525.Az

Əli Əmirli və yetmiş beş?! - Şahanə Müşfiq yazır


 

AD GÜNÜNÜ QEYD ETMƏYİ XOŞLAMAYAN YAZIÇI İLƏ YUBİLEY SÖHBƏTİ

Əli Əmirli və yetmiş beş?! - <b style="color:red"> Şahanə Müşfiq yazır</b>

Bu günlərdə internetdə gəzişib dəyəri yazıçımız, dramaturq Əli Əmirli ilə bir neçə ay öncə etdiyimiz müsahibəni axtararkən qarşıma həmkarım Cavid Zeynallının "Yeddinin yanında sıfır" yazısı çıxdı. Belə bir yazını nə vaxtsa oxuduğumu xatırlayıb, yaddaşımı yeniləmək üçün keçidə daxil oldum və yanılmadığımı anladım. Yazı düz beş il öncə - Əli Əmirlinin 70 illik yubileyinə hədiyyə olaraq yazılmışdı. Ən maraqlısı isə müəllifin günlərdən bəri beynimdə dolandırdığım, gah səsli, gah da səssiz təəccüb nidaları ilə qarşıladığım faktı beş ilk öncə öz yazısında əks etdirməyidir: "Niyə 70 yox, yeddinin yanında sıfır?! Bu suala kimdən cavab istəsəniz, belə deyəcək: 70 yaşı Əli Əmirliyə rəva görmürəm. Ya da Əli Əmirlini 70 yaşa yaraşdırmıram".

İndi bir də düşünün ki, bu yazıdan beş il keçib və biz bu günlərdə Əli Əmirlinin 75 yaşını qeyd etdik. 75?! Yox, gəlin, mən də onu müəlliflə dostluğumuza arxalanaraq "yeddinin yanında beş" kimi deyim. Axı, 75 yaş hara, hər zaman həyat dolu, şux, üzündə təbəssüm gördüyümüz, hələ də Azərbaycan teatr səhnəsində yorulmadan yaratdığı bir-birindən maraqlı pyeslərini izlədiyimiz Əli Əmirli hara?! Yox, doğrudan da, Əli Əmirli adı ilə "75" sözü bir cümlədə alınmır, nəsə bir-birinə yaraşmırlar e...

Amma biz yaraşdırsaq da, yaraşdırmasaq da, bu faktdır ki, həmişəcavan Əli Əmirlinin 75 yaşı tamam oldu. Və mən bu gün xoşbəxtəm ki, uşaqlığımda teatr divarlarındakı afişalarda səhnələşdirilmiş əsərlərin müəllifi kimi oxuduğum o adın sahibi ilə sonra ədəbi mühitdə şəxsən tanış olmaq şansı qazandım. Sonra isə hətta iş yoldaşı və yol yoldaşı da oldum.

Əli Əmirlinin 1999-cu ildən pedaqoq kimi fəaliyyət göstərdiyi, kafedra müdiri və professoru olduğu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində mətbuat katibi kimi fəaliyyətə başlayanda universitetdə ilk qarşılaşdığım və təbrikini, xeyir-duasını aldığım şəxslərdən biri də məhz o oldu. Bu gün də iclaslarda, konfranslarda, tələbə tamaşalarında, ya da eləcə dəhlizlərdə ilk gözüm axtaranlardan biridir Əli Əmirli. Çünki hər zaman şən, həyat dolu, kübar müraciəti, üzündəki insana rahatlıq bəxş edən səmimi təbəssümü ilə özündən sonra belə səni müsbət enerjidə saxlayan aura bəxş edir.

Sonra isə həyat bizə elə gözəl sürprizlər yaşatdı ki, dadı damağımızdan bir ömür getməz. Məsələn, düz 28 il xəyalını qurub, hətta öz içimizdə belə inanmağa qorxuduğumuz Şuşamızın azadlığı və bu azadlıqdan sadəcə aylar sonra bizim Şuşa səfərimiz... Qələbədən sonra ilk dəfə keçirilən Vaqif Poeziya Günlərində Əli Əmirli ilə yol yoldaşı olduq. Bu müqəddəs yolda Əli müəllimlə birgə addımlamaq, onun Şuşa ilə, Qarabağla bağlı xatirələrini dinləmək, Şuşa qalasında şəhidlərimizin, qazilərimizin bizə bəxş etdiyi vüqarla şəkil çəkdirmək əvəzsiz və unudulmaz xatirəyə çevrildi.

