525.Az

Çaparaq notlar - Firuz Mustafa yazır


 

Çaparaq notlar - <b style="color:red"> Firuz Mustafa yazır</b>

(Əvvəli 24 oktyabr sayımızda)

 

Qriboyedovla Abbas Mirzənin söz "döyüşü"

 

Türkmənçay müqaviləsinin imzalanması ərəfəsində şahzadə Abbas Mirzə ilə rus diplomatı A.Qriboyedov arasında sərt danışıqlar olub...

Rusiya-İran müharibələrinin başa çatması ərəfəsində diplomatik danışıqlar başlanır. 1827-ci il iyulun 21-də İranın Qaraziyaəddin kəndi yaxınlığında Fətəli şahın oğlu Abbas Mirzə ilə Paskeviçin nümayəndəsi A.Qriboyedov görüşür.

Həmin danışıqlardan fraqmentlər:

Qriboyedov:

- Biz İrəvan və Naxçıvan əyalətlərini keçərək Araza çatmışıq. Abbas-Abadı tutmuşuq, mən oradan göndərilmişəm.

Abbas Mirzə:

- Tutduq! Aldıq! Abbas-Abadı sizə arvaddan betər qorxaq kürəkənim təslim etdi!

Danışıqlar daha bir saat da bu ruhda davam edir və Qriboyedov Rusiya hökumətinin şərtlərini sadalayır.

A.Mirzə:

- Budur sizin şərtləriniz! Siz İran şahına öz təbəəniz kimi göstəriş verirsiniz! Naxçıvanı, İrəvan əyalətini istəyirsiniz, pul, təzminat tələb edirsiniz... Siz harda görübsünüz ki, İran şahı başqa hökmdarın təbəəsi olsun? O, özü başqalarına tac paylayır. İran hələ ölməyib...

Qriboyedov:

- İranın xoşbəxt və şərəfli günləri olub... Mən sizə böyük hökmdar Napoleonun adını çəkə bilərəm ki, Rusiya hüdudlarında cəngə girişdi və bununla taxt-tacını itirdi...

Abbas Mirzə:

- Amma əsl qəhrəman oldu! Son nəfəsinə qədər müdafiə olundu. Lakin siz ümumdünya işğalçısı kimi hər yeri tutmaq istəyirsiniz, bizim vilayətləri almaq istəyirsiniz, pul tələb edir, heç bir qeyd-şərt qəbul etmirsiniz...

P.S. Türkmənçay müqaviləsi bundan təxminən 7 ay sonra imzalanacaqdı...

               

Qandi və Ustinov

 

31 oktyabr 1984-cü il tarixdə Hindistanın Baş naziri İndira Qandi öz iqamətgahında iki terrorist tərəfindən güllələndi. Onu öz cangüdənləri - sikxlər qətlə yetirmişdilər.

Mən bu hadisəni və bu tarixi nə üçün xatırladım?

Məsələ burasındadır ki, həmin gün xanım Baş nazir məşhur ingilis ser-cəngavər-bakalavrı Piter Ustinova müsahibə verməyə hazırlaşırdı. Piter Ustinov dünyaca məşhur adam idi. O, aktyor, rejissor, yazıçı, dramaturq, ssenarist idi...

İndira Qandi həmin səhər çox gümrah görünürdü. Müsahibinin yanına qırmızı libasda gedirdi. Yaxşı bilirdi ki, bu geyim ona xüsusilə yaraşır.

Piter Ustinovla çəkilişə gələn operatorlar kameraları hazır vəziyyətə gətirmişdilər. Baş nazir gələn kimi məşhur yazıçı ilə söhbətə başlayacaqdı. Ustinov təcrübəli aparıcı idi. İndiyəcən dünyanın bir çox məşhur simaları ilə görüşmüş, maraqlı verilişlər aparmışdı.

Sonralar Piter Ustinov gündəliyində yazırdı ki, həmin gün səhər saat 10-a 9 dəqiqə işləmiş atəş səsi eşitdim... Biz həmin atəş səsini kamerada qeydə aldıq... Az sonra məlum oldu ki, Baş nazirə 30 güllə atılmışdı. Saat 10-30-da Qandini hospitala çatdırdılar.

Qandi həmin gün saat 14-20 keçindi.

Telekameranın yaddaşında yalnız atəş səsləri qaldı. Ustinovun komandası baş varən hadisəni lentə ala bilmədi.

Bu hadisəyə bəlkə də alın yazısı demək olar.

Ustinov həmin gün Qandi ilə çəkiliş vədəsi verməsəydi, bəlkə də bu hadisə baş verməyəcəkdi və yaxud sonralar baş verəcəkdi...

Dünyanın belə işləri də olur.

P.S. Ustinov mənim də oxuyub bəyəndiyim yazıçıdır. Amma dünya onu daha çox aktyor kimi tanıyır.

Mən dostum Hacı Hacılının Ustinovun bir kitabı ilə bağlı qeydlərini oxuyarkən bu hadisəni xatırladım...

Və həmin hadisəni gündəliyimdə qeyd etdiyimi də xatırladım...

