|
|
|
|
Şimali Qafqazın bir neçə böyük şəhərində yəhudilərə qarşı hücumlar dünyanın diqqətini yenidən Rusiyada baş verən hadisələrə yönəltdi. "Vaqner" Özəl Hərbi Şirkətinin qiyamından sonra ekspertlər Rusiya hüquq-mühafizə orqanlarının qəfil və kütləvi aksiyalar qarşısında aciz qaldığına diqqət çəkirdilər. Şimali Qafqazın bir neçə böyük şəhərində son günlər baş verən hadisələr hüquq-mühafizə orqanlarının qəfil və kütləvi aksiyalar qarşısında gücsüzlüyünü bir daha üzə çıxardı. Mahaçqalada qızmış kütlənin hava limanın uçuş-enmə zolağına daxil olması, təyyarəyə hücum etməsi Rusiyadakı sabitliyin nə qədər kövrək olduğunu, hər an pozula biləcəyini bir daha təsdiqlədi. Bəzi ekspertlər hesab edirlər ki, Şimali Qafqazda baş verən hadisələr bütün Rusiyanı əhatə edəcək dağıdıcı hadisənin son təlimidir. Elə bir vəziyyət yaranıb ki, mərkəzi hakimiyyət əyalətlər qarşısında öhdəliklərini yerinə yetirə bilmir. Bunun ən bariz nümunəsini Dağıstanda müşahidə etmək olar. Dağıstanın elektrik infrastrukturu tamamilə çöküb. Rəsmi məlumata görə, Dağıstanda elektrik şəbəkəsində təyinatından və sahəsindən asılı olaraq elektrik avadanlıqların ən azı 75 faizi köhnəlib və istifadəyə yararsızdır. Yay aylarında Dağıstanda elektrik enerjisi gün ərzində 5-6 saat verilirdi. Buna görə də iyulun sonundan başlayaraq hər gün Dağıstan sakinləri yolları bağlayır, hökumət binaları önündə piket keçirirdilər. Lakin buna baxmayaraq, onların tələbləri təmin edilmədi.
Dağıstanın elektrik infrastrukturunun yenilənməsi üçün 14 milyard rubl (təxminən 140 milyon dollar) lazımdır. Ukraynaya qarşı müharibənin bir gününə yalnız mərkəzi büdcədən 28 milyard rubldan (280 milyon dollar) artıq pul xərcləyən Moskva bütün Dağıstanın elektrik şəbəkəsinin yenilənməsi üçün lazım olan 14 milyard rubl ayıra bilmir.
Dağıstandakı gərginliyin digər bir səbəbi Ukrayna müharibəsi ilə birbaşa bağlıdır. Ukraynaya qarşı müharibə başlayandan Dağıstanda ölüm statistikası 105 faiz artıb. Bu, Rusiyada ən yüksək göstəricidir.
Əlbəttə, son günlər baş verən hadisələrdə dini amilin də rolu var. Dağıstanda həyat şəraiti ağırlaşdıqca paralel olaraq radikal dini qrupların mövqeyi güclənir. Belə bir mühitdə istənilən qığılcım partlayışa səbəb ola bilir. Digər tərəfdən, Moskvada post-Putin dövrünə hazırlaşan hakimiyyətdaxili qruplar da proseslərin sürətlənməsinə təsir göstərirlər.
Proseslərin ardıcıllığı göstərir ki, Rusiya sosial partlayış ərəfəsindədir. Bu partlayışın mərkəzinin Şimali Qafqaz ola biləcəyi ilə bağlı ehtimallar yəhudilərə qarşı hücumlardan sonra daha da artıb. Çox böyük ehtimalla, soyuqların düşməsi ilə yaşayış imkanlarının məhdudlaşması bu prosesi bir qədər də sürətləndirəcək.