525.Az

Azad edilmiş ərazilərdə ekosistemin bərpası: uzunmüddətli və mürəkkəb proses


 

Azad edilmiş ərazilərdə ekosistemin bərpası: uzunmüddətli və mürəkkəb proses<b style="color:red"></b>

İşğaldan azad olunan ərazilərdə 8 şəhər, 23 kənd və qəsəbə üzrə, həmçinin Zəngilan və Füzuli Beynəlxalq Hava Limanları, park əraziləri də daxil olmaqla 50000 hektar ərazidə yüksək dəqiqlikli topogeodeziya və kartoqrafiya işləri yerinə yetirilib. Müxtəlif miqyaslı topoxəritələr və "Elektron su xəritəsi" hazırlanıb, Qarabağ və Şərqi Zəngəzur təbii ehtiyatlar atlası və iqtisadi rayonlar xəritəsi tərtib olunub.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyir ki, işğaldan azad edilən ərazilərdə bərk tullantıların müasir tələblərə uyğun idarə olunması üçün geniş infrastruktur şəbəkəsi yaradılır. Rayonlar üzrə poliqon əraziləri müəyyən edilib, bu ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənib. Yaşayış məntəqələrinin bərpası zamanı tikinti tullantılarının dayanıqlı şəkildə idarə olunması işlərinə start verilib. Artıq Ağdam və Cəbrayıl rayonlarında tikinti tullantılarının emal olunaraq təkrar istifadə edilməsi məqsədilə avadanlıq alınaraq ərazidə yerləşdirilib və bu işlərə başlanılıb.

Nazir qeyd edib ki, törədilən ekoloji terror nəticəsində Qarabağ və Şərqi Zəngəzur regionunda irimiqyaslı zərər görmüş təbiət, mina və partlamamış hərbi sursatların mövcudluğu baxımından da fəsadlara məruz qalıb. Mina təhlükəsi ilə əlaqədar bu istiqamətdə tədbirləri arzulanan sürətlə aparmaq çətinləşir. Ekosistemin bərpası uzunmüddətli və mürəkkəb prosesdir: "Mina təhlükəsindən xilas olmaq müəyyən vaxt aparır. İşğaldan azad edilmiş ərazilərdə Türkiyə ilə birlikdə ekosistemin bərpası istiqamətində işlər aparılır. Cəbrayıl rayonu ərazisində "Ağıllı Tingçilik", "Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Dostluq Meşəsi" Kompleksinin yaradılması işlərinə başlanılıb. Buradakı tinglik sahələrində il ərzində 2 milyon fidanın yetişdirilməsi xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında meşəbərpa tədbirlərinə böyük təkan verəcək".

Muxtar Babayevin söylədiyinə görə, işğal dövründə 54 min hektardan artıq meşə sahəsi məhv edilib: "Meşələrin bərpası ilə bağlı proqram hazırlanıb və meşəbərpa işlərinin sürətlə aparılması üçün imkanlarımız var. Əlbəttə ki, bu proses minatəmizləmə planı ilə uzlaşdırılmalıdır. Artıq Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında təmizlənmiş sahələrdə bu işlərə başlanılıb".

ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanovun sözlərinə əsasən, müharibədən sonrakı dövr ərzində ANAMA və digər qurumlar tərəfindən 106 938.1 hektar ərazinin mina və partlayıcı sursatlardan təmizlənməsi təmin edilib. Bu günədək ekoloji qiymətləndirmə və elmi tədqiqatlar üçün nəzərdə tutulmuş 12 514.7 hektar, həmçinin enerji layihələri üçün nəzərdə tutulmuş 6 261.4 hektar, kənd təsərrüfatı üçün 53 078.4 hektar, meliorasiya və su təsərrüfatı fəaliyyətləri üçün 3 421 hektar, nəqliyyat infrastrukturu üçün 5 759 hektar, yenidənqurma və yaşayış infrastrukturun inkişafı üçün 20 118 hektar, digər məqsədlər üçün 5 784.8 hektar ərazi partlayıcı sursatlardan təmizlənib: "Nəticədə təmizlənmiş 106 938.1 hektar ərazidən ümumilikdə 105 488 ədəd olmaqla, 30 539 piyada əleyhinə mina, 18 303 tank əleyhinə mina, 56 646 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib".

Nazirin sözlərinə görə, işğaldan azad edilən ərazilərdə meşə fondu torpaqlarının hüdudlarının, eləcə də meşələrin növ tərkibinin, yaş qruplarının və ehtiyatlarının müəyyən edilməsi məqsədilə inventarlaşdırma işlərinə zərurət vardır: "Bu günə kimi regiondakı 260 min hektar ümumi meşə fondu sahəsindən yalnız Zəngilan rayonu ərazisində uzaqdan zondlama üsulu ilə cəmi 19 min hektarda meşə quruluşu işləri aparılmışdır. Meşə quruluşu işlərinin yekunlaşdırılması və bu ərazilərdə mühafizə tədbirlərinin, eləcə də idarəetmənin təşkili olduqca əhəmiyyətlidir".

Nazir vurğulayıb ki, xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin bərpa edilməsi də prioritetlərdən biridir: "Bunun üçün dövlət təbiət qoruqlarının və yasaqlıqların sərhədlərinin müəyyənləşdirilməsi, oradakı təbiət obyektlərinin inventarlaşdırılması və lazımi mühafizə tədbirlərinin görülməsi zəruridir".

