525.Az

Mədəniyyət və İncəsənət Universitetində Zəfər günü tədbiri


 

Mədəniyyət və İncəsənət Universitetində Zəfər günü tədbiri<b style="color:red"></b>

Noyabrın 7-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdən öncə universitet rəhbərliyi və əməkdaşları II Fəxri xiyabanda 44 günlük Vətən müharibəsində canından keçmiş qəhrəman şəhidlərimizin məzarını ziyarət edib, ADMİU-nun şəhid məzunu Ravil Hümbətovun məzarı önünə çiçəklər düzüblər.

Tədbir ADMİU-nun xor kollektivi tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayıb.

Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra ADMİU-nun rektoru, professor Ceyran Mahmudova tədbiri giriş sözüylə açaraq bildirib ki, artıq üç ildir Azərbaycan böyük qələbə ilə Qarabağ həsrətinə son qoyub. Bu qələbə təkcə işğal altında olan torpaqlarımızın azadlığı deyil, həm də Azərbaycan dövlətinin, siyasətinin və ordusunun gücünün bütün dünyaya isbatı oldu.

Bu ilin sentyabr ayında Ali Baş Komandanın əmri ilə ordumuz tərəfindən həyata keçirilən 23 saatlıq antiterror tədbirlərini xatırlayan xanım rektor bildirib ki, belə qısa bir zamanda ordumuz ildırım sürəti ilə bütün tarixi Azərbaycan torpaqlarını düşmən işğalından azad etdi və bu gün artıq üçrəngli bayrağımız Xankəndində dalğalanır.

Bu tarixi zəfərin Prezidentimizin uzaqgörən siyasəti, şəhid və qazilərimizin qəhrəmanlığı sayəsində əldə olunduğunu vurğulayan C.Mahmudova onların gələcək nəsillərə qəhrəmanlıq nümunəsi olduğunu qeyd edib, məhz bu cür igidlərimiz sayəsində zəfərimizin əbədi olacağına inandığını bildirib.

Tədbirdə ADMİU-nun Elm və yaradıcılıq işləri üzrə prorektoru Sədaqət Əliyeva, "Dram teatrı və kino aktyoru" kafedrasının müdiri, Əməkdar artist Gülşad Baxşıyeva, "Sosial-siyasi elmlər" kafedrasının müdiri, professor Xaləddin Sofiyev çıxış edərək 44 günlük Vətən müharibəsini xalqımızın tarixinin şanlı səhifəsi adlandırıb, bu gün münasibəti ilə hər kəsi təbrik ediblər.

Tədbirin bədii hissəsində Xor kollektivinin ifasında V.Adıgözəlovun "Gözəl Şuşa", A.Əlizadənin "Ana torpaq" (Fortepianoda müşayiət edirdi: N.Abbaslı) musiqiləri səsləndirilib, Rəssamlıq fakültəsinin təqdimatında "Zəfər" mövzulu sərgi nümayiş olunub.

Daha sonra Teatr Sənəti və Audiovizual Sənətlər Fakültələrinin tələbələrinin çəkdikləri "Cənab Leytenant" (Gülüstan Əliyeva), "Mən Şəhidəm" (Əlimirismayıl Hüseynzadə) və "Zəfərin xatirəsi" (SABAH Qrupları) filmlərinə baxılıb.

ŞAHANƏ

 





08.11.2023    çap et  çap et