|
|
|
|
Cəsarət Valehov, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri:
- Bugünkü Təhsil Forumundan qeydlər
"Səhv etmək çox vacib öyrənmə elementidir"
Elm və təhsil naziri Emin Əmrullayev:
"İnnovativlik, innovativ ekosistem risk etməklə bağlıdır. Risk etmək çox vacib bir elementdir. Riski sevmirsənsə, innovasiya ilə məşğul olmaq çox çətindir. Davranışımıza baxaq, biz nə qədər riski sevən bir mühitdə yaşayırıq?
İkinci bir məsələ səhv etmək bacarığıdır. Yəni səhv etmək və səhvlərə münasibət. Səhv etmək çox vacib bir öyrənmə elementidir.
Çünki məsələn, şagird sinifdə səhv edəndə onun səhvini izah edəndə öyrənmədə daha yaxşı təlim nəticəsinə nail olmaq olur, nəinki "birdən səhv edərsən, heç nə eləmə..." tipli davranış.
Səhv etməkdən qorxan, risk etməyi sevməyən, başqa insanların səhvlərini müəyyən mənada qabardıb, özü heç nə etməyən tipli yanaşmalarla innovasiya etmək çətindir.
Bu, birinci, məncə, təhsildə vacib elementdir. Şagirdlərə "Qorxma, indi səhv etdin, sonra öyrənəcəksən..." yanaşmasını nə qədər çox təbliğ etsək, biz innovativliyə doğru addım atmış oluruq".
Kərim Kərimli, jurnalist:
- 1998-ci ilin avqust ayında Xankəndinə səfər zamanı küçədə gəzərkən bir kişi ilə qabaqlaşdıq. Təmiz Azərbaycan dilində salam-kalam eləyib az qala ərk ilə:
- Ara, harda qalmısınız? - dedi. - Səkkiz ildir sizi gözləyirik! Niyə gəlib torpağınızı almırsınız?..
- Gələcəyik də, alacağıq da, - dedim və soruşdum: - Burada yaşayışınız, dolanışığınız necədir, necə yola gedirsiniz?
Dedi:
- Allah bunları qırsın! Evlərini də xaraba qoysun!..
Bu gün əziz dostum Xankəndindən zəng edib, deyir:
- Küçədə gedirdim, yolda qarşıma bir harsın çıxdı. Saxlayıb soruşuram ki, nə yaxşı o da çıxıb getməyib, burada qalıb? Nə desə yaxşıdır?
Deyir: "Ara, otuz ildi sizi gözləyirdik! Harda qalmışdınız? Niyə gəlib torpağınızı almırdınız?"
Deyirəm ki, gəlmişik də, almışıq da, soruşuram ki, sən niyə öz millətinə qoşulub getməmisən, burada qalmısan?
Deyir:
- Allah onları qırsın, getdikləri yerləri də xaraba qoysun! Onlar adamdı ki, onlara da qoşulam gedəm?!
Vəli Əlibəyov, PR mütəxəssisi:
- Qayda-qanun, adət-ənənələrə əməl, dəyərlərə hörmət edənlər bunları vecinə almayanlara nisbətdə həmişə əlverişsiz və məğlub vəziyyətdə olurlar.
İlkin Rüstəmzadə, "Nida" hərəkatının üzvü:
- Azərbaycanda vicdanla, əxlaqla iş görmək həddindən artıq çətindir. Soyulmağa öyrəşib millət.
Bizdə diqanostika pulsuzdu. Qərarı da mən vermişəm ki, diaqnostikaya görə pul almayacağıq.
1 dəqiqə ərzində cihazı soxub "sənin maşınında filan problemlər var" deməyə görə pul almaq məntiqsiz gəlir, çünki.
Müştəri gəlir, maşına baxırıq, diaqnostika edirik. Deyirik filan problemi var, get düzəltdir, sonra gətir proqramı yazaq.
Durur, tərs-tərs baxır, sual verir "necə bəyəm?" Deyirəm pul almırıq da diaqnostikaya görə. Çıx get. Anlamır. Üzümə baxır.
Ya məsələn, Bakıda ehtiyat hissələr çox bahadır. Deyirəm, məsələn filan şeyi sizə 2 həftəyə gətirə bilərik, Bakıdakından 3 dəfə ucuz.
Deyir saxta olar e birdən. Cavab verirəm ki, saxta deyil, orijinaldı. Qayıdır ki, yox e, orijinal olsa, bu qədər qiymət fərqi ola bilməz axı.
