525.Az

O sevda nə sevda idi?


 

AZƏR TURANIN 60 YAŞINA GECİKMİŞ YAZI

O sevda nə sevda idi?<b style="color:red"></b>

Azər Turan barədə, ilk görüşümüz haqda mütləq yazacaqdım, sadəcə, məqam gözləyirdim. Nə olursa-olsun, qələmə sarılacaqdım, Azər Turanı - Azər Əbilovu 17-18 yaşında necə görmüşdümsə, tanımışdımsa, elə o şəkildə ondan bəhs edəcəkdim. Heç nə artırıb-əskiltmədən. Baxmayaraq ki, həmin tarixdən 43 il sərasər ötüb. Onda dekan müavininin (adını xatırlamıram) Mədəniyyət və İncəsənət Universitetinin II kursunda oxuyan Azər İmamverdi oğlundan odlu-odlu danışmasını, tapılanacan susmamasını, qısa dəri gödəkçəsinin düymələrini möhkəm bağlayan tələbə gəncin açıq, cılız görkəmdə dəhlizdə qəfildən peyda olmasını, müəlliminin fərəhlə "Azər budur" həyəcanını indiyəcən unutmamışam.

Qış semester həyəcanı yaxınlaşdığından və tələbələrin qayğıları artdığından Azər Əbilov gözümə bir az yorğun, yuxulu və əsəbi göründü. Dekan müavini işinin dalınca getdi. Mən özümü Azərbaycan radiosunun müxbiri kimi təqdim elədim, məqsədimi də dərhal açdım, "yaxşı oxuyan, fəal, ictimaiyyətçi tələbələrdən veriliş hazırlamaq istəyirəm. "Gənclik" redaksiyası üçün". O, duruxa-duruxa xeyli altdan-yuxarı məni süzdü. Əvvəl müsahibimin qəribə baxışlarını anlamadım, sonra tələbə oğlan ürəyindəkiləri gizlətmədi:

- Sən jurnalist deyilsən, şair Ağacəfər Həsənlisən. Mən Neftçalada orta məktəbdə oxuyarkən "Azərbaycan" jurnalında şeirlərin çıxmışdı, təxminən 12-15 səhifəlik sarı cildli jurnal idi. İlk səhifədən sənin şeirlərin verilmişdi. O zamandan səni tanıyıram, yaradıcılığını izləyirəm. Nə olsun ki, rejissorluqda təhsil alıram, ədəbiyyat həvəskarıyam, poeziya vurğunuyam...

Doğrusu, Azərin bu cür tanışlığımıza müdaxiləsi, emosionallığı məni əməlli-başlı təsirləndirdi və çaşdırdı. Elə bil heç qarşımda imtahanlara hazırlaşan tələbə dayanmamışdı, yetkin hazırlıq keçmiş bir müdrik cavan peyda olmuşdu. Artıq "görünən kəndə bələdçi" lazım deyildi, istiqaməti tələbə özü müəyyənləşdirmişdi. Necə təəccübləndimsə, bütün düşündüklərim alt-üst oldu, qabaqcadan hazırladığım, ona verəcəyim sualları unutdum. Azər Əbilov isə susmurdu, tam açılmışdı, sərbəst surətdə ədəbiyyat haqqında fikirlərini bölüşür, sistemli şəkildə Azərbaycan poeziyasından - Nəsimidən, Xətaidən, Füzulidən, Şirvanidən, Əli bəy Hüseynzadədən, Sabirdən, Caviddən misallar çəkirdi. Əməlli-başlı yaddaşına və savadına heyrətləndim. Mən yalnız arada bir cümlə işlətdim: - Azər, orta məktəbdə ədəbiyyat müəllimin kim olub?

- Atam İmamverdi Əbilov, evimizdəki zəngin kitabxana. Gördüyüm və görmədiyim məşhur qələm ustalarının kitabları. Mirzə İbrahimov, Süleyman Rəhimov, Əli Vəliyev, Süleyman Rüstəm, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Fikrət Qoca, Qılman İlkin, Məsud Əlioğlu, Yusif və Vaqif Səmədoğlular, Musa Yaqub, Əliağa Kürçaylı, Xəlil Rza, Məmməd Aslan, adlar, avtoqraflı kitablar, dərgilər evdə çeşid-çeşiddir. Neçə-neçə böyük ədiblə şəklim var...

Həə, deməli, möcüzənin sirri açıldı. Azər məşhur neftçalalı pedaqoq-müəllim, filoloq-alim İmamverdi Əbilovun oğluymuş. O İmamverdi Əbilovun ki, cavanlığından tez-tez adı Səməd Vurğunla, Cəfər Xəndanla, Azərbaycanın ən böyük zəka sahiblərilə bir çəkilir, hallanırdı. Doğulduğu Muğan torpağını, Xəzər sahillərini heç bir yerə-yurda dəyişməyən bu zəngin mənəviyyat "taciri"nin yeganə ünvanı Neftçaladakı sadə həyətiydi və ömrünün sonuna qədər İmamverdi müəllim ünvan dəyişmədi, başqa yerə köçmədi, burda yaşadı. Halalca evindən də əbədiyyətə yol aldı, vida nəğməsini oxudu.

