525.Az

Hərb tariximizdə Heydər Əliyev fenomeni


 

Hərb tariximizdə Heydər Əliyev fenomeni<b style="color:red"></b>

Mehri QASIMOVA
Heydər Əliyev adına Hərbi Liseyin tarix müəllimi

 

(Əvvəli ötən sayımızda)

 

1996-cı ildə ilk dəfə Prezident və Ali Baş Komandan kimi Naxçıvana gələn Heydər Əliyev ötən müddətdə baş verən müsbət dəyişikliklərdən, xüsusən də hərbi quruculuq sahəsində görülən işlərdən məmnun qalmışdı. Sonralar, 1999-cu və 2002-ci (iki dəfə) illərdə Naxçıvanda olan ümummilli lider yeni obyektlərin açılışında, müxtəlif yığıncaq və görüşlərdə olmaqla yanaşı, Hərbi Liseyin Naxçıvan Filialında və hərbi hissələrdə olaraq yeniliklərlə maraqlanmış, kursantlara, müəllim-zabit heyətinə, döyüş bölgələrinin əsgərlərinə dərin minnətdarlıq etmiş, tövsiyə və tapşırıqlarını vermişdi.

2002-ci il iyunun 15-də Naxçıvana səfər edən Heydər Əliyev iki gün sonra C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialını ziyarət edərək kollektivimizlə səmimi görüş keçirdi və kursantlarımıza müraciətlə belə dedi:

"Mən sizə baxaraq Azərbaycanın gözəl gələcəyini görürəm. Azərbaycanın gələcəyi gənclərə məxsusdur. Biz Azərbaycanın gələcəyini gənclərə etibar edirik. Əziz övladlarımız, sizə etibar edirik. Siz isə bizim bu ümidlərimizi, arzularımızı doğrultmalısınız. İnanıram ki, doğruldacaqsınız. Mən sizə cansağlığı arzu edirəm. Sizə yaxşı təhsil almağı, peşəkar hərbçi olmağı, Vətəni qorumaq peşəsinə yaxşı yiyələnməyi, yüksək rütbəli zabit olmağı arzulayıram".

Həmin il noyabr ayının 19-da Ulu öndər Heydər Əliyev "Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 30 illik yubileyi haqqında" Sərəncam imzaladı. Sərəncamda həmçinin Azərbaycanın hərb tarixi, xalqımızın qəhrəmanlıq ənənələri, el oğullarımızın igidliyi və hərbi elmə olan həvəsi, sərkərdələrimizin şücaəti geniş işıqlandırılmışdı.

2003-cü il aprelin 19-da, yubiley münasibətilə Hərbi Liseydə olan Heydər Əliyev qazanılan son nailiyyətlərə xeyli sevinmiş, aprelin 21-də isə Respublika Sarayındakı yubiley təntənəsində böyük sevinc və həyəcanla geniş nitq söyləmişdi. O, çıxışında xüsusi olaraq vurğulamışdı ki, 30 il əvvəl minbir çətinliklə yaratdığı bu məktəb böyük uğurlar əldə etmiş, layiqli məzunlar buraxmışdır və onların əksəriyyəti Milli Ordumuzun adlı-sanlı zabitləri, generallarıdırlar. Daha sonra o, qeyd etmişdi ki, bütünlükdə Milli Ordumuzun bayramı olan bu yubiley günündə Hərbi Liseyin 30 il ərzində indiki səviyyəyə yüksəlməsi və inkişafından böyük qürur duyur.

2003-cü ilin soyuq 12 dekabr günündə Ulu öndər bizi cismən tərk etsə də, ruhən daim bizimlədir. Onun memarı olduğu müstəqil Azərbaycan yaşadıqca, ideyaları və müəyyənləşdirdiyi kurs yolumuzu hər zaman aydınladacaq, bizləri bütöv, aydın səmalı, daha firavan Azərbaycana qovuşduracaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Heydər Əliyev adına Hərbi Liseyin yaradılması haqqında" 27 fevral 2004-cü il tarixli 108 №-li Sərəncamı ilə C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı ləğv edildi, onun bazası əsasında müstəqil hərbi lisey yaradıldı.

