(Əvvəli ötən çərşənbə sayımızda)
Mən tərcümeyi-hal romanları ilə ixtisaslaşmış digər yazıçıların əsərlərini də oxumuşam. Onların içərisində İrvinq Stounun Vinsent van Qoqun həyatından bəhs edən "Həyat eşqi", Cek Londona həsr edilmiş "Yəhər üstündəki dənizçi" romanlarını və Mikelanceloya həsr olunmuş "Əzablar və sevinclər"ini qeyd etmək istəyirəm. Lakin heç kəs bu sahədə Andre Morua ilə müqayisə oluna bilməz. O, gözəl ədəbiyyat tədqiqatçısı olmaqla yanaşı, həm də əvəzsiz insan tədqiqatçısıdır, güclü tarixçidir və ən nəhayət, qeyri-adi istedadlı qələmə və heç kimlə müqayisə edilməyən obrazlı dilə və oxunaqlı ifadə tərzinə, cilalanmış söz ehtiyatına malikdir. Bəlkə də, Morua XX əsrdə Plutarx üslubunu davam etdirərək böyük yazıçıların, elm və siyasi xadimlərin bir heykəltaraş tişəsi ilə mərmərdən ifadəli heykəlini yonmaqla, onların əbədiləşdirilməsi yolunda əvəzsiz xidmət göstərmişdir. Onun fransız, ingilis və rus yazıçıları haqqında esseləri də böyük maraqla oxunur. Ensiklopedik biliyə və arxeoloq məharətinə malik olan bu tədqiqatçının gözlərindən heç nə yayınmır, nə qəhrəmanlarını əhatə edən mühit, nə onun siyasi və ictimai fəaliyyət vektorlarını müəyyən edən qüvvələr və amillər, nə həmin dövrün adamlarının mentaliteti və düşüncə tərzi, nə qəhrəmanların şəxsi keyfiyyətləri, ləyaqət və qüsurları, nə də onların əsərlərinin ideya və bədii qayələri. Ecazkar rəssam kimi o, hər bir yaxmanı, rəngi öz yerində vurur, bu vaxt həm işıq-kölgə vasitələrindən, həm də impressionistlər kimi plenerdən ustalıqla istifadə edir. Bütün bunlar onun qəhrəmanlarının malik olduğu bir zirvəni - ölməzliyi ona da, onun əsərlərinə də qismət edir. İlahiyyat alimi Laktantsinin yazdığına görə, "ölməz insanın özü allaha ən gözəl himndir". Mən dostlarıma məsləhət görərdim ki, belə görkəmli düha ilə tanışlığa can atsınlar, bu vaxt heç nə itirmədən çox şey qazanarsınız. Morua qələmi ən primitiv zövqləri də nəcibləşdirə, yaxşılaşdıra bilir, oxucunun yüksək zövqünün formalaşması üçün möhkəm bir tramplin yaradır.
İndi isə bir qədər ingilis ədəbiyyatının nümunələrinə ötəri də olsa, nəzər salaq. İngilis ədəbiyyatının Şekspirdən sonrakı dövrünün görkəmli nümayəndəsi XVIII əsrdə yaşamış Lourens Sterndir. Onun Fransaya səyahət və Şekspirin təlxək obrazından əxz etdiyi Yorik adlandırdığı adamın macəraları həvəslə oxunur. XIX əsr isə bu ədəbiyyata Çarlz Dikkens, Stivenson, Valter Skott, Oskar Uayld, Con Qolsuorsi, bir az sonra isə Somerset Moem, Konan Doyl, Aqata Kristi kimi nəhəng yazıçılar vermişdir. Əsərlər orijinalda daha maraqla oxunur. Uşaqlara "Mauqli"dən tanış olan Redyard Kiplinq kimi yazıçının hekayələri, müstəmləkə Hindistanında yaşayan ingilislərin, hindusların və müsəlmanların əhvalatlarını təsvir edir.
