525.Az

Çaparaq notlar - Firuz Mustafa yazır


 

Çaparaq notlar - <b style="color:red"> Firuz Mustafa yazır</b>

Böyük rus şairi dünyasını dəyişdi

(Yevgeni Yevtuşenko haqda)

 

Mən bu günlərdə Bella Axmadulina və Yevgeni Yevtuşenko haqda, onların sevgisi barədə məqalə üzərində işləyirdim. Amma zamanın öz qanunları olur.

Bu gün, aprel ayının 1-də dünya poeziyasının nəhənglərindən biri - Yevgeni Yevtuşenko 85 yaşında vəfat edib.              

Mənim Yevtuşenko ilə ünsiyyətim olmasa da, dəfələrlə onun Moskvada və Bakıda keçirilən şeir görüşlərində, təntənəli poetik bayramlarında iştirak etmişəm. O, başdan-ayağa həqiqi poeziya və həqiqət mücəssiməsi idi.    

Ölümün mübarək, Jenya.    

(Yeri gəlmişkən böyük şairimiz Rəsul Rza da aprel ayının 1-də (1981-ci ildə) dünyasını dəyişib).

Beləliklə, bu gün bir dahinin simasında bir epoxa da tarixə qovuşdu.        

Yevtuşenkonun ötən əsrdə tərcümə etdiyim bir şeirini təqdim etməklə onun ruhu qarşısında öz borcumu az da olsa yerinə yetirmək istəyirəm.

O şeirdəki iki misra əslində elə şairin öz manifestinə, öz kredosuna çox uyğundur: "...bizimçün ayıbdır nəhəng olmamaq..."

01.04.2017

 

Yevgeni Yevtuşenko

 

NƏHƏNG OLAQ!  

E.Neizvestniyə

 

Mən yükdaşıyandan,          

yaxud həkimdən, 

mənə paltar tikən 

hər bir dərzidən   

tələb eləyirəm həmişə hökmən -        

hər nə düzəltsəniz               

nəhəng düzəldin.

Hər tikilən bina,    

ya da ki, çəkmə,   

qoy uyğun gəlməsin adi ölçüyə.       

Təbiilik yoxdur miyanəlikdə,              

təbiilik yoxdur yalan örtüyə.

Hər kəs məcbur    

etsin özü özünü,   

hər kəsə öz payı yetişsin ancaq.       

Qoyun sizə deyim

sözün düzünü       

bizimçün ayıbdır   

nəhəng olmamaq.

                         

Elina Bıstritskaya bu gün vəfat etdi

               

SSRİ Xalq artisti, teatr və kino artisti.

Ötən əsrin gözəl, məlahətli, yaraşıqlı və istedadlı qadınlarından biri.

Mən onu "Sakit Don" filmindən tanıyıb sevmişəm. Elina həmin 3 seriyalıq kino-epopeyada Aksinya obrazını yaratmışdı. Filmin rejissoru Sergey Gerasimov əvvəlcə əsərdəki ən aparıcı rollardan birinə o qədər də məşhur olmayan aktrisanı çəkmək istəmirdi. Məhz romanın müəllifi Mixail Şoloxovun təkidi və təklifi ilə razılıq əldə olundu. Beləliklə, film çox şey qazandı. Belə ki, Elina kinoda 20-ci əsrin ən parlaq qadın obrazlarından birini yaratdı.

Düzdür, Elina Bıstritskaya başqa rollara da çəkilib. Amma məncə,  onun şah rolu Aksinya idi.

Elina Bıstritskaya bir müddət Litva dramatik teatrının baş rejissoru Andrey Polyakovla vətəndaş nikahında yaşayıb. Rəsmi əri isə SSRİ Ticarət Nazirliyində yüksək vəzifə tutan Nikolay Kuzminski olub. Əri ilə 27 illik birgə ailəlik  həyatından sonra 1985-ci ildə boşanmışdı. O, bir qədər qapalı, sirli qadın olub.