Aqşin Yenisey, şair:
- Azərbaycan iqtisadiyyatı sürətlə həciləşir.
Xüsusilə özəl sektorda həcilik bir biznes kultuna çevrilib. Biznes ortaqlığının vacib şərti halına gəlib. İqtisadiyyatın həciləşməsi istehsal yönümlü biznesin önünü kəsəcək. Çünki tarixin bütün dövrlərində dini burjua istehsal yönümlü iqtisadiyyat yaratmayıb, əksinə, istehlakçılığın genişlənməsində maraqlı olub. Buna elmdə "Məşdibad biznesi" deyirlər.
Bu biznes süni zəka üzərində qurulan IV, V Sənaye düşüncəsinin Azərbaycana gəlişini əngəlləyəcək, ən azı, yubadacaq.
Çünki biznes sektoru təklif olunan layihələrə texnoloji deyil, ideoloji maraqların gözüylə baxacaq.
Osmanlı, arxasınca SSRİ niyə dağıldı? Ona görə ki, hər iki imperiya ideoloji çağdan, texnoloji çağa, yəni pafosdan loqosa keçə bilmədi. Məsələn, 1980-ci illərdə dünyada texnoloji gücü ifadə edən keyfiyyət yönümlü iqtisadi sıçrayış baş verəndə, sovet ölkələri ideoloji gücü göstərən kəmiyyət yönümlü iqtisadiyyatla baş qatırdılar.
İqtisadiyyatın həciləşməsinin ən böyük zərbəsi təhsilə dəyəcək. Çünki müasir təhsil süni zəka texnologiyalarına fokuslanıb. Ölkədə IV Sənaye mühiti olmayandan sonra universitetlərimiz də məcbur qalıb XIX əsr üçün lazımsız kadrlar hazırlayacaq.
Hətta bu gün belə bunun örnəkləri var. Bu gün Azərbaycanda istehsal müəssisələrinə milyon dollarlıq texnoloji avadanlıqlar alınır. Amma təhsil sistemimiz o avadanlıqları işlədə, xarab olanda təmir edə bilən mütəxəssislər yetişdirmək iqtidarında deyil. Özəl sektor isə problemin həllini mütəxəssis yetişdirməkdə deyil, mütəxəssis çağırmaqda görür.
Dünən bir dostumuz danışır ki, özəl bir xəstəxanaya müayinəyə getmişdim, dedilər get, gələn ay gələrsən. Niyə? Milyon dollarıq aparatımız xarab olub, Türkiyədəki ustanın da əlində işi var. Söz verib, əlindəki işi təhvil verib, gəlib bizimkini qayıracaq.
Aparatı olub, mütəxəssisi olmayan iqtisadiyyatın isə ağzı nədir, allah umuduna bel bağlamasın.
Asif Nərimanlı, jurnalist:
- Lemkin İnstitutu "qırmızı bayraq" xəbərdarlığı edib və iddia edib ki, "Azərbaycan yaxın günlərdə və ya həftələrdə Ermənistanın cənubunu ələ keçirə bilər".
Bunun Qarabağda erməni separatizminin ləğvindən sonra Qərb mediasında aparılan kampaniyanın davamı olduğu bəllidir. Lemkin İnstitutunun erməni diasporu/lobbisi ilə sıx əlaqələri fonunda belə bir iddia o qədər də təəccüblü görünmür. Hərçənd, iki məqam xüsusilə diqqət çəkir:
Birincisi, konkret zamanın göstərilməsi - yaxın günlər, yaxud həftələr;
İkincisi, ötən il də eyni "qırmızı bayraq" xəbərdarlığının edilməsi;
2022-ci ilin avqustunda Limkin İnstitutu Azərbaycanın Qarabağda və sərhəddə hücuma keçəcəyi iddiasını irəli sürmüşdü. Sentyabrın 12-də erməni təxribatı ilə sərhəddə şiddətli döyüşlər baş verdi və Ermənistan hərbi müstəvidə ağır itkilərlə üzləşsə də, siyasi müstəvidə istədiyinə müəyyən qədər nail oldu: "Azərbaycanı hücum edən tərəf" kimi göstərməklə Qərb cəbhəsini öz ətrafına cəmlədi; Rusiya və KTMT-yə qarşı "etibarsız təhlükəsizlik müttəfiqi" arqumentlər əldə etdi;
Və ən əsası Avropa İttifaqının missiyasının bölgəyə yerləşdirilməsi zərurəti formalaşdırıldı. Sentyabr döyüşlərindən sonra dörtərəfli Praqa görüşündə (6 oktyabr) missiyanın sərhədin Ermənistan hissəsində fəaliyyətə başlaması qərarı qəbul olundu. Fəaliyyət müddəti iki ay nəzərdə tutulan missiyanın zamanı daha sonra uzadıldı.
