İşğaldan azad olunan ərazilər iqtisadi cəhətdən böyük potensiala və geniş imkanlara malikdir. Qarabağ iqtisadi rayonunun yüksək kənd təsərrüfatı potensialı mövcuddur. Qarabağda iqtisadi cəhətdən quruculuğun təmin edilməsi ölkənin ümumi istehsal-təsərrüfat dövriyyəsinin inkişafının əsas hərəkətverici qüvvələrindən biri kimi qiymətləndirilir. Qarabağın ölkənin ümumi istehsal-təsərrüfat dövriyyəsinə inteqrasiyası üçün həmin ərazilərdə kifayət qədər potensial imkanlar mövcuddur. Regionun təbii sərvətlərlə zəngin olması bir sıra istiqamətlərdə, xüsusilə sənaye və xidmət sahələrində innovativ məhsul istehsalı və xidmətlərin göstərilməsi üçün böyük üstünlüklər yaradır. Bütövlükdə Qarabağ regionu, xüsusilə də Şuşa, Hadrut, Füzuli, Suqovuşan, Şərqi Zəngəzur regionuna aid olan Kəlbəcər və Laçın bölgələri turizmin müxtəlif növlərinin - eko, sağlamlıq, mədəni, təbiət, yay və qış turizminin inkişafı üzrə zəngin resurslara, geniş imkanlara malikdir. Qarabağın azad və innovativ iqtisadiyyat mərkəzinə çevrilməsi üçün dövlətin bütün imkanları mövcuddur.
İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, bu gün kənd təsərrüfatı sektorunda bio və nanotexnologiyanın tətbiqi ilə daha yüksək məhsuldarlıq əldə etmək mümkündür. Bu istiqamətdə işğaldan azad edilən ərazilərə birbaşa xarici investisiyaların cəlb olunması əhəmiyyətli məsələdir. Çünki investisiya o zaman önəmli olur ki, özü ilə birbaşa texnologiya transfer etsin. Sözügedən istiqamətdə bio və nanotexnologiyaların inkişafı çərçivəsində Qarabağda kənd təsərrüfatı və emal sənayesində ciddi uğurlar əldə etmək mümkündür. Qarabağın başlıca güclü tərəflərindən biri coğrafi müxtəlifliyidir ki, bu, iqtisadi imkanların diversifikasiyasına fürsət yaradır. Həm dağlıq, həm də düzən əraziləri əhatə edən bölgədən çoxlu çaylar keçir. Kənd təsərrüfatı sahəsində dənli və dənli-paxlalı bitkilər, pambıq, şəkər çuğunduru, günəbaxan, kartof, tərəvəz, bostan bitkiləri, müxtəlif giləmeyvələr, üzüm istehsalı üçün böyük potensial var. Strateji məhsul olan taxıl və pambıq xüsusi çəkisi ilə seçilir. İşğal vaxtı da regiondan taxılçılıqda geniş istifadə olunub. Bölgədə anbar təsərrüfatı sahəsində yaxşı imkanlar var. Region təbii sərvətlər və faydalı qazıntılar, tikinti materialları ilə zəngindir ki, bu, sənaye və tikinti üzrə fəaliyyət göstərmək üçün olduqca əlverişlidir.
Ekspert deyir ki, Azərbaycanda işğaldan azad edilən şəhərlərə köçü stimullaşdırmaq, orada iqtisadi fürsətlərin artmasına nail olmaq və özəl kapitalı, investorları cəlb etmək üçün qeyri-standart qərarların alınmasına ehtiyac var: "İşğaldan azad edilən şəhərlərin birini "Cənubi Qafqazın Las-Veqası"na, başqa birini isə bölgənin "Disneylend"inə çevirmək lazımdır. Füzuli və Zəngilan Hava Limanları bu işdə çox önəmli rol oynaya bilər, həmin aeroportuları məntiqlə, ağılla idarəetməyə nail olsaq, ora "lou-kost" hava şirkətlərini cəlb etsək, bu ideyanın həyata keçirilməsinə çox kömək olar. İki ayrıca əyləncə şəhərinin yaranması ora əhalinin könüllü köçməsinə də şərait yaradacaq. Qeyd edim ki, Füzuli Beynəlxalq Hava Limanı bilavasitə Qarabağ regionunun daxili turizmdən yararlanmasına xidmət edən fəaliyyət olacaq. Eyni zamanda, orada sənaye parklarının yaradılması ilə bağlı strateji qərarların verilməsi bu regionun iqtisadi inkişafına ciddi töhfə verən faktor olaraq çıxış edər. Bundan başqa, İranın, Türkiyənın, gələcəkdə isə Ermənistanın həmin şəhərlərə avtomobil və yerüstü nəqliyyatla cəmi bir neçə saatlıq məsafədə yerləşməsi isə həmin ölkələrdən milyonlarla turist axınını təmin edə bilər ki, bu da yan sahələrin inkişafına təkan verəcək.
