|
|
|
|
Müasir dövrdə turizm sektoru dünyanın bir çox ölkələrinin iqtisadiyyatının mühüm tərkib hissəsinə çevrilib. Turizm sahəsi gəlir baxımından neft ixracı və avtomobil sənayesindən heç də geri qalmır. Bir sıra ölkələrin büdcəsinin formalaşmasında turizm mühüm rol oynayır. Dünya iqtisadiyyatında baş verən qlobal dəyişikliklər turizm sahəsinə də müəyyən təsirlərini göstərib. Dünyada turizm imkanlarına görə inkişaf etmiş ölkələr Avropa, Asiya və Sakit okean hövzəsinı, eləcə də Amerika regionunu əhatə edir. Daha çox turist göndərən ölkələr ABŞ, Almaniya və Britaniya göstərilir. Daha çox turist qəbul edən ölkələrdən isə Fransa, İspaniya, ABŞ və İtaliya fərqlənir. BMT-nin Dünya Turizm Təşkilatının məlumatına görə, bir ildə 82 milyon turist qəbul edən Fransa bu sahədə dünyada liderlik edir. Fransa bu göstəriciyə görə ABŞ-ı, Çini, İspaniyanı xeyli geridə qoyub.
Qeyd edək ki, Azərbaycan da turizm baxımdan kifayət qədər geniş perspektivlərə malik ölkələrdən hesab olunur. Ərazisinin nisbətən kiçikliyinə baxmayaraq, turizmin inkişafı üçün yetərli qədər təbii ehtiyatlara, maddi-texniki bazaya və tarixən formalaşmış mədəni irsə malik olması Azərbaycanı potensial turizm ölkəsinə çevirə biləcək amillərdəndir. Əlbəttə ki, deyilənlərlə yanaşı, bu sahədə dövlət dəstəyi də əsas məsələlərdən biri hesab olunur. Təsadüfi deyil ki, son 10 ildə Azərbaycan hökuməti turizm sahəsində bir sıra önəmli islahatlara imza atıb.
Turizm üzrə ekspert Ceyhun Aşurovun "525"ə açıqlamasında bildirdiyinə görə, son illər ölkəmizdə beynəlxalq səviyyəli müxtəlif idman və dövlət tədbirləri keçirilir ki, bu da gələn əcnəbilərin sayına təsir göstərir: "Qarşıdan qış fəsli gəlir və hər kəsə məlumdur ki, qış turizmi imkanlarımız kifayət qədər genişdir. Keçən illə müqayisədə bu il Azərbaycana gələn əcnəbilərin sayında 30 faizdən çox artım müşahidə olunub. Bu, çox müsbət haldır və ümid eləyirik ki, ilin sonuna qədər bu artımı saxlaya biləcəyik. Qeyd edək ki, turizm inkişafi bir çox faktorlardan asılıdır. Dünyada baş verən hadisələr, ölkənin sabitliyi, təhlükəsizliyi, viza prosedurları və bir çox başqa faktorlar ölkəyə gələn turistlərin sayına ciddi təsir edir. Eyni zamanda, xarici investisiyaların da burada mühüm rolu var".
C.Aşurov onu da qeyd edib ki, ölkəmizdə asan vizanın olmasına baxmayaraq, hələ də müəyyən problemlər mövcuddur: "İnkişaf etmiş ölkələrə tətbiq olunan viza rejiminin tamamilə aradan qaldırılması Azərbaycana gələ biləcək potensial turistlərə yaxşı stimul verə bilər. İkinci ən böyük məsələ quru sərhədlərin bağlı olduğunu nəzərə alaraq, hava nəqliyyatından gələn turistlər üçün əlverişli şərtlərin yaradılmasıdır".
Heç kəsə sirr deyil ki, ölkəmizdə turizm sektorunun inkişaf etdirilməsi istiqamətində davamlı şəkildə tədbirlər aparılır. Buna baxmayaraq, hələ də bir çox məqamlarda neqativ hallarla qarşılaşırıq. Turizm məkanları və yaxud nəqliyyat sahəsi ilə bağlı dələduzlarla mübarizə aparsaq da, hələ də davam edən çatışmazlıqlar bu sahədə inkişafa mənfi təsir göstərir. Araşdırmalar göstərir ki, hazırda quru sərhədlərinin bağlı olmasının da turizmə mənfi təsirləri var.