Azərbaycan oxucusu Şerlok Holms vasitəsilə də yazıçı Konan Doylu kəşf etmişdir. Məni dilinin zənginliyi və zərifliyi ilə heyran edən Qolsuorsinin "Forsaytlar haqqında saqa" romanı və Somerset Moemin "Teatr", "Ay və xırda pul" və "Şəkilli pencərə pərdəsi" povestləridir. Varlı və çoxlaylı bir zadəgan ailəsinin - Forsaytların həyatından bəhs edən beş cildlik bu dastan tipli əsər göstərir ki, pula allah kimi sitayiş edildiyi ailələrə xoşbəxtlik, bir qayda olaraq, heç vaxt qonaq olmur, bəlkə, bəziləri qısa müddətdə yalnız bu kabusun varlığı haqqında təsəvvürə malik olmaq imkanı tapır. Forsaytlar öz cəmiyyətlərinə kənardan daxil olmuş ən istedadlı adama belə həqarətlə baxır, əsərdəki memarı təhqiramiz qaydada "dəniz qulduru" adlandırırlar. Var-dövlətin daimi atributa çevrildiyi bu ailənin hər bucağında cürbəcür bədbəxtliklər məskən salmışdır. Əsərin ifadə tərzi, dili olduqca zərifdir, müəllif qoca Forsaytın ağacın altındakı sakitcə ölümünü onun bığının üstünə düşən ağac tozcuğunun daha o, nəfəs almadığından tərpənməməsi ilə təsvir edir. Romanın qəhrəmanları elə bil ki, qədim yunan mifindəki, oğullarını itirib daim göz yaşları axıdan daşa dönmüş Nioba kimi allahlar tərəfindən lənətlənmişlər və onların həyatından həqiqi insan xoşbəxtliyi yoxa çıxmışdır.
Moemin povestləri isə insan talelərini tədqiq və təhlil etməklə insan həyatının mənasını qiymətləndirməyə cəhd edir. Onun Çində yerləşən xristian karmelit sektasından olan rahibə qadınların həyatı fonunda bir ingilis qadınının qızğın məhəbbəti naminə ərinə xəyanət etməsi, onların Honkonqdan xolera yuvası olan Cənubi Çinə işləməyə getməsində ərinin xəyanətə dözməyərək, bu dəhşətli xəstəlikdən ölməsini və ölüm anında da xahişinə quduz itlə müqayisə edən şeirlə cavab verərək, onu əfv etməməsini, nəhayət, məşuqunun əclaflığını, öz karyerasını qorumaq naminə arvadını hər cür bədbəxtliklərə düçar etməyə hazır olduğunu göstərməklə, məğrur qadının bu alçaqlıqla barışmadığını təsvir etməklə. məhəbbətin ianə olmadığını, dilənçi payı kimi qəbul edilmədiyini göstərir. "Teatr" əsərində isə gözəl və məhşur aktrisa şəxsi həyatında xoşbəxt deyil, onun sevgi axtarışları uğursuz qurtarır, oğlunun dostu ilə intim yaxınlığının da bu oğlan üçün bir uşaq şıltaqlığı olduğunu dərk etdikdən sonra, bu təşnəsi söndürülməyən qadın qəlbi, daha narahat günlər yaşamağa başlayır. "Ay və xırda pul" əsərində isə məşhur rəssamın sərgüzəştlərindən, xüsusən prototipi olan məşhur rəssam Pol Qogen kimi Taiti adalarındakı tapıntılarından bəhs olunur.