Ərazilərin iqtisadi inkişafını sürətləndirmək üçün özəl investisiyaların cəlb olunmasına ciddi ehtiyac var: "Bu gün investorların 70 faizi gözləmə mövqeyindədir. Bölgəyə gələcək istər yerli, istərsə də xarici investorlar ilk növbədə yatırımlarının qorunduğuna əmin olmalıdırlar. Bura həm təhlükəsizliklə, həm də qanunvericiliklə bağlı məqamlar daxildir. İşğaldan azad edilmiş ərazilərdə çoxsaylı minalar, partlamamış hərbi sursatlar, tərkibində partlayıcı olan qurğular və digər partlayıcı qalıqlar mövcuddur. Bu mənada təhlükəsizliyin təmin olunmasının ilkin şərti ərazilərin minalardan təmizlənməsidir. Bütün bu məqamlar Proqramda öz əksini tapıb. Belə ki, yaxın üç ildə 215 min hektar, 2026-cı ilə kimi isə ümumilikdə 280 min hektar ərazilər minalardan təmizlənəcək. Həmin dövr ərzində bölgəyə yatırılan investisiyaların sığortalanması mexanizmlərinin yaradılması nəzərdə tutulur. Eyni zamanda, xarici ölkələrdəki ticarət nümayəndəlikləri vasitəsilə regionun imkanları barədə marketinq tədbirləri keçiriləcək və müvafiq təşviqedici elektron platforma vasitəsilə investisiyaların təşviqi aparılacaq. Qeyd olunanların və proqramda əksini tapan digər tədbirlərin reallaşması nəticəsində biz yaxın gələcəkdə bu bölgəyə böyük məbləğdə özəl investisiyaların yatırılacağına şahid olacağıq".

Natiq Cəfərli bildirib ki, işğaldan azad olunan ərazilərin iqtisadiyyatının ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası ümumi daxili məhsulun artımına öz töhfəsini verəcək. Eyni zamanda, regional nəqliyyat və logistika dəhlizlərinin açılması həmin bölgənin sahibkarlarının digər mərkəzi şəhərlərə gəlmədən də oradan birbaşa olaraq məhsullarını dünya bazarına çıxarmağa imkan verir.
Qarabağ dağ-mədən, metallurgiya, yeyinti, emal, yaradıcı sənaye, əczaçılıq, taxılçılıq baxımından deyil, həm də turizm-rekreasiya sahəsindəki geniş inkişaf potensialına malikdir. İşğaldan azad edilən ərazilərdə infrastrukturun qurulması işlərinə artıq başlanılıb. Bu işlərlə paralel şəkildə Qarabağın turizm potensialının dünyaya tanıdılması istiqamətində maarifləndirici işlərə, bölgənin turizm imkanlarından faydalanmaq üçün ilkin araşdırmalara da start verilib. Qarabağda turizm sektorunun inkişafı bu bölgənin iqtisadi baxımdan tez bir zamanda dirçəlməsinə müsbət təsir göstərəcək. Gözəl turizm məkanları olan Şuşa, Laçın, Kəlbəcərin dağ turizmi, ekoturizm, müalicəvi və mədəni turizm potensialından istifadə edərək Qarabağın iqtisadi dirçəlməsinə töhfə vermək olar.
