525.Az

Bakı səni heç zaman unutmayacaq, əziz dost! - İntiqam Qasımzadə yazır


 

Bakı səni heç zaman unutmayacaq, əziz dost! - <b style="color:red"> İntiqam Qasımzadə yazır</b>

Oktyabr ayının 30-da günəşli bir  gündə acı bir xəbər məni büsbütün sarsıtdı, sinəmi göynətdi: Moskvada yaşayan dostum, keçmiş bakılı Saveli (Sava) Kolmanovski zəng vurub dedi ki, Amerika Birləşmiş Ştatlarının uzaq Los-Anjeles şəhərində yaşayan yaxın dostumuz Aleksandr Qriç (Saşa) vəfat edib. Telefon əlimdə qurğuşuna döndü.

Dost itkisi həmişə ağır olur, yaşın  səksəni haqlayanda ikiqat ağır olur; dostların sayı getdikcə azalır, illərlə qazandığın qəlb sirdaşlarını itirirsən  bir-bir...

...Biz onunla 48 il əvvəl tanış olmuşduq; 1976-cı ildə. Yəqin adi bir təsadüf nəticəsində Yazıçılar Birliyinin o zamankı sədri İmran Qasımov hər ikimizin eyni gündə - yanvarın 20-də əmrimizi verib işə götürmüşdü: məni "Azərbaycan" jurnalının tənqid şöbəsinə, onu "Literaturnı Azerbaydjan" jurnalının tənqid şöbəsinə.

İstiqanlı oğlandı; tanışlığımızın təşəbbüskarı o oldu. Elə ilk gün işdən sonra Malakan bağına gedib, tennis stolu arxasında "sınadıq" bir-birimizin xasiyyətini... Sonra da yaxınlıqdakı qəlyanaltıda "rəsmiləşdirdik" münasibətimizi.

Az bir vaxtda sanki illərin dostuymuşuq kimi dərdləşir, problemlərimizi bölüşürdük. Əlbəttə, bu münasibətlərimizin əsasında nə tennis stolu, nə də qəlyanaltılar dururdu; mənəvi bağlardı, mənəvi yaxınlıqdı bizi doğmalaşdıran.

Aleksandr Qriç istedadlı insandı, yaradıcılıq diapazonu da çox genişdi. "Vışka" qəzetində çalışdığı bir neçə il kifayət etmişdi ki, kəsərli qələmi olan bir jurnalist kimi bütün respublikada tanınsın. "Literaturnı Azerbaydjan" jurnalına keçdikdən sonra isə yazıçılar mühitində həm jurnaldakı fəaliyyətinə, həm də Azərbaycan poeziyasından etdiyi  tərcümələrə görə böyük hörmət qazanmışdı. Şairlərimiz, başda Rəsul Rza, Süleyman Rüstəm olmaqla, Bəxtiyar Vahabzadə, Fikrət Qoca öz əsərlərinin tərcüməsini ona etibar edirdilər. Qriçin tərcümələri arasında xeyli nəsr əsəri də var. Süleyman Rəhimov, Sabir Əhmədli, Mövlud Süleymanlıdan iri həcmli bir neçə əsəri peşəkarlıqla rus dilinə çevirib. Onun tərcümələri Azərbaycan xalqının məişətinə, obrazların milli xüsusiyyətlərinə yaxından bələd olması ilə fərqlənirdi. Saşa Bakıda anadan olmuşdu. Bakıda 6 nömrəli  məktəbdə oxumuşdu. Və dünya şöhrətli Neft Akademiyasını bitirmişdi. Milliyyətcə yəhudi olan Qriç əsl bakılı idi. O, bütün həyatı boyu Azərbaycan mədəniyyətini, Azərbaycan ədəbiyyatını təbliğ edib. Hüseyn Cavid, Mikayıl Müşfiq kimi klassiklərimizi sevə-sevə, böyük məhəbbətlə rus dilinə çevirib; mən bunun canlı şahidiyəm.  Aleksandr Qriçlə mənim dostluq münasibətindən başqa, uzun illər yaradıcılıq əməkdaşlığımız da olub. Bu əməkdaşlıq onun mənə işlədiyi jurnal üçün tənqidi məqalələr sifariş verməsi ilə başlamışdı. Özü də bu məqalələri o, mənə təkidlə rusca yazdırırdı. Məni inandırmağa çalışırdı ki, "sənin çox normal, hətta deyərdim ki, özünəməxsus ruscan var, sadəcə, mən səni yüngülvari redaktə edəcəm,vəssalam". Yazırdım, o da əl gəzdirib çap edirdi. Bu minvalla "Lit. Azerbaydjan"da rus dilində bir neçə yazım çıxdı. Məni o, redaksiyalarında təşkil etdiyi "Dəyirmi masa" ətrafında ədəbiyyatımızın aktual problemlərinə həsr olunmuş sohbətlərə də dəvət edirdi. Nəhayət, bir gün mənə birlikdə Azərbaycan  Dövlət Televiziyasında veriliş aparmağı təklif edəndə başa düşdüm ki, bu neçə ili mənə rusca məqalələr yazdıra-yazdıra o, məni televiziya ilə rus dilində veriliş aparmağa hazırlayırmış. Qriç - Saşa belə dost idi; belə İnsan idi.

