Müasir dövrdə dünyanın bir çox ölkələrində gənclər siyasətinin səmərəliliyini təmin edən mühüm amillərdən biri də könüllülük fəaliyyətinə xüsusi diqqət göstərilməsidir. Könüllülük fərqli düşüncələrə bərabər hörmət bəsləyən, vətəndaş cəmiyyətinin formalaşmasına mühüm töhfə verən fəaliyyət sahəsidir. Bugünkü gündə könüllülük ölkəmizdə də cəmiyyətin demək olar, bütün təbəqələrini əhatə edərək gənclərimizin həyat tərzinə çevrilib. Azərbaycanda gənclərin könüllülük fəaliyyəti sahəsində ilk addımlar Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra atılıb. Elə buna görə də könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz Ümummilli liderin adı ilə bağlıdır.
İnkişaf etməkdə olan ölkələrdə insanların könüllülük fəaliyyəti əsasən şəxsi inkişafa və dəyərlərə əsaslanan motivasiyalar üzərində qurulur. Bunlara sosial status qazanmaq, müxtəlif imkanlar əldə etmək, sosiallaşmaq, mənəvi məmnunluq hissinə can atmaq və icmanın inkişafına töhfə vermək kimi məziyyətlər daxildir. Hazırda ölkəmizdə könüllük fəaliyyətini həyata keçirən kifayət qədər qurumlar var.
"Asan Könüllüləri" təşkilatının sədri Anar Musayev "525"ə açıqlamasında bildirib ki, ölkəmizdə Vətənə bağlı gənc nəslin yetişdirilməsi istiqamətində ciddi tədbirlər görülməkdədir: "ASAN xidmət" mərkəzlərində həyata keçirilən fəaliyyət proqramları bunun bariz nümunəsidir. Hər il yüzlərlə gənc könüllü şəkildə "ASAN xidmət" mərkəzlərinə gəlir, burada öz bacarıqlarını göstərir, istedadlarını, intellekt səviyyələrini daha da artırmış olurlar. Biz Azərbaycan könüllüləri olaraq daim ölkə rəhbərliyinin dəstəyini hiss edirik. Bunun ən bariz nümunəsi 2020-ci ilin "Könüllülər İli" elan edilməsidir. Bu, cənab Prezidentin Azərbaycan könüllülərinə göstərdiyi diqqət və qayğının ən başlıca göstəricisidir.
Könüllülər "ASAN xidmət"in fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. Bu prosesə 33 mindən çox könüllü gənc qoşulub".
Bəs könüllülük fəaliyyətinin daha hansı müsbət tərəfləri var?
Nəzərə alsaq ki, könüllük fəaliyyətinə müraciət edən gənclərin əksəriyyətini tələbələr təşkil edir. İrimiqyaslı layihələrdə aktiv iştrak həm dərs fəaliyyətində, həm də şəxsi inkişafda onlara müsbət təsir göstərir. Bununla yanaşı, könüllü olaraq çalışan kəs öz inkişafına dəstək olur, cəmiyyətdəki müxtəlif və fərqli problemlərin həllində yaxından iştirak edən şəxsə çevrilir. Peşəkar təcrübə baxımından insan könüllü fəaliyyət göstərən zaman öz sahəsinin mütəxəssisinə çevrilir və fəaliyyəti müddətində əldə etdiyi bilik və bacarıqlardan gələcək karyerasında da bəhrələnir.
A.Musayev onu da qeyd edib ki, "ASAN xidmət" mərkəzlərində təşkil olunan könüllülük fəaliyyətinə təhsil səviyyəsindən asılı olmayaraq, 16-26 yaş arası gənclər müraciət edə bilərlər: "Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər intizamlılıq, xoşrəftarlılıq, ünsiyyətcillik, operativlik, kollektivdə işləmək bacarığı, təşkilatçılıq və təşəbbüskarlıq kimi xüsusiyyətlərə sahib olmalıdırlar. Son olaraq gənclərə öz təcrübələrimə əsaslanaraq deyə bilərəm ki, gələcəyinizi, karyeranızı yüksək səviyyədə qurmaq istəyirsinizsə, hər zaman mübarizə aparmalısınız, vətənpərvər, bilikli və çox çalışqan olmalısınız. Düşünürəm ki, hər bir gənc öz hədəflərini məhz bu dəyərlər və prinsiplər ətrafında müəyyənləşdirsə, uğur daima onlarla olacaq".
Qeyd ki, hər bir şəxs öz iradəsi ilə seçim əsasında bu fəaliyyətlə məşğul ola bilər. Bugünkü günə kimi, təkcə "Asan Könüllülər"i tərəfindən 5500-dən çox təlim, 770-dən çox yerli və beynəlxalq layihə keçirilib və 3300-dən çox könüllü "ASAN Kadr" portalı vasitəsilə işlə təmin olunub.
Amerikada aparılan araşdırmalar könüllülərin yüksək sağlamlıq vəziyyətinə sahib olduğu nəticəsini ortaya çıxarıb. Tədqiqatlar müəyyən edib ki, könüllülük fəaliyyətinə ildə təxminən 100 saat sərf edənlərdə sağlamlıq sahəsində müsbət dəyişikliklər daha çox olub. ABŞ-ın məşhur universitetlərindən birində çalışan alimlərin apardığı digər bir araşdırmaya görə, könüllülərin streslə mübarizə aparmaq, sağlamlıq problemlərindən qurtulmaq, daha uzun ömür sürmək və daha xoşbəxt yaşamaq ehtimalı başqalarından daha yüksəkdir. Ümumiyyətlə, aparılan beynəlxalq tədqiqatlar göstərir ki, könüllülər könüllü olmayanlardan daha aşağı ölüm göstəricisinə malikdirlər.
Havar ŞƏFİYEVA