Dövlət Turizm Agentliyindən bildirilib ki, ərazilərdə təhlükəsizliyin təmini, əhalinin oraya qayıdışı və infrastrukturun yaradılması təmin olunduqdan sonra Qarabağ və ətraf rayonlarda yeni turizm məhsulları ziyarətçilərə təqdim ediləcək. Həmin zonada ilk mərhələdə daxili turizmin təşkili əsas istiqamət olacaq. Bu bölgələrdə ilk mərhələdə daha çox ziyarət tipli turizmin təşkili, infrastruktur tam bərpa edildikdən sonra isə istirahət turizminin təşkili nəzərdə tutulur. Azərbaycanın bu qədim tarixə malik olan bölgəsi özünün flora və faunası, mətbəxi, tarixi mədəni-dini abidələri, qədim qalaları, körpüləri, meşələri, bulaqları və s. görməli məkanları ilə turistləri cəlb edəcək. Bu baxımdan təbii ehtiyatlarla zəngin olan Qarabağda həm də müxtəlif növ ekstremal turizm, aqroturizm, yaşıl turizm təşkil etmək olar.
İqtisadçı ekspert Eyyub Kərimlinin dediyinə görə, Kəlbəcər-Laçın iqtisadi rayonundakı İstisu, Minkənd, Tutqunçay kimi mineral bulaqlar, iqlim-balneoloji şərait, dağ meşələri kurort məqsədləri üçün istifadə edilə bilər: "Burada 8 yeraltı su yatağı mövcuddur. Onlardan yeddi yataq Kəlbəcərin və bir yataq Laçının ərazisində yerləşir. Bütün bunlar iqtisadi rayonda turizmin inkişafı üçün geniş perspektivlər yaradır. Qubadlının gözəl təbiətindən, oradakı Həkəri çayının imkanlarından istifadə etmək olar. Həmin ərazilərdə, o cümlədən, Kəlbəcərdə gözəl istirahət mərkəzləri yaratmaqla yaşıl turizmi inkişaf etdirmək olar. Kəlbəcər rayonu qış turizmi üçün də ideal məkandır. Şuşa şəhəri Azərbaycan turizminin simvol şəhərlərindən biri hesab oluna bilər. Təkcə Şuşadakı "Çətir" şəlalələri hamını oraya getməyə sövq edəcək. Azərbaycan mədəniyyətinin incisi olan Şuşanın tarixi abidələri, özünəməxsus arxitekturası yeni turizm marşrutlarının yaradılmasına imkan verəcək. Şuşa mülayim iqlim şəraitinə, mineral suları isə müalicəvi xüsusiyyətlərə malikdir. Bunlar da turizm üçün çox yararlı istiqamətlərdir. Burada tanınmış bəstəkarlar, muğam ustadları, incəsənət xadimləri yetişib. Bütün bunlar imkan verir ki, Şuşada maraqlı turizm xidmətləri marşrutları yaradaraq onları turistlərimizə təqdim edək".
Laçın rayonunda "içki sənayesi-turizm-rekreasiya" üçbucağı yaratmaq olar. Kifayət qədər geniş rekreasiya imkanlarına malik olan Laçındakı İlıqsu müalicəvi əhəmiyyətli mineral bulağı, zəngin flora və faunaya sahib, sahəsi 21 min hektardan çox olan Laçın yasaqlığı bu ərazilərin turizm imkanlarını genişləndirəcək. Laçında bu imkanlardan istifadə edərək "içki sənayesi-turizm-rekreasiya" üçbucağının yaradılmasına nail olmaq olar. Əgər müasir tələblərə uyğun şəkildə qura bilsək, bu üçbucaq zəncirvari reaksiya effekti ilə turizm üçün daha cəlbedici amilə çevriləcək.
Hələ işğaldan əvvəl Kəlbəcərin İstisu qəsəbəsində ümumittifaq əhəmiyyətli 2 böyük sanatoriya fəaliyyət göstərirdi ki, hər il orada 50 min nəfər istirahət edirdi. Buradakı "İstisu" mineral suları ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkün idi. Hətta orada kurort və mineral su zavodu da tikilmişdi. Deməli, Kəlbəcərin turizm potensialı hətta Gürcüstanın turizm mərkəzlərinə əsaslı rəqib ola biləcək bir potensiala malikdir. Kəlbəcərin relyefi dünyanın ən heyrətamiz kanatlarının inşasına, ən maraqlı turizm xidmətlərinin qurulmasına imkan verir. Potensialından düzgün istifadə edilərsə, burada Qafqazın ən böyük turizm mərkəzini yaratmaq, Gürcüstana olan turist axınının istiqamətini dəyişmək olar.
Sevinc QARAYEVA
çap et