|
|
|
|
Fərid Pərdəşünas, texnobloger:
- Azərbaycanda instagram blogerləri elə bilir ki, bədənlərin, yeyib-içib, geyindiklərin çəkmək məzmundur. 10 Influencer-dən 8-i bu işlə məşğuldur. Profillərə baxırsan, hamısının fəaliyyəti biri-birinə bənzəyir.
Bahalı restoranlar, fırlanan qızı kamera yaxınlaşdırır, kadr dəyişir, qız gülür və ayağını qaldırır. Bu tipli məzmunlar da təkrarlanır. Bunun fonunda sağlam həyat tərzi göstərişi (sadəcə göstəriş edənlər), uçan yoqa ilə məşğul olmaq (istisnalar var), məsləhətlər, üz kremləri.
Bu şəxslərin profillərinə baxanda bloger olaraq nə etdiklərin, nə işlə məşğul olduqların anlamırsan. Elə ancaq davamlı istehlak edir nəyisə. Ortaq cəhət çoxunun xanım, baxımlı və gözəl olmalarıdır. 100 minlərlə izləyici də o blogerləri məsləhətləri üçün izləmirlər.
Brendlər artıq ənənəvi medianı kənara atıb, blogerləri tədbirlərinə dəvət edir. Çünki bir blogerin tədbirdən dodaqlarını büzüb paylaşması daha çox layk gətirir, nəinki məzmun. Amma brendlər anlamır ki, hədəf kütlələləri onları izləyənlər deyil. Onlara tədbir və məhsul yox, bədən və görünüş maraqlıdır. Bunu qlobalda çox yaxşı bir ifadə ilə təsvir edirlər: "Sex Sells"
lll
Azərbaycanda fəaliyyət göstərən internet dələduzları marketinq büdcəsi ayırmağa başlayıblar. Bu dələduzlar vətəndaşlarda inam yaratmaq üçün ilkin olaraq onlara vəd etdikləri qazancları verirlər. Məsələn, bu linkə klik et və ya hesabını yaz 6 manat balans gələcək. Yazırsan və gəlir.
Bu yolla onlar qurbanlarda saxta inam hissi yaradaraq növbəti məqamda bütün hesabda olan pulları mənimsəyirlər. Bu səbəbdən ayıq-sayıq olan vətəndaşlar dələduzların verdikləri pulu alıb, rahat aradan çıxa bilirlər, lakin minlərlə insan da dələduzun səmimiyyətinə inanıb, növbəti mərhələdə ağır maliyyə itkiləri ilə üzləşirlər.
Elxan Şahinoğlu, politoloq:
- Deməli erməni saytları İran parlamentində Robert Beqlaryan adında bir deputatı gündə Azərbaycan əleyhinə danışdırırlar. İran vətəndaşı olan həmin erməni deputat da məlum məsələdir ki, Azərbaycan əleyhinə ağzına gələni danışır. Həmin erməni deputat danışdıqlarının Tehranın adına yazmağı da unutmur. İran parlamentində Təbriz və Ərdəbildən seçilən çoxsaylı azərbaycanlı deputat var. Aydındır ki, onlar Tehranın müəyyənləşdirdiyi qırmızı xətlərdən kənar danışa bilmirlər, ancaq heç olmazsa azərbaycanlı deputatlardan biri eyni parlamentdə oturduğu həmin erməniyə milli ədavət salan fikirləri ilə bağlı ona xəbərdarlıq edə bilməzmi?
Şəfəq Mehrəliyeva, media eksperti:
- 100 illik Azərbaycanfilmin gələcək gözəl günləri şərəfinə....
Hindistan müstəqillik qazandıqdan bəri onun mədəniyyətini dünyaya iki böyük yumşaq qüvvə tanıdır- Bollivud və Kriket. Hər ikisi həm də milli iqtisadiyyatın daim hərəkətdə olan sahəsidir. Bollivud bu qüvvələrdən daha böyüyüdür. 2024-cü ildə onun illik dövriyyəsinin 5 milyard dollara çatacağı gözlənilir. 2017-ci illə müqayisədə bu rəqəm iki dəfə çoxalıb. Buna baxmayaraq, bu günlərdə, Hindistan kriket üzrə dünya çempionatına ev sahibliyi edərkən, yerli qəzetlərdə "Daha çox kriket, daha az Bollivud" sərlövhəli tənqidi yazılara rast gəlmək olar. İqtisadi imkanlara heç zaman "yox" deməyən hindlilər görəsən, niyə belə fikir irəli sürsünlər? Bunu anlamaq üçün, mən ildə 1000 film buraxan sənayenin baş qərargahına - "Mumbaydakı Film City" - Film Şəhərciyinə yollandım.