İngilisdilli xalqların ədəbiyyatına gəldikdə gənc və zəngin amerikan ədəbiyyatına müraciət etmək maraqlı olar. Edqar Po, Folkner, Fitsçerald, Heminquey, Teodor Drayzer, Con Apdayk, Artur Xeyli daha populyar olsa da, Azərbaycan oxucusu bu ədəbiyyatla Fenimor Kuperin hinduları təsvir edən əsərləri, O`Henrinin gözəl novellaları və Mark Tvenin güclü yumoru, Cek Londonun "Marten İden" romanı və qızıl axtaranların macəralarına həsr olunmuş povestləri vasitəsilə daha yaxından tanışdır. Edqar Po öz əsərlərində ilk dəfə detektiv və fantasmoqorik janrlara müraciət edir. Fenimor Kuper özünün "Axırıncı mogikan", "Pionerlər" və digər əsərləri ilə uşaqların ən sevimli yazıçılarından biri hesab olunur. O'Henrinin lirik və güclü yumorla dolu kiçik novellaları bizə onun dövrünün Amerikası haqqında cild-cild əsərlərdən daha çox məlumat verir.
Con Apdaykın "Gəl evlənək" əsərində gecikmiş məhəbbətin şirinliyi və şiddəti ustalıqla təsvir olunur. Bu əsəri oxuyanların çoxu özlərini Apdaykın qəhrəmanları ilə müqayisə edir, onlara oxşamağa çalışır. Heminquey isə bir vaxtlar bizdə çox məşhur olmuşdur. Onun "Zənglər kimə çalınır" və "Əlvida, silah" romanları, "Qoca və dənizçi" povesti bir etiraf nağılı kimi bir nəfəsə oxunur. Artur Xeyli isə ədəbiyyata maraqlı bir üslub gətirmişdir, o, adi əhvalatlar fonunda ölkəsinin iş dünyasında, biznes aləmində cərəyan edən hadisələri böyük bələdçilik qabiliyyəti ilə təsvir edir. Axı "Otel" və "Aeroport" romanları son səhifəyədək oxucunu intizardan qurtarmır. 90-cı illərdə ədəbiyyata gəlmiş hüquqşünas Con Qrişhom özünün dünyada məşhur olan üç bestselləri ilə - "Firma", "Müştəri" və "Gödək qutan" əsərlərində amerikan mafiyasını indiyədək tam məchul olan nöqtələrdən tədqiq etməyə başlayır və bu qənaətə gəlir ki, böyük dövlətin əlində olan imkanlar mafiyanın qüdrəti qarşısında cılız və aciz görünür. Bu yazıçı həm də yeni yazı tərzi gətirmişdir, burada hadisələr olduqca sürətlə, dinamik inkişaf edir, sözlər əsərin anatomik skeletini təşkil edən orqanlar rolunu oynadığından, heç bir cümlə əsərin fabulasına xidmətdən kənarda qalmır. Mən ingilis dilində mütaliə edənlərə bu əsərləri oxumağı məsləhət görərdim. Çünki əsər vasitəsilə amerikan hüquqşünaslığı ilə də mükəmməl tanış olmaq imkanı əldə edilir.
Digər ingilisdilli ədəbiyyatdan Avstraliya qadın yazıçısı Kolin Makkalounun 80-cı illərdə çox məşhur olan "Cəngəlliklərdə şərqi deyənlər" romanını qeyd etmək istərdim. Əsər kiçik qız Meqqinin keşiş Ralf ataya məhəbbətinin ilk anından, bu məhəbbətin onlara bəxş etdiyi qısa xoşbəxtliyin və şərtiliklərin ucbatından, dini yasaqların qorxusundan bu sevgi qayığının həyatın reallıqları qayasına çırpılaraq məhv olmaq səviyyəsinə gəlib çatdığını təsvir edir. Onların məhəbbətinin yeganə məhsulu olan oğulları Yunanıstanda dənizdə batıb öldükdən sonra Meqana Ralfa çox sərt qaydada bu bədbəxtliklərə onun səbəb olduğunu söyləyir və keşiş Ralf həyatın ona bəxş etdiyi yüksək mövqe ilə şəxsi həyatının bədbəxtliyi arasında elə bil ki, çəkiclə zindan arasında qalmaqda davam gətirə bilmədiyindən, son anda öz şərqisini oxuyaraq döşünü cəngəlliyin iti tikanları ilə yaralayıb, həlak olan mifik quşlar kimi, onun ürəyini didib-dağıdan bu dərdlərə, bu keşməkeşlərə dözə bilmir, həyatdan insan məmnuniyyəti tapmadığına görə onunla vidalaşır. Meqana isə ən ağır bədbəxtliklərin qarşısında belə əyilmir, çünki onun məhəbbət adlı bir məbədgahı var, onun həyatı Nuhun qayığı kimi bədbəxtliklər dənizində üzsə də, həyatını nurlandıran məhəbbətdə təskinlik tapır və təəssüratlarında tez-tez oyanan bu göyərçin ona zeytun budaqlarından olan sevinc çələngi bəxş edir.
