525.Az

Adiləşmiş gözəlliklərin qeyri-adiliyini göstərmək


 

VERİLƏN NEMƏTLƏRİ ADİLƏŞMƏYƏ QOYMAMAQ

Adiləşmiş gözəlliklərin qeyri-adiliyini göstərmək<b style="color:red"></b>

Müsahibimiz nano-art üslubunda işləyən vizual rəssam Nərgiz Əsgərovadır.

 

- Nərgiz xanım, niyə məhz nano-art? Bu sahəni seçmək üçün əsas stimulunuz nə idi?

- İstəyirəm, əvvəlcə nano-art haqqında qısa məlumat verim. Nano - "metrin milyardda bir hissəciyi" deməkdir. Nano-art rəssamlar tərəfindən müxtəlif materialların kimyəvi və fiziki proseslər vasitəsilə emalından əldə olunan mikro və nano ölçülü təsvirdəki formaları vizuallaşdıran müasir rəqəmsal incəsənət növüdür.

Bu sahəyə doğru ilk adımılarımı 2014-cü ildə atmışam. Müəllimim, sənətşünas Əsmər Abdullayevanın rəhbərliyi ilə Traditional arts evolution incəsənət rezidensiyasında koordinator kimi çalışırdım. Layihədə çox maraqlı yaradıcı insanların bir araya gəlməsi qeyri-adi sənət layihələrini hazırlamağa şərait yaratmışdı. Orada həmçinin rəssam kimi iştirak etmək təklif olunurdu. Beləcə zərgər Sultan Sultanovla birgə "Gen" adlı sənət layihəsini hazırladıq. Layihə özündə Daş dövrü, Tunc dövrü və Dəmir dövrünü simvolizə edirdi. Nümayiş olunan tablolarım satıldı. Həmişə gənclərə dəstək olan dəyərli müəllimim Əsmər xanım mənə heç vaxt unutmadığım bir məsləhət verdi: "Daha dərini göstərmək istəyin maraqlı yanaşmadır, bu istiqamətdə çalışmalarını davam etdir". Bu sözlər mənə böyük stimul oldu. Satışdan əldə etdiyim gəlirlə Amerikadan elektron mikroskop sifariş etdim və o vaxtdan bu sahədə çalışıram.

- Fırçanı mikroskopa dəyişdiyiniz ilk dövrlərdə bu hobbi idi, yoxsa qətiyyətli seçim?

- Mikroskopla tanışlığım maraqlı proses idi. Əvvəlcə mikroskopla çəkdiyim elektron görüntüləri yığmağa başladım. Əslində, bu üç il sadəcə hobbi idi, hətta işlərimin nano-art olmasını bir yaxınım axtarış edərkən mənə göndərmişdi. "Sən nano-artla məşğulsan... xəbərin var, dünyada bu rəqəmsal sənətlə məşğul olan az sayda rəssam var" - yaxınım belə demişdi.

- Nano-art nümunələri necə ərsəyə gəlir?

- Nano-art vasitəsilə hər gün görüb toxunduğumuz, bizi əhatə edən bio-aləmin və ya görməyə öyrəşdiyimiz, adiləşdirdiyimiz elementlərin nano həyatını, əsasən xırda bitkilərin adi gözlə görmədiyimiz möcüzəvi rəngarəngliyini və formaların gözəlliyini kəşf edirəm. Bu işdə mənə elekton mikroskop kömək edir. Seçdiyim hər hansı bir canlı bio obyekt üzərində nano səyahətə çıxıb dərin görüntüləri rəqəmsal emal edərək fotoya çevirirəm, daha sonra ya foto, ya da nano-video art kimi işləyib təqdim edirəm. Ümumi yaradıcılıq ismarıcım isə belədir: "Həyatda Allahın yaratdığı heç nə adi deyil! Onun qüdrətini görmək üçün bir yarpağa baxmaq belə kifayətdir". Ətraf mühiti, təbiəti müşahidə etməyi uşaqlıqdan sevirəm. Və həmişə bir qorxum olub: verilən nemətlərin adiləşməsi. Bunun böyük bəlalara səbəb olacağını düşünürəm. Bəlkə də, bu düşüncəm məni nano-artla qovuşdurub. Daima hərəkətdə olan qloballaşan dünyamızda insanları ətrafındakı adiləşdirdikləri gözəlliklərə bir daha baxmağa çağırıram.

- Azərbaycanda ilk nanoartistiniz. İlk olmaq həm gözəldir, həm də çətin. Hansı çətinliklərlə qarşılaşdınız?

