(Əvvəli ötən şənbə sayımızda)
SSRİ ərazisinin işğalının başlanğıcından orada "aclıq planı" həyata keçirilməli idi. İstehsal olunan taxıl Almaniyaya daşınmalı, yerli sovet adamları isə sərt aclıqla üzləşməli idi. Aclığın ilk qurbanları isə mülki əhalidən əvvəl, sovet hərbi əsirləri oldu, onlar olduqca pis qidalandırılırdılar. Bunun nəticəsində 1,2 milyon sovet müharibə əsiri aclıqdan ölmüşdü. Bunlar, müharibə qanunlarının ziddinə idi. "Aclıq planı"na müvafiq olaraq sonralar almanlar işğal edilmiş ərazilərə köçürülməli, onlar orada əkinçiliklə məşğul olmalı idilər. Həmin ərazilərdə qalan azacıq yerli əhali isə qul əməyi ilə məşğul olmalı idi. Hitler özünün "aclıq planı"nı heç də gizlətmirdi, onu hələ 1933-cü ildə elan etmişdi.
Alman ordusunun tərkibində vuruşan avstriyalılar da SSRİ-yə müdaxilədən sonra əldə edilən uğurlara görə həmçinin sevinc hissləri keçirirdilər. Sonralar Birləşmiş Millətlər Təşkilatının Baş katibi və Avstriyanın prezidenti olmuş Kurt Valdhaym gənc yaşlarında alman ordusunda xidmət etməsinə görə, ona bu barədə verilən suala belə cavab vermişdi ki, o, "öz borcunu icra etmişdi". Özünü o, tarixi Avstriya əsgərinə oxşatmışdı və Vermaxtın tərkibindəki faşistlərə öz xidmətini, tarixən Avstriya uğrunda həlak olan əsgərlərin igidliyi ilə müqayisə etmək yolunu tutmuşdu. Yəqin ki, müharibədə iştirak edən digər avstiyalı əsgərlər də təcavüzə və qətllərə xidmət etdiklərini nəzərə almayıb, oxşar hisslərlə yaşayırdılar.
Avstriyalılar nasist rejimi tərəfindən bütünlüklə alman kimi qiymətləndirilirdilər və alman silahlı qüvvələrinə hərtərəfli inteqrasiya olunmuşdular. Çox sayda avstriyalı Üçüncü Reyxin müharibə maşınında xidmət edir və öz həyatlarını Fürer yolunda itirirdi. Bütövlükdə 177 min avstriyalı Vermaxtın əsgəri kimi həlak olmuşdu, bu da onların alman əhalisi ilə müqayisə olunması qaydasına uyğun gəlirdi
İkinci Dünya müharibəsindəki hərbi kampaniyalar təkcə alman tarixinin deyil, həmçinin Avstriya tarixinin bir hissəsi idi. Stalinqrad təkcə alman milli fəlakəti olmayıb, həm də avstriyalılar üçün bir fəlakət idi. Stalinqrad təkcə Üçüncü Reyxin müharibə taleyində deyil, həm də Avstriya əhalisinin kimliyi hissindən ötəri dalğanın dönüş nöqtəsi olmasını sübut etdi. 1941-ci ildə şərəf nişanəsi kimi görünənlər, 1943-cü ildə isə artıq iyrənc qıcıqlandırıcı bir amilə çevrilmişdi.
1943-cü ilin avqustunda Müttəfiqlər İtaliyaya daxil oldular, bu, amerikalıları ilk dəfə Avstriyanı bombalamağa vadar etdi. Bu vaxt sovet ordusu öz torpaqlarından almanları geri qovurdu.
6 iyun 1944-cü ildə, D - Day (Desant günü) adlanan tarixdə Avropanın qərbində, Normandiyada Müttəfiqlərin böyük müdaxiləsi başlandı. Avstriyalıların vətən cəbhəsindəki müharibə məhrumiyyətləri artmaqla, daha da sərt oldu. 1944-cü ilin sentyabrında Vyananın ilk ciddi bombardmanı başlandı və məğlubiyyət hissi əhali arasında geniş yayıldı.
