|
|
|
|
Nazirlər Kabineti tərəfindən təsdiq olunan nəqliyyat vasitələrinin parklanmasına görə yeni ödəniş qaydalarının Bakı şəhərində tətbiqinə başlanması paytaxt sakinləri arasında narazılıqlar yaranmasına yol açıb - əksəriyyət də qiymətlərin baha olmasından şikayətlənir. Şəhərin bəzi ərazilərində parklanma qiyməti saatı 30-70 qəpik təşkil etsə də, əksər ərazilərdə saatı 1 manatdır.
Bu günlərdə hətta Milli Məclisdə parklanma qiymətlərinə yenidən baxılması təklif olunub. Millət vəkili Naqif Həmzəyev deyib ki, əvvəllər sürücünün parklanmaya 1-2 manat xərci çıxırdısa, indi 5-6 manat xərci çıxır: "Uzun müddət parklanma edən vətəndaşlara güzəşt nəzərdə tutulsun. İkinci problem odur ki, vətəndaşlar pul ödəməmək üçün binaların həyətində maşın saxlayır. Binaların həyətində heç öz sakinlərinin maşınlarına yer yoxdur".
Sürücülər də parklanma qiymətlərindən narazıdır.
Sürücü Emin Məmmədov deyir ki, bu günlərdə bir neçə saat avtomobil parklanmasına görə 5 manat ödəniş edib: "Nəqliyyat vasitəsi olan paytaxt sakinlərinin bir neçə saat parklanmaya görə 5 manat ödəniş etməsi düzgün deyil. Parklanma tarifləri təsdiqlənməzdən öncə müddətdən asılı olmayaraq parklanma yerlərində nəzarətçilərə 50 qəpik, 1 manat verməklə avtomobili rahat park etmək olurdu. Yeni qaydalara əsasən qiymətlər azalmaq yerinə artır. Parklanmaya görə bu qiymətə tarif hansı əsasla müəyyənləşdirilib? Az maaşı olan insanların bu pulu verməyə imkanı yoxdur axı. Bu, niyə nəzərə alınmayıb? Bəzən parklama yerindən ayrılarkən "son" yazıb 1181-ə göndəririk. Cavab gəlir ki, parklama məntəqəsi tapılmadı. Yenidən cəhdlər edirik. Bu arada sistemdə problem yaransa, deməli, biz əlavə ödəniş etməli olacağıq. Üstəlik, belə bahalı parklamaya görə maşınlarımızın təhlükəsizliyinə də diqqət yetirilmir. Bu günlərdə həmin parklama yerində maşınımı cızıblar. Əvvəllər heç olmasa, küçə nəzarətçiləri maşınlara nəzarət edirdilər".
Qeyd edək ki, Bakı şəhərinin mərkəzində parklanmanın 1 saatı 1 manat, digər zonalarda müvafiq olaraq 1 saatı 70, 40, 30 qəpik məbləğində müəyyən edilib.Yeni təsdiqlənmiş qərara görə, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş tam məbləğdə hesablanır. Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-dək, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur.
Gəncə və Sumqayıt şəhərlərinin mərkəzi hissələrdə parklanmanın 1 saatı üçün 40 qəpik, digər ərazilər üçünsə 20 qəpikdir. Maliyyə dövriyyəsinin şəffaflaşdırılması, rəqəmsallaşmanın və istifadə rahatlığının təmin edilməsi məqsədilə parklanmaya görə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilir.
Millət vəkili Fazil Mustafa hesab edir ki, parklanma tarifləri çox bahadır. Çox insanın büdcəsinə uyğun deyil. Üstəlik, paytaxtda parklanma yerlərinin sayı çox azdır. Burada rəqabət mühiti təmin olunmalıdır: "İctimai nəqliyyat vasitələrinin alternativi olmadığından, insanlar şəxsi avtomobillərə üstünlük verir. Parklanma yerlərinin az olması sürücülərə problem yaradır. Onlar parklanma olmayan yerlərdə avtomobil saxladıqlarına görə cərimə olunurlar. Parklanma ərazisində saxlayanda isə xeyli vəsait ödəməli olurlar. Fikrimcə, bu tariflərə yenidən baxılmalıdır".