- 2018-ci ildə Əqli Mülkiyyət Agentliyinə nano-art vizual incəsənət növünə aid kompozisiyalarıma müəllif qeydiyyat şəhadatnaməsi verilməsi üçün müraciət etmişdim. Məlum oldu ki, Azərbaycanda ilk dəfə bu sahə üzrə əsər təqdim olunur. Bir neçə dəfə agentliyə çağırıldım, nano-artın nə olduğunu şifahi və yazılı formada geniş açıqlamasını təqdim etməli oldum. Nəhayət, iki ay sonra müəlliflik haqqında şəhadətnaməni aldıqda anladım ki, ilk olmaq o qədər də asan iş deyil. Bəzi məqamlarda hələ də çətinliklər yaranır. Bir çox yerli və beynəlxalq incəsənət layihələri və sərgilərin iştirakçısı olmuşam. Həmişə insanların ilk sualı "o nədir?" olur. İzah etdikdən sonra birinci dəfə eşitdiklərini işlərimlə tanış olduqdan sonra isə çox maraqlı olduğunu deyirlər. Qeyd edim ki, nano-artın tətbiq sahəsi çox genişdir. Bu səbəbdən kuratorlar və sənətsevərlərdə çaşqınlıq yaranır. Bəzən çap formasında nümayiş olunduğunda foto sənəti, abstraktsionizminlə qarışdırırlar. Ancaq foto sənətini nano-artla müqayisə edib, bərabərləşdirmək olmaz. Çünki foto şəkillər fotolarla, nano təsvirlər isə elektronlarla ərsəyə gəlir və materialın ən dərinliklərinə qədər təzahür edir. Həmçinin mikrofotoqrafiya ilə də nano-artın arasında böyük fərq var. Mikrofotoda təsvir səthi olur, nano-artda isə əsas ifadə vasitələrindən olan həcm və rəngin yaratdığı 3D təsvirdir. Nano-art nümunələri rəngarəngliyilə abstraktsionist rəssamların yaradıcılığını xatırlatsa da, abstrakt sayılmır. Çünki abstraktsionizmin əsas şüarı real dünyadan, görünüşlərdən, hadisələrdən imtina etmək və uzaqlaşmaqdırsa, nano-art tam əksinə, canlı aləmin, təbiətdən maddələrin rəqəmsal görünüşünü özündə əks etdirir. Tamaşaçı əksər hallarda elm-texnologiya və incəsənəti bir arada gördükdə biologiya dərsini xatırlayaraq birbaşa nano təsvirlərini rəssam baxış bucağından dəyərləndirmir, sırf nəyin görüntüsü olması ilə maraqlanır. Bu isə yanlışdır. Dünyada nano-artın ilk nümayəndəsi Kris Orfeskunun fikrincə, "tamaşaçı mənbəyindən asılı olmayaraq, nanodünyadan - sadəcə kiçik aləmin gözəlliyindən zövq ala bilirsə, deməli, məqsədimizə nail olmuşuq". Yəni önəmli olan nəyin təsviri deyil, tamaşaçıların nəyi gördükləri, onlarda necə hisslər oyatmasıdır.

- Bu gün ölkəmizdə rəqəmsal incəsənətlə bağlı əsas problemlər hansılardır? Niyə dünyadan geri qalırıq?

- Qloballaşan həyatımızda "digitalart" və onun müxtəlif tətbiq sahələri çox aktualdır. Dünyada TV, kino, oyun, animasiya, reklam və s. sənayeləri virtual reallıq və rəqəmsal sənətsiz təsəvvür etmək mümkün deyil. Dünyada və Azərbaycanda sürətli rəqəmsallaşma, innovasiyaların, yeni texnologiyaların müxtəlif sahələrdə tətbiqi rəqəmsal incəsənətin də aktuallaşmasına və inkişafına zərurət yaradıb.

2020-2021-ci illərdə Mədəniyyət Nazirliyinin "Gənc rəssamlarla iş" konsepsiyasına əsasən Dövlət Rəsm Qalereyasının təşkilati dəstəyi ilə reallaşan, Azərbaycanda rəqəmsal incəsənətə həsr olunmuş ilk irimiqyaslı "Digitalart-lab" layihəsinin ideya müəllifi və kuratoru kimi deyə bilərəm ki, sözügedən layihəni bu sahədə atılan uğurlu addım adlandırmaq olar. Layihə həyata keçiriləndə ölkəmizdə incəsənətin innovativ sahəsində çalışan peşəkar, gənc və həvəskar rəssamlarla əməkdaşlıq edərək onların yaradıcılıq üslubları ilə tanış olmuşuq. Əslində, bu, çox geniş mövzudur. Düşünürəm ki, böyük boşluqların səbəbi təhsildə bu sahəyə yer ayrılmamasıdır. İncəsənət yönümlü ail təhsil müəssələrində ayrıca ixtisas kimi rəqəmsal rəssamlıq tədris olunmur. Bu sahə ilə maraqlananlar fərdi şəkildə - ya özəl kurslarda, ya da xaricdə təhsil alırlar. Azərbaycanda kifayət qədər istedadlı rəqəmsal rəssamlar var. Hansı ki, dünyada tanınır, çox məhşur və tanınmış şirkətlərdə, layihələrdə çalışırlar.

- Nərgiz xanım, ənənəvi rəssamlıq və nano-art. Bu iki yol harda kəsişir?

- Hər ikisi ilə paralel məşğul oluram. Sadəcə nano-art mənim üçün geniş imkanlar açır. Hazırda ənənəvi rəssamlıqda nano-art üzərindən getməyi düşünürəm. Yəni rəssamlığın əsas aləti rənglər və formadır. Hər ikisində də ifadə vasitəsi eynidir. Nano-artla işləmək üçün insana rəssam gözü lazımdır. Bu gün nano-art mənim həyat tərzinə çevrilib. Artıq onsuz bir həyat təsəvvür eləmirəm. Bu yolda mənə dəstək olan hər kəsə, yaxınlarıma, doğmalarıma, dostlarıma və sevimli müəllimim Əsmər xanıma təşəkkürümü bildirirəm. Sənətim möcüzəli aləmi daha çox insana çatdıracağım bir mühitdir. Nano-art işlərimi adiləşmiş gözəlliklərin qeyri-adiliyini göstərməyə cəhd adlandıra bilərəm.

Aytac SAHƏD

 





04.11.2023    çap et  çap et