525.Az

"Nigaran qalma məndən..." - Nazim Muğanlının eyniadlı kitabı haqqında düşüncələr


 

"Nigaran qalma məndən..." - <b style="color:red"> Nazim Muğanlının eyniadlı kitabı haqqında düşüncələr</b>

Yaşanmış duyğuların məhrəm, qutsal qatını, hiss və düşüncələrin sirli-sehirli kainatını, fikrin dərinliyini, saflığını, möcüzatını, bir ləçəyin, bir çiçəyin oylanma-boylanma toy-büsatını, müdrikliyin, poetikliyin könülləri titrədən, kükrədən fütuhatını söz sənətinin əbədi sərvətinə, qüdrətinə, ləyaqətinə çevirən qələm əhlini Nazimi Ustad adlandırmaq - yalnız haqqın səcdəsində dayanıb, həqiqəti etiraf etməkdən özgə anlama işıq salmır.

Bədii sözün ülviyyəti, səmimiyyəti, lətafəti, isməti mənim fikrimcə, ədəbi növlərdən ən çox poeziyada özünü qabarıq büruzə verir. Poetik nümunələr polifonikliyi - musiqili təbiəti, yığcam biçimi, lakonikliyi, oynaqlığı, axıcılığı, çevikliyi, ovqatı kökləmək məziyyəti, kütləvilik brendi ilə seçilir. Həyatda seçdiyin elm, sənət, peşə sahəsindən asılı olmayaraq gənclik illərində hər kəs daha çox şeir oxuyur və ya yazır. Yaradıcılığa şeirlə başlayan şəxslərin bir qismi sonralar şair ola bilməsələr də, ədəbiyyatsevərlər arasında yüksək zövqə, geniş erudisiyaya malik mütəxəssis, düşüncə adamı kimi tanınırlar. İnsanların söz ehtiyatının zənginləşməsində, nitqin rəvanlığında, cilalanmasında, mənəvi dəyərlərin, milli tarixi zəfərlərin tanıdılmasında, təbliğində, dünyagörüşün və həyata baxışın formalaşmasında, vətənə, təbiətə, Tanrıya sevgi, məhəbbət hissinin ovxarlanmasında poeziyanın təsir imkanları, ecazkar qüdrəti danılmazdır. Gənclik illərindən bu sehrli aləmin cazibəsindən qopa bilməyən, onun əzablı əsarətində ədəbi taleyinin bəxtiyarlığını yaşayan, həyatın ağır sınaqlarından şeirin mənəvi gücünə sığınaraq ləyaqətlə çıxan məğrur, dəyanətli, müdrik dostum Nazim Muğanlının bədii düşüncə, nəzm süfrəsindən barındığım mənəvi təamlara və onun insani keyfiyyətlərinə diqqəti yönəltməkdən öncə həyat yolunun enişli-yoxuşlu məqamlarını xatırlatmaq yerinə düşərdi.

Nazim Muğanlı (Nazim Zahid oğlu Bağırlı) 70 il əvvəl Ağdamın Muğanlı kəndində, Qarqar çayının sağ yaxasında dünyaya göz açıb. Kənd həyatının təbiiliyinə, təbiətinə vurğunluğu, sözə, sənətə bağlılığı onu Kənd Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsinin mühasibat uçotu ixtisasına və İctimai Peşə Fakültəsinin jurnalistlik sahəsinə yiyələnməyə gətirib çıxarmışdır.

Nazim Zahid oğlu əmək fəaliyyətinə 1975-ci ildə Ağcabədinin Qiyaməddinli kəndində - mənim doğma yurdumda, el-obamda mühasiblik vəzifəsinə böyük həvəs və arzularla başlayıb. Həyat və yaradıcılıq yoluna bu kəndin ziyalılarının, ağsaqqallarının xeyir-duası ilə qədəm basıb. Bir ildən sonra - 1976-cı ildən fəaliyyətini Dövlət Kinematoqrafiya Komitəsində baş mütəxəssis, şöbə rəisi vəzifələrində davam etdirib, 40 ilə yaxın yaradıcı mühitin diqqət mərkəzində, söz, sənət adamlarının sırasında olmuşdur. N.Muğanlı 2014-cü ildən sonra Respublika Auditorlar Palatasında Maliyyə idarəsinin rəisi və digər vəzifələrdə şərəflə, ləyaqətlə çalışmışdır.

Nazim Muğanlı 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rəsul Rza Beynəlxalq ədəbi mükafatının laureatıdır. Onun "Əgər haqqım olsa" (1996), "Özgə yer vətən sayılmaz" (2001), "Yurdum mənim, dərdim mənim" (2013) şeir kitabları poeziyasevərlərə ünvanlanıb və söz xiridarlarının, şeir sərraflarının ciddi marağına səbəb olub.

