525.Az

"Böyük şahmat taxtasında" "açıq oyun" başlayır - Kənan Novruzov yazır


 

"Böyük şahmat taxtasında" "açıq oyun" başlayır - <b style="color:red">Kənan Novruzov yazır</b>

İsrailin Baş naziri Benyamin Netanyahu dünən xalqa müraciətində deyib ki, müharibə uzun çəkəcək. O, həmçinin ölkəsinin qələbə qazanacağını vəd edib. 

Məlum olduğu kimi, İsraillə HƏMAS arasında müharibə oktyabrın 7-dən bəri davam edir. Əvvəl də dediyimiz kimi, savaşın yaxın vaxtda başa çatacağı gözlənilmir. Əksinə, yəqin ki, döyüşlərin miqyası genişlənəcək. Səslənən bəyanatlar və proseslərin gedişi belə düşünməyə əsas verir. 

Yəməndəki Husilər və Livandakı Hizbullah silahlı birləşmələri artıq döyüşlərdə iştirak etməyə başlayıb. Bu, o deməkdir ki, adı çəkilən dövlətlər birbaşa olmasa belə, bilavasitə müharibəyə qoşulub. Gələcəkdə bu prosesin daha da güclənməsi mümkündür. 

Savaş ən yaxın vaxtda başa çatmasa gələcəkdə digər ərəb dövlətləri də müharibəyə qoşulacaq. Bu, qaçılmaz olacaq. Dünən İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ankarada türkiyəli həmkarı Hakan Fidanla birlikdə keçirdiyi mətbuat konfransında Yaxın Şərqdəki döyüşlərin regional müharibəyə çevrilə biləcəyi barədə xəbərdarlıq etdi. H. Fidan da oxşar fikirlər səsləndirdi. Görünən budur ki, proses hələ təzə başlayır və daha çətin dövr qarşıdadır. 

Hər ötən gün Misirin müharibəyə qoşulması ehtimalı daha da artır. Əlbəttə, belə olarsa, onda daha böyük güclər savaşın birbaşa oyunçusu olacaq. 

Ümumiyyətlə, əvvəl də dediyimiz kimi, hazırda dünyada proksi savaş gedir: böyük güclər təsir göstərə bildikləri oyunçulardan istifadə edərək öz maraqlarını təmin edir. Amma bu proses çox çəkməyəcək. Bir müddətdən sonra böyük siyasi aktorlar qlobal müharibənin birbaşa iştirakçısı olacaq və öz mövqelərini ortaya qoyacaqlar. Beləliklə, "böyük şahmat taxtasında" "açıq oyun başlayacaq".

 





02.11.2023    çap et  çap et