Beləliklə də, Ümummilli liderimizin müqəddəs adı Azərbaycanda ilk dəfə onun doğma yurdunda, yaratdığı hərbi məktəbdə əbədiləşmiş oldu. Bununla yalnız, hərbi liseyin zabit-müəllim və texniki heyəti, kursantları və məzunları deyil, Naxçıvan şəhərinin, muxtar respublikanın əhalisi qurur duyur. Mən həm bir müəllim, həm də bir ana kimi fəxr edirəm ki, ali təhsilini də başa vurduqdan sonra müxtəlif döyüş bölgələrində xidmət etmiş, hazırda isə Azərbaycan Hərbi Hava Qüvvələrinin zabiti olan böyük oğlum da məhz bu liseyin məzunları sırasındadır.

2005-ci il iyun ayının 15-də - Milli Qurtuluş Günündə Heydər Əliyev adına Hərbi Liseyin ərazisindəki yeni tikililərin, demək olar ki, yeni bir hərbi-tədris şəhərciyinin təntənəli açılış mərasimi oldu. Həmin gün məzunların buraxılışı da bu təntənəyə qarışdı. Bakıdan xeyli sayda fəxri qonaqların, generallar və digər yüksək rütbəli zabitlərin gəlişi bu mərasimi daha da rövnəqləndirdi.

Bu gözəl gündə Heydər Əliyevin "...illər keçəcək, biz yenidən burada görüşəcəyik" sözləri də mənəvi baxımdan gerçəkləşdi. Kursantların, müəllim və zabit heyətinin, həmçinin fəxri qonaqların Ümummilli liderlə budəfəki görüşü onun hərbi liseyin həyətində - həmin anlarda açılışı olan tunc büstü ilə oldu. Qonaqlar həmçinin qərargah binasının birinci mərtəbəsində yaradılmış "Heydər Əliyev muzeyi"ni də ziyarət etdilər.

"Heydər Əliyev muzeyi"ndə Ümummilli liderimizin həyat və fəaliyyətinə dair sənədlər, onun hərbi liseyimizi ziyarət etdiyi zamanlarda çəkilmiş fotoşəkilləri nümayiş etdirilir. Burada fəxri qonaqlar üçün nəzərdə tutulmuş rəy kitabı da maraqlı eksponatlar sırasındadır.

2005-ci ilin dekabrında möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandan İlham Əliyev liseyimizdə olarkən və bu muzeyi ziyarət etdikdən sonra həmin rəy kitabında öz ürək sözlərini belə ifadə etmişdi: "Əziz kursantlar, Heydər Əliyev adına Hərbi Liseydə təhsil almaq həm böyük şərəf həm də böyük məsuliyyətdir. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan xalqına həsr edilmişdir. Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Heydər Əliyev siyasətini əbədi yaşatmalıyıq. Ölkəmizi onun qoyduğu yolla irəliyə aparmalıyıq. Əziz kursantlar, yaxşı oxuyun, hərb işini mükəmməl öyrənin, ölkəmizin inkişafında fəal iştirak edin".

2016-cı ilin "Aprel döyüşləri"ndə, Vətənin o çətin sınaqlı günlərində mənfur düşmən təxribatına layiqincə cavab verən qoşun hissələrinin tərkibindəki zabitlər sırasında hərbi liseyimizin də ləyaqətli məzunları qəhrəmancasına döyüşmüş, onlardan 1 nəfəri şəhid olmuşdu.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik sərkərdəliyi altında savaşan qüdrətli Azərbaycan Ordusunun böyük rəşadəti nəticəsində 44 günlük Vətən müharibəsində şanlı Zəfərimizin qazanılmasında Heydər Əliyev adına Hərbi Liseyin məzunu olmuş zabitlərimizin də danılmaz şücaəti var, onlardan 75 nəfəri şəhidlik məqamına yüksəlib.