1945-ci ilin fevralın 1-də Şərq cəbhəsində sovet ordusu irəliləyəndə, Avstriyadakı Mauthauzen ölüm düşərgəsində əsir kimi saxlanılan 500 sovet zabiti qaçmağa cəhd etdi, onlardan 150-si buna nail ola bildi. Nasist hakimiyyəti yerli əhalinin köməyinə bel bağlayırdı. Rusiyalılar bir həşərat kimi ovlanırdılar, yalnız 11 nəfər sağ qala bildi.
Şərqdə Avstriyanın müqaviməti səmərəli deyildi. Vyanadakı alman hərbçilərinin komandanlığı içərisindəki qəsd, şəhəri sovetlərə təslim etməyə hazırlanmasını nəzərdə tuturdu. Qəsdçilərin hamısı edam edildi. Hitler 1945-ci ilin 30 aprelində Berlindəki bunkerdə özünə sui-qəsd etdi, admiral Denits 7 mayda Almaniyanın qeyd-şərtsiz təslim olmasını imzaladı.
Hitler dövrünün panalman eyniyyəti bu vaxt bankrota uğradı, bu, keçmiş Avstriya almanlarının yeni qaydada tanınması idi. Xoşbəxtlikdən, Müttəfiqlərin işğalları məsələnin müsbət həllini mümkün etdi.
Uinston Çörçill hələ 1941-ci ilin fevralında demişdi ki, Avstriya "nasistlərin təcavüzünün ilk qurbanı" olmuşdur, bu ideya wishful thinking-ə - arzu ediləni həqiqət kimi qələmə vermək cəhdinə bənzəyirdi. Əvvəldən britaniyalılar və amerikanlar Avstriya mühacirlərini Avstriyanın azadlığı uğrunda vuruşmaq üçün silahlı qüvvələrə könüllü daxil olmağa vadar etdilər.
1945-ci ilin fevralındakı Yalta Konfransı Almaniyanı işğal zonalarına böləndə, Avstriyaya onun kiçik bir versiyası kimi münasibət göstərildi. Müttəfiqlərin mövqeyi rəsmi olaraq Avstriyanı ağır alman yükündən azad etməyə istiqamətləndi. Vyanadakı sovet qüvvələrinin komandanı general Tolbuxin 1945-ci ilin martında demişdi: "Avstriyanın sülhsevər əhalisi heç nədən qorxmamalıdır". Sovet işğal hakimiyyətləri tərəfindən Avstriyanın müstəqilliyi üçün, onun əyalət milli hökuməti 27 apreldən tanındı.
Avstriya müstəqil milli-dövlət kimi olmağa ikinci dəfə şans əldə etdi. Hitler dövrü isə bir daha yenidən avstriyalıları alman olmağa çevirməklə, Avstriya üçün seçimi məhv etmişdi. Müttəfiqlərin xeyli köməkliyi ilə avstriyalılar bu vaxt yenidən avstriyalılara çevriləcəkdilər.
II Dünya müharibəsi bəşər tarixini ləkələyən bir hadisə oldu. 6 il davam edən bu müharibədə o vaxt mövcud olan 74 ölkədən 62-si iştirak etmişdi. 1941-ci ilin iyununda 30 dövlətin qoşunu SSRİ sərhədlərinə yaxınlaşmışdı. Buna qədər Almaniya 12 Avropa dövlətini təslim etmişdi. Almaniyanın məqsədi Sovet İttifaqını darmadağın etmək idi. Lakin sovet rəhbərliyi qələbəyə inam bəsləyirdi. 22 iyun 1941-ci ildə, almanların xaincəsinə müdaxiləsi başlanan gün V.M.Molotov radio ilə çıxışını bu sözlərlə bitirdi: "Bizim işimiz haqq işidir. Düşmən məhv ediləcəkdir. Qələbə bizim olacaqdır".