"Film City" Mumbayın şərq hissəssində Sancey Qandi adına Milli Parka bitişik inanılmaz yaşıllığın içində yerləşir. Məhz belə relyefi ona 210 hektarlıq ərazidə 42 ədəd açıq havada, 16 ədəd qapalı studiya tikməyə imkan yaradıb. Burada bütün filmlərdə gördüyünüz cəngəllikdə qətl səhnələrindən, şəlaləli yaşıllıq arasında oxuyaraq qaçışan sevgililərdən, yoxsulluqla dolu kənd evlərindən və möhtəşəm saraylardan tutmuş, süni yaxınlıqdakı üç göldə dəniz səhnələrinə qədər çəkmək olur.
Dekorasiyalara yanaşma çox ağıllıdır. Üç kateqoriyaya ayırmaq da olar:
- ənənəvi üsulla çəkilən filmlər üçün, dörd tərəfli qutular şəklində tikilən studiyalar hər tərəfini (içdən və çöldən) bir mövzuya həsr edir- məsələn, bir fasad kilsədirsə, qutunun digər fasadı xəstəxanadır, üçüncü fasadı polis idarəsidir, sonuncu fasadı Maharacanın qədim sarayıdır. Özü də, dekorasiyalar elə qurulur xəstəxana girişi kiçik toxunuşlarla universitet girişi kimi görünür, polis idarəsi azacıq dəyişikliklə poçt idarəsi ola bilir və s.
- digər kateqoriya dekorasiyalar ayrı-ayrı qurulan tikililərdir. Onların damları və mümkün qədər çox detalları göy və yaşıl rənglərdə olur ki, post-production hissəsində xromokey effekti ilə rejissorun istəyi ilə dəyişidirlə bilsin.
- üçüncü isə 21-ci əsrin rəqəmsal şəraitidir - demək olar ki, bütün film kiçik yaşıl səhnədə çəkilir və hamı evinə dağılışır. Əsas əziyyət bundan sonra audiovizual mütəxəssislərə düşür - onlar bütün səhnələri sıfırdan ssenari üzrə zərgər dəqiqliyi ilə yığırlar.
Sonuncu şəkildə çəkilən Bollivud filmləri sayca artmağa başlayıb. Çünki məsələyə iqtisadi mənfəət qatanda islahatlar da sürətlənir. Amma hazırda "Film City"nin audiovizual işlərinin sifarişinin əksəriyyəti Hollivuddan gəlir. Orada yaşıl/göy səhnələrdə çəkilən filmlərin bütün arxa işini Bollivud görür. Səbəbini yəqin anlayarsınız - qiymət Amerikaya nisbətdə 30-40 % aşağıdır. Söhbət multi-milyon dollarlıq büdcələrdən gedəndə, bu, külli miqdarda pul edir.
Arada isə, püxtələşən Bollivud mütəxəssisləri olur. Hazırda "foley sound effect" - filmdə istifadə edilən səslərin istehsal edilməsində - məsələn, at səsləri, fırtına vıyıltısı, qapı cırıltısı və s. - Bollivud mütəxəssislərinin tayı-bərabəri yoxdur.
Bəs biznes yaxşıdırsa, nəyə görə "Daha çox kriket, daha az Bollivud"? Tənqidçilər hesab edir ki, Bollivud sənayesinin mühafizəkar olması onu yavaş-yavaş batıracaq. Bütün əsas film ulduzları illərlə eyni qalır, qocalsalar da, səhnəni tərk edib gənclərə yol vermirlər, ssenarilər eyni mövzularda dolanıb durur, zəifdilər, Bollivud filmləri qlobal auditoriyaya toxuna bilmir və bu səbəbdən, heç bir beynəlxalq fetsivalda mükafat qazanmır, zatən kinoteatrlara artıq gəlmək istəməyən tamaşaçı pandemiyadan sonra lap azalıb.
Bir sözlə, Bollivud həyatın özünə uduzur və uduzmaqda davam edəcək.
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:
- Generalın qeyri-adi görüşü
Baxıram ki, general İlqar Musayev "Huawei"nin vitse-prezidenti Liu Tong ilə görüşüb. Çox maraqlı gəldi mənə bu görüş.