Adlarını İkinci Qarabağ müharibəsinin şanlı zəfər tarixinə əbədi həkk etmiş şəhid məzunlarımız bugünkü kursantlarımız üçün bir igidlik, əsl vətənpərvərlik nümunəsidirlər. Böyük zəfərin qazanılmasında xidmətlərinə görə orden və medallarla təltif olunanların da siyahısında keçmiş kursantlarımızin adlarını gördükdə böyük qürur və iftixar hissləri keçirmişik.

2020-ci il dekabr ayının 10-da, paytaxtımızın Azadlıq meydanında Vətən müharibəsində qazanılmış şanlı Qələbə münasibətilə Zəfər paradı keçirildi. Bu paradda da Heydər Əliyev adına Hərbi Liseyi rəsmi keçidlə bir qrup kursant layiqincə təmsil etdi.

Hər bir tədris ilinin ilk günlərindən məzun olanadək kursantlarımızın məhz bu ruhda yetişmələri, Azərbaycan Silahlı Qüvvələrində savadlı və qabiliyyətli komandir olmaları, Vətənimizə, xalqımıza və müstəqil dövlətimizə sədaqətlə və ləyaqətlə xidmət edən zabit və nümunəvi vətəndaş kimi tanınmaları üçün səfərbər olan pedaqoji kollektivimiz bütün varlığı ilə, səy, bilik və bacarığı ilə, yüksək tələbkarlıq və məsuliyyət hissilə çalışmaqdadır.

Heydər Əliyev adına Hərbi Lisey artıq 20-ci ildir ki, müstəqil fəaliyyət göstərərək Ulu öndərin adına layiq, nümunəvi təhsil müəssisəsi kimi Milli Ordumuzun savadlı, bacarıqlı, ləyaqətli, vətənpərvər zabitlərlə təmin olunması yolunda inamla irəliləyir. Liseyin son 20 ildə 3000-ə yaxın məzunu olub.

Ümummilli liderimiz Heydər Əliyev C.Naxçıvanski adına Hərbi Liseyi özünün övladı hesab etdiyini dəfələrlə vurğulamışdı. Babanın adını daşımaq nəvəyə müyəssər olduğuna görə, bizim hərbi liseyimizi də Ulu öndərimizin mənəvi nəvəsi adlandırsaq, heç də səhv etmərik. Odur ki, bu lisey belə bir müqəddəs adı bundan sonra da şərəflə doğrultmağa, böyük liderin arzularının daha da gerçəkləşməsi yolunda daim qətiyyətlə irəliləyə çalışacaq!

Azərbaycanın özü kimi əbədi olan Heydər Əliyev ideyaları yolumuzu nurlandıran sönməz məşəldir. Bu məşəlin hərarəti dünya durduqca bütün azərbaycanlıların ürəyini isidəcək, müstəqil Azərbaycanın inkişafına xidmət edəcək. Necə ki, Azərbaycan xalqı var, necə ki, müstəqil dövlətimiz var, ulu rəhbər, zamanın dahisi, müdrik şəxsiyyət - "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır" - deyən Heydər Əliyevin adı və əməlləri də yaşayacaq!

Ümummilli liderimizin bu gün reallığa çevrilən və 30 ildən sonra öz ərazi bütövlüyünü tamamilə bərpa edən Azərbaycan Respublikasının qüdrətlənməsinə, çiçəklənməsinə xidmət edən beynəlxalq layihələri onu söyləməyə əsas verir ki, müstəqilliyi əbədi və dönməz olan ölkəmiz özünün güclü ordusuna arxalanaraq işıqlı sabaha doğru qəti addımlarla irəliləyir və bu yol hər zaman uğurla davam edəcək.

 





02.11.2023    çap et  çap et