525.Az

"Tutdum hərbçi adını..."


 

"Tutdum hərbçi adını..."<b style="color:red"></b>

Kənan İmran oğlu Hacıyev 2020-ci il oktyabrın 6-da Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi uğrunda gedən döyüşlərdə komandiri, baş leytenant Rauf Qurbanov və bir neçə döyüş yoldaşı ilə birlikdə əsl qəhrəman vətən oğlu kimi şəhid olub.

Kənan Hacıyev 2001-ci il noyabrın 17-də Astara rayonunun Motalayataq kənd inzibati ərazi dairəsinin Anboba kəndində dünyaya gəlib. İbtidai təhsilini Anboba kənd məktəbində alıb. Birinci Qarabağ müharibəsinin şəhidi Sarvan Qurbanov adına Motalayataq kənd tam orta məktəbininin 9-cu sinfini bitirdikdən sonra Lənkərandakı 4 saylı humanitar təmayüllü liseyə imtahan verib. Onbirillik təhsilini 2019-cu ildə həmin liseydə başa vurub.

Lənkəran şəhəri Vaqif Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova: "İkinci Qarabağ savaşında məzunlarımızdan 4 nəfər şəhid olub. Orxan Quluzadə, Elmar İbayev, Fariz Zülfüqarov və bir də Kənan... Biz onları unuda bilmərik. Kənan çox sakit, mədəni uşaq idi. Son siniflərdə oxudu bizim məktəb-liseydə. O qədər mehriban idi, tez zamanda sinfin liderinə çevrildi. Həm davranışı, həm oxumağı ilə seçilirdi. Bütün tədbirlərdə öndəydi. Ölümü sarsıtdı bizi. Çox heyif... Amma Vətən yolunda savaşmaq, şəhid olmaq da şərəflidir. Onun xatirə stendini hazırlamışıq. Qəhrəman məzunlarımızla fəxr edirik".  

Müəllimləri, dostları, tanıyanları üçün Kənan saflığın, dürüstlüyün ifadəsiydi.

Liseyi əla qiymətlərlə bitirən Kənan Bakı Biznes və Kooperasiya kollecinə qəbul olur. 1-ci semestri də uğurla bitirir. Sonra həqiqi hərbi xidmətə çağırılır.

"Vətənə borcum var" deyib. 2020-ci ilin yanvarında artıq "əsgər Kənan" deyirdilər ona.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı gedən döyüşlər zamanı - oktyabrın 5-i səhər sonuncu dəfə ailəsiylə danışıb.

Tabor komandiri Elçin Cuvarov: "Füzulinin kəndlərini azad edirdik. Hücum edən tərəf adətən daha çox itki verir. Çalışırdıq itkimiz az olsun. Çox gənc olduğundan çox da önə buraxmaq istəmirdik. Amma həmişə birinci olurdu. Pulemyotçu idi. Sərrast atıcıydı. Çox qoçaq, mərd oğlan idi. 18 yaş nədir ki? Çoxu uşaq kimi baxır. Amma döyüşdə bir başqaydı. Özüm də təsəvvür etmirdim 18 yaşlı əsgərlər bu qədər qoçaq olar".

Döyüş yoldaşı Nicat Hacıyev: "Kənan tam fərqliydi. Çox cəld idi. Elə bilirdim, ona güllə dəyməz. 8 ayın əsgəri olmasına baxmayaraq, püxtələşmiş hərbçi kimiydi. Son döyüşdə də mərdliklə döyüşürdü. Yoldaşlarını qorumaq üçün özünü sipər etmişdi".

Kənanı hücum vaxtı ikinci qrupa salıblar. O isə öndə gedən birinci qrupa keçib. Birinci olmaq istəyib həmişə olduğu kimi.

Atası İmran Hacıyev: "Çox çalışqan idi oğlum. Məktəbdə də həmişə tərifləyirdilər. Hərbçi yoldaşları da təriflədilər. Oktyabrın 5-də danışdıq. Elə "yaxşıyam" dedi. Demə, çətin döyüşə gedirmiş. Bir neçə gün zəng olmadı. Müharibədir, düşündüm bəlkə, imkanı olmayıb zəng etməyə. Əslində döyüş yoldaşları biliblər, sadəcə deyə bilməyiblər bizə. 35 gün Kənandan heç bir soraq olmadı. İtkin, ya əsir düşməsini istəmirdim. Bu xəbərdən çox qorxurdum. Nəhayət, şəhid olduğunu öyrəndim... Qələbəni gözləyirmiş oğlum".

10 noyabrda Qələbə xəbəriylə bərabər, Kənan Hacıyevi də gətirirlər doğma kəndinə. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Həqiqi hərbi xidmətə getmədən öncə bir məktub və şeir yazıb Kənan.

 

Tutdum hərbçi adını,

İçdim hərbçi andımı.

Vətənə layiq birisi

olmaqçün tutdum bu izi.

 

Vətən darda olan zaman

çatdırram özümü o an.

Düşmənə vermərəm aman,

Torpağıma verərəm can.

 

Hərbə getmək nəfəsim

Vətəndə çıxsın nəfəsim

Şəhid olub gəlsəm əgər

əzabı bir nəfər çəkər.

 

Hər arzu, hər diləyimdir,

Sınmaz olan biləyimdir.

Qürurlu olmaqdı peşəm,

Ürəyimdə yox əndişəm.

 

Özünə, öz gücünə, qürüruna güvənib, əmin olub Qalib olacağına. Bizə də bunu arzulayıb Kənan İmran oğlu Hacıyev.

 

 





31.10.2023    çap et  çap et