Həmişə mənə deyərdi: "Bilirsən, İntiqam, biz jurnalımızda Azərbaycan ədəbiyyatını yaymaqla, onun gözəlliklərini, incəliklərini oxuculara çatdırmaqla məşğul oluruq. Bu işi televiziya ilə görsək, daha səmərəli olar. Televiziyanın yayım imkanları, özün də yaxşı bilirsən ki, daha genişdir. Bir də, rusdilli tamaşaçıların da zəngin Azərbaycan ədəbiyyatı ilə tanış olmağa haqları var..." O zaman Qriç bu barədə çox danışdı; bilə-bilə ki, dediklərinə heç bir etirazım yoxdur... Amma məqsədi başqa idi; məni rus dilində veriliş aparmağa razı salmaqdı.

Nəhayət, razılaşdıq... İlahi, o necə xoşbəxt idi. Televiziyada veriliş aparmaq Saşanın ən böyük arzularından biri idi. Düz 13 il ara vermədən biz hər ay efirə çıxırdıq. Bu 13 ildə Azərbaycan televiziyası tamaşaçılarına "Bayatı" adlı ədəbi televiziya almanaxının 158 sayını təqdim etdi. Bu ardıcıllıq yalnız Qriçin inadkarlığı sayəsində mümkün olurdu. Mən bir neçə dəfə redaktorların naşılığından, Azərbaycan ədəbiyyatını kifayət qədər bilmədən verilişə müdaxilə etmələrindən təngə gəlib studiyanı tərk etmişdim. Saşa təmkinini itirməyib çəkilişi müvəqqəti  - 2 saatlığına dayandırıb fasilə istəmiş, qəzəbim nisbətən soyuyandan sonra məni studiyaya qaytarmışdı. İllər arxası mən indi dostumun nə qədər haqlı olduğunu başa düşürəm.

1992-ci ildə Qriç ailəsi ilə birlikdə Bakını tərk etdi. Seçimi Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhəri idi. O, vətəni Azərbaycana, Bakıya, yaşadığı küçəyə, binaya, mənzilə çox bağlı bir adamdı. Ən əsası da, dostcanlı bir insandı. Hər şeyi qoyub çıxıb getmək?