Mən bir qədər dərin düşüncələrə dalarkən, mərhum yazıçı-dramaturq Məmmədhüseyn Əliyevin Lənkəranda yerləşən iş otağında (Azərbaycan Yazıçılar İttifaqının zona şöbəsində) 1978-ci ildə İmamverdi Əbilovla unudulmaz görüşümüzü xatırlayarkən, Azər çağdaş poeziyamızın nailiyyətlərindən ağızdolusu danışırdı. Xüsusən də "Azərbaycan", "Ulduz" dərgilərində çap olunmuş Ramiz Rövşənin, Vaqif Cəbrayılzadənin (Bayatlı), Eldar Baxışın, İsa İsmayılzadənin, Ələkbər Salahzadənin, Vaqif Bəhmənlinin, Camal Yusifzadənin son şeirlərindən misallar çəkirdi. Yarıgerçək, yarızarafat deyirdi ki, adları bəlli ədəbi jurnalların hamısına atası İmamverdi müəllim abunə yazılıb. Onları şəxsi kitabxanasında göz-bəbəyi kimi qoruyur, o da sevdiyi şairləri həmin dərgilərdən oxuyub, mütaliə edib.

Və beləliklə, taleyimin ən uğurlu günlərindən birini yaşadım. Vaqif Səmədoğlunun bir "Günün baxtı" şeiri var, elə bil bizim üçün yazılmışdı. Artıq mükəmməl biliyi, savadı, mütaliəsi, maraq dairəsi göstərdi ki, bu cavanla ürək söhbəti  eləmək mümkündür. Uçmağa qanadım yox idi. Necə deyərlər, istədiyim yar idi, pərvərdigar onu da yetirmişdi. Düzü, neçə illik jurnalistlik fəaliyyətimdə Azər rastıma çıxan ilk tələbəydi, hərtərəfli təsir bağışlayırdı, içi dopdoluydu. Belə tələbəylə söhbətləşməyə, dərdləşməyə nə vardı ki? Həqiqətən bəxt üzümə gülmüşdü, Azəri tapmışdım.

Tələbə verilişi ərsəyə gətirməyə nə vardı ki?! Mən hardan nəyisə başlayırdım, Azər dərhal tamamlayırdı. Əhatəli bir ssenari-süjet hazırladım. Nə qədər "Tələbəlik illəri" verilişinin əl-ayağını yığsam da, onu 10-15 dəqiqəlik vaxta münasib çərçivəyə sığışdıra bilmirdim. Nəhayət, redaksiyaya baş çəkdim, şöbə müdiri Dəmir Gədəbəyliylə bu haqda məsləhət-məşvərət elədim. Dəmir müəllim Azər Əbilovun şair olduğunu zənn etdiyindən "onun üçün yarım saat efir vaxtı ayıraram, madam belə istedadlıdır" - dedi. Sonra mən bu tələbənin mütaliəsini, savadını önə çəkdim, "Gənclik" redaksiyasının baş redaktoru Fəridə Aslanbəyova söhbətimizə qoşuldu: "Əlbəttə, ali məktəblərimizdə belə tələbələrin oxuması ilə yalnız öyünmək olar. Studiyaya onu dəvət etsən, gətir kabinetimə, görüm kimdir, nəçidir. Sən demişkən, hazır kadrdısa, onu tez-tez verilişlərə çağırarıq, yolunda yaşıl işıq yandırarıq. Püxtələşdirib, yetişdirib, gələcəkdə işə götürməyə zəmanət verərəm".

Artıq heç bir çətinlik çəkmədən Azər Əbilovla bağlı verilişi efir məkanı üçün hazırladım. Və tələbə gənci çağırıb şair Dəmir Gədəbəyli ilə, sonra Fəridə xanımla tanış etdim. Hər iki peşəkar jurnalist Azərin ümumi səviyyəsindən yerdən-göyəcən razı qaldılar. Təbii ki, həm Dəmir Gədəbəyli, həm də Fəridə Aslanbəyova Azərin atası İmamverdi müəllimi nişan verən kimi o saat tanıdılar. Elə o zaman hiss etdim ki, Azər rejissorluqda təhsil alsa da, hələ seçim qarşısındadır, o, yaxşı teatr nəzəriyyəçisi-tənqidçisi də ola bilərdi, istedadlı rejissor da, hətta aktyor da.