O unudulmaz və müqəddəs xatirəmin qəhrəmanı ilə bu günlərdə 75 yaşın söhbətini etdik. Etiraf edim ki, bu qısa, amma maraqlı söhbətdə də Əli Əmirli bir ustad kimi öyrətməyi, nümunə olmağı bacardı.

Maraqlı idi ki, bizim yaraşdırmadığımız 75 yaşda yazıçı özünü necə hiss edir? Gəlin, özü desin görək, indi necədir, ümumiyyətlə, ad günləri ilə arası varmı?

"Əslində çətin sualdır, çox ciddi, ağayana, müdrik cavablarım ola bilərdi, amma bir qədər yumorla deyəcəm. Əgər adam "Heç vaxt özümü indiki kimi cavan hiss etməmişəm" deyirsə, deməli, artıq qocalıb.

Ad günlərimi qeyd eləməyi xoşlamıram, bu, təvazökarlıqdan irəli gəlmir, sadəcə tənbəllikdəndir. Əlavə qayğı çəkmək, yubiley məclisi düzəltmək, dost-tanışı dəvət etmək, məclis qurmaq və nəhayət, yubiley təbrikləri, tərifləri eşitmək... Nə bilim, bu işlərə vaxt və güc sərf etməyə həvəsim yoxdur. Ailəm, ətrafım olmasa, bu günün üstündən sükutla keçərəm, amma olmur, qəribə  görünmək istəmirəm. Dərindən düşünəndə, hər günü, açılan hər sabahı doğum günü hesab eləmək olar. Səhər oyanırsan (oyanmaya da bilərsən), hər şey təzə-tər, yeni günün yeni başlanğıcı, heç bir gün də təkrar olunmur".

Bu yerdə yadıma düşür ki, Əli müəllimin beş il öncə 70 illik yubileyi də sadəcə bir tədbirlə qeyd olunmuşdu. Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən gələn təklifə razılıq verən yazıçı sonra digər təklifləri dəyərləndirmək istəməmiş, ikinci tədbirə ehtiyac görməmişdi. O bunu "tənbəllik" kimi xarakterizə etsə də, əlbəttə, bu, sadəliyin təvazökarlığın ən aydın nümunəsidir.

Amma Əli müəllimin bir ömür unutmadığı ad günləri də olub. Özü də bu geniş konsert salonlarında, yüzlərlə dəvətlinin iştirak etdiyi ehtişamlı ad günü tədbirləri yox, sadə bir əsgər süfrəsidir:

"Uzaq, uzaq, pək uzaq 1974-cü ildə Naxçıvanda əsgəri xidmətdə qeyd elədiyim həmin gün yadımdan çıxmır. Gecə rabitəçi kimi KPP deyilən hissədə kommutatorun qabağında növbə çəkirdim. Axşam yeməyi çox pis olmuşdu: paslanmış selyodka, palçıq kimi qara çörək, iki yumru qənd və bütün bunlara layiq çay. Gecəni də saat səkkizdən səhər səkkizə qədər növbədə olmalıyam. Bir tərəfdən də lənətə gəlmiş ad günü. Mənimlə bərabər növbədə zabit kimi iki illik xidmətdə olan bir erməni vardı - Ağababyan. Bu erməni rus dilini heç bilmirdi, gecədə iki-üç dəfə ştaba zəng eləyib dörd-beş cümlədən ibarət hesabat verməli idi. Danışa bilmədiyindən hesabatı onun adından mən verirdim. Deməli, adam özünü bir az mənə borclu hesab eləyirdi. Elə ki mənim ad günüm olduğunu bildi, tələsik qaçıb qaldığı zabit kotecindən "pasılka" deyilən bir bağlama qutusu gətirdi. Dedi ki, elə bu gün evdən göndəriblər. Biz ikilikdə o "pasılkanı" yarı elədik. O ad günü heç yadımdan çıxmır".

