525.Az

Renzo Pianodan Nuri Bilgə Ceylana qədər... - Türkan Turan yazır


 

Renzo Pianodan Nuri Bilgə Ceylana qədər... - <b style="color:red"> Türkan Turan yazır</b>

Uzun müddətdir açılması gözlənilən, "açıldı", "açılacaq" kimi xəbərlərlə sənətsevərləri intizarda saxlayan, Türkiyənin ilk müasir və çağdaş sənət muzeyi "İstanbul Modern"in yeni binası bir müddət əvvəl qapılarını açdı. Daha əvvəl Bəyoğluda, müvəqqəti fəaliyyət göstərdiyi Məşrutiyət küçəsindəki ünvanında ziyarət etmişdim. Üç mərtəbəli, sadəcə bir dənə müddətli sərgiyə ev sahibliyi edəcək və bir necə əsəri sərgiləyəcək qədər kiçik yer idi. Muzeyin yeni binası isə sözün əsl mənasında möhtəşəmdir.

Olduqca rahat, işıqlı və şəffaf bir dizaynla ışım-ışım ışıldayan yeni binanı gəzərkən, divarlara, çərçivələrə toxunmaqdan adam özünü zorla saxlayır. Qurucu sponsoru "Əczaçıbaşı İctima Birliyi", baş sponsoru isə "Doğuş Qrupu-Bilgili Holdinq" olan "İstanbul Modern"in yeni binası sərgi və proqramlara ev sahibliyi edən, beşmərtəbəli möhtəşəm bir memarlıq incisidir. Burada böyük salonlar, ofislər, təhsil mərkəzləri də mövcuddur. Boğazın günəş işığı ilə parıldayan sularından ilham alaraq inşa edilən muzey binası alüminum panellərlə örtülmüş qapalı fasadına şığıyan günəş şüaları və sudan gələn yansımalarla ətrafda işıq və kölgə oyunları effekti yaradır.

 

Sənət mərkəzlərinin inşasına damğa vuran adam

 

On min beş yüz kvadratmetrlik beşmərtəbəli binada dünyanın simvoluna çevrilmiş kültür sənət mərkəzlərini inşa edən Renzo Pianonun imzası var. 87 yaşlı əfsanəvi italyan memar Pompidou mərkəzi, əlli iki mərtəbəli "Nyu-York Tayms" binası, Tjibaou Kültür mərkəzi, Roma Musiqi parkı, Kaliforniya Elm Akademiyası və sənət əsəri sayılacaq digər mükəmməl binaları əsəyə gətirib. Piano bu binaya Boğazın sularından sıçrayan dəniz canlısı gözü ilə baxır. Cazibə qüvvəsinə meydan oxuyurmuş kimi ucalan, bir tərəfində dəniz, digər tərəfində tarixi Orta əslərə gedib çıxan Qalata bölgəsi olan muzey ikisinin arasında şəffaf almaz kimi par-par parıldayır. "İstanbul Modern" Karaköy səmtinin elə yerində inşa edilib ki, ətrafda baxışı əngəlləyən heç bir tikinti, özündən hündür heç bir bina yoxdur. İlk baxışda sanki havadan asılı qalmış kimi təsir bağışlayır. Baxan kimi hiss edilir ki, bu memarlıq abidəsi ciddi və qüsursuz əməyin bəhrəsidir. Zirzəmi qatında meşə ağaclarının qalın gövdələrini xatırladan sütunlar mövcuddur. Zirzəmi qatında iki, yuxarıda isə üç mərtəbə var. Ən üst mərtəbədə terras yerləşir. Terrasda isə su effekti yaradılıb. Buradan Boğaza tərəf baxanda adama elə gəlir ki, dəniz muzeyin damı ilə birləşib. Elə Pianonun da ziyarətçilərdə yaratmaq istədiyi hiss bu idi. Solda isə park və bütün gözəlliyini gözlər önünə sərən İstanbul mənzərəsi var. Əslində şəhər elə budur; bir-birinin ardınca sıralanan, zəncir halqaları kimi bir-birinə keçən küçələr və bir-birinə bağlanan məkanların, binaların bütünlüyü.

 

Hər şeydən bir az...

