525.Az

Vətən sevgisi həyat və sənət eşqini üstələyən şəhid


 

Vətən sevgisi həyat və sənət eşqini üstələyən şəhid<b style="color:red"></b>

Hərbi xidmətini başa vurmasına cəmi 3 gün qalmışdı... Bir illik xidməti dövründə məsuliyyətli, vətənpərvər, cəsur əsgər kimi özünü tanıdan, bütün komandirlərinin sevimlisinə çevrilən Samiri ailəsi böyük həsrət və vüqarla gözləyirdi. İki bacının tək qardaşı, ailənin, nəslin, qohumların gözbəbəyi Samir Vətənə borcunu ödəyəcək, sonra isə həyatına, sənətinə qaldığı yerdən davam edəcəkdi. Axı o, incəsənət nümayəndəsi, aktyor və mədəniyyətimizin işıqlı gənclərindən biri idi. Hələ gələcəkdə onu oynayacağı rollar, çəkiləcəyi seriallar, şan-şöhrət gözləyirdi. Öz işi, uğurlu karyerası ilə bütün çətinliklərə rəğmən, bitirdiyi ali təhsil ocağının fəxr etdiyi məzunlarından biri olacaqdı.

Bəlkə də aktyorluqla yanaşı, öz əsl sənətini icra edəcək, muzeyşünas olacaqdı?! Ölkəmizdə muzeyşünaslığın inkişafına öz töhfələrini verəcəkdi, bu sənətdə bir "Samir Qəfərli" imzası qoyacaqdı?!

Bəli, o, yenə də ailəsinin, məktəbinin, universitetinin, nəslin və bütün Azərbaycanın fəxri oldu, amma böyük vətən eşqi, sonsuz cəsarəti ilə...

Onu ailəsindən ayıran həmin 3 gün, nə yazıq ki, əbədi ayrılığın təməli oldu. Oktyabrın 1-də müddətli həqiqi hərbi xidmətini başa vurub evinə qayıdacağını gözləyən Samir sentyabrın 27-də başlanan Vətən müharibəmizin döyüşlərə qatılan ilk qəhrəmanlarından biri oldu və 44 günlük müharibənin 33 günündə igidliklə, sonsuz cəsarətlə vuruşdu, neçə-neçə kəndlərimizin, qəsəbələrimizin, rayonlarımızın düşmən işğalından azad edilməsində şücaət göstərdi.

Bəs kim idi Samir Qəfərli?

Samir Möhlət oğlu Qəfərli 1 noyabr 1994-cü ildə Ucar rayonunun Bərgüşad kəndində anadan olub.

2001-ci ildə Ucar rayon Bərgüşad kənd Şəhid Ağamusa Mustafayev adına 1 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2012-ci ildə həmin məktəbi bitirən Samir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakültəsinə qəbul olunur və Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası ilə təhsilini davam etdirir. Hələ 1-ci tədris ilində oxuyarkən Samirin anası ağır xəstəlikdən dünyasını dəyişir. Anasını vaxtsız itirən Samir isə iki bacının tək qardaşı idi və bu ağır məsuliyyət onu bir müddət təhsildən yayındırır. Lakin o, oxumaq əzmindən dönmür və 2016-cı ildə təhsilini yenidən davam etdirərək, 2019-cu ildə həmin universitetdən məzun olur.

Samir Kulturologiya fakültəsində təhsil alıb, universiteti muzeyşünas kimi bitirsə də, onun aktyorluq qabiliyyəti, incəsənətə hərtərəfli marağı onu ekranlara qədər gətirmişdi. Azərbaycan tamaşaçısı şəhid Samiri Xəzər TV-də yayımlanan "Ata ocağı" serialından yaxşı tanıyırdı. O bu seriala hələ təhsil aldığı müddətdə çəkilmişdi.

2019-cu ilin oktyabrın 1-də Samir müddətli həqiqi hərbi xidmətə yollanır.

Azərbaycan Ordusunun əsgəri olan Samir Qəfərli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edir. Sonuncu dəfə ailəsi ilə 13 oktyabrda əlaqə saxlayan qəhrəmanımız Cəbrayılın, Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə böyük cəsarətlə vuruşub.

İndi gözüyaşlı, sinəsi dağlı bacıları qardaşlarının vətənə olan məhəbbətindən, Qarabağı azad etmək yanğısından danışırlar. Onun zamanında dediyi sözləri bir-bir xatırlayır, hikmətini indi anlayırlar. Sən demə, Samir illərdən bəri onları öz şəhadətinə hazırlayırmış. Nə zamansa Qarabağ uğrunda baş verəcək müharibəyə mütləq öndə gedəcəyini deyən Samir müharibədə bacısının "ehtiyatlı ol" yalvarışlarını "mənim şəhid olan oğullarımızdan nəyim əskikdir?" - deyərmiş. O, şəhadəti özünün ucalığı kimi gözləyirmiş, bacılarına "mənimlə fəxr edəcəksiniz" deyəndə də gələcək uğurlu karyerasını yox, öz şəhidlik zirvəsini nəzərdə tuturmuş.

Əsgər Samir Qəfərli 30 oktyabr 2020-ci ildə Laçın istiqamətində gedən savaşda döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə ucalır və Ucar rayonunun Bərgüşad kəndində vaxtsız itirdiyi anasının yanında torpağa tapşırılır.

Torpaqlarımızın azadlığı uğrunda canından keçən əziz şəhidimiz Samir Qəfərli şəhadətindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Oktyabrın 30-da şəhid olan Samirin cəmi 2 gün sonra 26 yaşı olacaqdı. Onu yeni yaşından iki gün ayırdı.

Nə qəribədir, Samirin taleyində 2-3 günlərin necə böyük təsiri olubmuş, elə deyilmi? 3 gün sonra qayıdacağı evinə 33 gün sonra - ad günündən 2 gün öncə üçrəngli bayrağa bükülmüş, bütöv bir ölkənin qəhrəmanı kimi qayıtdı Samir...

Sonsuz sevdiyi vətəninin qoynuna tələsdi, özünə böyük vüqar bildiyi o yüksəkliyə - şəhidlik mərtəbəsinə ucaldı.

Yaşasaydı, noyabrın 1-də 29 yaşını qeyd edəcəkdi Samir. O isə 26-cı yaşını belə gözləmədən anasının qoynuna, cənnətinə yol aldı.

Ruhun şad olsun, qəhrəman şəhidimiz!

 

 

 





03.11.2023    çap et  çap et