On il əvvəl, Bahar fəslinin ən gözəl çağında Azərbaycan Yazıçılar Birliyi Qarabağ Bölməsinin sədri, şair, ədəbiyyatşünas-alim Ənvər Əhmədin təşəbbüsü ilə "Natəvan" klubunda keçiriləcək bir kitab təqdimatına dəvət olundum. Dövrün, zamanın devizini sərlövhəsində daşıyan şeir toplusu "Yurdum mənim, dərdim mənim" adlanırdı. Əsir alınmış yurd yerlərimiz, maddi və mənəvi dəyərlərimiz ağrılarımızın və göynərtilərimizin səcdəgahı, müqəddəs məkanı, Kərbəlası idi.

Təqdimatda kitabın müəllifi Nazim Muğanlı ilə ilk dəfə idi ki, tanış olurdum. Nurlu çöhrəsindəki təbəssüm şöləsi ilə gözlərinin dərinliyindəki yurd niskili pozuq qafiyələnmiş beytə bənzəyirdi. Uca boyu, şux qəddü-qaməti bu təzadlı vəhdətin nidası kimi gözlərim önündə canlandı. Şeirləri ilə tanış olduqca müəllifin iç dünyasının, mənəvi aləminin sirli-sehrli məqamlarına bələd ola bildim. Şairin "Odum, ocağım vətən" misrası ilə başlayan şeirində ulu, müqəddəs vətənə müraciətlə deyir:

 

Od səndən, yanma məndən,

Bu odu alma məndən.

Yansam, başın sağ olsun,

Nigaran qalma məndən.

 

Bu yığcam dörd misralıq bəndi şairin yaradıcılıq məramnaməsi, həyat devizi, fəaliyyət manifesti də adlandırmaq olar. Adı çəkilməsə də, lirik mən Odlar Yurdunun Pərvanəsi obrazında təqdim edilir. Vətənlə Vətənpərvərin dialoqunda "yanmaq" sözü iki mənada işlədilir. Birincidə vətən uğrunda yanmaqdan, azadlıq yollarına gur işıq salmaqdan, məşələ çevrilməkdən söhbət gedirsə, ikinci mənada vətənin azadlığı, suverenliyi uğrunda yanıb kül olmaq, şəhidlik zirvəsinə yüksəlmək məqamı vurğulanır: "Yansam, başın sağ olsun, Nigaran qalma məndən!" ...Bu misralar bəlkə də qəddar düşmənlər tərəfindən işğal edilmiş torpaqlarımızı, yurd yerlərimizi canı-qanı müqabilində azad edən, Vətənin başına pərvanə kimi dolanan şəhidlərimizin son vəsiyyətləridir...

Nazim Muğanlı "Can Qarabağ" şeirində vətənin bu tarixi bölgəsinə sevgisini, hiss və duyğularını obrazlı müstəvidə sərgiləmiş, Qarabağın poetik atlasını, etnoqrafik mənzərəsini yaratmağı bacarmışdır.

 

Qara göl Laçının üzük qaşıdır,

Qarqar tariximin qan yaddaşıdır,

Kötəl kəhrizlərin məhək daşıdır,

Həkərim, Zabuxum çayım-çaylağım,

Sənə qurban olum, can Qarabağım.

 

Bir vaxtlar Novruzlu İsgəndər bir məşhur mahnısında Ağdamı Qarabağın "toy otağı"na bənzədirdi - bər-bəzəkli, səliqə-sahmanlı...

Topluda şair doğma vətəni olan Ağdama bir neçə şeir həsr etmişdir. Onlardan "Ağdamıma qurban olum" adlı bədii nümunə şəhərin mənəvi simasını təyin edən cizgiləri ilə yadda qalır.

 

Payız girdi, zaman durdu,

Ellər ağır məclis qurdu,

Arif, Ramiz, Qədir yurdu,

Ağdamıma qurban olum.

 

Misralarda zamanın ritmi döyünür, həsrətin, intizarın yaralı şair ürəyində damğası sızıldayır. Qarabağlılar üçün bal kimi şirin səslənən "Qurban olum" ifadəsi qövr edən qübara, acılara təsəlli ola bilmir. Yağıların tapdağı altında qalan, qoşa minarəli məscidi, mədəniyyət ocaqları, məktəbləri, kitabxanaları, abidələri dağıdılan, bulaqları kor qalan, məşhur sənətkarları - Arif Babayevi, Qədir Rüstəmovu, Ramiz Quliyevi didərgin düşən Ağdama mərd, mübariz oğullar, igid, qəhrəman döyüşçülər lazımdır.

Nazim Muğanlı "Qədirin səsi" şeirində musiqinin gücünü, qüdrətini ön plana çəkir, bu səsdəki çağırışı, hayqırtını, yanğını "Şahin nəğməsi"nə, "Babək nərəsi"nə bənzədir. Qarabağın azad edilməsi uğrunda mücadilədə Qədirin səsindəki möcüzəyə, qüdrətə inanır.