Xatırladım ki, həmin gün EA-dakı alimlərin bir neçəsi əməlli-başlı kövrəlmişdi. Onlar Qandinin yaşıdları idi...

 

Otellonun əlcəyi

 

SSRİ Xalq artisti Ələsgər Ələkbərov Şekspirin "Otello" faciəsində baş rolun mahir ifaçılarından biri olub.

Moskvadakı qastrolda böyük aktyor həmin obrazı məharətlə oynayır. Amma birinci pərdədən sonra ona deyirlər ki, "sifətin qrimlənsə də, əlinin qrimlənməsi unudulub". Axı Otello zənci idi və təbii ki, zəncinin üzü kimi əlinin üstü də qaraşın olmalıdır. Aktyor iradla razılaşır. Doğrudan da, onun əlinə qara qrim çəkilməyibmiş. Amma o, təzədən səhnəyə çıxanda hamı görür ki, bu "rəng" məsələsi yenə əvvəlki səhnədə olduğu kimi qalmaqdadır: yəni Otellonun sifəti kömür kimi qapqara, əlləri isə pambıq kimi dümağdır. Bu, rejissorun və bir çox tamaşaçıların diqqətindən yayınmır.

Amma əsərin finalına yaxın Otello, yəni Ələsgər Ələkbərov nümayişkaranə şəkildə əlindəki ağ əlcəyi çıxarıb kənara atır və əlcəyin içindən çıxan qapqara zənci əlləri görünür. Bu, hamını təəccübləndirir. Sən demə, böyük aktyor fasilə zamanı əlinə qara qrim çəkdirib üstündən də ağ əlcək geyinibmiş ki, tamaşaçılar çaşbaş düşməsin. Hər şey daha təbii və inandırıcı alınır. Və onun düşündüyünün əksinə olaraq, tamaşaçılar daha çox çaş-baş qalırlar...

 

Kerenskinin paltosu

 

Bəzən adamları təkcə hansı firqəyə, partiyaya, dünyagörüşünə mənsub olduğuna görə deyil, hətta, geyiminə görə "siyasiləşdiriblər". Məsələn, ötən əsrin 20-ci illərində inqilabçıların bir çoxu Lenin və Trotski kimi sadə kostyum geyməyi xoşlayırdılar. 30-50-ci illərində isə kommunistlərin əksəriyyəti SSRİ rəhbəri, Baş katib Stalin kimi kitel, qalife şalvar, uzunboğaz çəkmə geyirdilər.

Amma ondan bir müddət əvvəl Müvəqqəti hökumətin Baş naziri Kerenski kimi geyməyə çalışan adamlar, xüsusən, gənclər də olub.

Aleksandr Fyodoroviç Kerenski qısa bir müddət ərzində Rusiyanın Baş naziri olmuşdu. O, geyim-keçiminə fikir verən adamdı. Baş nazir o zamanın dəbinə uyğun olaraq gen, uzunətəkli palto geyirdi.

Kerenski ölkəni tərk edib qaçandan sonra belə, bolşeviklər keçmiş Baş nazirin paltosunu uzun müddət unutmadılar. Ən faciəvisi isə budur ki, 30-cu illərdə bir çox günahsız insanları geyimləri "Kerenskinin paltosuna" bənzədiyinə görə repressiya etdilər, güllələdilər, sürgünə göndərdilər.

P.S. Kerenski 90 il ömür sürdü, 1970-ci ildə Nyu-Yorkda vəfat etdi, Londonda dəfn olundu.

 

"Düşmənə" qoyulmuş büst

 

Ern(e)st Neizvestnıy ötən gün (92 yaşında) öldü.

İncəsənətlə maraqlananlara bu ad yaxşı tanışdır. O, böyük rəssam və heykəltaraş idi. 1976-cı ildən Avropada və Amerikada yaşayırdı.

Bilirsiz mən bu böyük sənətkarın ölümünü niyə xatırlatdım?..

Ernst Neizvestnıy yenilikçi, modernist sənətkar idi. 1962-ci ildə Moskva Manejində onun əsərlərinin sərgisi açılmışdı. Sərgiyə gələn o vaxtkı dövlət başçısı Nikita Xruşşov elə oradaca o vaxtkı gənc sənətkarı kəskin tənqid etmiş, "yıxıb-sürümüşdü"...

Xruşşov öləndə onun qəbirüstü abidəsini təmənnasız düzəltmək istəyən bir heykəltaraş belə cəsarət edib irəli çıxmadı. Və bu işi Xruşşovun "düşməni" öz boynuna götürdü. Qısası, Nikita Xruşşovun qəbrinin üstündəki abidənin müəllifi Ernst Neizvestnıydır... Bəzən belə də olur...

 

Bəyəm yazıçı prokurordur?