Ancaq repressiyaya məruz qalmış Hüseyn Cavidin dəhşətli taleyi, dramaturgiyası onu tədqiqatçı-araşdırıcı, türkçü, turançı etdi. Böyük ədibin yeganə varisi, yadigarı Turan xanıma bəslənən ana-bacı sevgisi Azər Turana ürəklərdə heykəl ucaltdı, millət fədaisinə çevirdi. Bu əqidə yolçusu Əli bəy Hüseynzadə və onun ardıcıllarının irsini öyrənə-öyrənə, müqəddəs amallarını içində yaşada-yaşada, cücərdə-cücərdə Azərbaycanda azərturançılıq konsepsiyasının əsasını qoydu, məfkurə məktəbi yaratdı, baş redaktorluq etdiyi "Ədəbiyyat qəzeti"ni böyütdü, çevrəsini genişləndirdi, yazarların əski orqanına demokratiya, yenilik-təzəlik gətirdi.

Bu gün Azər Turanın fəaliyyəti mənəviyyatca saf, əqidəcə möhkəm, mədəniyyətimizə, ümumən dövlətçiliyimizə bağlı əsl azərbaycanlının fəaliyyətidir. Bu istedadlı, kifayət qədər savadlı, elmi-biliyi, zənginliyi özündə birləşdirən məfkurə adamı nümunə göstəriləsi ziyalı-şəxsiyyətdir.

Mən cəsarətlə deyərdim ki, "Ədəbiyyat qəzeti" Azər Turanın fəaliyyətinin bir tərəfidir, yəni aysberqin görünən tərəfi. Əlbəttə, geniş anlamda məhəbbət qazanmaq, çoxşaxəli surətdə şöhrət tapmaq hər başıpapaqlının işi deyil. Azər müəllim təsdiq edir ki, o, qəlibə sığmır, ölçü-biçi tanımır. Onun üçün yeni bir talantı kəşf eləmək, nişan vermək daha maraqlı önəm daşıyır, nəinki hardasa bir məşhurla ədəbiyyat-sənət barədə söhbət açmaq, problem çözmək... Məsələn, o, inandığı gənc istedadı başa çəkir, qəzetin ilk səhifələrinə çıxarır, ona güvənir, yazısının nöqtəsinə-vergülünə toxunmadan çap etdirir. Doğrudur, hərdən tənqidlə, qınaqla üzləşir, qısqancların ironik baxışlarına, tənəli sözlərinə tuş gəlir, cavab verməli olur... Ancaq Azər Turan, necə deyərlər, xarakterdi, yolundan sapan, dönən deyil. Belələrini yerində oturtmağa hazırdı, cavabı var...

O, böyük yollar yolçusudu. Daim Turançılıq istiqamətində ürəyini çırağa döndərən, özünü oda-közə vuran yorulmaz fədaidi. Sinəsi türk dünyasının nadir xəritəsidi. Bütün yollar ordan kəsişir, birləşir, ayrılır. Gah sorağı Naxçıvandan gəlir, gah da Ankaradan, İzmirdən, İstanbuldan... Gah Təbrizə baş çəkir, gah da Kazana (Rusiya), Almatıya (Qazaxıstan), Daşkəndə, Səmərqəndə (Özbəkistana), Aşqabada, (Türkmənistana), Ufaya (Rusiya). Balkan türklərini də, Avropa ölkələrinə (Almaniya, Belçika, İsveç, Fransa, Britaniya krallığı və s.) səpələnmiş soydaşlarımızı da axtarmağa, aramağa, həmrəylik naminə birləşməyə vaxt tapır Azər Turan.

Həqiqətən istedadlı, hərtərəfli zəkaya, təşkilatçılığa malik insan gərək anadan elə doğula. Fəhmi-fərasəti, Allah vergisi yerli-yerində. Yoxsa "filankəsi yaşadığı mühit yetişdirib" - söyləməklə deyil. Azər Turanın kabineti kitablarla, nadir şəkillərlə doludur. Özünün və sevdiyi ədiblərin irili-xırdalı əsərləri, məqalələri bir yana, başının üstündə üç nəhəng Azərbaycan türkünün portreti var: Məhəmməd Füzilinin, Əli bəy Hüseynzadənin və Hüseyn Cavidin.

Mənim 42-43 illik qədim dostuma bir sualım vardı. O zaman verə bilməmişdim, sanki məqamı deyildi. İndi onu Azərdən soruşmaq istəyirəm: "O sevda nə sevda idi, ürəyində, gözlərində çağlayırdı?" Əlbəttə, əziz Azər Turan, bu cavab mənə indi əyandır. Dahi Füzuli demişkən, "Sual olursa bu səndən, nədir cavab sənə". Əslində bu ötən narahat illər ərzində sən çox suallara əməllərinlə doğru cavab tapmısan...

 





06.11.2023    çap et  çap et