60-cı illərin əvvəlində Lui Araqon Çingiz Aytmatovun "Cəmilə" povestindəki sevişən qadınla Daniyarın əhvalatını XX əsrin Romeo və Cülyettası adlandırdığı kimi, mən də cəsarət edib deyə bilərəm ki, Makkalounun əsəri saf məhəbbəti tərənnüm edən ən qiymətli əsərlərdən biri hesab oluna bilər. Bu qadın yazıçı özündən bir əsr yaşlı olan rəfiqələri "Tom dayının koması" romanının müəllifi Harriet Biçer Stounun və məşhur "Ovod"un yaradıcısı Etel Lilian Voynicin gözəl ənənələrini davam etdirmişdir.
Alman ədəbiyyatı da olduqca zəngindir. Kim Hötenin "Faust"unu və ya "Gənc Verterin iztirabları"nı oxumamışdır? Axı sonuncu kitabı Napoleon daim hərbi yürüşlərində özü ilə götürürdü. Şillerin pyesləri, Nitsşenin fəlsəfi əsərləri, Remarkın böyük maraqla oxunan "Zəfər tağı", "Üç yoldaş", "Qara obelisk" romanları, Feyxtvangerin "Qoyya" romanı, Henrix və Tomas Mannın əsərləri, Henrix Heynenin şeirləri çoxlarına tanışdır. Avstriya ədəbiyyatı isə Stefan Tsveyqin gözəl povestləri, xüsusən "Ürəyin dözməzliyi" əsəri və hekayələri, Freydin insan fəaliyyətinin motivlərini tam başqa sahədə - iki cinsin intim münasibətində axtaran elmin əsasını qoyan psixoanaliz barədəki əsərləri ilə tanınır.
İspandilli ədəbiyyatın Servantes, Lope de Veqa, Qarsia Lorka, Jorj Amadu, Qabriel Qarsia Markes, Oktavio Pas kimi nümayəndələrinin yaradıcılığı ilə tanışlıq adama çox şey verir. Argentinanın sonralar prezidenti olmuş Sarmyentonun "Fakundo" əsəri bu ölkənin keçən XIX əsrin 30-40-cı illərində Rusiyanın indi yaşadığı dövrə çox oxşar olan biabırçı həyatının müdhiş səhnələrini təsvir edir. Markesin isə "Tənhalığın yüz ili" və digər əsərləri özünün sürrealist əhvalatları ilə oxucunu elə bil ki, qeyri-real, virtual bir aləmə aparır.
Biz başqalarından fərqli olaraq daim Şərq ədəbiyyatını mövcud imkan daxilində izləmişik. Bir vaxtlar "Kəlilə və Dimnə" və "Qabusnamə" əsərləri stolüstü kitaba çevrilmişdi. "İnostrannaya literatura" jurnalı vasitəsilə müasir dünya ədəbiyyatının bir çox qiymətli nümunələri ilə tanış olmaq imkanı tapdığımız kimi, bu jurnalda Sudan yazıçısının bir kənd dəlisinin həyatından bəhs edən və "happy end"lə bitən - kəndin ən gözəl qızının ona ərə getməsi ilə tamamlanan romanı mənə olduqca böyük təsir bağışladı. Mən Misir yazıçısı Nəcib Mahfuzun Nobel mükafatına layiq görülən romanını da "Min bir gecə"nin bugünkü davamı kimi qəbul etdim.
(Ardı var)