Nazir bildirib ki, Bəsitçay Dövlət Təbiət Qoruğunun yarısında Şərq çinarları və digər ağaclar məhv olub, ümumilikdə flora və faunaya külli miqdarda ziyan vurulub: "Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında" Prezidentin müvafiq sərəncamının icrası ilə bağlı Qoruğun sanitariya-mühafizə zonası müəyyənləşdirilib, əsasnaməsi və xəritəsi Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunub: "Qoruq ərazisində bioloji müxtəliflik komponentlərinin öyrənilməsi məqsədilə alimlərin iştirakı ilə məhdud ərazilərdə çöl-tədqiqat işləri aparılıb, flora və faunanın mövcud vəziyyəti araşdırılmışdır. 107 hektar sahəsi olan Təbiət Qoruğunun ərazisinin yarısında Şərq çinarları və digər ağaclar məhv olmuş, ümumilikdə flora və faunaya külli miqdarda ziyan vurulub. Lakin Qoruq ərazisində mina və partlamamış hərbi sursat təhlükəsi baxımından çöl-tədqiqat və təbiət obyektlərinin inventarlaşdırılması işlərinin yekunlaşdırılması, bu işlərə beynəlxalq ekspertlərin cəlb olunmasında gecikmələr var".

Muxtar Babayev qeyd edib ki, Bəsitçay və Qaragöl Dövlət Təbiət qoruqlarında, eləcə də Qubadlı, Arazboyu, Laçın və Daşaltı Dövlət Təbiət yasaqlıqlarında bioloji müxtəlifliyin və ekosistemin bərpası uzunmüddətli bir prosesdir: "İşğal dövründə baxımsız qalmış bu ərazilərdə idarəetmənin qurulması, biomüxtəlifliyinin öyrənilməsi və fəaliyyətinin yenidən təşkil edilməsində mina təhlükəsi ilə bağlı çətinliklər var. Bu səbəbdən digər xüsusi mühafizə olunan təbiət ərazilərində bu işlər növbəti mərhələdə nəzərdə tutulur".

Muxtar Babayev əlavə edib ki, Zəngilan rayonunda yerləşən Vejnəli qızıl yatağının ərazisi minalardan təmizlənmiş və orada tədqiqat və istismara hazırlıq işlərinə başlanılıb. Lakin sonradan sel suları ilə gələn partlamamış sursatlar yenidən təhlükə yaradıb. Bununla əlaqədar hazırda ANAMA tərəfindən həmin ərazilərdə yenidən müvafiq tədbirlər görülür: "İşğaldan azad edilmiş ərazilərin bərpası prosesində təhlükəsizliyi təmin edən Azərbaycan Minatəmizləmə Agentliyinin fəaliyyəti xüsusi qeyd edilməlidir. Son dərəcə riskli işlərinə görə biz ANAMA-nın və digər ixtisaslı qurumların əməkdaşlarına minnətdarıq. Əminəm ki, mina probleminin həlli regionda meşə fondunun və biomüxtəlifliyin bərpası, xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi, milli parkların yaradılması, yaşıllıq massivlərinin artırılması və bununla da işğaldan azad olunmuş ərazilərdə ekosistemin bərpasına, sağlam ətraf mühitin yaradılmasına böyük təkan verəcək".

Muxtar Babayev deyib ki, Zəngilan rayonunda yerləşən Vejnəli qızıl yatağının ərazisi minalardan təmizlənmiş və orada tədqiqat və istismara hazırlıq işlərinə başlanılıb. Lakin sonradan sel suları ilə gələn partlamamış sursatlar yenidən təhlükə yaradıb. Bununla əlaqədar hazırda ANAMA tərəfindən həmin ərazilərdə yenidən müvafiq tədbirlər görülür: "Əminəm ki, mina probleminin həlli regionda meşə fondunun və biomüxtəlifliyin bərpası, xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi, milli parkların yaradılması, yaşıllıq massivlərinin artırılması və bununla da işğaldan azad olunmuş ərazilərdə ekosistemin bərpasına, sağlam ətraf mühitin yaradılmasına böyük təkan verəcək".

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, azad edilmiş ərazilərdə ümumilikdə 160 hektar sahədə 124 mindən çox ağac tingi əkilib. 3000 kq palıd və şərq çinarı toxumu səpilib, eyni zamanda salınmış yaşıllıqların suvarılması məqsədilə damcılı suvarma sistemi quraşdırılıb.

Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyevin dediyinə görə, son araşdırmalara əsasən yalnız Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları ərazisində geniş spektrə malik 900-dən artıq termal mineral təzahürlər müəyyənləşdirilib, qiymətləndirmə mərhələsinə keçilib: "Kəlbəcər, Laçın və Şuşada mövcud termal mineral su yataqlarında Azərbaycan brendi ola biləcək termal su istehsalının ilkin mərhələsindəyik. Artıq Azərbaycanda dağ-mədən sektorunda yerli şirkətlər fəaliyyət göstərir. Dağ-mədən sənayesinin yaradılması və onun fəaliyyətinin mənbəyində bilavasitə geoloji-kəşfiyyat fəaliyyəti dayanır. Qeyd edim ki, Azərbaycan geoloji-tektonik mövqeyinə və mineral-xammalın formalaşma xüsusiyyətlərinə görə böyük potensiala malikdir. Burada zəngin neft yataqları ilə yanaşı, çoxsaylı dəmir, kobalt, xrom, alüminium, civə, manqan, mis, polimetallar, molibden, qızıl, mərgümüş, sürmə, qeyri-metal, yeraltı şirin və termal-mineral su və s. kimi yataqlar kəşf edilib və ehtiyatları hesablanıb. Hazırda ölkə miqyasında 900-dən artıq qeyri-filiz, 55 filiz, 113 şirin və termal-mineral su yataqları kəşf edilib, ehtiyatları hesablanaraq dövlət və sahə balanslarına qəbul edilib".

Sevinc QARAYEVA

 





07.11.2023    çap et  çap et