525.Az

ABŞ və Qərbin Ukraynaya xəyanəti


 

ABŞ və Qərbin Ukraynaya xəyanəti<b style="color:red"></b>

Qərb ölkələrinin son günlər nümayiş etdirdiyi mövqe bir daha onların ənənəvi yanaşmalarının, siyasətlərinin dəyişmədiyini göstərir. Yəni sözdə sülhdən danışan, dünyada sülhə çağırış edən, müxtəlif bölgələrdə münaqişədə olan dövlətlər arasında guya vasitəçilik missiyasını yerinə yetirən Qərb ölkələri əslində öz addımları ilə qarşıdurmaları, münaqişələri daha da alovlandırır. Azərbaycan dövlətinə Qərbin bu üzü yaxşı məlumdur. 30 il ərzində həmin Qərb ölkələri, onların söz sahibi olduqları aparıcı beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması istiqamətində heç bir addım atmadılar. Əksinə, “münaqişənin hərbi həll yolu yoxdur”, deməklə sülh vədləri verib, prosesi 30 il uzatdılar. Otuz il ərzində bir dəfə olsun işğalçı Ermənistanı öz adı ilə çağırıb, onun barbar əməllərini pisləmədilər. İşğalçı ilə işğala məruz qalan dövlət arasında bərabərlik işarəsi qoymağa çalışdılar. Məqsədləri münaqişəni dondurulmuş elan etməklə onu əbədi etmək, o zamankı status-kvonu saxlamaq idi. Düşünürdülər ki, Azərbaycan işğalla barışacaq. Amma Azərbaycan dövləti öz qətiyyətli addımları ilə bütün bu planların üzərindən xətt çəkdi. Həm Qərbə, həm digərlərinə nümayiş etdirdi ki, onun ərazi bütövlüyü, suverenliyini müzakirə, mübahisə mövzusu ola bilməz. Bakı beynəlxalq hüquq çərçivəsində, məhz həmin o Qərb dairələrinin qəbul etdiyi prinsiplər əsasında hərəkət edərək öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdi. Bununla Bakı həm də Cənubi Qafqazda münaqişə vəzyyətindən istifadə edib, planlar quranların oyunlarını pozdu. Bu, bir nümundədir, amma təkcə keçmiş Qarabağ münaqişəsi deyil, dünyanın digər nöqtələrindəki münaqişə vəziyyətlərinə Qərb ölkələrinin yanaşmaları onu deməyə əsas verir ki, onların eqoistik siyasəti dünyada müxtəlif münaqişələrin alovlanmasının səbəbidir. “Ərəb baharı” inqilabları, Əfqanıstanın düşdüyü ağır vəziyyət, Ukrayna, Qəzzada yaşanan faciə və digər belə acı, faciələrlə, insan iztirabları ilə dolu olan nümunələr gətirmək olar. “Ərəb baharı” inqilabları adı altında Qərbin bu ölkələrin daxili işlərinə müdaxilə etməsi, vəziyyəti qızışdırması, özlərinin marioneti olan şəxsləri hakimiyyətə gətirmək planları ərəb ölkələrində illərlə davam edən daxili qarşıdurmalara, insan itkilərinə səbəb olub. “Ərəb baharı” ölkələrin heç birinə demokratiya, xalqlara xoşbəxtlik gətirmədi. Bu gün Suriya, Liviya, Yəmən və digərləri hələ də çalxalanır. Əfqanıstan da həmçinin. Görünən odur ki, Qərbi Avropa ölkələri sadəcə ABŞ-ın marionetkalarıdır və müstəqil xarici siyasət yürüdə bilmirlər.

Bu gün Qəzzada baş verənlər, Ukraynanın artıq iki ilə yaxındır bataqlığa sürüklənməsi də bu dairələrin əl işidir. Yaxın Şərqdə İsrail-Fələstin münaqişəsinin yenidən alovlanması ilə gərgilik pik həddə çatıb. Amma həm də onu maşahidə edirik ki, ABŞ-ın əvvəlki dövrlərlə müqayisədə Yaxın Şərqdə mövqeləri zəifləyib. Müttəfiq region ölkələri artıq Vaşinqtonun əvvəlki tək əmrlərini yerinə yetirmirlər, hətta onu saymırlar.

