Şimali Koreyanın diktatoru Kim Çen In Üçüncü Dünya müharibəsinin hər an başlaya biləcəyi haqqında xəbərdarlıq edərək hər kəsi buna hazır olmağa çağırıb. Kim Çen Inın bu xəbərdarlığı ilk və son olsaydı, diqqət çəkməzdi. Ancaq Kim Çen Inın xəbərdarlığı olmadan da böyük müharibə təhlükəsi çox aydın görünür.
Rusiyanın Nüvə Sınaqlarının Qadağası Müqaviləsindən çıxması və Prezident Vladimir Putinin rəhbərliyi altında nüvə zərbəsi təlimini həyata keçirməsi böyük müharibə təhlükəsinin gerçək olduğunu göstərir. Nüvə Sınaqlarının Qadağası Müqaviləsini Rusiya 1996-cı ildə imzalayıb və 2000-ci ildə ratifikasiya edib. Rusiyanın 23 ildən sonra müqavilədən çıxması və "nüvə üçlüyü"nün yer aldığı nüvə zərbəsi təlimini keçirməsi Moskvanın böyük müharibə ərəfəsində son hazırlıqları kimi də dəyərləndirilə bilər.
Rusiya ilə yanaşı, Çin də nüvə arsenalını gücləndirir. ABŞ Müdafiə Nazirliyinin Konqresə təqdim etdiyi hesabata görə, Çin artıq 500-dən çox nüvə başlığına sahibdir. Pentaqonda hesab edirlər ki, qarşıdakı 7 il ərzində Çinin nüvə başlığının sayı iki dəfə artacaq. Bundan başqa, Çinin Amerika qitəsini adi silahlarla vura biləcək uzaqmənzilli raketlər üzərində sürətli iş apardığı da Pentaqonun hesabatında əksini tapıb.
Çin və Rusiya kimi nüvə dövləti olan Fransada da silah istehsalı artıb. Hələ bir il öncə, 2022-ci ilin iyununda "Eurosatory" Müdafiə Sərgisində prezident Emmanuel Makron bəyan etmişdi ki, Rusiya-Ukrayna müharibəsinin uzunmüddətli olacağını nəzərə alıb Fransa müharibə iqtisadiyyatına keçməlidir. Ona görə də Fransanın silah istehsalını sürətləndirməsi gözlənilməz deyil. Yeri gəlmişkən, qeyd edək ki, "Sezar" özüyeriyən haubitsa istehsal edən Nexte şirkəti aylıq istehsalını iki dəfə artırdığı kimi MBDA şirkəti də "Mistral" hava hücumundan müdafiə raket istehsalını iki dəfə artırıb. Dassault Aviation şirkəti isə "Rafale" döyüş təyyarələrinin istehsalını 3 dəfə artırıb. Bütün dünyada, xüsusilə ilə də Avrasiyada yerləşən ölkələrinin sürətlə silahlanması və hərbi qüvvələrinin sayını artırması müşahidə olunur. Elə vəziyyət yaranıb ki, hətta NATO-ya üzv dövlətlərin bir çoxu Şimali Atlantika Alyansının təhlükəsizlik zəmanəti altında olsalar da, ABŞ-la ikitərəfli müqavilə imzalayaraq, ölkələrində Amerikan əsgərlərinin yerləşdirilməsinə nail olmağa çalışırlar.
Rusiya-Ukaryna müharibəsinin sərhədlərinin genişlənəcəyi ehtimalı atdığı kimi, HƏMAS-ın qanlı terror hücumuna qarşı İsrailin özünümüdafiə tədbirlərinə bölgə ölkələrinin kəskin reaksiyası Yaxın Şərqi hər an partalaya biləcək barıt çəlləyinə çevirib.
