525.Az

"Stançik" - "Bir rəsmin dedikləri"


 

"Stançik" - <b style="color:red"> "Bir rəsmin dedikləri"</b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı "İçərişəhər" Muzey Mərkəzinin əməkdaşı, sənətşünas Cavidan Zeynalovdur. Onunla məşhur rəssam Yan Mateykonun "Stançik" əsərindən danışmışıq.

Yan Mateyko 1838-ci ildə Polşanın Krakov şəhərində anadan olub. Əsasən tarixi janrda çəkdiyi rəsmlər ilə tanınıb. İlkin təhsilini Krakov İncəsənət Məktəbində alan rəssam daha sonra Münhen İncəsənət Akademiyasından təqaüd qazanaraq təhsilini bir müddət orada davam etdirib. Yan Mateynokun yaradıcılığı yüksək milli ruhu özündə əxz edirdi. XIX əsr milliyyətçilik duyğularının yaranması, yeni bir dövlət anlayışının ortaya çıxması ilə səciyyələnirdi və bu proseslər Mateykodan yan keçməmişdi. Neoklassik tərzə yaxınlığı ilə seçilən əsərlərində Polşanın müqəddəratı, yuxarı zümrənin ölkəyə biganəliyi təsvir edilirdi. Bəzən onun işlərini dəbi keçmiş adlandırır və həddən artıq detalların olmasına görə tənqid olunurdu.

 

 

 

- Cavidan bəy, əminəm ki, bu tabloda gördüyümüz təlxək obrazı özündə dərin məna ehtiva edir. Gəlin, söhbətimizə elə Stançikin özünəməxsus təqdimatından başlayaq.

- Saray təlxəyi olan Stançik hələ XVI əsrdən bilinən məşhur obraz idi. Onu daha yaxşı anlamağımız üçün gərək saray təlxəyinin nə iş gördüyünü, kimyasını bilək. Bu söz və ona dair təsvirlər bizdə adətən işi-gücü əylənmək olan adam təəssüratı yaradır. Fəqət təlxək ilk olaraq güclü bir tərz ustasıdır. O, cəmiyyəti, ölkəsindəki siyasi hadisələri, hətta yeri gələndə kralı kəskin mizahı ilə tənqid edir. Habelə saray təlxəyi hərtərəfli bilgiyə də sahib biridir: güclü natiqdir, musiqi alətlərində ifa etməyi bacarır, atletik bir bədən quruluşu var, maraqlı rəqslər sərgiləyir. Şeirdən musiqiyə, teatrdan fəlsəfəyə, siyasətə kimi bir çox mövzularda biliklidir. Bir sözlə, hər kəs təlxək ola bilməz. XVI əsrdə bu fiqur çox məşhur idi və XIX əsrdə yenidən ondan bəhs edilməyə başlandı. Yan Mateyko hələ gənclik illərindən Stançik personajına maraq bəsləyirdi. Severin Qoşinskiyin əsərlərindəki personajlar da bu obrazla vəhdətlik təşkil edirdi. Rəssamın şifahi xalq ədəbiyyatından tanış olaraq sevdiyi obraz Qoşinskinin romanları ilə daha canlı bir forma alaraq güclü təsir yaradırdı. 24 yaşlı Yan Mateyko da öz ideallarını bu obraz vasitəsi ilə dilləndirməyi seçmişdi. Necə ki təlxək kralların alter eqosu idi, onlara yön verirdi, eyni ilə Mateyko da öz əsərləri ilə Polşadakı rəhbərlərə fərqli bir prizma təklif edərək, onların səhvlərini tənqid edirdi.

- Əsərin rəng həlli necədir?

- Yan Mateykonun bu əsərindəki rəng və kompozisiya həlli digər işlərindən olduqca fərqlidir. Əsasən parad portretləri çəkən rəssam burada son dərəcə individuallığı ön plana çıxarmışdı. Rəng keçidləri, bir növ, barokko dövrünün kiaroskurasını andırır. İşıq-kölgənin yaratdığı kontrast mərkəzdəki qara rəngin içində boğularaq bir qədər kəskinliyi azaldır. Burada gözümüzü bir az qısaraq baxdığımızda hətta Polşanın bayrağını da görmüş oluruq. Məktubun bozumtul ağ rəngi ilə Stançikin al-qırmızı geyimi bunu iddia etməyimizə əsas verir. Rəng həllindən mühitdəki sıxıntını, obrazın içindəki iztirab və əzabı, boğulmuşluq hissini duya bilirik. Sanki qəhrəmanımız öz qaranlıq dünyasına qərq olmaqdadır.

