525.Az

Ədalətin təntənəsi - İlahə Allahverdiyeva yazır


 

Ədalətin təntənəsi - <b style="color:red"> İlahə Allahverdiyeva yazır</b>

Azərbaycan ATƏT-in Minsk qrupunun illərdir görməzlikdən gəldiyi tarixi biabırçılığa son qoydu. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərərək işğal olunmuş torpaqlarımızı azad edərək öz şücaətilə tariximizə parlaq bir səhifə yazdı. Lakin erməni quldur dəstələri bu dəfə terror missiyasını öz üzərinə götürərək, dayanmadan təxribat əməllərini davam etdirdilər, Azərbaycan Ordusunun mövqelərini sistemli şəkildə atəşə tutmaqla və quruda mina yerləşdirməklə gərginliyi artıraraq dövlətimizin müdaxiləsinə zəmin yaratdılar. Təbii ki, bütün bunların qarşısında xalqımız susa bilməzdi. Dövlətimiz düzgün və münasib qərarla hərəkətə keçdi. Qarabağdakı quldur dəstələrini "de-fakto" tərksilah etmək məqsədilə silahlı qüvvələrimiz antiterror tədbirlərinə başladı. 2023-cü il sentyabrın 19-da başlayan tədbirlər 24 saat (23 saat 43 dəqiqə) başa çatmadan, quldur dəstələri mərd igidlərimizin qarşısında duruş gətirə bilməyərək silahlarını yerə qoydular. Atəşkəsi qəbul edən separatçılar Bakı ilə masa arxasına oturdular.

Ta qədimdən Qarabağ tarixinin hər səhifəsində Qarabağda Azərbaycan igidlərin, sərkərdələrin adlarına rast gəlmək mümkündür. Tarixin daşlaşmış vərəqlərini açdıqca bütün həqiqətlər göz önünə səpilir. Hələ VI əsrdə Qarabağda Xəzərlər, Səlcuqlar, Eldənizlilər, Elxanilər, Qaraqoyunlular, Teymurilər, Ağqoyunlular, Səfəvilər, Avşarlar, Qacarlar hakim idi. Adını tarixə yazmış türk igidləri, türk ərəbləri yaşayıb bu yurdda. On doqquzuncu əsrdə ruslar erməniləri bölgəyə yerləşdirənə qədər Qarabağda demək olar ki, erməni yox idi, bölgə tamamilə türklərdən ibarət idi. Başqasına məxsus olanı oğurlamağı özlərinə ata-baba məsləyi seçən və sovet Rusiyası tərəfindən dəstəklənən ermənilərin Qarabağ istiqamətində fəaliyyəti 1970-ci illərin sonlarına doğru getdikcə artdı. Azərbaycan isə göz bəbəyi olan Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bəyan etdi. Lakin hər zaman öz havadarlarının gücünə arxalanan ermənilər dinc durmadılar və 1987-ci ilin son aylarında Qarabağda yaşayan həmvətənlərimizi köç etməyə məcbur etdi. Beləliklə, Sovet İttifaqı dağıldıqdan sonra 1992-ci ildə ruslardan dəstək alan ermənilər bütün dünyanın gözü qarşısında Qarabağda, xüsusilə də Xocalıda insanlıq tarixinə qara ləkə kimi düşən, ağla belə gəlməyəcək vəhşiliklər törədərək bu torpaqları 30 il işğal altında saxladılar. Göyçə mahalından, Qarabağdan 1 milyondan çox həmvətənlilərimizi ata-baba yurdlarından zorla çıxartdılar. Minlərlə azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildi. Çox təəssüf ki, bütün bu olanlar dünyanın gözü qarşısında baş versə də, beynəlxalq təşkilatlar lazımi addımı atmaqdansa, düz 30 il susdular.

Antiterror tədbirlərindən sonra bölgədə qanunsuz yaşayan ermənilər Qarabağda yaşaya bilmədiklərini bildiyindən Azərbaycan polisinin humanist addımlarına baxmayaraq, sakitcə İrəvana, gəldikləri yerə köç etdilər. Xankəndində yaşayan, Azərbaycan vətəndaşı olan ermənilər isə çoxdan bu yerləri tərk edərək Rusiyaya və Qərbi Azərbaycana, azərbaycanlıların yaşadığı rayonlara, kəndlərə köçürülmüşdülər.

Doğrudur, bu qələbəni sevinclə qarşılayanlar da oldu, həzm edə bilməyənlər də. Lakin bütün dünya bilməlidir ki, Azərbaycanın 2023-cü il sentyabrın 19-da Qarabağda başladığı və 24 saat ərzində başa çatan antiterror tədbirlərində silahlı qüvvələrimiz təkcə Qarabağı erməni terrorçu ünsürlərdən təmizləmədi, eyni zamanda 26 fevral 1992-ci il tarixdə 106-sı qadın, 83-ü uşaq, 70-i qoca olmaqla ümumilikdə 613 nəfər qətlə yetirilən soydaşlarımızın qisasını alaraq 31 il sonra Xocalıya, Xankəndiyə daxil olmaqla Minsk qrupunun illərdir görməzdən gəldiyi tarixi biabırçılığı da aradan qaldırdı. Bu gün Xankəndidə, ümumilikdə bütün Qarabağda qoyulan dəmir yumruq abidəsi isə düşmənlərimiz üçün gözdağı, dostlarımız üçün qürur abidəsidir.

 





06.11.2023    çap et  çap et