Övladı yox idi.

Milyonlarla azarkeşi əsrin gözəllərindən biri ilə vidalaşmaqdadır...

26.04.19

 

Cavidlə sürgündə olan adam

 

Bakıdan Yerevana gedən qatardakı ümumi vaqonda yerimi müəyyən edib əl çantamı və yağmurluğumu yuxarıdakı qatlama ağac "polkanın" üstünə atdım. İçəri alaqaranlıq idi. Bir az dincəlib vaqonun dəhlizinə çıxdım. Adam az idi. Bələdçi qadın girişdə dayanıb dəmir tutacağa söykənmişdi.

Açıq pəncərənin ağzında, ensiz dəhlizdəki kiçik dəmir oturacaqda əyləşdim. Payız olsa da, hava xoş idi. Pəncərədən bayıra boylandım. Təbiətin qızıl fəsli, yəni son baharın təkrarsız rəngləri hətta, dəmiryol vağzalının bomboz beton səkilərində, daha doğrusu, səki boyu sıralanmış təkəmseyrək ağacların yarpaqlarında də hiss olunurdu.

Qatar yerindən tərpəndi. Bələdçi qadın vaqonun girişindəki kiçik "hücrəsinə" çəkildi.

Adam az olduğuna görə sakitlik idi. Mən perrona çıxıb siqaret çəkmək istəyirdim. Bu əsnada arıq, uzun, qaraşın sifətini dərin qırışların "şumladığı"  bir kişi mənə yaxınlaşıb boğuq səslə dedi:

- Salam. Axşamınız deyir. Oturmaq olar burada?

Kişi əli ilə üzbəüzdəki dəmir oturacağı göstərib cavab gözləmədən əyləşdi. Mən dilucu kişinin salamını aldım.

Əslində vaqonun ensiz dəhlizi boyu səpələnmiş dəmir oturacaqların az qala hamısı boş idi. Amma yaşı yəqin ki, yetmişi çoxdan adlamış bu ahıl adam mənimlə qabaq-qənşər əyləşmək istəyirdi. Yəqin ki, söhbət etməyə adam axtaran birisidir. İstədim ki, ayağa durub siqaret çəkməyə çıxam. Kişi ürəyimi oxuyubmuş kimi dilləndı:

- Siqaret çəkən deyilsiz ki?

Könülsüz halda:

- Çəkirəm, - deyə, cavab verdim.

- Hə, mən də çəkənəm.

Perrona çıxdıq. Siqaret alışdırdıq.

- Müəllim işləyirsiz?

Aşsaqqalın sualına sualla cavab verdim:

- Haradan bidiniz?

Kişi gülümsədi:

- Mən də müəlliməm.

Əl verib təzədən tanış olduq.

Ordan-burdan danışmağa başladıq. Mən gənc mütəxəssis kimi Saatlı rayonunda müəllim işlədiyimi dedim.

O, tüstünü acgözlüklə sinəsinə çəkirdi. Onun tüstü arxasından bozaran sifətinı doğrayan dərin qırışlar qədim tarix kitablarının səhifələrindən boy verən əzilmiş xəritəyə oxşayırdı. Havada burulan tüstünün çoxu sanki onun sifətindəki bu dərin qırışların dolanbanc "cığırlarında" yoxa çıxırdı.

Yol yoldaşım sən demə, 30-cu illərin müəllimi imiş. Kişi həmin illərin tanınmış şəxsiyyətlərini bizim kimi televizorda yox, həyatda görübmüş.

Qocaman müəllimin danışdıqları mənim üçün çox maraqlı idi. Söhbətin şirin yerində o, siqaretinə dərin qullab vurub məndən soruşdu:

- Hüseyn Cavid necə şairdir?