Uzun illər dövlət sektorunda təhlükəsizliyə cavabdeh olan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə "Huawei" arasında münasibətlər "isti olmayıb".
İndi isə XRİTDX rəisi ilə "Huawei" rəhbərliyinin görüşündə "5G" texnologiyaları və "bulud" xidmətləri kimi sahələrdə gələcək əməkdaşlıq istiqamətlərinin müzakirə edildiyi bildirilir.
Məlum olduğu kimi, son illərdə "Huawei", xüsusilə də onun 5G texnologiyaları "Çin hökuməti ilə əməkdaşlıq" ittihamı ilə ABŞ, Böyük Britaniya və digər ölkələrin sanksiyaları altındadır.
Xatırladıram ki, "Huawei" texnologiyaları ölkəmizdə, xüsusilə də dövlət sektorunda, əlçatan və həm də ucuz texnologiyaları olması baxımından xeyli populyardı.
Güman ki, "Azercell" dövlət şirkəti də 5G infrastrukturunu "Huawei" texnologiyaları əsasında qurmağı planlayır. Çünki bir müddət öncə "Azercell"in böyük tenderlərindən birini də "Huawei" qazanmışdı.
Düşünmək olar ki, "Huawei" şirkətinin 5G və bulud texnoligiyaları sahəsində ölkəmizdə "oturuşması" təhlükəsizlik baxımından təhlükəsizlik generallarımızı narahat edib.
Mir Səməd, bloger:
- Türkiyədə camaatın, guya Amerikaya ziyan vurmaq üçün kolanı alıb, yerə boşaltmağını görəndə xatırladım.
Sovet dövründə, professor Qəzənfər Paşayevin "Altı il Dəclə Fərat sahillərində" kitabı çox məşhur idi, tapmaq olmurdu.
Uşaqkən oxuyurdum.
Müəllif bir neçə il İraqda çalışmışdı,
Yazırdı ki, İraq isti ölkə olduğundan, müxtəlif qazlı içkilərə böyük tələbat var.
Kola barədə qeyd edirdi ki, Amerika bu içkini elə hazırlayır, içəndən qısa müddət sonra, boğazın quruyur, yenə də içməli olursan.
Sovet dövründə Amerikanı pisləmək tələb olunurdu, ideoloji məsələ idi.
Mənsə düşünürdüm ki, kaş o içkidən olaydı, ləzzətlə içərdim, nə qatırlar qatsınlar. Düzdü, indi mağazada o içkilər olan rəflərə tərəf üzümü də çevirmirəm.
Etibar Əliyev, millət vəkili:
- 2012-ci ildə "Panasonic Corporation" şirkətinin böyük məbləğdə 780 milyard yen (10,2 milyard dollar) kəsri yarandı. Şirkətin prezidenti Kadzuhiro Suqa (ləqəbi direktor - samuray) şirkəti xillas etmək üçün radikal addımlar atmağa məcbur odu. Kadzuhiro Suqa Kaliforniya Universitetinin məzunudur.
- Şirkətin rəhbərliyini 30-dan 10-a endirdi
- Osakadakı Baş ofisdə Əməkdaşların sayını 7000-dən 130 nəfərə qədər ixtisar etdi
- menecerlərin mükafatlarını 35 faiz azaltdı
- Özünün əməkhaqqını 60 faiz azaltdı
- 35 əməkdaşı maşından və sürücüdən məhrum etdi
- kvartal dividentləri dondurdu
- Suqa 468 filial və 94 kompaniyanı 5 böyük sahəyə böldü. Biznes üçün biznes (B2B), məişət elektronikası, avtomobillər üçün aksessuarlar, məişət cihazları, texnika.
2014-cü ildə "Panasonic" yenidən dirçəlməyə başladı. Şirkət 2 il ərzində 1,2 milyard dollar gəlir gətirdi.
Kadzuhiro Suqa hesab edir ki, sadəcə Baş Ofislərin rəhbərlərinin hesabatlarını oxumaq heç bir əhəmiyyət kəsb etmir. Müəssisənin nəbzini hiss etmək lazımdır. Bu isə sadəcə əməkdaşlar və müştərilərlə birbaşa ünsiyyətlə mümkündür.
Beləliklə, Suqa kompaniyanı böhrandan xilas etdi. Onun bu fikri möhtəşəmdir: "Kompaniyanı inkişaf etdirmək üçün şablon düşüncədən uzaqlaşmalı və şablonun özünü dəyişmək lazımdır".