 

Şəffaf dizayna malik zirzəmi qatında kitabxana, məlumat mərkəzi, atelyelər, kafe və mağaza var. Birinci mərtəbəsində rəsm qalereyası, tədbir otaqları fəaliyyət göstərir. Muzeyin kolleksiya və müddətli sərgi salonları isə ikinci mərtəbədə yer alır. Üçüncü mərtəbədə "Modern" adlı çox gözəl, daha dəqiq desək, lüks restoran fəaliyyət göstərir. Burada dünya mətbəxtinə aid hər cür təamları, içkiləri dadmaq mümkündür. Təbii ki, digər muzeylər kimi burada da adi muzey kafesi var, ancaq lüks restoran muzeyə fərqli bir ab-hava qatıb. Əminliklə deyə bilərik ki, Boğaziçi ilə Haliçin qovuşduğunu gözlər önünə sərən, xüsusi bir nöqtədə yaradılan "İstanbul Modern" görməyə dəyər məkandır.

 

"Üzən adalar"

 

Hazırda muzeydə beş kolleksiya sərgilənir. Gələn il isə müddətli sürpriz sərgilərin yer alacağı planlaşdırılır. Sərgilənən əsərlərin əksəriyyəti ilk dəfə gün üzünə çıxarılır.

Onlardan biri "Üzən adalar"dır. Burada Türkiyədən və dünyadan 110 sənətçiyə aid 280-dən artıq əsər sərgilənir. "Üzən adalar"da sənətçilərin xəyal dünyasının sonsuzluğunu, zidd düşüncələrini açıq-aydın görmək olar. Bu kolleksiyadakı bəzi əsərlər 1945-ci ildən bəri mövcud olanlardır, bəziləri isə 2000-ci ildən sonra yaradılan əsərlərdir. Fərqli həyat tərzinə, ayrı-ayrı yerlərdə yaşayan insan həyatlarına eyni və ya bənzər duyğu ilə yanaşan sənətçilər insanı düşünməyə vadar edirlər. Fikirləşirsən ki, əslində, harada yaşamağından, hansı dildə danışmağından, hansı dinə mənsub olmağından asılı olmayaraq insan insandır. Ayrı dillərdə danışa bilərlər, ancaq eyni cür üşüyürlər, eyni cür acırlar, eyni rəngdə ağlayırlar, eyni şəkildə acı çəkirlər. Dərilərinin rəngi nə olursa olsun, damarlarında eyni rəngdə qan axır. Sadəcə bir fərq var, hər biri başqa-başqa dənizlərin "adalarıdır". "Üzən adalar" insanı daha əvvəl düşünməyə ehtiyat etdikləri ilə üzləşməyə vadar edir. Franz Akcermann, Tomur Atagök, Səlma Gürbüz, Laure Prouvost, Komet, Sterling Ruby və yüzdən çox sənətçinin əsərlərini "Üzən adalar" sərgisində görmək mümkündür.

 

Nuri Bilgə Ceylandan Renzo Pianoya qədər...

 

Müddətli sərgilərdən növbətisi isə Nuri Bilgə Ceylana məxsus "Başqa bir yerdə" adlı fotosərgidir. İstanbul Modern Foto Qalereyasının açılış sərgisi olan "Başqa bir yerdə" 22 böyük portretdən ibarətdir. Ceylanın Türkiyə ilə yanaşı, Hindistan, Gürcüstan, Çin, Əlcəzair və Rusiya kimi dünyanın fərqli coğrafiyalarında çəkdiyi bu fotosərginin kuratorluğu Demet Dinçərin öhdəliyindədir. "Başqa bir yerdə" sərgisi həm də rejissorun filmlərində mütəmadi qarşılaşdığımız "başqa bir yerdə" olmağı arzulayan obrazların yansımasıdır. Bu, sənətçinin muzeydəki ilk fotosərgisidir. Nuri Bilgə Ceylanın "kültür dəyişsə də, insanın "öz"ü dəyişmir" duyğusundan qaynaqlanan bu fotoları yerli mədəniyyətləri aşan, dünyanı əhatə edən insani təcrübələrə köklənir. Filmlərində ölkəsinin, onun insanlarının başqa yerlərdə yaşayanlardan obraz olaraq fəqliliklərini deyil, ortaq nöqtələrini ortaya qoymağa çalışan Ceylan bu dəfə başqa ölkələrdə çəkdikləri rəsmlər vasitəsi ilə eyni məqsədə çatmağı hədəfləyib.