Müharibənin başlanğıcı sovet ordusu üçün olduqca uğursuz idi. Almaniyanın Avropa müttəfiqləri və asılı ölkələrin hamısı təpədən dırnağa qədər silahlanmış və əvvəlki qələbələrindən məğlubedilməzliyinə inanan alman diviziyaları ilə yanaşı özlərini göstərirdilər. Döyüşlərdə daha çox Rumıniya, Macarıstan, İtaliya, İspaniya silahlı qüvvələri, fransız legionerləri iştirak edirdilər. Hətta almanlar sovet əsirlərindən də döyüşlərdə istifadə edirdilər, sovet ordusuna qarşı vuruşan belə əsirlərin sayı bir milyona çatırdı. Onların əksəriyyəti xəyanətə görə deyil, ordunun düçar olduğu uğursuzluğa görə əsir düşmüşdü. Lakin general Vlasov, Njde kimi satqınlar da az deyildi.
Müharibənin ağılasığmaz dəhşətlərini isə ilk dəfə 1945-1946-cı illərdə 11 ay davam edən Nürnberq tribunalı əyani şəkildə göstərdi, prosesdə nasist canilərinin iç üzü bütünlükə açıldı, ABŞ-ın tribunaldakı baş ittihamçısı Robert H.Ceksonun dediyi kimi, adamları yuxudan məhrum edəcək bol faktlar ittihamın tam əsaslı olduğunu sübut etdi. Alman nasistləri bir sıra millətlərə qarşı əsl genosid həyata keçirmişdilər. ABŞ prokuroru Ceksonun "Biz bunları heç vaxt unutmamalıyıq" xəbərdarlığı bu gün də öz əhəmiyyətini itirməmişdir, çünki başqa xalqlara qarşı iyrənc düşmənçilik halları baş qaldırmaqda davam edir, Ermənistan ordusunun Azərbaycan torpaqlarını onilliklər ərzində işğal altında saxlaması və viran qoyması, xalqımıza qarşı törətdikləri vəhşiliklər unudula bilməz. Nasist rejimində ikinci şəxs olan Herman Görinq müharibənin almanlar üçün vacib olduğunu əsaslandırmağa çalışdı, axı o, hakimiyyətdə təmsil olunmaqdan çox şey qazanmışdı. Arvadı öldüyündən, təkcə 1936-cı ildə yenidən evlənərkən özünə dəbdəbəli toy etmiş və Hitlerdən qiymətli hədiyyələr almışdı. Tribunal isə onun cəfəngiyyatına məhəl qoymayıb, müharibəni başlayıb, Avropanı xarabazara çevirən nasistlərin dəhşətli cinayətlərini ifşa etdi. Hiler Almaniyası bir dövlət kimi müharibələrə, cinayətkar zorakılığa, hər cür vəhşiliyə xidmət etmişdi, bunu isə inkar etmək mümkün deyildi.
Müharibə dövründə 12 milyon günahsız mülki şəxs öldürülmüşdü. 6 milyon yəhudi Holokostun qurbanı olmuşdu.
Tribunal 21 nəfər baş nasist canisini mühakimə etdi, onlardan üçü bəraət, 6 nəfər isə həbs cəzası aldı. 12 nəfər asılmaqla, edam edilməli idi. Herman Görinq gecə sianid zəhərini içməklə, canını dar ağacından asılmaqdan qurtardı.
Nasistlərin cinayətləri tarixdə özünə bənzəyən heç nəyi tanımır. Təkcə Osventsim (Auşvits Birkenau) ölüm düşərgəsinndə 1943-cü ilin dekabrına qədər 3 milyon adam öldürülmüşdü, onlardan 2,5 milyonu qaz kameralarında, yarım milyonu aclıqdan və xəstəliklərdən ölmüşdü. Yerusəlimdəki Yad Vaşem Holokost Tarixi Muzeyində nasistlərin vəhşilikləri faktlar və əyani vasitələrlə nümayiş etdirilir. Adlar xollunda isə Holokost qurbanları şəxsən sadalanır.
Almaniyada silah istehsalını artırmaq üçün zavodlara 14 milyon əlavə fəhlə cəlb olunmuşdu. İşğal edilmiş ərazilərdən 3,5 milyon fəhlə gətirilmişdi.
