525.Az

İlham Nəzərov: "Xaricə qastrol səfərləri yaradıcı insana əlavə stimul verir"


 

İlham Nəzərov: "Xaricə qastrol səfərləri yaradıcı insana əlavə stimul verir"<b style="color:red"></b>

Müsahibimiz Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Prezident mükafatçısı, Əməkdar artist İlham Nəzərovdur. Onunla söhbətimizə bu günlərdə gerçəkləşmiş Moskva səfəri barədə sualla başladıq.

 

- Rusiyanın paytaxtı Moskvada böyük sənətkar, məşhur opera müğənnisi Tamara Sinyavskayanın 80 illik yubileyi münasibəti ilə qastrol səfərində idim. Oraya Müslüm Maqomayev adına müsabiqənin qalibi kimi dəvət olunmuşdum. Konsert möhtəşəm keçdi. Mənim üçün əlamətdar hadisə idi.

- Vətəndaşı olduğunuz ölkəni sərhədlərdən kənarda, dünya səhnələrində təmsil etmək necə bir hissdir?

- Çox gözəl bir hissdir. İdmançılar, müğənnilər və digər ölkəsini təmsil etmək şansına malik peşə sahibləri çox xoşbəxt şəxslərdir. Çünki onlar seçilirlər. Bu şəxslər dünyada özlərindən sonra bir iz qoymaq imkanına malikdirlər. Təbii ki, bu iz tarixdə nə qədər qalacaq, əbədi, yoxsa qısa müddətli olacaq, bütün bunlar o şəxsin yaradıcılığının dərinliyindən və şansından asılıdır. Çox xoşbəxt sənətçiyəm ki, Azərbaycanımızı 65-ə yaxın ölkədə təmsil etmişəm. Xaricə qastrol səfərləri yaradıcı insan üçün çox önəmlidir, ona əlavə stimul verir, öz üzərində daha çox çalışmağa sövq edir.

- Bir az əvvələ qayıtmaq istərdik. Sizin ilk musiqi təhsiliniz muğam üzrə olub. Hətta Ağaxan Abdullayevin şagirdi olmusunuz. Bəs sonra niyə istiqamətinizi dəyişdiniz?

- İlk musiqi təhsilimi indiki Şirvan şəhərində almışam. Sonra Bülbül adına orta ixtisas məktəbinin xanəndəlik sinfinə daxil oldum və Xalq artistimiz Ağaxan Abdullayevdən dərs aldım. Qeyd edim ki, xanəndəlik, yəni milli vokal ifaçılığı akademik vokal ifaçılığı kimi mürəkkəbdir və böyük səs imkanları tələb edir. Həmçinin, milli vokal ifaçılığı fərqli üslub və yanaşma tələb edir. Ancaq mən heç zaman özümü xanəndə kimi hiss etməmişəm. 11-ci sinifdə oxuyanda qərara aldım ki, akademik vokalla məşğul olmalıyam. Çünki mən bariton səs tembrinə malikəm və milli vokal sənətində bariton səs tembrinə malik ifaçılar üçün repertuar elə də geniş deyil. Ona görə də qərara aldım ki, akademik vokal ifaçısı kimi təhsil alım. Beləcə Yevgeniya Məmmədovanın sinfində təhsilimi davam etdirdim və milli vokal ifaçısı kimi daxil olduğum Bülbül adına Orta İxtisas Məktəbini akademik vokal ifaçısı kimi bitirdim.

- Sizcə, muğam ifaçısı kimi yaradıcılığa davam etsəydiniz, necə olardı?

- Fikrimcə, akademik vokal ifaçısı kimi milli vokalı da ifa etmək qabiliyətinə malik olmaq çox müsbət haldır. Çünki o zaman ifaçı Azərbaycan bəstəkarlarının əsərlərini gözəl səsləndirə biləcək, milli musiqimizə yaxından bələd olacaq. Əsasən, akademik vokal ifaçıları milli musiqimizin ifaçılıq üslubunabələd olmadıqlarından Azərbaycan xalq mahnılarını, bəstəkarlarımızın əsərlərini lazımi qədər ifa edə bilmirlər. Buna görə də fikrimcə, musiqi təhsilimə milli vokal ifaçısı kimi başlamağım hazırkı dövrdə Azərbaycan bəstəkarlarının əsərlərini ifa etməyimdə mənə böyük kömək olur. Bununla milli musiqimizin, təsniflərin, muğamlarımızın ifası ilə tanış oldum. Ancaq fikrimcə, milli vokal ifaçısı kimi fəaliyyətimə davam edə bilməzdim. Bəli, milli musiqimizi kontratenor səs tembri ilə ifa etmək mümkündür. Lakin bu səs tembri akademik vokalın borokko dövrünün musiqisi üçün nəzərdə tutulub. Bu səs tembrinə malik ifaçılar borokko dövrünün musiqisini ifa edirlər. Əlbəttə ki, indi də mən milli musiqimizi, Azərbaycan bəstəkarlarının əsərlərini kontratenor səs tembri ilə oxuyuram və bu yolda ilk azərbaycanlı ifaçı olmağın qürurunu yaşayıram. Düşünürəm ki, kontratenor səs tembri ilə ifaya qərar verməklə doğru addım atdım.