 

Zirvədən ayrılan qartal naləsi,

Tufanla çarpışan şahin nəğməsi,

Babək nərəsidir Qədirin səsi,

Hoydu igidlərim, gəlin and içək,

Qarabağ, ya ölüm, birini seçək!

 

...Qədirdir oxuyan, qalx ayağa, qalx!

Səsdə möcüzəyə, qüdrətə bir bax.

İnsan da vətənsiz yaşarmı, Allah!

Hoydu igidlərim, gəlin and içək,

Qarabağ, ya ölüm, birini seçək!

 

Təsadüfi deyil ki, I Qarabağ müharibəsində, xüsusilə Ağdam ətrafında gedən döyüşlərdə Qədir Rüstəmov şəxsən döyüşçü kimi iştirak etmiş, könüllü dəstələrin irəliləməsində onları mübariz əhval-ruhiyyəli mahnıları ilə ruhlandırmış, qəhrəmanlıq nümunələri göstərməyə səsləmişdir.

Eyni düşüncələri, hissləri "Haray" şeirində də diqqətə çatdıran müəllif üzünü Ağdamın xilaskarlarına tutaraq yazır:

 

Yurdu dağılan mənəm,

Qaçqın çağrılan mənəm,

İçimdə vulkan yanır,

"Haray" bağıran mənəm.

 

Şeirin yazılma tarixi qeyd edilməsə də, məzmunundan məlum olur ki, bu əsər iki müharibə arasında 25 ildən çox davam edən darıxdırıcı danışıqlar dövründə qələmə alınmışdır.

Nazim Muğanlı bir neçə şeirində Qarabağ ünvanlı vətən, torpaq, yurd yerləri, el-oba, allı-yaşıllı təbiət, buz bulaqlar, başı dumanlı dağlar üçün darıxdığını dilə gətirmişdir. Uzaq xatirələrə bürünmüş həsrətin, intizarın əlçatmazlığını şair "A dağlar" şeirində real boyalarla vermişdir.

 

Duman gələr zirvələrin görünməz,

Dəli dağa qalxan yollar bilinməz,

Xəyalımdan xatirələr silinməz,

Sizdən ötrü darıxmışam, a dağlar.

 

Şairin xəyallarından gənclik xatirələri, dumanlı zirvələr, qar örtmüş dağ cığırları silinməsə də, uşaqlığı keçən yerlərin ağrısını, acısını yaşayır, o yerlər üçün burnunun ucu göynəyir, darıxır...

Şair növbəti "Darıxmışam" şeirində gözləməkdən ümidlərinin tükəndiyinə, yolların bağlandığına, "Düşmən qəvi, tale zəbun" (M.Füzuli) olduğuna işarə edir.

 

Qarabağın yolu bağlı,

Haqqın əli-qolu bağlı,

Yurdum əsir, sinəm dağlı,

Qoy qoynunda ölüm, Şuşam,

Sənsiz yaman darıxmışam. 

 

Cıdır düzü peyman yerim,

Minarələr iman yerim,

Ay yurd yerim, güman yerim,

Qoy qoynunda ölüm, Şuşam,

Sənsiz yaman darıxmışam.

 

Otuz illik gözləmələrin, darıxdırıcı ayların-illərin ümidsizliyindən yoğrulmuş, şair ruhunun nalə və fəryadı kimi yaddaşlarda iz buraxan bu misralar təəssüf ki, gerçəkliyin bədii əksi idi.

İnsanların, xüsusilə Qarabağlıların qəlbinə çökmüş pessimizmin qara-qatı buludlarını 44 günlük müharibədə şairin "Hoydu igidlərim" - deyə müraciət etdiyi çağdaş Azərbaycan gəncliyi "Dəmir yumruq"la darmadağın etdi. Tarixi Zəfərin rəmzi olaraq Azərbaycan himni Şuşanın aydın səmasında günəş şəfəqləri kimi bərq vurdu, Qədirin "Qarabağ şikəstəsi", Xudayarın "Vətən yaxşıdır" təsnifi əks-səda verdi. Bu musiqi sədaları düşmən üzərinə döyüşə atılan igidlər üçün "Babək nərəsi" qədər əzəmətli, möhtəşəm idi...

Nazim Muğanlının "Nigaran qalma məndən" kitabına daxil edilən şeirləri şairin yaşadığı keşməkeşli həyatın, çəkdiyi üzüntünün, həsrətin, iztirabın, sevdiyi vətənin, xalqın, el-obanın bədii salnaməsidir. Sözün və düşüncənin geniş mənasında o, Nazimi Ustaddır.

 

 

 





03.11.2023    çap et  çap et