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Nazirlər Kabineti tərəfindən təsdiq olunan nəqliyyat vasitələrinin parklanmasına görə yeni ödəniş qaydaları ilə bağlı müəyyən narazılıqların olduğunu təsdiqləyir. O bildirib ki, sürücülər qiymətlərin baha olmasından şikayətlənirlər. Parklanma yerlərində uzun müddət saxlayanlara güzəşt məsələsi təklif olunsa da, aidiyyəti qurumlar bunun əksini düşünür. Dövlət qurumunun qənaətinə görə, parklanma yerləri çox məşğul edilməməlidir ki, digər insanlar da parklanmadan yararlana bilsin: "Səlahiyyətli qurumdan bildirilir ki, insanların şəhərin mərkəzinə avtomobillə gəlməsi arzuolunan deyil, şəhər piyadalar və parklanma üçün nəzərdə tutulub, vətəndaşlar bunu diqqətdə saxlasınlar. Bu zaman vətəndaş avtomobillə şəhərə gəlmək istədiyini, buna hüququnun olduğunu deyə və şərait yaradılmasını tələb edə bilər".
Elməddin Muradlının dediyinə görə, dünyanın bir çox ölkələrində şəxsi avtomobillərdənsə ictimai nəqliyyata üstünlük verilir: "Lakin həmin ölkələrdə ictimai nəqliyyat saat kimi işləyir. İnsan şəhərətrafına kimi maşınla gəlir, sonra avtomobili kənarda saxlayır və metro, avtobus, tramvay, həmçinin digər nəqliyyat növləri ilə şəhərə rahat daxil olur. Bizdə isə belə bir sistem olmadığı üçün vətəndaşlara problem yaranır".
Ekspert qeyd edib ki, insanların şəhər mərkəzində avtomobildən az istifadə etməsi üçün nəqliyyat normal işləməlidir: "Bizdə isə nəqliyyatın vəziyyəti göz qabağındadır. Bu gün vətəndaşları ictimai nəqliyyat vasitələrindən istifadə etməyə məcbur edirik. Amma indiki vaxtda ictimai nəqliyyat növləri normal vəziyyətdə deyilsə, onlardan bunu israrla istəyə bilmərik. Olmayan vasitədən necə yararlanmaq mümkündür? İnsanların şəhər mərkəzində avtomobildən az istifadə etməsi üçün nəqliyyat normal işləməlidir. Bizdə isə nəqliyyatın vəziyyəti göz qabağındadır".
Nəqliyyat üzrə ekspert Aslan Əsədovun sözlərinə görə, bu gün ödənişli və ya ödənişsiz, xüsusən də güzəştli parklanma yerlərinin olmasına paytaxtda çox ehtiyac var. Bu siyahını dövlətin xüsusi kriteriyalarına aid olan güzəştli təbəqələrinin parklanma yerlərindən istifadə etməsindən tutmuş, adi sahibkarlar və vətəndaşların maşın saxlamağına qədər uzada bilərik.
Ekspert hesab edir ki, bu gün Bakıda mərkəz və mərkəzdənkənar yerlərdə dayanacaq problemi var: "Tıxacların əsas səbəblərindən biri də budur. Çünki parklanma yerində saxlayırsan, pulunu verirsən, 5-10 dəqiqə sonra isə görürsən ki, cərimələnmisən. Bundan başqa, məhəllədaxili elə yerlər var ki, bina sakinləri tərəfindən zəbt olunub, bomboşdur, amma girişində şlaqbaum var. Ümumiyyətlə, bu məsələlər tənzimlənməli, qaydasına düşməlidir ki, sonra biz qiymətdən danışaq. Amma mənə elə gəlir ki, əvvəlki qiymətlər yerində qalsaydı, daha yaxşı olardı".