 

Mediada tez-tez 30-cu illər repressiyasının qurbanları haqda məlumatlar gedir. Əlbəttə, keçmişi unutmamaq lazım. Həmin məlumatlarda qurbanlarla yanaşı, bir çox hallarda "baiskarların" da adı çəkilir. Məsələn, Cavidin, Müşfiqin, Cavadın, Seyid Hüseynin, Sanılının, Talıblının, Çobanzadənin, Ülvi Rəcəbin, Şərifzadənin, Çəmənzəminlinin, Simurğun... ölümündə onların bir çox müasirlərinin adları hallandırılır. Adətən, belə hallarda sübut kimi "baiskarların" qələmə aldıqları kəskin tənqidi yazılar nümunə gətirilir.

Hansısa bir kəskin, hətta qərəzli bir yazısına görə hansısa bir ziyalının, qələm adamının məhv edilməsi inandırıcı deyildir. Ona qalmış, bu gün də öz həmkarlarını "ifşa" edən, eninə-uzununa yıxıb sürüyən (və öz aləmində qəhrəmanlıq edən) müəlliflər kifayət qədərdir və bu "ifşaya" görə heç kəsi məhv etmirlər. Və ən maraqlısı budur ki, məhz bu cür korazehinlər özləri ağılda olan sələflərinin yolunu davam etdirsələr də, onları daha çox tənqid edirlər.

Deməli, günahı başqa yerdə axtarmaq lazımdır. Cinayətkar qismində ayrı-ayrı adamları deyil, bütöv sistemin özünü ittiham etmək daha doğru olardı. Yəni dediyim odur ki, siyasi sifarişlərlə ədəbi tənqidi yazıları eyniləşdirmək olmaz. Tənqidçi və ya yazıçı baş katib və ya baş prokuror deyil ki, hökm oxusun.

P.S. Amma bununla belə,  "işverən baiskarlara", satqınlara, donosbazlara da bəraət vermək doğru deyil.

 

SSRİ-nin dağılmasında... "Məsi"nin rolu

 

Hərdən SSRİ-nin can verdiyi son günləri yadıma düşür. Bəs siz necə, həmin çağları xatırlayırsınızmı? Parlamentlərdəki əsəbi çıxışlar, o vaxtkı nəhəng ölkəni bürüyən "serial" mitinqlər və filmlər, Alma-Ata, Tbilisi, Sumqayıt hadisələri... Əlbəttə, bütün bunları yalnız həmin dövrü görmək üçün yaşı imkan verənlər yada sala bilər...

Həmin vaxt, Moskvada Kaşpirovski adlı bir şarlatan Mərkəzi TV ilə az qala hər gün çıxış edib milyonlarla insanı "gipnoz" edirdi. Adamların bütün diqqəti "mavi" ekranda olduğundan öz şəxsi problemlərini qısa müddətə də olsa unudurdu. Amma sonra yenə dəniz kimi dalğalanan mitinqlər... Yeri gəlmişkən, Kaşpirovski yenə sağdır, 80-ni ötsə də, gümrahdır, saçına manıslar kimi qara yaxır...

Bu əsnada bizdə də bir çox əcaib-qəraib hadisələr baş verməkdə idi...

Əvvəlcə şəhərin "Sovetski" adlanan hissəsində - Təzəpir məscidi tərəfdə, gecələr köhnə bir binanın divarında "sirli insan  kölgəsi" zühur etməyə başladı. Şəhər əhli oraya axın edir, amma heç kəs bu kölgənin "mənbəyini" müəyyən edə bilmirdi... Sıravi adamlar deyirdilər ki, hansısa imam zühur etmədədir...

Sonra kiminsə evində "Məsi" adlı "ağıllı" bir pişiyin sorağı aləmə yayıldı, sən demə, həmin pişik "danışırmış". Gözünə döndüyüm o vaxtki media, habelə TV fürsəti əldən verməyib həmin pişiyi, onun sahibini və ondan yazan jurnalistləri uzun müddət reklam edib "danışdırdı". Az qala əfkar-ümum bu "danışan" pişiyi "dahi" elan etmişdi. Əslində isə, bu bəxti gətirmiş, qucaqlarda gəzən pişik sadəcə olaraq mıyoldamağı bacarırdı. Nəsə mən onun nə "danışdığını" ayırd edə bilmirdim...

Əlbəttə, zənnimcə, bütün bunlar təkcə TV-nin öz təşəbbüsü deyildi. Adamların başını qatmaq üçün düşünülmüş bir "oyun" idi. Yəni sifariş "yuxarıdan" gəlirdi. Bir növ bizim bu qoçaq Məsi pişik Moskvadakı Kaşpirovskinin analoqu və ya davamçısı idi. Axı nəsə düşünüb tapmaq lazım idi. Çünki mağazalarda çörək, ət, pal-paltar, mer-meyvə qəhətə çıxmışdı. Mitinqlər bütün ölkənin - SSRİ-nin hakimiyyət sütunlarını tərpətməkdə idi. Tragikomik faciələr bir-birini əvəz edirdi. Bir azdan həmin sütunlar sınacaq, ölkə dağılacaq, komizm arxa plana çəkiləcək, tragediya isə ön plana çxacaqdı.

Yadınızdadırmı?

Çox güman ki, bu işlərdə Məsinin də bir balaca rolu oldu.

(Ardı var)

 





31.10.2023    çap et  çap et