Azərbaycanda olan tarixi abidələr, müalicəvi bulaqlar xarici qonaqların ölkəmizə marağını daha da artırır. İşğaldan azad olunmuş Kəlbəcər rayonundakı İstisu, Naxçıvandakı Badamlı, Sirab, Vayxır mineral suları respublikadan çox-çox uzaqlarda məşhurdur. Abşeron yarımadasındakı Suraxanı və Şıx, Dəvəçi rayonundakı Qalaaltı, Culfa rayonundakı Turşsu müalicə əhəmiyyətinə görə fərqlənən mineral sulardır. Talış dağlarında, Böyük Qafqazın cənub və şimal-şərq yamaclarında isə termal bulaqlar çoxluq təşkil edir. İl ərzində günəşli günlərin sayına görə Azərbaycan İtaliya, İspaniya və Yunanıstanla müqayisə edilir. Xəzər sahillərinin bütünlüklə istirahət zonasına çevrilməsi üçün hər cür şərait mövcuddur.
Bu gün ölkəmizin ərazisində 6 mindən çox tarixi memarlıq abidələri var, 10 milli park fəaliyyət göstərir. Bundan əlavə, mövcud tarixi, dini, mədəni abidələrin bərpası dövlət siyasətində mühüm yerlərdən birini tutur. Son illər həyata keçirilən məqsədyönlü siyasətə uyğun olaraq ölkəmizdə beynəlxalq səviyyəli idman yarışlarının və tədbirlərin təşkili, eləcə də turist axınının təşviqi istiqamətində atılan addımlar bu sektorun daha çox gəlir gətirən sahəyə çevrilməsinə böyük stimul verir.
Bundan əlavə, son illər ölkədə regional turizmin inkişaf etdirilməsi məqsədilə Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqlarda yenidənqurma və bərpa işlərinin aparılması üçün bir sıra tədbirlər görülüb. Məsələn, "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun rekonstruksiyası, beynəlxalq standartlara uyğunlaşdırılması və qoruq ərazisində müasir turizm infrastrukturunun yaradılması üçün ölkə başçısının tapşırığı ilə Ehtiyat Fondundan vəsait ayrılıb.
Bu gün ölkəmizdə 150-yə yaxın turizm şirkəti, 500-ə yaxın mehmanxana var. Pandemiyadan əvvəl ölkəyə ildə iki milyon nəfər turist gəlirdi, indi bu rəqəmin bərpa olunması və hətta bundan daha yüksək göstəriciyə çatdırılması üçün bütün imkanlar mövcuddur. Lakin bu sahədə bəzi problemlər var ki, onlar turizmin inkişafına ciddi şəkildə mane olur. Bu da əsasən qiymətlərin yüksəkliyi və xidmətin zəifliyi ilə bağlıdır. Məlum olduğu kimi, ölkəmizdə istirahət ocaqlarının böyük əksəriyyəti ildə yalnız 4-5 ay fəaliyyət göstərir. Bu müddtədə isə bizdə qiymətlər xarici ölkələrdəki daha üstün istirahət mərkəzləri ilə müqayisədə xeyli yüksək olur. Bundan əlavə, servis və xidmət də müasir standartlara cavab vermir. Qiymətlərin yüksək olması, xidmət səviyyəsinin müasir tələblərə cavab verməsi təkcə əcnəbi turistlərin axının qarşını almır, həm də Azərbaycan vətəndaşlarının istirahət zamanı çox vaxt başqa ölkələrə üz tutmalarına yol açır. Təsadüfi deyil ki, indiki zamanda vətəndaşlarımız istirahət üçün daha çox Türkiyə, Rusiya və Gürcüstan kimi ölkələrə üstünlük verilər. Qonşu ölkələr turizmin inkişafına böyük diqqət ayırır və bu səbəbdən də böyük gəlirlər əldə edirlər. Bizdə isə bu sahədə müşahidə olunan neqativ hallar turizmin inkişafına ciddi əngəl törədir.
Unutmayaq ki, turizm sektorunun inkişafı həm də məşğulluq probleminə həllinə müsbət təsir göstərmiş olar. Hesablamalara görə, turizm sektoru 60-dan çox iqtisadiyyat sahəsinin inkişafına müsbət təsir edir. Ölkəyə gələn turistlərin hesabına həm aqrar sektor, həm yüngül sənaye, həm xidmət sektoru, həm maliyyə-bank-sığorta sistemi, həm də nəqliyyat sektoru gəlir qazana bilər. Ona görə bu sektorun inkişafına ciddi yaşanılmalı, problemlərin aradan qaldırılması üçün qətiyyətli addımlar atılmalıdır.
Havar ŞƏFİYEVA