Mənə zəng vurub evlərinə dəvət etdi. Getdim. Xeyli söhbət etdik. Bakıdan getməyinin səbəbini mənə söylədi. İndi, Saşa bu dünyada yoxkən, ondan iznsiz bu səbəbi açıb deməyi düzgün hesab eləmirəm. Bircə onu deyə bilərəm ki, onun xətrinə doğma Bakısında çox bərk  dəymişdilər, pis təhqir etmişdilər; alçaltmışdılar onu. Nə qədər elədimsə, fikrindən daşındıra bilmədim. Dedi: "Bakı artıq mənim şəhərim deyil".

Vida günü gəlib çatdı. Köhnə dostlarından Bahadur Qayıbovla Saşanı yola salmaqçün aeroporta gəldik. Keçirdiyim hissləri qələmə almaq, düzü, çətindir mənə.

Ağır keçən belə bir ayrılıqdan 2 il sonra Qriç Bakıya gəldi. Sonra bir də gəldi; arvadı Lyuda ilə... Və mən başa düşdüm ki, dünyanın ən zəngin, ən məşhur şəhərlərindən biri olan Los-Ancelesdə yaşasa da, Saşa Bakısız dura bilmir; ömrünün axırına kimi də Bakı üçün, Əzizbəyov küçəsindəki qotik üslubda tikilmiş evləri üçün  burnunun ucu göynəyəcək. Bu ev də, üstünə zamanənin rəngi çökmüş daş divarları da hər axşam Qriçin yolunu gözləyəcək...

Uzun illər ürəyimdə gəzdirdiyim  bir gizlini bu gün açmaq istəyirəm: Düzü, bir neçə il Saşanın yolunu gözləyirdim. Xüsusən 1990-cı ilin ortalarında və sonunda; ta ki 2005-ci ilə kimi. Bu, o dövr idi ki, Qriç Los-Anceles - Bakı yolunu su yolu eləmişdi; Azərbaycanın Ümummilli lideri, Prezident Heydər Əliyev haqqında 5 seriyalı film çəkirdi. 1997- ci ildə o, hətta Azərbaycan Prezidenti Heydər Əliyevi iyulun 27-si - avqustun 6-sı tarixində İtaliya və Amerika Birləşmiş Ştatlarına rəsmi səfərlərində müşayiət etməyə dəvət olunmuşdu. Amerikada Heydər Əliyev çıxışlarının birində Qriç haqqında demişdi: "...Onun Azərbaycan mədəniyyəti sahəsində xidmətləri danılmazdır. Bizim ana dilimizi, ədəbiyyatımızı yaxşı bilir. Bu yaxınlarda o, Bakıya gəlmişdi, mənimlə görüşmüşdü. Mən onu özümlə nümayəndə heyətinin tərkibində bura (Amerikaya - İ.Q.) gətirdim".

Heydər Əliyev haqqında həmin filmi - "Prezidentin qeyri-rəsmi portreti" filmini Qriç tamamladı da, film Heydər Əliyevin 75 illik yubileyi ərəfəsində nümayiş də etdirildi və Prezident tərəfindən yüksək qiymətləndirildi də. Serialın azərbaycanca diktor mətnini yazmağı Qriç məndən xahiş etmişdi. Az da olsa, həmin serialda mənim də xidmətim var.

Bir neçə il sonra -  004-cü ildə Qriç Ümummilli liderimizə "Həyat, tale və epoxa" adlı daha bir sənədli film də həsr etdi.

İllər ötür, yaş üstünə yaş gəlirdi; 60; 70; 75... Saşa Bakıya daha az-az gəlirdi; tədbirlərə dəvət olunanda. Bizim telefonla əlaqələrimizin sayı isə artmışdı. Təxminən son iki ildə mən onun səsində, danışığında nəsə bir dəyişiklik hiss edirdim. Amma heç nə demirdi. Əhvalını da soruşanda: "...hər şey yaxşıdır, hər şey qaydasındadır" - deyirdi. Amma qaydasında deyilmiş; Saşa ağır xəstə imiş, mənim fikir eləməyimi istəmirmiş...

3 noyabr 2023-cü il

 





06.11.2023    çap et  çap et