Hər zaman pozitiv görməyə alışdığımız Əli Əmirli, görəsən, öz ömründən necə, razıdırmı? Bunu da özündən soruşduq və cavabı çox maraqlı idi: "Bu sualın cavabı çox uzun söhbətə aparar, mən qısa deyəcəm. Ən deyingən, ən narazı adam da yaşadığı ömrü pis-yaxşı dəyişmək istəməz. İnsanın necə yaşadığını isə onun əməli göstərir. Söz yox, məhz əməl, ona görə də deyirlər: hər kəs öz əməlinin girovudur, sözünün yox, məhz əməlinin. Konkret desəm, həyatımdan narazı deyiləm, həmişə yaxşı, qədirbilən, xeyirxah  adamların əhatəsində olmuşam. Məişətdə də, işdə də, yaradıcılıqda da. Keçdiyim uzun ömür yoluna nəzər salanda mənə, həyatıma dəxli olan nə qədər adamın surətini görürəm, xatırlayıram. Bu yerdə gənc şair Fuad Novruzlunun "Arzu" adlı şeirinin son misrasını xatırlayıram: "- Acı xudahafizlərlə gedənlər salamat qayıdıb gəlsəydi..."

Əli Əmirli üçün ən qiymətli olan isə MƏRHƏMƏTdir".

Mərhəmət demişkən, bu gün yazıçını ən çox qayğılandıran da elə bütün dünyada baş alıb gedən mərhəmətsizlik, əxlaq problemi imiş. Bunu da özü dedi: "Bütün dünyada, o cümlədən, yaşadığımız cəmiyyətdə də bir əxlaq problemi   var. Bütün pisliklərin kökündə məhz bu problem dayanır. Oğurluq, qəddarlıq, rüşvətxorluq, yaltaqlıq, ikili standartlar... Siyahını uzatmaq olar, amma dediklərimiz də kifayət edir. Bütün bu pisliklərin əsasında əxlaq naqisliyi dayanır".

Hər yaş özü ilə nələrsə gətirir, nələrsə aparır. Bəs görəsən, Əli müəllim, necə düşünür, bu yaş onda nəyi dəyişəcək və bu gündən arxaya boylananda onun "ömrümə yazılmasın" dediyi günləri varmı?

"Yaşdan asılı olmayaraq, xarakter dəyişmir. Mahiyyət həmin mahiyyətdir. Dünyaya, hadisələrə, insanlara münasibətin yaxşıya, ya pisə dəyişə bilər, xarakterin isə heç vaxt. İnsanın mahiyyəti, demək olar ki, olduğu kimi qalır.

Hələ ki yorulmaq nədir bilmirəm. Səbəb gördüyüm işlərdən ləzzət almağımdır. İstər yazıçı kimi, istərsə də, pedaqoq kimi. İyirmi ildən çox işlədiyim Mədəniyyət və İncəsənət Universiteti kollektivinin təşəbbüsü ilə 75-ci ad günümü qeyd etdiyimiz xudmani məclisdə rektorumuz Ceyran xanım soruşdu ki, Əli müəllim, ən yaxşı təbriki kimdən aldınız? Cavab verdim, tələbələrimdən. Özü də çoxdan Universiteti bitirib getmiş, heç bir cəhətdən məndən asılı olmayan tələbələrimdən.

Xoşbəxtliyin düsturu çox sadədir, hətta bəsitdir. Bəlkə elə ona görədir ki, ən qiymətli əsərlərin əsasında xoşbəxtlik deyil, qəm-kədər dayanır. Realda da insanın həyatı, o cümlədən, mənim həyatım da ancaq xoşbəxtliklərdən ibarət ola bilməz. Eniş var, yoxuş var, yeri heç vaxt dolmayacaq itkilər var. Bu sənin bütöv həyatındır, ordan nəyisə çıxarmaq, redaktə eləmək, "olmasın" və ya "ömrümə yazılmasın" demək sadəlövhlükolardı".

Söhbətimizin sonunda isə yazıçıdan planlarını soruşduq. Dedi ki, "Adətən, həm məişət, həm də yaradıcılıq müstəvisində plan qurmur, planlı yaşamıram. Əgər plan qursam, mənən əziləcəm, rahatlığımı itirəcəm. Odur ki, plan tutmuram, amma boynuma düşən hər bir işi, vəzifəni yerinə yetirməyincə rahat ola bilmirəm". 

 

 





04.11.2023    çap et  çap et