Bir il sonra bölgədə yaranan yeni vəziyyətdə eyni ssenarinin yenidən tətbiq edildiyi müşahidə edilir:
- Ermənistan "təhlükəsizlik müttəfiqlərini" - Rusiya və KTMT-ni əvəzləmək niyyətini dilə gətirir;
- Fransa Ermənistanı silahlandırır və "təhlükəsizlik çətiri" olmaqda Rusiyanı əvəzləmək istəyir;
- Avropa İttifaqının Ermənistandakı missiyasının sayının artırılması qərarı verilib və bu, sülh danışıqlarının ön plana çıxması, eskalasiya riskinin aşağı olması fonunda baş verir;
Və ötən ilin sentyabr döyüşlərindən öncə Azərbaycan üçün elan edilən "qırmızı bayraq" xəbərdarlığı yenidən təkrarlanır, Qərb mediasında "Ermənistanın işğalı" iddiası kütləvi kampaniyaya çevrilir. Bu situasiya sərhəddə erməni təxribatına hazırlığın getdiyi ehtimalını gücləndirir və "Azərbaycanın müdaxiləsi" haqda iddialarla ictimai rəyi formalaşdırmaq, "alibi" yaratmaq gedişi edildiyi görünür. Mümkün eskalasiya ssenarisinə təkcə Azərbaycan-Ermənistan kontekstində yox, həm də dəhlizlər uğrunda mübarizədə Qafqaz cəbhəsinin açılması kimi də baxmaq olar.
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:
Neçə məktəbin qarşısında videokamera var və onların neçəsi polisin "Təhlükəsiz Şəhər" sisteminə qoşulub?
Hər gün sosial mediadan görürük ki, məktəblər qarşısında müxtəlif hadisələr baş verir.
Bunların içərisində kriminal olanlar, narkotika satanlarla bağlı, digər qanunazidd olanları da var.
Dünyanın təcrübəsi belədir ki, bu ərazilər video müşahidə altında olmalı və idarəetməsi də direktorun otağında deyil, polis şöbəsində olmalıdır.
Maraqlıdır, bizdə neçə məktəbin qarşısında müşahidə kameraları quraşdırılıb?
Onlardan neçəsi "Təhlükəsiz Şəhər" sisteminə qoşulub?
İctimai təhlükəsizliyin qorunması və cinayətkarlığın qarşısının alınmasında "Təhlükəsiz Şəhər" sisteminin rolu gücləndirilməlidir.
Dəfələrlə şahidi olmuşuq ki, polis kamera nəzarəti olan ərazilərdə cinayətin üstünün açılmasında daha çevik və effektiv hərəkət edə bilir.
Effektiv videomüşahidə sistemi polisin rəqəmsallaşmasında mühüm əhəmiyyət kəs edir.
Amma təəssüf ki, ictimai əhəmiyyət kəsb edən yerlərdə, yeni tikililərdə, təhsil müəssisələri ətrafında, ümumiyyətlə ölkə üzrə kameralaşma ilə bağlı ciddi problemlər hələ də qalır.
Dünyada artıq bu sahədə süni intellekt həlləri tətbiq edilir, hətta maskada olan cinayətkarların identifikasiyasına imkan verən müşahidə texnologiyalarından istifadə edilir.
"Təhlükəsiz şəhərlə" bağlı Prezident fərmanı və NK qərarları olmasına baxmayaraq, proses ləng gedir.
Ərşad Hüseynov, hüquqşünas:
- Əhmədbəyli-Şuşa yolu ölkəmizin avtomobil yolları şəbəkəsinin incilərindən olacaq...
Zəfər yolu kimi, bu yol da çox maraqlı yenilikləri ilə fərqlənir: çoxsaylı tunellər, viaduklar, körpülər, keçidlər və s. Ətrafın ecazkar təbiəti isə başqa aləmdir.
Laçın-Şuşa yolundan yeni yoldakı işlərin miqyası lap yaxşı görünür. İşlər bitəndən və yolətrafı ərazilər yaşıllıqlara qərq olandan (süni yaşıllıqlar olmasa da, buraların təbiəti cəmi bir ilə iş görülən hər yeri yaşıllaşdıracaq) sonra yol çox gözəl olacaq.