- Bəs kompozisiya haqqında nə deyə bilərsiniz?

- Kompozisiyanı vertikal formada üç hissəyə bölə bilərik. İlki sağda baş tutan kraliça Bonanın bal mərasimidir. İkincisi, təzadlar içində fikrə qərq olmuş Stançikdir. Üçüncüsü isə pəncərədən görünən səma, göy cisimləridir. Əsərə baxanda əvvəlcə kefsiz, qəm və əzab içində olan bir saray təlxəyini görürük, lakin sağa baxdıqda hər kəsin kef içində əyləndiyinə şahidlik edirik. Əgər əsərin izləyicisi sola - göy cisimlərinə baxsa, quyruqlu bir ulduzun keçməsi ilə qarşılaşacaq. Pəncərədə orion qurşağındakı üç ulduz da görünməkdədir. Quyruqlu ulduz bədbəxt hadisəyə işarət edir. Orion qurşağı isə yunan mifologiyasındakı güclü ovçu olan Oriona işarə edir. Orion sonda öz kibrinə yenilərək özünü məhv etmişdi. Necə ki, eyni ilə kompozisiyanın sağındakı mərasimdə saray əhlində bu kibrin yansımalarını görürük. Hər şey kompakt haldadır.

- Tablo harada saxlanılır?

- Tablonun saxlanılmasına dair keşməkeşli bir tarixçə var. 1862-ci ildə ərsəyə gətirilən tablo 1924-cü ildə Varşava Dövlət Muzeyi tərəfindən satın alınıb. II Dünya müharibəsi zaman ilk olaraq nasistlər, daha sonra isə sovetlər birliyi tərəfindən ələ keçirilib. Lakin 1956-cı ildə aid olduğu yerə, Varşava Dövlət Muzeyinə geri qaytarılıb və hazırda da orada sərgilənməkdədir.

- Rəssam bir sıra əsərlərində Stançik obrazına yer verib. Bu obrazı Mateyko yaradıcılığı ilə hansı nüanslar birləşdirir?

- Mateyko vətənində baş verən hadisələri əsasən anaxronik formada nəzərdən keçirirdi. Burada üç anaxronizmi - müxtəlif zamanlarda baş verən tarixi hadisələrin bilərəkdən bir yerdə göstərilməsini qeyd edə bilərik. Smolenskinin itirilməsi 1514-cü ildə baş vermişdi. Lakin məktubda 1533-cü il qeyd olunub. Kraliça Bona isə kraliça titulunu 1518-də almışdı. Belə olan təqdirdə qısa olaraq bu nəticəni çıxara bilərik: Smolenskinin itirilməsindən illər keçsə də, yuxarı zümrələrin həyatında bu nəyisə ifadə etməmiş, heç nə dəyişməmişdi. Tarix XVI əsr Polşasında necədirsə, XIX əsrdə də eyni şəkildə idi. Mateyko tabloda model kimi özünə yer vermiş və bir növ, öz avtoportretini də yaratmışdı.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Polşa mədəniyyətinin incisi olan bu əsər insanlığın arxetiplərindən birinə toxunaraq kosmopolit dəyər əldə etməyi bacarıb. Dünyanın istənilən yerində, mədəniyyətin 10 min il öncə başlamasından bugünədək yuxarı təbəqənin dəyişməz xisləti, insanların ali dəyərlərini görməzdən gəlmələri bu əsərdə mükəmməl formada təzahürünü tapıb. Bu elə bir mövzudur ki, heç bir zaman öz aktuallığını itirməyəcək. Tarixin istənilən dövründə yüksək mənəvi keyfiyyətlərə sahib biriləri inandığı dəyərlər uğrunda mübarizə aparıb. İnsanlıq tarixi çox az firavan çağlara şahidlik edib və hər qısa müddət davam edən qızıl dövrdən sonra böyük çöküş mərhələsi başlayıb. Bu əzab və iztirab dolu dünya ilə bağlı ən uyğun müşahidələri etmiş Nitşe deyirdi: "İnsan o qədər əzab çəkib ki, canlılar arasında bir tək o, gülüşü icad etmək zərurətində qalıb". Yan Mateykonun "Stançik"i də baş verən hər şeyin fərqində idi, lakin onu gülüş də xilas etmirdi...

Aytac SAHƏD

 

 

 





03.11.2023    çap et  çap et