"Həmişə buradayıq" adlı üçüncü kolleksiyada isə qadın sənətçilərin yaradıcılığını dəstəkləmək və gördükləri işləri göstərmək məqsədi ilə 2016-cı ildə qurulan "İstanbul Modern Qadın sənətçilər Fondu" vasitəsi ilə qadınların əsərləri ilk dəfə bir yerə toplanaraq səgilənir.

Dördüncü kolleksiya "Renzo Piano: Yerin Ruhu" sərgisidir. Renzo Pianonun qurucusu olduğu "Renzo Piano Building Workshop" tərəfindən inşa edilən "İstanbul Modern"in yeni muzey binasının hekayəsi digər kültür-sənət mərkəzlərinin inşa prosesi ilə birlikdə sərgilənir. Bu kolleksiya insanı önündə dəqiqələrlə saxlayan gücə malikdir. Təsəvvür edin, ilk fotoda dümdüz bir yer görürsən, son fotoda isə həmin dümdüz yerdə ucalan nəhəng bir muzeyin içində həmin mərhələni anbaan əks etdirən fotoları seyr edirsən. Bu məqamda düşünürsən, nə gözəldir, var etmək, qurmaq, nə gözəldir, heç nədən hər şey yaratmaq...

Sonuncu sərginin adı "Arxitekturanın inşası"dır. Burada isə muzeyin inşası zamanı Camal Emdən tərəfindən çəkilən fotolar sərgilənir. Sərgidə beş il davam edən tikintidə ən müxtəlif məqamlarda çəkilən görüntülər var.

 

Mavi sonsuzluq

 

Muzeyin ən ecazkar əsərlərindən biri Refik Anadolun "Sonsuzluq otağı: İstanbul boğazı" adlı əsəridir. Mavi sonsuzluğun içinə addımını atanda özünü dənizin içinə və ya göyüzünün boşluğuna atmış kimi hiss edirsən. Ətrafda fırlanan mavi dalğalara qapılaraq dalğalanırsan. Əslində, sənətçi burada boğazdakı meteoroloji dəyişkənlikləri əks etdirir. Üç yüz altmış dərəcəli aynalı bir otaqda rəqəmsal texnologiya vasitəsi ilə hərəkətlənən mavi işıq sözün əsl mənasında sonsuzluğu yaşadır insana.

 

Heykəllər

 

Yeni muzey binası tablolarla birlikdə heykəl sənətinin önəmli əsərlərinə də ev sahibliyi edir. Adrian Villar Rojasın 14. İstanbul Bienali çərçivəsində Böyükadada sərgilədikdən sonra İstanbul Modernin kolleksiyasına daxil edilən "Bütün anaların ən gözəli" əsəri ilə birlikdə, Richard Deaconun "Ev modeli", Anselm Reylenin "Yeraltı dünyasının üstündə" və "Toz çökərkən", Yılmaz Zəngərin "Məncə Ayça" və Səlma Gürbüzün "Avropalılar" əsərləri sərgilənir. Antonio Kraqın "Runner" adlı əsəri muzeyin giriş qatında öz yerini tutub. Riçard Vuenvortun "Saxta tavan" əsəri isə zirzəmi qatındakı dəhlizdə ziyarətçilərin yolunu gözləyir.

"İstanbul Modern" insana min duyğunu eyni anda yaşadan bir yerdir. Muzeydə narahatlıqdan hüzura, kütlükdən düşüncəyə, keçmişdən gələcəyə, nifrətdən sevgiyə, savaşdan barışa yönləndirən bir atmosfer var. Burada insan özünü axtaran tərəf kimi deyil, özünü tapan tərəf kimi hiss edir. Elə əsas olan da bu deyilmi? - özünü tapmaq, özünə qovuşmaq...

 

 

 

 

 





30.10.2023    çap et  çap et