İran prezidenti İbrahim Rəisinin İsrailin "hər kəsi hərəkətə keçməyə məcbur edə biləcək qırmızı xətti keçdiyi"ni bəyan etməsi və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yəhudi dövlətini "terrorçu rejim" adlandırması Yaxın Şərqi böyük müharibəyə çağırış kimi dəyərləndirilir. Prosesi diqqətlə təhlil edəndə belə qənaət yaranır ki, həm İran, həm də Türkiyə İsrailə qarşı "müqavimət oxu" yaratmağa çalışırlar.
İran prezidenti İbrahim Rəisi Qətər əmiri Təmim bin Həməd Al Tani ilə apardığı danışıqlar zamanı "zorakılığın" davam etməsinin qarşısını almaq üçün region ölkələrinin İsrailə qarşı vahid mövqe nümayiş etdirmələrinin zəruriliyini bildirib.
İran, Türkiyə və ərəb dövlətlərinin İsrailin Qəzzada həyata keçirdiyi əməliyyata qarşı çıxışlarının sərtləşdiyi bir vaxtda ABŞ və digər NATO ölkələri Yaxın Şərq regionunda hərbi qüvvələrini artırmaqda davam edirlər. ABŞ-nın nüvə mühərrikli təyyarədaşıyan USS Eisenhower gəmisi Cəbəllütariq boğazını keçərək Pentaqonun bir müddət əvvəl bölgəyə göndərdiyi zərbə qrupuna doğru istiqamət alıb. Fransa Şərqi Aralıq dənizinə 20-yə yaxın hücum helikopteri və yüzlərlə dəniz piyadası daşıyan "Tonnerre" helikopter gəmisini göndərir. Böyük Britaniya, Almaniya və Avstraliyanın da Yaxın Şərqə öz hərbi qruplaşmalarını göndərdiyi haqqında məlumatlar var.
Qərb dövlətləri bu tədbirlərin İsrailə qarşı üçüncü tərəfin hücumunun qarşısını almaq və müharibənin sərhədlərini genişləndirmək cəhdlərini cilovlamağa xidmət etdiyini vurğulayırlar. Ekspertlər isə bildirirlər ki, USS Eisenhower təyyarədaşıyan gəmisinin Aralıq dənizinə daxil olmasından sonra ABŞ-ın bütün hərbi donanmasının təxminən dörddə biri bu bölgədə cəmləşmiş olacaq. Ondan sonra bu bölgədə 1600 kilometr məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malik "Tomahawk" qanadlı raketlərinin sayı 450-yə çatacaq. Ekspertlər bu silahların HƏMAS-a qarşı istifadə üçün nəzərdə tutulmadığını xüsusilə vurğulayırlar. Belə ehtimallar var ki, bu raketlər İrandakı hərbi obyektləri nəzarət altında saxlayacaq. ABŞ və NATO qüvvələrinin Yaxın Şərqdə gücləndirilməsi ekspertlər tərəfindən Qərb koalisiyasının böyük müharibə öncəsi hazırlığı kimi dəyərlənirilir.
Belarusda payız hərbi xidmətə çağırış başlayıb və Silahlı Qüvvələrin bölmələrinə daha 10 min nəfərin daxil olacağı nəzərdə tutulur. Bundan başqa, Belarusda məhkum olunmuşların və barələrində cinayət işi yenicə qaldırılan şəxslərin müqavilə ilə hərbi xidmətə cəlb edilməsini nəzərdə tutan qanun layihəsi müzakirə olunur. Qonşu dövlətlər bütün bunları Belarusun müharibəyə hazırlaşması kimi dəyərləndirirlər.
Ukrayna Silahlı Qüvvələrinin ilhaq olunmuş Krım ərazisinə hücumları artırması, Rusiyanın Ukraynaya qarşı raket hücumlarını gücləndirməsi bu iki postsovet ölkəsi arasında müharibənin daha da şiddətlənəcəyindən xəbər verir. Belə görünür ki, bütün hadisələr bəşəriyyəti böyük müharibəyə doğru aparır. Dövlət başçıları böyük müharibə ilə bağlı həyəcan təbili çalsalar da, Üçüncü Dünya müharibəsi kimi təsəvvür edilən savaşa hazırlaşırlar.