- Opera bütün dünyada öz məxsusi dinləyiciləri olan, daha geniş kütləyə xitab etməyən musiqi növü sayılır. Siz bu istiqaməti seçəndə məşhurluq məsələsində çətinlik yaşayacağınızı düşündünüzmü?

- Heç zaman məşhur olmaq üçün çalışmamışam. Fikrimcə, peşəsini həqiqətən sevən kimsənin hədəfi məşhurluq olmur. Yaradıcı insan yaratmağa məhkumdur. O, yaratmadan yaşaya bilməz. Yaradıcılıqla məşğul olmalıdır ki, həyatını sürdürə bilsin. Mən akademik vokal ifaçılığı ilə yanaşı, milli, estrada, caz, hətta rok janrında fəaliyyət göstərirəm.

- Sizcə, yetərincə tanınırsınız?

- Bəli, demək olar ki, klassik musiqini sevən hər kəs yaradıcılığımla tanışdır. İstər Azərbaycanda, istərsə də ölkəmizin hüdudlarından kənarda yetərincə sevildiyimi düşünürəm. Bu, mənə kifayət edir. Bildiyiniz kimi, "O Səs - Türkiyə", "Böyük opera" və digər televiziya proqramlarında da çıxış etmişəm. Bu vəsilə ilə estrada, populyar musiqi sevərləri də akademik vokala cəlb edə bilmişəm. Bir çox estrada musiqisi heyranı Opera və Balet Teatrına təşrif buyuraraq bir-birindən gözəl tamaşalarımızı izləyib. Bu, çox gözəl haldır.

- Opera səhnəsində ən sevdiyiniz obraz hansıdır və niyə?

- Opera səhnəsində 55 obraz canlandırmışam. Həmçinin qeyd edim ki, bariton və kontratenor səs tembrinə malik olmaqla bərabər, bas, bas-bariton, kontralto mezzo-soprano və soprano tessiturasındakı partiyaları da səsləndirirəm. Bu, bir ifaçı üçün çox mürəkkəb prosesdir. Eləcə də böyük məsuliyyəti var. Çünki ifaçı səsini itirə bilər. Ona görə də yüksək peşəkarlıq tələb edir.

Ən sevdiyim rola gəldikdə isə, bunu bir neçə il öncə soruşsaydınız, "Paris Notrdam kilsəsi"ndə Kvazimodo, "İntizar"da Yad adam və canlandırdığım başqa obrazların adlarını çəkərdim. Zaman keçdikcə bütün obrazlar doğmalaşır və ayrı-seçkilik etmək, hansınısa fərqləndirmək çətin hal alır. Bütün obrazlarımı eyni dərəcədə sevirəm. Sevmədiyim, öz səsimə uyğun bilmədiyim partiyaları ifa etmirəm. 

- Siz həm də elmi fəaliyyətlə məşğulsunuz, sənətşünaslıq üzrə fəlsəfə doktoru və pedaqoqsunuz. Fəaliyyətinizin bu sahəsi barədə ilk növbədə nələri deyərdiniz?

- Bəli, 2021-ci ildə professor Gülnaz Abdullazadənin elmi rəhbərliyi ilə "Müslüm Maqomayevin Azərbaycan və dünya vokal ifaçılığı sənətində rolu" mövzusunda dissertasiya işimi müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini aldım. Ondan sonra müəllifi olduğum "Müslüm Maqomayevin vokal ifaçılığının nəzəri təhlili" adlı dərs vəsaitim işıq üzü gördü. Qeyd edim ki, 2008-ci ildən pedaqoji fəaliyyətlə məşğulam. 2018-ci ildən isə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının "Solo oxuma və opera hazırlığı" ixtisasında baş müəllim kimi fəaliyyət göstərirəm. Böyük fəxrlə vurğulamaq istərdim ki, şagird və tələblərim respublika və beynəlxalq müsabiqələrin laureatıdırlar. Bir yaradıcı şəxs yalnız yaratmaqla xoşbəxt ola bilər. Mən də bir musiqiçi kimi özümü çox xoşbəxt hiss edirəm.

- Azərbaycan musiqisinin indiki durumu haqqında nə düşünürsünüz, qane edirmi sizi?

- Fikrimcə, qənaətbəxşdir. Çünki istər vokal ifaçıları, istərsə də estrada ifaçıları arasında çox gözəl səsə malik sənətçilərimiz var. Hər dövr öz tələblərini irəli sürür. Musiqiçilər də daha çox bu günün tələblərinə uyğun şəkildə fəaliyyət göstərirlər. İnsan yaşamaq üçün mübarizə aparır. Bütün peşə sahibləri, eləcə də musiqiçilər zamanın tələbinə uyğun çalışırlar. İndi bizim musiqimizin də durumu əsasən dövrümüzün tələbinə uyğundur.

Şahanə MÜŞFİQ

 





02.11.2023    çap et  çap et