525.Az

İşğaldan qurtulmuş kəndin tək sakini - Günel Mehri yazır


 

İşğaldan qurtulmuş kəndin tək sakini - <b style="color:red"> Günel Mehri yazır</b>

Təsəvvür edirsiz? Müsahibimin 70 yaşı var. Özü də Qubadlının işğaldan azad olunmuş Qarağac kəndində - şırhaşır axan Həkəri çayının içindəki sal daşlardan birinin üstündə oturub müsahibə verir. Telman dayının bu kəndi deyib gələli, buralarda məskunlaşalı zamandan düz beş ay keçib... Beş aydır o, öz istəyi ilə Qarağac kəndində yaşayan yeganə  sakindir. Telman dayı aramla danışır, səsi uçulmuş evlərin yırtıq-dəliyindən çıxıb əks-səda verir. Onun dilə gətirdiyi xatirələrin fonunda kənd canlanır, 30 il öncəki axar-baxarlı, çal-çağırlı günlərə qayıdır...

...Mən Abdullayev Telman İmran oğluyam. Bura da Qubadlı rayonunun Qarağac kəndidir. Bizim kənd Həkəri çayının sahilində yerləşir. Uşaq vaxtı bu çayda çox çimmişik. İndi də o vaxtları yada salıb, hər səhər gəzə-gəzə gəlirəm bu çayın sahilinə. Əl-üzümü yuyub otururam bir daşın üstündə, ötənləri-keçənləri yada salıram. Bütün keçmiş xəyalımdan keçir. Burdan kəndin panoraması yaxşı görünür axı. Uçulmuş tikililərə baxa-baxa xatırlamağa çalışıram ki, kimin evi hardadır? Belə-belə  təskinlik tapıram. Bünövrədən bu kənd balaca kənd idi: cəmi 30 evlik. Sonra cavanlar böyüyüb tikib-qurdular. Evlərin sayı gəlib çıxdı 47-yə. İndi hanı o evlər? Mənim doğulub-böyüdüyüm kəndin izi-tozu da qalmayıb. Görürsüz də, bu qəsbkarlar gəlib 30 ildə ancaq uçurub-dağıdıblar. İndi həmin 47 ailədən bircə mən gəlib burda məskən salmışam. 150 gündür, tək yaşayıram. Düzdür, əvvəlki şərait, ev-eşik yoxdur, amma Vətən adamı çəkir...

Yuxularda keçmiş günlərimizi görürəm. Atamı, babamı, elimizin, obamızın yaxşı vaxtlarını görürəm. Buranın hər şeyi başqa aləm olub. Bilmirəm sudan idi, havadan idi, torpaqdan idi, hamısı təbii, ləzzətli olardı. Bəlkə də Vətəndir, mənə elə gəlir... 30 il qabaq burda yediyim təamların dadı hələ də damağımdadır. Heç nədən o dadları ala bilmənişəm: nə meyvədən, nə ətdən, nə süddən, nə qatıqdan. İndi burda bir-iki pomidor tağı əkmişəm. Yanıma gələnlər qırıb yeyir, deyir, hə, dediyin kimi var. Bu pomidorun ləzzəti başqadır.

Uşaqlıq xatırələrim çoxdur. Ağaca kəndirdən yelləncək asardıq, qızlı-oğlanlı növbələşib yellənərdik. Ən çox Novruz bayramları ilə bağlı xatirələrim var. Yaxşı yadımdadır, qapılara gedib torba atardıq. Qızlar gedib axar suda bəxtlərini sınayardılar. Gecələr damlarda yığışardıq qızlı-oğlanlı, süfrə açardıq olandan-qalandan. Aşıqlar səhərə qədər sazda çalıb dastanlar danışardılar. Səhərə qədər yatmazdıq, onları dinləyərdik.

Yadıma gəlir, o vaxt bizdən yuxarıda Qaracallı kəndi vardı. Sovetliyimiz orda idi. Beş kəndin bir sovetliyi vardı. Hamımız bir ailə kimi yaşayırdıq. Bizim kənddə toy olurdu, o biri kəndlərin adamları yığışıb gəlirdi. Onlarda toy olanda da biz gedərdik. Toylarımız çox maraqlı keçərdi. Dəvətnamə paylamazdıq. Kəndin briqadirinə deyərdik ki, get kəndə, hay sal, hamı gəlsin. Özü də toya pul yazdırmaq söhbəti yox idi. Hamı gələrdi, yeyərdi, içərdi, oynayardı, şənlənərdi, gedərdi. Sonra bizdə dükan çörəyi satılmazdı. Çünki hər həyətdə tərəkəmələr kimi sac çörəyi bişirərdilər. Dörd yuxaya bir büküm deyərdik. Bir qapıda yas düşəndə əl tutmaq üçün hər ailə özüylə on büküm yuxa gətirərdi həmin evə. Deməyim o ki, istər toyumuzda, istər vayımızda yaxşı adət-ənənələrimiz olub.

Kəndlərdə camaatımız yaxşı dolanırdı. Hərə öz qapısında əkin-biçinlə məşğul olur, mal-heyvan saxlayardı. Mənim atam çoban idi, anam da kolxozçu. Bizim ailəmiz böyük olub: beş qardaş, üç bacı. Valideynlərimiz gecə-gündüz işləyib çalışırdı ki, təhsilli olaq. Şükür, hamımız ali təhsil aldıq, hərəmiz də bir ailə başçısı, oğul-uşaq sahibi olduq. Elə mən özüm Gəncə Kənd Təsərrüfatı institutunu bitirib Qubadlıda müxtəlif vəzifələrdə işləmişəm. Elə ki müharibə başladı, hər şey dəyişdi. Laçınla Şuşa işğal olunduqdan sonra bizim kəndin vəziyyəti pisləşdi. Ermənilər bizi mühasirəyə almışdılar deyə, çox itki verdik. Elə tək mənim qohumlarımdan 49 nəfər Qarabağ müharibəsində itkin düşdü, yaralandı, dünyasını dəyişdi...

