525.Az

Rəşadətlə ucaldı şəhadət zirvəsinə...


 

Rəşadətlə ucaldı şəhadət zirvəsinə...<b style="color:red"></b>

...O, cəbhədə düşmənlə üz-üzə öz ata-baba yurdu uğrunda savaşanda oradan çıxan 6 yaşlı körpə yox, vətənini, millətini qanı-canı bahasına qorumağa hazır gənc zabit idi. Bəlkə də elə torpaq həsrəti, işğalda olan yurdunu azad etmək arzusu idi onu hərb sənətinə gətirən. 

O, qalib ölkənin qalib əsgəri kimi Vətən müharibəsindən sağ-salamat çıxmağı bacarmışdı. Sağ-salamat deyirik, amma əsl yaralılar öz döyüş yoldaşını, səngər dostunu müharibədə itirən, gözünün qarşısında neçə-neçə sönüb bitən həyatlara şahid olanlar deyilmi?!

II Qarabağ müharibəsindən döndükdən sonra da onun Vətənə xidməti bitmədi. Ta ki 2022-ci ilin məşum sentyabrına kimi...

"Qardaşım deyirdi ki, ya milli qəhrəman olacağam, ya da general. Qismət olmadı" - deyir Ravilin bacısı Sevda xanım. Bəli, Ravil general olmadı, amma böyük məmləkətin, ulu xalqın qəhrəmanına çevrilməyi bacardı.

lll

Xüsusi Təyinatlı Qüvvələrin zabiti, leytenant Ravil Mübariz oğlu Hümbətov 1987-ci il yanvarın 10-da dünyaya göz açıb.

Əslən Cəbrayılın Yarəhmədli kəndindən olan Ravil, orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsində təhsil alıb.

İncəsənət sahəsini bitirsə də, sonradan meylini hərbi sahəyə yönəldib Ravil.

Vətən müharibəsinin qəhrəman iştirakçılarından biri olan Ravilə 6 yaşında tərk etməyə məcbur qaldığı torpaqlara düz 28 il sonra əlində silah başı dik, alnı açıq, vüqarla girmək qismət oldu. O, doğma Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi göstərmişdi.

Onun bu şücaəti dövlətimiz tərəfindən də diqqətdən kənar qalmayıb və Ravil beş medalla təltif edilib.

2022-ci ilin mayında könüllü olaraq əməliyyat (komando) hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə daxil olub və komando təlimində birinci yerə çıxıb.

Bacısı Sevda xanım deyir ki, Ravil böyük həvəslə hərbçi olmuşdu: "Hərbi təlimlərə qatılırdı. Xüsusi təyinatlı idi. Baxmayaraq ki, tam başqa sahə üzrə təhsil almışdı. Vətənini hər şeydən çox sevirdi. 44 günlük Vətən müharibəsinin iştirakçısı oldu. Döyüşlərdə göstərdiyi şücaətə görə beş medalla təltif edildi.

Vətəninə, millətinə layiqli övlad idi. Ailəli idi, iki gül balası qaldı. Körpə balası beş aylıqdı, cəmi üç gün gördü, balasını. Sonuncu dəfə bir ay qabaq danışmışdıq. Qardaşım Cəbrayılın işğaldan azad olunmasında iştirak edib. Altı yaşında çıxdığı rayona silahla geri qayıtdı. Laçına qədər vuruşdu.

Amma sentyabrın 12-də Ermənistan Silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısını alarkən şəhid olub. Qardaşım şəhid olanda bizə yaralanıb dedilər.

Təlaşlandıq, xəstəxana soruşacaqdıq, bizdən ev ünvanımızı soruşdular. Onda şübhələndik ki, yaralını evə gətirməzlər..."

2022-ci ilin 13 sentyabrında erməni silahlı birləşmələrinin Ermənistan-Azərbaycan sərhədində törətdiyi təxribat nəticəsində şəhid olanlardan biridir Ravil Hümbətov.

"Ölümündən bir həftə əvvəl "mənimlə fəxr edəcəksən, Milli Qəhrəman olacağam" - dedi. Düşündüm ki, bəlkə Vətən müharibəsində döyüşdüyünə görə hansısa mükafat və ya medalla təltif olunacaq. Özündən də soruşdum. "Görəcəksən, soruşma" - deyə söhbəti yayındırdı... Sən demə, şəhid olacağını nəzərdə tuturmuş... İndi şəhidin özündən sonra 3 yaşlı və 5 aylıq qız övladları qaldı..."

Bu sözləri ürək yanğısı ilə şəhidin həyat yoldaşı Leyla Hümbətova deyir.

Nə yazıq ki, zalım fələk Ravilə 5 aylıq körpəsini doya-doya görməyə, qoxusunu içinə çəkməyə izin vermədi. O, körpəsini cəmi 2 gün görə bildi. Cəmi 2 gün balaca mələk ata qollarının, ata sinəsinin hərarətini duydu, özü də bilmədən ata köksündə mürgüləməyin xoşbəxtliyini yaşadı...

Son dəfə sentyabrın 12-də ailəsi ilə danışan Ravil həyat yoldaşına "ola bilər ki, telefonuma zəng çatmasın. Sən narahat olma. Özüm sizə zəng edəcəyəm. Elə bir yerə gedəcəyəm ki, orada şəbəkə olmayacaq" - deyir.

Leyla xanım isə səhər 6-ya 27 dəqiqə işləmiş onun sosial şəbəkədə olduğunu görüb mesaj yazsa da, artıq mesajı ünvana çatmır. Zəng etsə də, əlaqə alınmır və düz 3 saat sonra Ravilin şəhadət xəbəri gəlir. Leyla xanım deyir ki, bəlkə də o, son anında telefonu əlinə alıb ki, bizə yazsın, nəsə desin, amma yaza bilməyib. Çünki məlumata görə, Ravil səhər saat 6-7 aralığında şəhadətə ucalıb.

Xüsusi Təyinatlı Qüvvələrin zabiti, leytenant Ravil Mübariz oğlu Hümbətov sentyabrın 14-də II Fəxri xiyabanda dəfn olunub.

Şəhidimizin dəfn mərasimində Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ceyhun Məmmədov, Müdafiə Nazirliyinin rəsmi heyəti, şəhidin döyüş yoldaşları, şəhid ailələri, müharibə əlilləri, KİV nümayəndələri, minlərlə insan iştirak edib.

İkinci Fəxri xiyabana aparılan şəhidi yol kənarlarında toplaşan minlərlə insan üçrəngli Vətən bayrağı ilə qarşılayıb, gül dəstələri ilə yola salıb.

Aylar, illər keçəcək, ancaq Ravil və onun kimi Vətən qəhrəmanları əbədi yaşayacaq. Onların xatirəsi təkcə ailəsinin, sevənlərinin deyil böyük bir xalqın qəlbində həmişəyaşar qalacaq!

Allah rəhmət eləsin!

 

 

 

 





03.11.2023    çap et  çap et