525.Az

Nəsillərə örnək ömür - Humra Rəsulova - Etibar Əhədov yazır


 

LƏNKƏRANIN İLK QADIN PROKURORUNUN HƏYAT VƏ FƏALİYYƏT YOLUNA BİR NƏZƏR

Nəsillərə örnək ömür - Humra Rəsulova - <b style="color:red"> Etibar Əhədov yazır</b>

Onillər boyu Lənkəranda və yaxın məntəqələrdə "Qara Humra", yaxud "Kişi Humra" adı ilə tanınan və 16 yaşından bölgənin ilk qadın traktorçularından biri kimi şan-şöhrət tapmış, sonralar II Dünya müharibəsi dövründə isə bu rayonun ilk və yeganə qadın prokuroru olmuş Humra Rəsulova da, öz dövrünün əksər insanları kimi, mövcud quruluşun ideyalarına hədsiz sədaqət ruhunda tərbiyə almış, mətin iradəli, qanunsevər insan, cəsarətli, mübariz qadın kimi ad çıxarmışdı. Xidmət etdiyi ideologiya çərçivəsində işə daim yaradıcı münasibət bəsləməsi, çalışdığı sahələrdə təşəbbüskarlığı ilə seçilməsi onu həmişə başqalarından fərqləndirmişdi.

Keçmişdə Qara adı hörmətli, nüfuzlu şəxslərə verilərdi. Humra Rəsulova da el-obanın pasibanı, köməksizlərə arxa-dayaq, əhali arasında hörməti olan cəsur qadın, qayğıkeş ana, yerli miqyasda nüfuzlu dövlət adamı idi. Çalışdığı bütün sahələrdə etimadı doğrultmuş, kimliyindən və tutduğu mövqeyindən, vəzifəsindən asılı olmayaraq hamıya eyni gözlə baxmışdı. Yaşlıların dediyinə görə, Qara Humra süründürməçilik psixologiyasından uzaq olub. Xüsusilə əsgər ailələrini incidənlərlə barışmaz idi.

İlk dəfə onu 1978-ci ilin noyabr ayında Məhsul bayramı iştirakçıları arasında görmüşdüm. Çiskin yağış yağırdı. "Leninçi" (indiki "Lənkəran") qəzetində məsul katib işlədiyim vaxtlar idi. Ayağında uzunboğaz xrom çəkmə, əynində qara meşin pencək vardı. O tərəf-bu tərəfə baxa-baxa "Avrora" siqaretini tüstülədirdi. Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi İsa Məmmədov ona yaxınlaşan anda papirosu çəkməsinin altında gizlətdi.

- Lənkəranın prokuroru olub, - təsərrüfat başçılarından biri dilləndi, - Humra Rəsulovadır.

İllər keçəndən sonra onunla Lənkəran şəhərinin Səttarxan küçəsində yerləşən evində görüşdük. Oğlu Zakir naz verə-verə anasının ağarmış saçlarına daraq çəkirdi. Gözlərinin nuru sönmüş kimiydi. Odur ki, ayaq tappıltımı eşidib soruşdu:

- Kişi oğlu, gələn var?

Mənim gəldiyimi bilcək sevinmiş, keçmişdən xeyli söhbət etmişdi.

 

Ömür yolundan sətirlər

 

Humra İsrafil qızı Rəsulova 1916-cı il martın 10-da Lənkəranın Veravul kəndində anadan olub. Uzun illər Lənkəranda məktəb direktoru işləmiş Cəsail Rəsulov danışır ki, atamın əmisi qızı idi, Humragillə yaxın qonşu idik, atası İsrafil əmi kolxoz təsərrüfatının ilk qurucularından olmuşdu.

Humra məktəb yaşlarından kənddəki təsərrüfatda əmək fəaliyyətinə başlayıb. Kənddə ibtidai təhsildən sonra komsomolun göndərişi ilə traktorçuluq kursunda oxumuşdu. Rayonun müxtəlif təsərrüfatlarında, o cümlədən, "Avrora" (indiki Hirkan), Vilvan Veravul, Şağlaser, Separadi kəndlərində traktorçu işləmişdi.

