Moldova bundan sonra Müstəqil Dövlətlər Birliyinə (MDB) üzvlük haqqı ödəməyəcək. Moldovanın Maliyyə Nazirliyi bununla bağlı qərarını respublikanın MDB-dən çıxmağa hazırlaşması və təşkilatla bağlı müqaviləni artıq ləğv etməsi ilə əlaqələndirib. Moldova Maliyyə Nazirliyinin belə bir qərar qəbul etməsinə Ukraynadakı müharibə səbəbindən Rusiya banklarına qarşı tətbiq edilən sanksiyalar təsir edib.
Moldova Rusiyanın Ukraynaya müdaxiləsindən sonra 1994-cü ildən üzvü olduğu Birlikdən çıxmaq qərarına gəlib. Artıq 2022-ci ilin yazında respublika təşkilatın əsas orqanlarında, Dövlət Başçıları Şurasında, Hökumət Başçıları Şurasında və Xarici İşlər Nazirləri Şurasında iştirakını dayandırıb. Moldova parlamentinin spikeri İqor Qrosu bildirib ki, biz artıq işğalçı ölkə ilə eyni danışıqlar masası arxasında otura bilmərik.
Parlament sədri MDB-nin keçmiş sovet respublikalarını nəzarətdə saxlamaq üçün Rusiya tərəfindən yaradıldığını deyib. Qeyd edək ki, hələ 2023-cü ilin iyulunda Moldova Parlamenti MDB Parlamentlərarası Assambleyasının tərkibindən çıxmaq haqqında qərar qəbul edib. Bundan əlavə, vahid təhsil məkanı, sərhəd qoşunlarının təminatı, fövqəladə hallar haqqında məlumat mübadiləsi, dövlətlərarası "Mir" teleradio şirkətinin yaradılması və digər sazişlərə də xitam verilib.
Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popeskunun sözlərinə görə, respublika MDB-nin təxminən 330 sazişinin iştirakçısı olub. Yaz-yay sessiyası zamanı parlament 20-dən çox, sentyabrda isə 13 sazişi denonsasiya edib.
Qeyd edək ki, 1991-ci ildə SSRİ-nin dağılmasından sonra yaradılan Müstəqil Dövlətlər Birliyinə Moldovadan başqa, Rusiya, Ermənistan, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan daxildir. Gürcüstan 2008-ci ildə Rusiya ilə beş günlük müharibədən sonra bu təşkilatı tərk edib. Ukrayna isə 2018-ci ildə təşkilatla bütün əlaqələrini bitirib.
Ermənistanın da yaxın aylarda MDB-ni tərk edəcəyi ilə bağlı fikirlər var. Son zamanlar Moldova kimi, Ermənistan da Rusiyanın təsir dairəsindən çıxmaq üçün addımlar atır. Moskvanın əsəbi reaksiyasına baxmayaraq, Moldova və Ermənistan Rusiyanın maraqlarına xidmət edən regional strukturlarla əlaqəsini kəsməyə çalışır.
Qazaxıstanın da Rusiyanın aparıcı olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyindən çıxacağı haqqında fikirlər səslənir. İstisna deyil ki, Qazaxıstan da MDB-dən çıxacaq. Bütövlükdə əksər siyasi ekspertlər hesab edirlər ki, MDB-i dağılır və onu xilas etmək mümkün deyil.