525.Az

Azərbaycanın Milli Qəhrəmanının medalı Ukraynada onun ailəsinə təqdim edilib


 

Azərbaycanın Milli Qəhrəmanının medalı Ukraynada onun ailəsinə təqdim edilib<b style="color:red"></b>

Müdafiə naziri Zakir Həsənovun əmri ilə polkovnik Abdulla Qurbani avqustun 23-də Ukraynanın Xarkov şəhərinə gedərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Ruslan Aleksandroviç Polovinkanın ailəsinə baş çəkib, qəhrəmanın xatirəsinə həsr olunmuş anım mərasimlərində iştirak edib.

525.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Xarkov vilayəti administrasiyasında Ukraynadakı səfirliyin, vilayət icra administrasiyası rəhbərliyinin, Azərbaycan-Ukrayna icması nümayəndələrinin, şəhidin doğmalarının, KİV əməkdaşlarının iştirakı ilə anım mərasimi keçirilib. Vilayət qubernatorunun müavini İvan Varçenko, Azərbaycan-Ukrayna dostluğu cəmiyyətinin sədri Murad Ömərov, istefada olan polis polkovniki Bəhlul Mustafayev, şəhidin bacısı Tatyana Zelenskaya çıxış ediblər. Polkovnik Qurbani qeyd edib ki, Ukrayna xalqı bu torpaq uğrunda həlak olan Azərbaycan oğullarını unutmadığı kimi Azərbaycan xalqı da öz ukraynalı qəhrəmanını da heç vaxt unutmur.

Mərasimdə Ruslan Polovinkanın keçdiyi döyüş yolu haqqında məlumat verilib. Qeyd olunub ki, o, 1991-ci ildə ali hərbi təyyarəçilik məktəbini bitirdikdən sonra gənc leytenant kimi Naxçıvana göndərilib, Azərbaycanın milli hərbi hava qüvvələri yarandığı ilk gündən orduya könüllü daxil olaraq helikopter eskadrilyasında pilot kimi xidmətə başlayıb. Qarabağ müharibəsində bir çox hərbi əməliyyatların fəal iştirakçısı olmuş Ruslan Polovinka Qubadlı, Laçın, Ağdərə uğrunda gedən döyüşlərdə xüsusilə fərqlənib. 1992-ci il avqustun 6-da Azərbaycan hərbçiləri Ağdərə rayonunun Kasapet yüksəkliyi yaxınlığında mühasirəyə düşərkən Ruslan Polovinka Mİ-24 helikopterinin heyəti ilə həmin əraziyə üç dəfə uçuş edib. Qəhrəman pilot düşmənin zirehli texnika və canlı qüvvəsini məhv edərək mühasirəni yarıb, yaralıları və şəhidləri oradan çıxarıb. Dördüncü uçuşda helikopter düşmən tərəfdən raketlə vurulduqda belə, son anadək döyüş maşınını tərk etməyib və ekipajın digər heyət üzvləri ilə birlikdə qəhrəmancasına həlak olub.

Leytenat Ruslan Polovinkaya Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi haqqında prezident İlham Əliyevin fərmanı oxunduqdan sonra polkovnik Qurbani Milli Qəhrəmanın “Qızıl ulduz” medalını və Heydər Əliyevin imzası olan vəsiqəni şəhidin anası Qalina Polovinkaya təqdim edib.

Mərasim iştirakçıları sonra Ruslan Polovinkanın doğulduğu Zimiyov şəhərinə yollanıblar. Onun məzarı üzərinə “Azərbaycanın Mili Qəhrəmanı” sözləri yazılmış və səkkiz guşəli ulduz təsvir olunmuş mərmər lövhə vurulub.

 





25.08.2014    çap et  çap et