Tribunalın işi gedərkən maraqlı əhvalatlar da baş verirdi. Polşanın general-qubernatoru olmuş Hans Frank çıxış edərkən demişdi: "Mən Baxın oratoriyasını eşidəndə, bu, mənə Allahın səsi kimi gəldi, xəbərdar edirdi ki, heç nəyi gizlətmək olmaz, hər şey ona məlumdur". O, özü milyonlarla Polşa vətədaşının qətlində iştirak etmişdi və tribunalın hökmü ilə asılmaqla edam cəzasına məhkum edildi.
Başqa bir misal da ondan ibarət idi ki, Osventsim ölüm düşərgəsində bir dəfə qaz kamerasına gələn qaz kəsilmişdi. Bu, düşərgə xidmətçiləri olan almanlar üçün faciəyə çevrildi, qırğın prosesində fasilə baş vermişdi. Milyonlarla insanı məhv etməyi isə onlar Hitler qarşısındakı öz borclarını yetirmək növü hesab edirdilər.
II Dünya müharibəsində günahsız bəşəriyyət çox ağır haqq ödəməli oldu. Nürnberq tribunalı isə Almaniyanın həyatında dönüş nöqtəsi oldu. Tribunal belə bir ümid yaratdı ki, bunlar gələcəkdə bir daha təkrar olunmayacaqdır.
II Dünya müharibəsinin vurduğu ziyanın ölçüsü olduqca nəhəng idi. Ən azı 21 milyon əsgər öldürülmüşdü. Mülki adamlardan ölənlər daha çox idi və onların 40 milyon olduğu güman edilir. Onlardan 28 milyonu sovet adamları və çinlilər idi. Sovet İttifaqı böyük itkiyə məruz qalmışdı, onun 10 milyon əsgəri və 19 milyon mülki şəxsi həlak olmuşdu. 1945-ci ildə bütün dünyada milyonlarla adam aclıqla üzləşdi. Avropada 100 milyon adam müxtəlif növdə olan ərzaq yardımından asılı idi.
Milyonlarla adam həmçinin müharibə tərəfindən öz yurd-yuvalarından qovulmuş və "yersiz şəxslərə" çevrilmişdilər. Avropa təklikdə 39 milyon belə adama malik idi və onlar vətənə qayıtmaqda çətinlik çəkirdilər. Avropada və Asiyadakı Çində şəhərlər viran qalmışdı. Müharibənin vurduğu ziyan bütövlükdə pul şəklində 4 trilyon ABŞ dolları kimi qiymətləndirilirdi.
Bütün zamanların ən dağıdıcı və dünyanı viran qoyan qanlı münaqişəsi olan II Dünya müharibəsi, vəhşiliyə son qoyulması ilə, haqqın və ədalətin zəfəri ilə başa çatdı. Bəşəriyyət ağır haqq ödəsə də, özünün tiraniya əsarətinə düşməsinə yol vermədi.
2 sentyabr 1945-ci ildə başa çatan II Dünya müharibəsi tarixdə əhatə dairəsinin perimetrinin uzunluğuna, abad şəhərləri xarabalıqlara çevirmək və vəhşiliklər törətmək miqyasına, on milyonlarla əslində günahsız insanın qurbana çevrilməsinə görə öz tipinə əvvəllər aid olanlarla heç bir müqayisəyə sığmırdı. Nasizmin və yapon militarizminin timsalında meydana çıxan yeni Molox daha acgöz, qaha çox qana susayan idi. Müharibənin çox sayda xalqlara təsiri də böyük idi və dünyadakı bir nəsil dərin ehtiyacdan və himayəsiz qalmış ailələr çoxluğundan ibarət olan həmin təsirin altında böyümüşdü. Yalnız müharibənin başa çatmasından keçən on illiklərdən sonra onun uzun sürən kölgəsi azalmağa, geri çəkilməyə başladı.
Tarixçilər II Dünya müharibəsini qələmə aldıqda, bəzən detallarda ilişib qalmaqla, yanlışlığa yol verir, hətta təsvirdə obyektivlikdən uzaqlaşırlar da. Bəziləri Şimali Afrikadakı (El Alameyndəki), Stalinqraddakı, Normandiyadakı həlledici döyüşləri öz yazılarında canlandırdıqda, diqqəti yalnız onların xüsusi aspektlərinə verir, ümumi kontekstdən uzaqlaşırlar.
(Ardı var)