Qonşu Separadi kəndində ərdə idi. Kəndin İcra nümayəndəsi olmuş Şöhrət Cəfərovun məlumatına görə, ömür yoldaşı Əli Məmiş oğlu Məmmədov cəsur, qorxmaz bir şəxs imiş. 30-cu illərdə kəndin qaçaq-quldurlardan qorunmasında fəallıq göstəribmiş. Həmin illərdə təkbaşına kəndin mal-qarasını qaçaq-quldurlardan geri alarkən pusquya düşmüş, aldığı xəsarətdən həlak olmuşdu.

Qara Humra bundan sonra ərə getməmiş, ərindən nişanə iki övladını - Zakir və Yusifi təkbaşına böyüdüb tərbiyə etmişdi. Zakir Bakı Neft Texnikumunu bitirib, Lənkəran maye-qaz idarəsində fəaliyyət göstərib. Yusif isə ticarət üzrə ali təhsil almış, Lənkəran Şəhər Partiya Komitəsində təlimatçı işləmişdi.

Humra Rəsulova yeniyetməlik dövründə "Avrora" sovxozunda traktorçu kimi çalışdığı ilk günləri heç yaddan çıxarmırdı. Sovxoz rayonun ilk çayçılıq təsərrüfatlarından idi. "İllərdə izi qaldı" kitabımda traktorçu Humra Rəsulova haqqında belə bir epizod var:

"Sahəni qarış-qarış gəzmişdi. Plantasiyaların ətrafına drenaj kanallar çəkməyə ehtiyac vardı. Yoxsa axar olmayanda sahədə qalacaq izafi sular çay kollarını inkişafdan dayandıracaqdı. Gənc mexanizatorun fikrini sovxoz direktoru da bəyənmişdi. Rayondan gələn nümayəndə cavan qızın traktorun bacarıqla idarə etdiyini görəndə heyrətini gizlədə bilmədi.

- Zirəkdir, - dedi. - Qoçaq qızdır!

İki gün sonra sahədə, meşənin yaxınlığında Humranın qabağını çiyni tüfəngli, saç-saqqal basmış iki nəfər tutdu. Geyimindən, hərəkətindən qaçaqlar olduğu hiss olunurdu. Onlardan biri silahını Humraya tuşladı.

- Ay qız, düş traktordan!..

Humra bir söz deməyib yavaşca traktordan endi.

- Musurman qızısan, eyib deyil sənə, şeytan arabasına minmisən?!

Humra dinmir, işin aqibətini gözləyirdi. Tüfəngini ona tuşlamış qaçaq yerdən götürdüyü daşı traktorun qabaq hissəsinə çırpıb sındıranda Humra özünü saxlaya bilməyib qışqırdı:

- Kömək edin!!!

- Kəs səsini, axmaq qız! - deyə qaçaqlar üstünə cumdular. Üzü çapıqlı qaçaq gülləni havaya boşaltdı və üstünə çığırdı.

- Musurman qızı olmasaydın, tüfəngi başuva boşaldardım. Səni qanına qəltan etsək, deyərlər ki, indi də uşaq-muşağa əl qaldırırlar. Amma bir də səni bu yanlarda görməyək, yoxsa başında turp əkərik. Dediyimizi komsomol küçüklərinə də çatdır, eşitdinmi?!

Qaçaq yoldaşlarına işarə etdi, meşəyə tərəf çəkildilər.

Hadisədən xəbər tutanlar Humranı traktora yaxın buraxmaq istəmirdilər. O isə təkid edib dediyinin üstündə dayandı.

- Əgər hər birimiz qorxub geri çəkilsək, onda qurduğumuz hökumət davam gətirməz, uğrunda mübarizə apardığımız məqsədə çatmarıq. Biz vahid məqsədə xidmət edirik. Ölümlə bizi qorxutmaq olmaz.

Bu sözləri eşidəndə sovxoz direktoru Muxtar Sadıqov dedi:

- Demişdim, axı, Humra qoçaq qızdır!..

1932-ci il idi. Qaçaqlarla üz-üzə gələndə Humra hələ həyatda ilk addımlarını atırdı, komsomol sıralarına təzə keçmişdi. Qarşıda onu daha çətin, ağır sınaqlar gözləyirdi. İllər keçəndən sonra, 1942-ci ildə üstünə tüfəng çəkən üzü şırımlı qaçaqla yenidən üz-üzə gəldi. Humra üzündəki çapıqdan onu tanımışdı. Qaçaq hər şeyi boynuna aldı, müharibədən də yayınmışdı. Humra bir daha ona rast gəlməsə də, həmin anları tez-tez xatırlayırdı".