A.Əsədov təklif edib ki, şəhərin daha sıx və gediş-gəlişli yerləri var ki, orada da parklanma yerləri tikmək olardı: "Mən deyərdim ki, şəhərin mərkəzində olan "Qış parkı" və yaxud digər yerlərdəki parklanma zonaları normal tətbiq olunan qiymətlərdən də bahadır. O ki qaldı maşınını hər gün iş yerinin yanında saxlayan adamların bundan sonra nə edəcəyinə, onsuz da, sahibkarlar və rəhbər şəxslər öz avtomobillərini səkilərdə saxlamırlar. Onların özlərinin yaxınlıqda dayanacaqları olur, yaxud hansısa binanın yeraltı qarajı ilə danışıb avtomobillərini orada saxlayırlar. Burada əsas söhbət işçi heyəti və gələn qonaqlardan gedir. Sadə dillə desək, müdriyyət öz başının çarəsini qıla bilir, amma sıravi işçilər və oraya gələn qonaqlar bundan əziyyət çəkir. Bu gün şəhərdə əksər yerlərdə kameralar var və cərimələr yazılır. Ona görə parklanma yerləri olmalıdır".
Ekspert deyir ki, hazırda şəhərdə maşın saxlamağa yer yoxdur: "Vəziyyət belə olanda da artıq belə çıxır ki, sən maşından imtina edəsən. Çünki ərazi yox, gəlib maşını səkidə saxlayırsan və səni cərimə edirlər. Avtomobildən imtina etmək isə inkişafı müəyyən dərəcədə əngəlləyən amildir. Çıxış yolu ancaq odur ki, şəhərin mərkəzində xaraba, yiyəsiz və sahibsiz ərazilərdə parklanma sahələri tikilsin. Çünki hazırda oralar narkomanların oylağına çevrilib. O əraziləri parklanma yeri etsələr, yaxşı olar. Yaxud yeni inşa olunan binalara konkret tələb qoyulmalıdır ki, bu binanın -1, yaxud 1-ci mərtəbəsini parklanma sahəsi etməlisən. Necə ki sən binada yerləri ticarət mərkəzi, ofis edə bilirsən, parklanma yeri edə bilmirsən?! Ən azından, bina sakinləri və binaya gələn qonaqlar bu problemi yaşamamalıdırlar. Məsələyə bu nöqteyi-nəzərdən yanaşılmalıdır".
Şəhərsalma və arxitektura qaydalarına görə, Bakı şəhərində bütün yaşayış və qeyri-yaşayış sahələrində parklanma yerləri olmalıdır. Bu, həmçinin Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramında da təsbit edilib. Belə ki, həmin proqramda da qeyd edilir ki, parklanma yerləri olmayan obyektlər müvafiq qurumlara müraciət etməli və parklanma yerlərinin olmasını təşkil etməlidirlər. Bir məsələni də əlavə edim ki, yaradılan parklanma yerləri həmin müəssisələrin ziyarətçilərinin sayına mütənasib olmalıdır.
Bakı kimi paytaxt və iri sənaye şəhərində parklanma yerlərinin olmaması bir çox problemlərə gətirib çıxarır. Bir neçə il əvvəl parkomatlar var idi. Həm üstü açıq, həm də üstü bağlı parklanma yerlərində avtomobili təxminən 30 dəqiqə park etmək üçün vətəndaşlar 50 qəpik ödəyirdilər. Əslində vətəndaşlarımız da bundan razı idilər. Bu layihə özü-özlüyündə çox rahat idi. Amma nədənsə sonrakı dövrdə həmin parkomatlar da yığışdırıldı və dövlətin balansında olan həmin parklanma yerləri yoxa çıxdı. Bu gün də dövlətin balansında olan bu parklanma yerlərinin ünvanları vətəndaşlar üçün açıq deyil. Halbuki bu məlumatlar hər bir şəhər sakini üçün əlçatan olmalı idi.
Sevinc QARAYEVA