Bu suala heç bir cavab vermədən bildirdim ki, mən Cavidin "İblis" dramını az qala bütöv əzbərdən bilirəm. Və başladım İblisin son monoloqunu deməyə. Kişi də mənə qoşuldu. Son misraları "xorla" deyib hər ikimiz güldük.

 "...Kimdir cümlə xəyanətlərə bais?

İblis, İblis, İblis..."

Təzədən siqaret yandırdıq.

Kişi tüstünün arxasından "boylanaraq" boğuq səslə dilləndi:

- Mən Cavidlə birlikdə olmuşam.

Araya sükut çökdü.

Mən onun fikrini qırmaq istəmirdim.

Kişi handan-hana dedi:

- Mən onunla sürgündə bir yerdə olmuşam... Yəni bir yerdə "yatmışıq"... Sibirdə... İrkutskda. O, gözümün qabağında keçinib. Hər ikimizi eyni "statya" ilə tutmuşdular.

Mən susurdum. Bu maraqlı söhbətin ardını dinləmək istəyirdim.

Kişi dedi:

- Gör bir aradan neçə il keçib? Otuz beş il. Amma sanki hər şey dünən olub...

Biz təzədən vaqona qayıtdıq. Mən Cavid əfəndi ilə bağlı bu qocaman müəllimlə ətraflı söhbət etmək istəyirdim.

Bir azdan bələdçinin qapısı açıldı. Yarımaçıq qapıdan meyxoş tüstü ətri gəlirdi. Hiss olunurdu ki, qadın bayaqdan öz iş kabinəsində siqaret çəkirmiş. Ətrindən bilinirdi ki, onun çəkdiyi siqaret bizimki kimi ucuz deyil.

Kişi ayağa durub dinməz-söyləməz perrona sarı yönəldi. Mən səbirsizliklə onun qayıdacağını gözləyirdim. Amma qocaman müəllim sanki buxarlanıb havaya çəkilmişdi. Mən bələdçi xanımdan bayaqkı adamın yerini soruşdum.

O, əsnəyə-əsnəyə dedi:

- O bizim vaqonda deyil ki. Yəqin onun yeri qonşudakı "ümumi" vaqondadır... Elə bildim ki, sənin tanışındır, yolüstü söhbət etməyə gəlib...

Mən gecə Saatlı dəmir yol stansiyasında qatardan düşdüm. Sabah dərs günü idi. Ətrafa göz gəzdirdim. Amma "yol yoldaşım" gözə dəymirdi...

Sonralar mən Saatlıda çoxdan işləyən, bu tərəflərin ziyalılarını yaxşı tanıyan müəllim dostum Məmməd Təhməzova (şair Məmməd Elliyə) bu barədə danışanda o, belə dedi:

- Elli, mən həmin adamı tanıyıram. Sabirabadda müəllimdir. Düz deyir, Sibirdə Cavidlə bir lagerdə sürgündə olub. Bir az qəribəliyi olan adamdır.

Mən Sibirdə Cavidlə eyni "maddə" ilə yatan o "qəribə adamı" bir daha görmədim...

Və gör bir aradan neçə-neçə il keçib...

 

Küləyin yerə atdığı portret...

(Səməndər Rzayev haqqında kiçik xatirə)

 

Küləkli bir payız günü idi. Arada yağış çiləyirdi. AzTV-nin foyesinə toplaşmış bir dəstə adam ucadan deyib-gülür, nəyisə müzakirə edirdilər. Mən də onlara yaxınlaşdım. Əksəriyyəti aktyorlar, bir də ədəbi-dram verilişləri redaksiyasının əməkdaşları idi. Deyəsən, hansısa verilişin və ya tamaşanın çəkilişinə hazırlaşırdılar.

"Dəstə"nin ortasında dayanmış Səməndər Rzayev ucadan, gur səslə danışır, ətrafındakılara nəyisə izah edirdi. Birdən qapı-pəncərələr şaqqıltı, guppultu ilə taybatay açıldı. Haradasa çiliklənən pəncərə şüşəsinin cingiltisi eşidildi.