Prokuror olduğu dövrdə daha çətin və məsul tapşırıqların öhdəsindən gəldi.

1942-ci ildə şəhərin Kiçik bazar qəbiristanında atışma olmuşdu. Neçə vaxt idi ki, təhlükəsizlik orqanları onların izinə düşmüşdü. Atəş açanlar ordudan yayınanlar idilər. Sən demə, müharibədən yayınıb dağlara sığınsalar da, soyuğa tab gətirməyib, aşağılara enməyə məcbur olublar. Aradan illər keçsə də, Mirəbutalıb ağanın qəbir daşının üstündəki güllə izləri, o hadisədən nişanə kimi bu gün də qalmaqdadır.

H.Rəsulova 1940-cı il aprel ayında Kommunist partiyası sıralarına daxil olduqdan sonra ona prokurorluq orqanlarında vəzifə verilmiş, əvvəl rayon prokurorunun köməkçisi, 1941-1942-ci illərdə isə rayon prokuroru işləmişdi.

Yerli əhali başa düşürdü ki, "Qara Humra" nə edirsə, hansısa bir təşəbbüs irəli sürürsə, rayonun rifahı, aydın gələcəyi üçündür. Prokurorun gördüyü nəcib, xeyirxah işlərin sayı-hesabı bilinmirdi. Prokurorluqda çalışdığı illərdə geniş ictimai-siyasi iş aparırdı. Hər nəcib iş, hər yenilik rayonda rəğbətlə, razılıqla qarşılanırdı.

1941-45-ci illər müharibəsi dövründə prokuror H.Rəsulova dinclik bilmədən gündoğandan toran qovuşanadək kəndlərə çıxır, tarlalardan əl-ayaq çəkmirdi. Camaatı inandırmağa çalışırdı ki, çətinliklər müvəqqətidir, ordumuz tezliklə öz qəti sözünü deyəcək. O, vətənpərvərlik nümunəsi göstərərək, özünün qızıl sırğa dəstini və nişan üzüyünü, həmçinin on min manat pulunu müdafiə fonduna vermişdi.

H.Rəsulova 1942-ci ilin axırlarında rayon partiya Komitəsinə müraciət edərək öz ixtisası üzrə təsərrüfat sahəsində işləmək arzusunda olduğunu bildirir. Traktorçu işlədiyi dövrdə Gəncədə kolxoz sədri hazırlığı kursunda oxumuşdu. Altı ay müddətində görkəmli alim və mütəxəssislərdən böyük təcrübə toplamışdı. Arzusunu nəzərə alıb, onu Kirov adına sovxozda (indiki İstisu qəsəbəsi) partiya komitəsinin katibi təyin edirlər. Bir qədər sonra - 1943-cü ildə rayon partiya komitəsinin təlimatçısı olur.

Çox keçməmiş, Humra Rəsulovanı taxıl məhsulları tədarükü müəssisəsinin direktoru təyin edirlər. Rəhbərlik onun qüvvəsinə, təşkilatçılıq bacarığına inanırdı. 1944-1953-cü ilədək bu vəzifədə çalışır və burada da etimadı doğruldur.

Sonralar H.Rəsulova Lənkəran ovçular cəmiyyətinin sədri (1953-1954), mərkəzi bazarın müdiri, quşçuluq fabrikinin, şəhər camaşırxanasının müdiri (1955-1990) vəzifələrdə çalışıb. İki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib (1938, 1947), SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin iştirakçısı, Zaqafqaziya komsomolunun plenum üzvü olub (1935). Əmək və ictimai fəaliyyətinə görə Qırmızı Əmək Bayrağı, "Şərəf Nişanı" ordenləri, "Əməkdə fərqlənməyə görə" və s. medallarla təltif edilib, 1974-cü ildə "Azərbaycan Kommunal Təsərrüfatı əlaçısı" adına layiq görülüb.

Şərəfli ömür və fəaliyyət yolu keçmiş Humra Rəsulova 1996-cı il yanvarın 1-də vəfat edib.

Yaşlı nəsil Humra Rəsulovanı bu gün də unutmayıb. Yaddaşlarda qanunçuluğun və ədalətin rəmzinə çevrilmiş Humra Rəsulovanın bütün fəaliyyəti dövründə ən böyük qazancı, sərvəti xalqın ehtiramı, məhəbbəti olub. 

 

 

 





03.11.2023    çap et  çap et