Hər bir ölkənin siyasi qüdrətini, sosial-iqtisadi inkişafını müəyyənləşdirən amillərdən biri də ərazisindəki mineral-xammal bazasıdır. Ölkə iqtisadiyyatının formalaşdığı və azad sahibkarlığın inkişafına şərait yarandığı dövrdə qeyri-filiz və tikinti materialları yataqlarının istismara cəlb edilməsi böyük əhəmiyyətə malikdir.
Qeyd edək ki, Azərbaycanda 400-ə yaxın müxtəlif tikinti materiallarının hasilatı müəssəsi fəaliyyət göstərir. Araşdırmalar göstərir ki, ölkəmizdə təkcə filiz faydalı qazıntılarının 20-dən artıq müxtəlif növü aşkar edilib. Ölkəmizə dünya şöhrəti qazandıran karbohidrogen xammalından başqa, ümumilikdə 750 faydalı qazıntı yatağının olması müəyyən edilib. Mütəxəssislər qeyd edirlər ki, ölkə ərazisinin hər yüz kvadrat kilometr sahəsinə təxminən 9 yataq düşür. Onların sırasında qara, əlvan və nəcib metal filizləri, qeyri-filiz xammalı və tikinti materialları, texniki mineral xammal, yeraltı şirin, mineral, termal və yodlu-bromlu sənaye su yataqları əsas yer tutur.
Kimya elmləri üzrə fəlsəfə doktor
u, ekoloq Sadiq Həsənov "525"ə açıqlamasında ölkəmizdə təxminən yeraltı sərvətlərin 750-ə qədər növünün olduğunu bildirib. Onun sözlərinə görə, bunlardan ən çox yayılan mis, sink, qurğuşun, alminium, dəmir, manqan, qızıl, gümüş və s. metal elementləridir: "Balakən-Şəki rayonlarında 10-dan çox filiz yatağı aşkar edilib. Bu ərazilərdə iri əlvan metallurgiya mərkəzi yaratmaq iqtisadi baxımdan əlverişli olar. Bundan əlavə, Azərbaycanın bir çox bölgələrində perspektivli yataqlar aşkar olunub. Qaradağ və Göygöldə mis yataqları mövcuddur ki, bununla bağlı Şəmkir rayonu ərazisində dağ mədən kompleksinin işlənməsi ilə bağlı Nazirlər Kabinetinin sərəncamı mövcuddur.
Eyni zamanda Daşkəsən və Gədəbəydə qızıl, gümüş və mis yataqları var, onlardan biri Söyüdlü ərazisində istismardadır. Bundan başqa, Daşkəsən ərazində Çovdar yatağı fəaliyyət göstərir. Ordubad rayonundakı mis, qızıl yataqları, Kəlbəcərdə Zod yatağında Mis mədənləri də ölkə iqtisadiyyatında mühüm rol oynayır. Heç kəsə sirr deyil ki, Zəngilan rayonundakı yataqlarda erməni işğalı altında olan zaman qazıntı işləri aparılıb, hətta zavod da tikilib. Eləcə də Nazirlər Kabinetinin qərarı ilə Şəmkir rayonu ərazisində Qaradağ mis-porfir mədəni əsasında göydaş istehsalı üzrə "Çənlibel" dağ-mədən dövlət müəssisəsinin yaradılması nəzərdə tutulub.
Ən mühüm yeraltı sərvətlərimizdən biri də müalicəvi sulardır. Bunlar əsasən Kəlbəcər, Culfa, Qəbələ, İsmayıllı rayonlarında mövcuddur ki, bu da turizmin inkişafına öz təsirini göstərir. Hələ sovet dönəmində İstisu kurortu müalicə-sağlamlıq ocağı kimi bir çox ölkələrdə tanınırdı. Mütəxəssislər təəssüflüklə qeyd edirlər ki, təkcə İstisuda sudoldurma zavodu mövcuddur, qalan bulaqların suyu axıb çay sularına qarışır. Mineral suların bolluğu ərazidə geniş yayılmış iri tektonik çatlarla əlaqədardır. Qeyzer tipli belə termal bulaqlar çox böyük balneoloji və turizm potensialına malikdir.
İqtisadçı Aydın Hüseynov bildirir ki, ölkəmiz bir çox yeraltı sərvətlərlə zəngin olsa da, iqtisadi baxımdan gəlir gətirən sahə neft-qaz sektorudur: "Ölkə iqtisadiyyatında mühüm rol oynayan kifayət qədər yeraltı sərvətlərimiz var. Hər kəsə məlumdur ki, əsasən neft-qaz sektoru üzrə Azərbaycan çox böyük nailiyyətlər əldə edib. Digər sərvətlər sırasında olanlardan qızıl və digər qiymətli sərvətləri sadalaya bilərik. Gədəbəy, eləcə də işğaldan azad olunan bölgələrimiz qızıl yataqları ilə zəngindir. Qarabağdakı qızıl ehtiyatlarından da ölkəmiz səmərəli istifadə olunur".
Balakən rayonu ərazisində yerləşən və mis, sink, gümüş, qızıl, qurğuşun ehtiyatlarına görə nəinki Azərbaycan, hətta Avropa üçün böyük strateji əhəmiyyətə malikdir.
Filizçay polimetal yatağı üzrə ilkin iqtisadi qiymətləndirmədə ölkə iqtisadiyyatına ümumilikdə üç milyard manata yaxın vəsaitin daxil olması və 2000-dən artıq iş yerinin açılması nəzərdə tutulub. Qeyd edək ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində 64 dövlət balansında qeydiyyata alınmış yataq, 159 sənaye əhəmiyyəti daşıyan, 145 sənaye perspektivliyi hələ tam təsdiq olunmamış yataq və təzahür, həmçinin, 194 perspektivli sahə olmaqla 561 ədəd yataq, təzahür və perspektivli sahələr mövcuddur.
1993-cü ilədək Kəlbəcər rayonunda təsdiq olunmuş yataqlar üzrə faydalı qazıntı ehtiyatları - 130 ton qızıl, 190,33 ton gümüş, 45,82 ton tellur, 248,89 ton selen, 939 ton civə, 10927 min m3 mişar daşı, 1312 min m3 gil, 2540 min m3 qum-çınqıl, 5189,6 ton əlvan daş, gündəlik ehtiyatı 3093 m3 mineral su, 12428 min m3 tikinti daşı, 1901 min m3 üzlük daşı və 4473 min m3 sement xammalı mövcud olub. Kəlbəcər rayonu işğal edildikdən sonra buradakı faydalı qazıntı yataqlarının real vəziyyəti haqqında dəqiq məlumatlar əldə etmək mümkün olmayıb. Lakin işğaldan azad etdikdən sonra bu ərazidə tədqiqatların aparılması davam etdirilir. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərin mineral-xammal bazası yeni iqtisadi analizlərin aparılmasını tələb edir.
Havar ŞƏFİYEVA
çap et