Adamlar diksindi. Güclü külək qalxmışdı. Sonra yaxınlıqda, lap qulağımızın dibində şaqqıltı və tappıltı eşidildi. Sən demə, dəli külək divardan asılmış şəkli qoparıb yerə atmışdı.

Heç kəs yerə düşmüş şəklə yaxınlaşmaq istəmirdi. Məsələ burasında idi ki, bu, Brejnevin yağlı boya ilə çəkilmiş iri portreti idi. Şəkildə masa arxasında əyləşmiş Baş katıbin qarşısında buğlanan pürrəngi çay, büllur külqabı təsvir olunmuşdu. Brejnevin barmaqları arasındakı siqaret tüstülənirdi. İnsafən, yaxşı bir rəssam işi idi. Bəlkə elə bu şəklə görə, daha doğrusu, siqaret tüstülədən Baş katibə görə bu ciddi idarədə kişilər bir yana, elə qadınlar arasında da çəkənlərin sayı kifayət qədər idi.

Bəli, külək Brejnevin şəklini divardan qoparıb mərmər döşəmənin üstünə atmışdı.

Bayaqdan deyib-gülən adamların səsi sanki birdən-birə batdı. Yalnız küləyin uğultusu eşidilirdi. Şəklə yaxınlaşmaq istəyən cürətli bir kəs yox idi, zira bunun bir düşər-düşməzi ola bilərdi. Çərçivənin içindəki Baş katibinsə dünya vecinə deyildi, ləzzətlə öz siqaretini tüstülədirdi.

Birdən Səməndər Rzayev asta, ehtiyatlı, ləngərli addımlarla şəklə sarı getməyə başladı, əyilib onu yerdən götürdü. Cibindən dəsmal çıxarıb şəklin üstünün tozunu aldı. Portreti divardan asa-asa özünəməxsus şirin, həlim, asta "bulaq" səsi ilə Baş katibə müraciətən danışmağa başladı:

- Əziz Leonid İliç, biz sizi çox sevirik. İnanın ki, bu, bizim təqsirimiz deyil. Külək belə etdi. Bağışlayın bizim Bakı küləyini. - Onun ürəyi soyumadı, sanki Baş katib yaxşı "başa düşsün" deyə öz müraciətini rusca da ifadə etdi: - Doroqoy Leonid İliç, mı oçün lyubim vas. Mı zdes ne priçom. Veter vinovat... Prostite bakinskoqo vetra...

Nəhəng vücudlu aktyor şəkli divardan asıb yenə asta addımlarla geri çəkildi.

Bir azdan külək sakitləşdi.

Brejnevsə öz siqaretini tüstülətməkdə idi.

Foyedə toplaşanlar dərindən nəfəs aldı.

Mən də bir siqaret çıxarıb alışdırdım.

 

"Xaşistı..."

 

Yazıçı Əli Səmədli danışırdı ki, yaradıcılıq evində dincəlirdik. Orada bir çox millətlərin nümayəndələri vardı. Həmkarlarımız arasında qafqazlılar daha çox idi. Biz tez-tez bir yerə yığışıb kabab çəkir, şən məclislər təşkil edirdik.

Günlərin bir günü səhər tezdən durub xaş hazırladıq. İri qazanı yeməkxanaya gətirib stolun üstünə təzəcə qoymuşduq ki, bir də gördük dünya şöhrətli böyük sənətkar Çingiz Aytmatov qapıdan içəri keşir. Hamımız ayağa durub onu salamladıq. Aytamatovu süfrəyə dəvət etdik. O soruşdu ki, nə yeyəcəksiz belə? Biz dedik ki, gözəl bir xaş hazırlamışıq.

Çingiz Aytmatov gülərək zarafatla dedi:

- Ax, vı xaşistı...

 

 





07.11.2023    çap et  çap et