yeni yazılarını gözləyirik!

 





30.10.2023    çap et  çap et