Nəhayət, Ukrayna mövzusu, müharibə yeni başlayanda onun çox davam etməyəcəyi proqnoz edilirdi. Amma bir qədər zaman keçdikdən sonra müharibənin nə vaxt bitəcəyini proqnoz etmək çətinləşdi. Bunu heç kim bilmir. Çünki ABŞ və Qərb ölkələri Ukraynanı sözün əsl mənasında fəlakətə sürüklədilər. Bu gün Ukrayna həm ərazisini itirib, həm də insanlarını, şəhərlər dağıdılıb, amma əldə edilən heç nə yoxdur. Ukrayna əhalisinin sayı 20 milyon nəfərə düşüb. Qərb Ukraynaya ən müasir silahlar vəd edib onu sonu görünməyən fəlakətə sürükləyib. İndi gördüyümüz isə artıq Ukraynadan imtina edilməsi, Qərbin və ABŞ-ın Ukrayna xalqına xəyanətidir. 

Qərb artıq Rusiya ilə separat danışıqlara başlayır və bütün günahı Ukrayna dövlətinin üstünə atır. Əslində təəccüblənmirik, çünki yuxarıda qeyd etdiyimiz kimi, Qərbin üzü bizə yaxşı məlumdur. Vəziyyəti gərginləşdirib, yarı yolda qoymaq, başqa bölgədə yeni məşğuliyyət tapıb əvvəlkindən imtina etmək də Qərbin adətidir. Başlıca strategiyası da öz nəzarəti altında olan rejimlər formalaşdırmaqdır. Belə rejimləri isə əlbəttə ki, öz maraqlarına uyğun idarə edirlər. Bu arada, Gürcüstan da yaddan çıxmamalıdır. Gürcüstanla Rusiya arasında 5 günlük müharibə, 2014-cü ildə baş verən "Rəngli inqilab” da Qərbin planı idi. Artıq Qərbin aparıcı tədqiqat mərkəzlərində və mediasında Koreya modeli əsasında Ukraynanın bölünməsinə dair məqalələr yer alır. Yeri gəlmişkən, Koreya yarımadasının ikiyə bölünməsi tarixinə nəzər salanda, burda da Qərb görünür. Yəni Qərbin sovetlərlə ziddiyyətinin nəticəsində Koreya ikiyə bölündü. Və bölünmüş Ukraynanın bir hissəsinə də Polşanın iddia edəcəyinə dair fikirlər səslənir. Bu mövzu da xeyli müddətdir gündəmə gətirilir. Ölkənin qərb ərazilərinin Polşaya qatılması ilə bağlı hətta müzakirələrin getdiyi barədə də mətbuatda məlumatlar gedib. Qeyd edilənlər bir daha onu deməyə əsas verir ki, Qərb Ukraynanı çətin və hətta çıxılmaz vəziyyətə salıb. Bu gün ölkə onsuz da ərazisinin bir hissəsini itirib. İki ilə yaxın davam edən müharibə itirilmiş ərazilərin qaytarılmasını təmin etmədi. Əvəzində, yenidən bölünmə, ərazilərin itirilməsi gündəmdədir. Bu, Qərbin əsl siması, artıq gizlədə bilmədiyi üzüdür.

Azərbaycana qarşı eyni ssenari ona görə keçmədi ki, bizim dövlətimiz müstəqil siyasət aparır, kiminsə maraqlarına cavab verən planlara ortaq olmur, öz dövlətimizin, xalqımızın maraqları hər zaman öndə və birinci gəlir. Məhz bütün bu bunlara görə Azərbaycan postsovet məkanında, həm də Avrasiyada ərazisində separatizmə son qoyan yeganə dövlətdir.

 

 

 





07.11.2023    çap et  çap et