O vaxt bizim həyətimizə də mərmi düşdü. Yadımdadı ki, tankla üstümüzə gəlirdilər. Onda uşaqları götürüb sürünə-sürünə bir təhər özümüzü daha təhlükəsiz yer olan körpüyə çatdırdıq. Hamı ora axışırdı. Orda bildik ki, kim ölüb, kim qalıb. O boyda evdən-eşikdən heç nə gətirmədik. Elə canımızı götürüb getdik. Üz tutduq Sumqayıtdakı qohumların evinə. Beləcə 93-cü ildən sonra qaçqın həyatı başladı. Çox çətinlik çəkdik. Bir müddət qohum-əqraba əl tutdu. Birtəhər dolandıq. Sonra orda iş tapıb başladım işləməyə. Təqaüdə çıxana qədər Sumqayıtda müxtəlif yerlərdə işləyib ailəmi dolandırdım. Mənim balaca bir arı təsərrüfatım vardı. Bu il təsərrüfat şöbəsindən zəng elədilər ki, istəyirsənsə, təsərrüfatını da götür, gəl kəndə. Sağ olsunlar, kömək oldular, gəldim bura. İndi öz həyətimdə arı təsərrüfatımla məşğulam.

Mən 1977-ci ildə Qubadlıda ailə qurmuşdum. Həyat yoldaşım da bizim kənddə yaşayırdı. Qonşu idik. Bir-birimizi bəyəndik, evləndik. Oğul-uşaq sahibi olduq. Üç övladım, nəvələrim var. İndi on gündən bir yoldaşım gəlib mənə baş çəkir. Yuyur, yığışdırır, biş-düş edir, gedir. Oğlum da Qarabağ əlilidir. Müharibədə bir ayağını itirib. 44 günlük müharibə gedəndə tez-tez oğlumla əlaqə saxlayırdıq. Bir gün zəng eləyib dedi ki, öz həyətimizdəyəm. Evdə hamı qarışdı bir-birinə. Ağlayan kim, gülən kim. O sevinci nə cür yaşadıqsa, onu göydəki Allah bilir. 2022-ci ildə birinci dəfə məni kəndimizə oğlum gətirdi. Gələndə beynim o qədər dumanlı idi ki, burda olduğuma inanmırdım. 30 ildən sonra elimi, obamı, evimi, qəbiristanlığımızı gördüm. Atam Qubadlıda yaşayanda dünyasını dəyişmişdi. Onun qəbri də, nənəmin, babamın qəbirləri də burda idi. Getdim qəbir üstünə. Bir-bir ziyarət elədim. Düzdür, qoyub getdiyimiz qəbiristanlıqdan əsər-əlamət yox idi. Qəbirləri dağıtmışdılar. Qəbirləri nişanələrlə axtarıb tapdım. Allah baiskara lənət eləsin! Burda şəhidlərimiz də dəfn edilib. Hər gün gəlib şəhidlərimizi ziyarət edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, ordumuzu, Ali Baş Komandanımızı qorusun. Onların hesabına biz bu torpaqlara ayaq basa bilirik...

Bu evi də o vaxt öz əlimlə tikmişdim. Amma doyunca yaşaya bilməmişdik bu evdə. Balalarım burda doyunca yatmamışdı. Şərəfsizlər imkan vermədilər. Hələ gəlib 30 il evimdə yaşadılar, gedəndə də dağıdıb getdilər. İndi yarıuçuq evimin küncünü bir az düzəltmişəm ki, yatmağa yerim olsun. O vaxtlar qazdığım su quyusu durur həyətdə. Suyu ordan götürüb çayımı qoyuram, bacardığımdan yeməyimi hazırlayıram. Amma vallah burda özümü beşulduzlu oteldəki kimi hiss edirəm. Çünki vətəndir, vətən torpağıdır. Düzdür, kənddə tək darıxıram. Amma düşünəndə ki,  doğma elimdəyəm, rahatlaşıram. Düz 150 gündür, burda təmtəkəm. Birdən kimsə deyə bilər ki, qorxmursan? Deyərəm ki, Allah nə yazıbsa, odur. Bir də ki, ordumuza güvənim sonsuz. Bütün sərhəd boyu qoruyurlar. Ona görə tam arxayınam, sərbəst yaşayıram. Baxaq görək dövlətimiz buralarda nə yenidənqurma işləri aparacaq... Övladlarıma, nəvələrimə də deyirəm ki, Qubadlının gələcəyi çox parlaq olacaq. İndi bilmirəm, o günləri görmək mənə nəsib olacaq, ya yox, amma əminəm ki, hər şey gözəl olacaq. Hələlik isə mən burdayam! Tək də olsam, burdayam!

P.S. Əziz oxucum, çalışdım ki, koloritli müsahibimin nəql etdiklərini bəzəksiz-düzəksiz, bütün təbiiliyi ilə çatdırım. Şəxsən mənə bir dinləyici kimi ləzzət vermişdi bu xatirələr. Ümid edirəm, eyni dadı siz də ala bildiniz. Bütün bəşəriyyətin əmin-aman torpaqlarda, topsuz-tüfəngsiz səmanın altında yaşaması diləyi ilə burda yazımı nöqtələyirəm. Qoy həmişə Günəş olsun!

 





04.11.2023    çap et  çap et